"Bəzi banklar hər şeyi öz əlində cəmləşdirmək istəyir,
ona görə də hansısa bir şöbə açırlar".
Bunu "Axar.az"ın İslam bankçılığı ilə bağlı sualını
cavablandıran ilahiyyatçı Elşad Miri bildirdi:
"Birinci növbədə Mərkəzi Bank və Milli Məclis tərəfindən müvafiq
qanunvericilik hazırlanmalıdır və inanclı insanlar üçün şərait
yaradılmalıdır. Çox təəssüf ki, bu gün bu məsələ ilə bağlı
problemlər var. Bəzi banklar hər şeyi öz əlində cəmləşdirmək
istəyir, ona görə də hansısa bir şöbə açırlar və adını "İslam
bankçılığı" qoyur, bununla da işlərin bitdiyini düşünürlər. Amma
dərk etmirlər ki, yığılan pullar bir bazaya yüklənir. Ona görə də
müsəlmanlar bu cür bank sistemlərinə etibar etmirlər. Məhz bu
səbəbdən də İslam bankçılığı ilə bağlı işlər hər hansı bir bankın
şöbəsində aparılmamalıdır, bu sahə ilə məşğul olan xüsusi banklar
yaradılmalıdır və İslam bankçılığında tələb olunan 3 sistem olan
"Mudarrada", "Mühərraka", "Müşərrəda"nı özündə əks etdirməlidir.
Hazırda bəzi bankların həyata keçirdiyi yalnız cari hesablardır.
Çünki onlar İslam bankçılığına uyğun olaraq nə kredit verə
bilirlər, nə də digər lazımi əməliyyatlar yerinə yetirə
bilirlər".
İslam Bankçılığının inkişafında siyasi
problemlər
İslam bankçılığı üzrə ekspert Ədalət Cəbiyev hesab edir ki,
İslam bankçılığı daha çox iqtisadiyyatın inkişafına xidmət edir.
Amma digər növ bankçılıq isə fərdi biznesin inkişafına əsaslanır:
"İslam bankçılığı ilə bağlı proseslərin ləng getməsi ilk növbədə
qanunvericilikdəki dəyişikliklərin sürətli aparılmaması ilə
bağlıdır. Çünki bütün özəl banklar Mərkəzi Banka hesabat verir və
buna görə də İslam bankçılığı ilə bağlı kiçik əməliyyatları, islami
müqavilələri və s. çıxmaq şərti ilə digər işləri ölkənin baş
bankının razılığı olmadan apara bilməzlər. Banklar təkcə Mərkəzi
Bankdan deyil, həmçinin Maliyyə və Vergilər nazirliklərindən asılı
vəziyyətdədir. Bu qurumlar müxtəlif kodekslərə müəyyən dəyişiklik
etməlidirlər. Ölkəmizdə qanunvericiliyə dəyişiklik edilməsi prosesi
də çox çətindir. Çünki bizim çox konservativ qanunvericiliyimiz var
və bu dəyişikliyin edilməsi üçün bir neçə mərhələdən ibarət vaxt
lazımdır".
Ekspert hesab edir ki, Avropa ölkələrindən fərqli olaraq,
müsəlmanlar yaşayan dövlətlərdə bu İslam bankçılığının
reallaşdırılmasında hər zaman problemlər olub: "Azərbaycan tipli
ölkələrdə İslam bankçılığı ilə bağlı hər zaman problem yaranıb. Bu
iqtisadi, sosial və hətta siyasi səbəblərlə əlaqədardır. Amma hesab
edirəm ki, problemlərin həlli üçün müəyyən perspektivləri var.
Hətta bu yaxınlarda İslam İnkişaf Bankından həmin məsələləri yoluna
qoymaqla bağlı təklif gələndə bəzi məmurlar buna artıq İslam
bankçılığına müsbət baxdıqlarını bildirmişdilər".
Ə. Cəbiyevin fikrincə, İslam bankçılığı insanların bank
sektoruna inamını da artıracaq: "Hazırda banklarda kredit faizləri
yüksəkdir və bu həm insanlar həm də ölkə üçün təhlükəlidir. Hesab
edirəm ki, İslam bankçılığının inkişafı insanların ticarət
fəaliyyətinin inkişafa etdirilməsinə müsbət təsir edəcək".
Xatırladaq ki, İslam bankçılığı sistemi ilk dəfə 1963-1966-cı
illərdə misirli iqtisadçı alimlərin hazırladığı bank modeli
əsasında elə həmin ölkədə tətbiq edilib. 2011-ci ilin
statistikasına görə, bankçılığın bu tipinə görə aktivlərin ümumi
həcmi 2011-ci il üzrə 1 trilyon ABŞ dolları məbləğində olub. Amma
"halal" qida dövriyyəsinin 3 trilyon dolları keçdiyi deyilir.
Azərbaycanda islam bankçılığı barədə yeni qanun layihəsi 2014-cü
ilin sonu-2015-ci ilin birinci yarısında parlamentin müzakirəsinə
çıxarıla bilər.