"Azərikimya" İstehsalat Birliyinin təşkilatlarında 800
nəfər işçinin ixtisarı nəzərdə tutulmayıb".
Bu sözlər "Axar.az"a "Azərkimya" İstehsalat Birliyinin Mətbuat
Xidmətindən verilib.
Bu mövzuda yazımıza cavab olaraq göndərilən rəsmi məlumatda
attestasiyadan uğurla keçə bilməyən şəxslərin şirkətdən qovulmaqla
bağlı heç bir təhlükələrinin olmadığı bildirilir: "2014-cü il
ərzində "Azərikimya" İstehsalat Birliyinin təşkilatlarında 800
nəfər işçinin ixtisarı nəzərdə tutulmamışdır. Azərbaycan
Respublikası Əmək Məcəlləsində qeyd olunduğu kimi, hər bir işçi 3
ildə bir dəfə attestasiyadan keçirilməlidir. Bu attestasiya
işçilərin peşəkarlıq və bilik səviyyəsinin, mütərəqqi
texnologiyalara yiyələnmə hazırlığının və ən vacibi əməyin
mühafizəsi sahəsində biliklərinin yoxlanılması üçün aparılır.
Attestasiya keçirilməmişdən qabaq işçilər müvafiq qaydada
məlumatlandırılır və onlara attestasiyaya hazırlaşmaq üçün vaxt
verilir. Attestasiyadan uğurla keçən işçilər attestasiya
komissiyasının tövsiyyəsi ilə daha yüksək tarif dərəcəsinə və ya
daha yüksək əmək haqqılı vəzifəyə keçirilə bilərlər. Attestasiyadan
keçməyənlərin isə tarif dərəcələri aşağı salına, onlara
"Azərikimya" İB-nin təşklatlarında digər iş təklif oluna bilər və
ya işçi ilə bağlanmış əmək müqaviləsi qanunvericiliyin tələblərinə
uyğun qaydada ləğv edilə bilər".
Şirkət keçən il Azərkimya İB-də 427 nəfərin attestasiyaya cəlb
olunduğunu və bunlardan 58-nin uğurlu nəticə əldə etmədiyini yazıb.
"Məlumat üçün bildiririk ki, 2013-cü il ərzində "Azərikimya" İB-nin
427 nəfər işçisi attestasiyaya cəlb olunub ki, onların yalnız 58
nəfərinin uğurlu nəticə əldə edə bilmədiklərinə görə komissiya
tərəfindən tutduğu vəzifəyə (peşəyə) uyğun olmadıqları barədə qərar
qəbul edilmişdir. 13 nəfərin isə əməyin ödənimə dərəcəsinin (ƏÖD)
artırılması tövsiyə olunmuşdur. 2014-cü ilin yanvar-fevral ayları
ərzində attestasiyaya 174 nəfər cəlb olunmuşdur və onlardan
komissiya tərəfindən 21 nəfərin tutduğu vəzifəyə (peşəyə) uyğun
olmadığı barədə qərar qəbul edilmişdir. 5 nəfərin isə əməyin
ödənilmə dərəcəsinin artırılması tövsiyə edilmişdir. Onu da
xüsusilə qeyd etmək istərdik ki, neft-kimya sənayesi sahəsi A
kateqoriyalı (partlayış-yanma təhlükəli) sənaye sahələrinə aid
olduğu üçün bu sahədə müvafiq attestasiyaların keçirilməsi ilk
növbədə insanların sağlamlığı və sənayedə təhlükəsizliyin təmin
olunması üçün mühüm şərtlərdəndir".
Mətbuat Xidmətindən həmçinin SOCAR-ın attestasiya ilə bağlı heç
bir əlaqəsinin olmadığını bildirilib. "İşçilərin əmək haqqının 5
misli məbləğində müavinət almaq üçün könüllü müraciətləri əsasında
əmək müqaviləsinə xitam verilməsi proseduru isə ARDNŞ-nin bu
istiqamətdə Neft və Qaz Sənayesi İşçilərinin Respublika Həmkarlar
Təşkilatı Komitəsi ilə bərabər imzaladığı müvafiq əmr-qərarlarla
tənzimlənir və atteastasiya ilə heç bir əlaqəsi yoxdur".
Şirkət həmçinin Sumqayıtda 200-ə yaxın sumqayıtlı gəncin də
"Azərkimya" İB-də işlə təmin olunduğunu açıqlayıb. "Cari ildə ARDNŞ
tərəfindən Sumqayıtda Karbamid, Polipropilen və yüksək sıxlıqlı
polietilen zavodlarının tikintisi başlanmışdır. Bu müəssisələr işə
düşdükdən sonra orada işləmək üçün yüksək ixtisaslı mühəndislərə və
müxtəlif profilli yüksək peşəkarlı fəhlələrə ehtiyac olacaqdır.
Bunun üçün "Azərikimya" İB eyni zamanda öz işçilərindən ibarət bu
müəssisələrdə çalışa biləcək kadrların hazırlanması ilə də
məşğuldur. Bu fəaliyyətin bir hissəsi olaraq 2012-ci ildə ARDNŞ
tərəfindən Sumqayıtda Təlim-Tədris Mərkəzi yaradılmışdır. Ötən 2
tədris ili ərzində bu mərkəzi müxtəlif peşələr üzrə 200-ə yaxın
sumqayıtlı gənc bitirərək "Azərikimya" İB nin müəssisələrində işlə
təmin olunublar. Mərkəzin kursları 6-10 aylıq olur".
Qeyd edək ki, bu gün saytımızda "Azərkimya" İB-dən aprelin sonu,
mayın əvvəlinə qədər 800 nəfərin işdən çıxarılacağı haqqında
məlumat dərc edilmişdi.