Belçika parlamenti və ya ABŞ Konqresi erməni lobbisinin təsiri ilə “Qarabağda etnik təmizləmə” ilə bağlı mənasız sənədlər qəbul edəndə həm öz ölkələrinin hökumətlərinə Azərbaycanla münasibətlərdə problemlər yaradırlar, həm də Emənistanın özünə pislik edirlər. Çünki başda Baş nazir Nikol Paşinyan olmaqla, Ermənistan cəmiyyəti Qarabağın Azərbaycan ərazisi olduğu reallığını qəbul edib, “etnik təmizləmə” söhbətini etmirlər, İrəvan Bakı ilə sülh sazişinin imzalanması məqsədilə danışıqları intensivləşdirib.
Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Ermənistanın baş naziri bir dəfə də dilinə “etnik təmizləmə” ifadəsini gətirməzkən, Qərbdəki bəzi dairələr ermənidən çox erməni olmağa çalışırlar:
“Onlar əslində ən böyük pisliyi elə ermənilərə edirlər. Bir gün Ermənistan Azərbaycanla sülh sazişi imzalayarsa, Qərbdəki həmin dairələrin özləri pis vəziyyətdə qalacaq.
Buna baxmayaraq, Azərbaycan Xarici İşlər Nazirliyi, ABŞ və Belçikadakı səfirliklərimiz fəallıqlarını artırmalıdırlar. Erməni lobbisi həmin ölkələrdə güclü ola bilər, ancaq onların müxtəlif ölkə parlamentlərinə nüfuz etmələriylə mübarizəni gücləndirmək lazımdır. Misal üçün ABŞ Senatının üzvü, Missuri ştatından olan respublikaçı senator Coş Houli və Nümayəndələr Palatasının üzvü Rayli Mur Konqresə Azərbaycana qarşı yeni qətnamə layihələri təqdim ediblər. ABŞ Prezidenti Donald Tramp isə azərbaycanlı həmkarı İlham Əliyevın Qarabağdakı çıxışının bir hissəsini sosial şəbəkəsində paylaşıb. ABŞ Konqresində Trampı dəstəkləyən respublikaçı az deyil. Həmin respublikaçılardan bir neçəsi ABŞ-ın Azərbaycanla əməkdaşlığının vacibliyi və Rusiyanın Cənubi Qafqazdan sıxışdırılmasıyla bağlı bölgə və ölkəmiz lehinə qətnamə hazırlaya bilməzlərmi? Bu mümkündür, sadəcə, bunun üçün fəallığımızı artırmalıyıq, əks halda hər dəfəsində erməni lobbisinin təxribatlarının nəticələri ilə mübarizə aparmalı olacağıq”.