22:02
Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatına həsr olunan “Legend Cup” keçirilib.
Axar.az xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə ölkə futbolunun əfsanələri arasında matç təşkil edilib.
Milli Gimnastika Arenasında baş tutan oyunda “Neftçi 2000-lər” və “Premyerliqa məşqçiləri” üz-üzə gəlib. Gərgin və maraqlı keçən görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə “Premyerliqa məşqçiləri” 3:2 hesabı ilə sevinən tərəf olublar.
Oyunu izləyənlər arasında futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş da olub.
Qeyd edək ki, "Premyerliqa məşqçiləri" komandasının baş məşqçisi "Turan Tovuz" kollektivinin rəhbəri Qurban Berdıyevdir. Onun rəhbərliyi altında Qurban Qurbanov, Rəşad Sadıqov, Vasili Berezutski kimi mütəxəssislər çıxış edib.
"Neftçi 2000-lər"ə isə Ağasəlim Mircavadov başçılıq edib. Mircavadov Mahmud Qurbanov, Vidadi Rzayev, Zaur Tağızadə və digərlərini meydanda idarə edib.
Turnir mayın 21-dən iyunun 1-dək davam edəcək.