Avqustun 6-da Bakının "İnter" futbol komandası UEFA
Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində
cavab oyununu keçirib.
AzərTac xəbər verir ki, Bakı təmsilçisi paytaxtdakı "Şəfa"
stadionunda İspaniyanın "Atletik" (Bilbao) klubunu qəbul edib.
Komandalar arasında ilk görüşdə "İnter" 0:2 hesabı ilə məğlub
olduğundan növbəti mərhələyə yüksəlmək üçün cavab qarşılaşmasının
ilk dəqiqələrindən hücuma atılıb. Buna baxmayaraq, oyunda ilk
təhlükəli vəziyyəti 9-cu dəqiqədə qonaqlar yaradıblar. Ager
Aketçenin zərbəsini qapıçı Səlahət Ağayev uğurla dəf edib. Görüşün
12-ci dəqiqəsində "İnter" hesabı açsa da, hakim qolu hesaba
almayıb. 19-cu dəqiqədə "Atletik" komandasının hesabda irəli
çıxmasına qapı dirəyi mane olub. Qarşılaşmanın 24-cü dəqiqəsində
Rauf Əliyevin başla zərbəsini rəqib komandanın qapıçısı dəf edib.
Hücumlarını davam etdirən "İnter" 27-ci dəqiqədə hesabı açmağa
yaxın olsa da, Mirhüseyn Seyidovun zərbəsi qapı tirinin bir qədər
üzərindən keçib.
Qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. Oyunun ikinci
hissəsində də "İnter" qol vurmaq üçün irəli atılsa da, "Atletik"
futbolçularının inamlı müdafiəsi Bakı təmsilçisinin fərqlənməsinə
imkan verməyib və matç 0:0 hesabı ilə başa çatıb.
Görüşü hollandiyalı referi Serdar Gözübüyük idarə edib. Ona
həmyerliləri Bas van Dongen, Patrik Langkamp kömək ediblər.
Dördüncü hakim funksiyasını isə Dennis Hiqler yerinə yetirib.
Matçın UEFA nümayəndəsi kiprli Corc Fantaros, hakim-inspektoru isə
bolqarıstanlı Kostadin Gerginov olub.
Beləliklə, iki oyunun nəticəsinə görə 0:2 hesabı ilə məğlub olan
"İnter" komandası Avroliqada çıxışını dayandırmalı olub. Turnirə
birinci təsnifat mərhələsindən qoşulan Azərbaycan çempionatının
gümüş mükafatçısı əvvəlki mərhələlərdə Albaniyanın "Laçi" və
İslandiyanın "Hafnarfyordur" komandalarını məğlub edərək yarışdan
kənarlaşdırmışdı.