Hələlik Bakıda üç ölkə prezidentinin planlaşdırılan
görüşündə sıçrayış olacağını söyləmək çətindir. Yəqin ki, söhbət
daha çox niyyətlərdən və planlardan gedəcək. Ancaq sonradan bu
"üçbucaq" əməkdaşlığın genişləndirilməsi baxımından yaxşı
prespektivlərə malik olacaq. Qarabağda müharibə isə bu planlara
mane ola bilər.
Musavat.com-un məlumatına görə, bu barədə rusiyalı
ekspert, Moskvadakı Strateji Analiz İnstitutunun direktoru Andrey
İvanovun "Vesti.az"dakı məqaləsində bildirilir.
Onun sözlərinə görə, Dağlıq Qarabağda müharibə Rusiya il
Ermənistan arasında gərginliyi artıracaq. "İrəvanda Qərb
qrantlarına yaşayan böyük sayda politoloqlar isə bəhanə axtarırlar
ki, Moskvanı İrəvana münasibətdə hərəkətsizlikdə suçlasınlar.
Müvafiq şəkildə Avrasiya Birliyi və KTMT layihələri də təhlükə
altına düşəcək. Eyni zamanda Qarabağ müharibəsi Azərbaycan
cəmiyyətinin böyük bir enerji tələb edəcək. Azərbaycan yeni
neft-qaz xətləri haqda düşünməyə çətinlik çəkəcək, bütün diqqət
döyüş əməliyyatlarına yönələcək. Müharibəyə resurslar xərclənəcək,
hansı ki, inkişafa sərf oluna bilər", – ekspert qeyd edir.
Onun qənaətincə, Dağlıq Qarabağda müharibə Azərbaycanın cənub
qonşusu İrana az təsir edəcək, ancaq Azərbaycansız Rusiya-İran
ortaq layihələrindən danışmaq da mümkün olmayacaq. "Nəzərə alsaq
ki, indiki nəsillərin dövründə Qarabağ probleminin həlli mümkün
deyil, o zaman hamı çoxdan döyəclənmiş bir yolla getməyə məhkumdur:
yəni göyərənə kimi nəticəsiz danışıqları davam etdirmək. Hər halda
siyasətçilər danışıqlar aparanda hər iki tərəfdən silahlılar
bir-birini öldürmürlər", – ekspert vurğulayıb.
Politoloq hesab edir ki, Rusiya, Azərbaycan və İran arasında
ortaq iqtisadi layihələr ətraf ölkələr, o cümlədən Türkiyə,
Ermənistan və Gürcüstan üçün cazibə mərkəzi ola bilər: "İqtisadi
məqsədəuyğunluq ölkələr arasında bir çox inzibati əngəllərin
götürülməsinə gətirəcək. Müvafiq şəkildə qonşu ölkələrin
sakinlərini bir-birini başqa cür qəbul edəcəklər. Bir var, mühasirə
şəraitində olan düşərgədə yaşayasan, bir də var açıq sərhədlərin
üstünlüklərindən istifadə edəsən, qonşularla əməkdaşlıq hesabına
yaxşı qazanmaq imkanları əldə edəsən. Bir də baxacaqsan ki, bir
neçə ildən sonra konflikt əvvəlki tək dalan vəziyyəti təəssüratı
bağışlamayacaq. Misal üçün, Dağlıq Qarabağ və Ermənistan
sakinlərinə sərf edəcək ki, azərbaycanlılar qayıdıb öz yurd
yerlərində oturuşsunlar, öz şirkətlərinin nümayəndəliklərini
açsınlar. Əgər regionda yalnız etnik əlamətinə görə kəndlər
olacaqsa, o zaman münaqişə sonsuzadək uzanacaq. Yox,
biznes-mərkəzlərlə birgə iri şəhərlər peyda olacaqsa, situasiya
yaxşıya dəyişəcək".
Analitikə görə, prezidentlərin Bakı və Sankt-Peterburq
görüşlərində Rusiya Prezidenti Vladimir Putin prinsipial yeni bir
şey təklif eləməyəcək. "Bununla belə, region iqtisadiyyatının
inkişafı üzrə işgüzar təklifləri gözləməyə dəyər".