SSRİ KQB-sinin xarici kəşfiyyat şöbəsinin keçmiş rəisi,
hazırda ABŞ-da yaşayan general Oleq Kaluginin sovet yazıçılarının
90%-nin dövlət təhlükəsizlik orqanlarına işləmələri barədə
ittihamları ciddi müzakirə mövzusuna çevrilib.
Axar.az xəbər verir ki, hazırda Azərbaycan da daxil olmaqla bir
çox ölkələrin mətbuatı bu haqda yazır.
KQB generalının fikirləri ən çox qələm əhli arasında narazılıq
doğurub. Oleq Kalugin KQB-nin idarə rəisinin birinci müavini olanda
arxivə baxmaq imkanlarının olduğunu, bundan sonra bu qənaətə
gəldiyini söyləyib. Sabiq sovet kəşfiyyatçısı əlində konkret
siyahıların olduğunu da deyib.
Mərhum xalq yazıçısı İsmayıl Şıxlının oğlu, "Ayna-Zerkalo"
qəzetlərinin baş redaktoru Elçin Şıxlı
Yeni Müsavat-a açıqlamasında KQB generalının ittihamlarına sərt
şəkildə cavab verib: "Bilmirəm o şəxsin əlində hansı sənədlər var.
Amma bir yazıçı övladı kimi bu fikirlərin doğru olmadığını deyə
bilərəm. Mənim aləmimdə bu şəxs qələt edir. Söhbət burada ondan
gedir ki, tək Moskvada deyil, SSRİ-yə daxil olan respublikaların
yazıçılar ittifaqlarında, dəqiq bilirəm, katiblərdən biri daim
KQB-nin adamı olurdu. Yəni o şəxs seçilmirdi, sadəcə, təyin
olunurdu. Adını seçilmiş kimi qoyurdular. Bizim respublikalarda
katib olmasa da, hansısa bir şöbə müdiri KQB-dən olurdu. SSRİ
sistemində strukturlarda təmsil olunan rəhbərlərdən biri KQB-yə
işləməsəydi, bu, mümkünsüz olardı. Bu, norma idi. Buna görə də,
düşünürəm ki, 90 faiz yazıçının KQB-yə işləməsinə ehtiyac yox idi.
Rəsmi nümayəndə var idi və bütün informasiyaları ötürürdü. Heç
kimin yerinə danışa bilmərəm. Amma qeyd edim ki, bu tipli şəxslərin
çoxu bəyanat xatirinə bəyanat verirlər. O şəxsin əlində sənədlər
varsa, ortaya çıxarsın. Yoxdursa, boş-boş danışmağın mənası yoxdur.
Ola bilər ki, onun tanıdıqları KQB-yə çalışıblar və çuğulçular
olublar. Bu baxımdan ona elə gəlib ki, hamı KQB agentidir".
E.Şıxlı yazıda KQB-nin ali missiya yerinə yetirməsi ilə bağlı da
fikirlərə toxundu: "Gic-gic söhbətlərdir. Hansı ali missiyadan
söhbət gedir? Missiya nə ola bilərdi? Onun ali missiya kimi təqdim
etdiyi yalnız çuğulçuluq ola bilərdi. Bundan artıq missiya ola
bilməz. Ölkənin təhlükəsizliyini qorumaq missiyası olan qurum
çevrilib olurdu çuğulçu orqan. Onların ali missiyası bundan
ibarətdir. Departamentləri var idi, kəşfiyyat və əks-kəşfiyyat.
Orada peşəkar şəxslər təmsil olunurdu. Amma nəzərə alaq ki,
peşəkarlar hər yerdə bir ovuc olurlar. 5 nəfər peşəkar idisə, 95
nəfər ortada yeyib, qıraqda gəzənlər olurdular. Təəssüf ki, indinin
özündə də belədir".
Elçin Şıxlı Oleq Kalugini tanımadığını deyib: "Açığı, onu
tanımadığım üçün barəsində heç nə deyə bilmərəm. Kin məsələsi özəl
şeylərdir. Şəxsi ünsiyyətdən irəli gəlir. Ola bilər ki, kimsə
KQB-yə işləsin və onun xətrinə dəysin. Amma şəxsiyyəti olan adamlar
kinlə yaşamırlar. Sadəcə, başlarını aşağı salıb, işləri ilə
məşğuldurlar. Elə strukturlarda çalışanlar peşəkardırlarsa, belə
boş-boş bəyanatlar vermir, 50 ildən sonra memuar yazmırlar.
Təsəvvür edin ki, bu orqanda minlərlə şəxs çalışıb, amma onlardan
1-2 ikisi sonralar kitab yazır. Onu tanısam, deyə bilərdim ki,
kinli şəxsdir, ona görə belə fikirlər deyir. Yaxud tanıyıb deyə
bilərdim ki, çox alicənab şəxsdir. Amma bütün yazıçıları da müdafiə
etmirəm. Təbii ki, 90 faizin 10 faizi nisbətində olmayıb. Əksi
olub. Bundan başqa olması da mümkün deyil".