Tanınmış telejurnalist Anar Yusifoğlu uzun müddət fasilədən sonra
bu gün "Xalq qəzeti"ndə məqalə ilə çıxış edib. Yazını təqdim
edirik:
Azərbaycan regionun zəngin neft-qaz ehtiyatlarına malik olan ölkəsi
kimi həm regional, həm beynəlxalq miqyasda enerji təhlükəsizliyinin
təmin olunmasında mühüm rola malikdir. Ötən əsrin 90-cı illərinin
ortalarında dünyanın aparıcı enerji şirkətləri ilə strateji
əhəmiyyətli, gələcəyə hesablanmış neft müqavilələri bağlayan
Azərbaycan paralel olaraq neft-qaz resurslarının xarici bazarlara
nəqli üçün milli maraqlar üzərində qurulmuş strateji xətt
yürüdür.
Bu xətt enerji resurslarının çoxşaxəli nəql marşrutlarına malik
olmaq və hər hansı bir marşrutdan asılı olmamaq prinsipi üzərində
qurulub. Bölgənin enerji resurslarının çoxşaxəli nəql marşrutları
həm Azərbaycan neftinin və qazının əsas alıcılarının, həm də Avropa
qitəsinin maraqlarına cavab verir.
Azərbaycan təbii qazının dünya bazarına "Cənub qaz dəhlizi"
vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında dövlət başçısı
İlham Əliyevin sərəncamı "Şahdəniz" perspektiv strukturunda
ölkəmizin, müasir neft tarixində ilk dəfə olaraq zəngin
qaz-kondensat yatağının kəşf edilməsi və 1996-cı ildə Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin bu yataq üzrə dünyanın tanınmış
neft şirkətləri ilə saziş imzalaması ölkə iqtisadiyyatına irihəcmli
xarici sərmayə cəlb edilməsinə imkan yaradıb. 2006-cı ildə
"Şahdəniz" yatağının istismarının birinci mərhələsinin
başlanmasından sonra təbii qazın Cənubi Qafqaz qaz boru kəməri
vasitəsilə Gürcüstan və Türkiyə bazarlarına çıxarılması
Azərbaycanın enerji sənayesi tarixində yeni səhifə açaraq ölkəmizi
qaz ixracatçısına çevirib.
"Şahdəniz" yatağının istismarının ikinci mərhələsinin həyata
keçirilməsi isə həcmi artmaqda olan qazın Türkiyə və Avropaya
ixracını təmin edəcək müvafiq infrastrukturun yaradılmasını nəzərdə
tutur. 2012-ci il iyunun 26-da "Azərbaycan Respublikası Hökuməti və
Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru
kəməri sisteminə dair" saziş imzalanmış və hər iki dövlətin
qanunverici orqanları həmin sənədi ratifikasiya etmişlər.
Trans-Anadolu qaz kəməri təkcə "Şahdəniz" layihəsi çərçivəsində
hasil olunan qazı deyil, eyni zamanda, Azərbaycanın digər
yataqlarından çıxarılan təbii qazı da dünya bazarına çatdırmaq
potensialına malik olması ilə mühüm siyasi və iqtisadi əhəmiyyət
daşıyır. Böyük sərmayə qoyuluşu tələb edən təbii qaz yataqlarının
işlənilməsinə və hasil edilmiş qazın boru kəmərləri vasitəsilə
nəqlinə dair layihələrin əlaqələndirilmiş şəkildə həyata
keçirilməsi təxirəsalınmaz təşkilati və digər tədbirlərin
görülməsini tələb edir.
İri qaz istehsalçısına çevrilən Azərbaycan hasil etdiyi təbii qazın
müxtəlif marşrutlarla ixracında maraqlıdır. Bu səbəbdəndir ki,
ölkəmiz öz enerji təhlükəsizliyi üçün yetərli qaydada qaz ixracı
marşrutlarının diversifikasiyasına nail olub. Lakin Azərbaycanın
enerji sektorunun inkişafı, "Şahdəniz" layihəsinin ikinci
mərhələsinə hazırlıq, "Ümid" yatağının kəşfi və işlənməyə
hazırlanması, "Abşeron" blokunda iri qaz yatağının aşkarlanmsı və
digər perspektiv strukturlarda görülən işlər yaxın illərdə ölkədə
təbii qaz hasilatı həcmlərinin əhəmiyyətli surətdə artacağına işarə
verir. Bu isə ölkəmizin ixrac imkanlarını genişləndirmək zərurəti
yaradır.
Proqnozlara görə, ilkin dövrdə "Cənub qaz dəhlizi" ilə ildə 10
milyard kubmetrədək "Şahdəniz" qazı Avropa bazarlarına daşınacaq.
Trans–Adriatik (TAB) layihəsinin seçilməsi ilə bağlı qəbul olunmuş
qərar, həmçinin konsorsiumun "Şahdəniz-2" layihəsi üzrə yekun
investisiya qərarı planlarında da mühüm bir addımdır. Bu layihə
boru kəmərləri ilə birlikdə 40 milyard dollara başa gələcək və ildə
16 milyard kubmetr Azərbaycan qazını Avropa bazarına daşıyacaq.
Ölkə başçısı İlham Əliyevin təbii qazın dünya bazarına çıxarılması
ilə bağlı imzaladığı sərəncam Azərbaycan qazını Avropaya çıxaracaq
4 iri layihənin (Şahdəniz-2, SCP, TANAP və TAP) vaxtında həyata
keçirilməsi üçün qarşıya çıxan hər hansı bir problemi operativ həll
etməyə əsaslanıb.
Azərbaycan Respublikasının enegetika naziri Natiq Əliyev
bildirmişdir ki, "Şahdəniz-2" mərhələ çərçivəsində hasil ediləcək
təbii qazın Türkiyədən Avropaya nəql edilməsi üçün TAP boru
kəmərinin seçilməsi regionumuzun və ölkələrimizin nəhəng iqtisadi
və enerji potensialından daha yaxşı və səmərəli istifadə etməyə
imkan yaradacaq, TAP-ın seçilməsinə dair qərar investisiyaların
artmasına, eləcə də Azərbaycanın həyata keçirdiyi regional və
transmilli enerji layihələrinin gerçəkləşməsinə səbəb olacaq.
Nazirin qənaətinə görə, "Cənub qaz dəhlizi"nin etibarlı və səmərəli
işləməsi gələcəkdə Transxəzər layihəsinin gerçəkləşməsi ilə
nəticələnəcək, eyni zamanda, "Azəri-Çıraq-Günəşli"blokunda yerləşən
dərin qaz yataqlarının tezliklə mənimsənilməsinə, eləcə də
"Abşeron", "Ümid", "Şəfəq-Asiman" və digər perspektivli
strukturlarada nəhəng işlərin tezliklə başlanmasına imkan
yaranacaq. Bununla da, yaxın onilliklər ərzində Azərbaycan
iqtisadiyyatına investisiya qoyuluşlarının həcmi bir qədər də
artacaq və ölkəmiz Avropanın enerji təminatında daha yaxından
iştirak edəcəkdir.
Xarici işlər naziri Elmar Məmmədyarov isə bildirib ki, "Cənub qaz
dəhlizi" layihəsi 2019-cu ildə yekunlaşsa, növbəti onillik ərzində
Azərbaycan bundan böyük mənfəət götürəcək. "Cənub qaz dəhlizi"
Avropa üçün yeni mənbədir" deyən nazirin sözlərinə görə, bütün
regiona təsir edəcək layihə ölkənin ümumi xəritəsi və strateji
əhəmiyyətini dəyişəcək. Türkiyənin xarici siyasət idarəsinin
rəhbəri Əhməd Davudoğlu isə hesab edir ki, Bakı-Tbilisi-Ceyhan və
"Cənub qaz dəhlizi" layihələri regionda sülh və inkişafı təmin
edəcək.
Ümumiyyətlə, Azərbaycan ərazisi ilə 2020-2025-ci illərdə 50-55
milyard kubmetr həcmində qazın nəql olunacağı gözlənilir. Əlbəttə,
buraya digər ölkələrdən, xüsusən də Türkmənistandan da qazın nəqli
daxildir. Bu amillər, eləcə də 2020-ci ilədək Avropanın enerji
istehlakının 70 faizinin, 2030-cu ilədək isə 85 faizinin idxal
hesabına təmin ediləcəyi barədə ekspert rəyləri fonunda Azərbaycan
təbii qazının bu bazarlara nəqli xüsusən böyük əhəmiyyət kəsb edir.
Avropa ölkələrinin əksəriyyətinin Rusiyanın təbii qazı ilə təmin
olunduğunu nəzərə alsaq, köhnə qitənin bu asılılıqdan yaxa
qurtarmasında yeganə çarənin qaz idxalının şaxələndirilməsində
olduğunu görərik. Bu isə Azərbaycanın öz neft-qaz ehtiyatlarının
şaxələndirilmiş ixracına verdiyi üstünlüklə uzlaşır.
Rəsmi Bakı enerji xətlərinin diversifikasiya siyasətini həyata
keçirir. Bu üzdən neft və qaz sərvətlərinin dünya bazarlarına
çıxarılması üçün müxtəlif marşrutların seçilməsi strateji
məsələdir. Hazırda regionda mövcud şərait bu işə siyasi motivlərin
əlavə edilməsini diktə edir. Belə ki, enerji xətlərinin Ermənistan
və İran ərazisindən keçməsi sərmayədarlar və konkret ölkələr üçün
məqbul olmadığından bütün maraqların qorunduğu variantlara üstünlük
verilir. Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə həyata
keçirilən layihələr sırasında TANAP, TAP, Şahdəniz, Nabukko,
Bakı-Tbilisi-Ərzurum və digər marşrutlar xüsusi yer tutur və həmin
layihələr rentabelliyi baxımından daha çox cəlbedici görünür.
Ümumilikdə isə dünya iqtisadiyyatında energetika sistemində təbii
qazın rolu getdikcə artır. Xüsusilə, təbii qaz çatışmazlığının bəzi
Şimal ölkələrində problem yaradacağı təhlükəsi var. Məhz buna görə
qlobal iqtisadi böhranla mübarizə enerji mənbələri uğrunda mübarizə
ilə paralel aparılır. Avropanın enerji asılılığından qurtarması
üçün göstərdiyi cəhdlər, Rusiyanın bu asılılığı artırmaq üçün
apardığı işlər daha intensivləşib. Faktiki olaraq bir neçə ildir
ki, Avropaya qaz satışını reallaşdıracaq Şimal və Cənub dəhlizləri
arasında mübarizə gedir. Bu mübarizədə kimin qalib gələcəyi isə
onların iştirakçıları olan dövlətlərin təklif edəcəyi variantların
cəlbediciliyindən asılı olacaq. Azərbaycanda iri həcmli yeni qaz
ehtiyatlarının tapılması və qaz istehsalının artması onun satışını
təmin edəcək yeni kəmərlərin yaradılmasını tələb etdiyindən rəsmi
Bakı bu məsələdə müstəqil kursunu davam etdirmək əzmindədir.