Ötən əsrin ortalarından aktuallaşan İslam bankçılığı bu
gün ölkəmizdə də kifayət qədər öyrənilir. Əsasən, müsəlmanların
ehtiyacından yaranan bu xidmət artıq dünyanın bir çox inkişaf etmiş
dövlətlərində belə təşəkkül tapıb.
İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin rəhbəri
Ruslan Atakişiyev "Axar.az"a müsahibəsində İslamda ticarət-maliyyə
hüquqlarının təmin olunması formalarından, onların Azərbaycandakı
perspektivlərindən danışıb.
- İslam bankçılığı nədir və digər bank xidmətlərindən nə
ilə fərqlənir?
- Bu xidmət mahiyyət etibarilə İslam dinində mövcud olan ticarət
qaydalarına uyğun olaraq meydana çıxmış bir bank sistemidir. Hələ
ötən əsrin əvvəllərində bunun ilk cücərtiləri yaranırdı. Ənənəvi
banklar faiz sistemi ilə işləyirdi. İslam fiqhinə görə faiz haram
sayıldığından bəzi ölkələrdə artıq demək olar ki, həmin bankların
xidmətindən istifadə edilmirdi. Ona görə də bir sıra şəriət
alimləri arasında da fikir ayrılıqları yaranmışdı. Onların bəziləri
ənənəvi banklardakı faizli xidmətlərə müəyyən qədər haqq
qazandırır, onun halallığa yaxın olduğunu qeyd etməyə çalışsalarda,
əksər din alimləri xidmətin halal olmadığı fikrini
dəstəkləyirdilər. Faizlə olan xidmətlərdən imtina edilməsi İslam
dünyasında dövlətlərin inkişafına da təsir edirdi. Onlar həm
daxildə mövcud olan əhali əmanətlərindən, yığımlardan, həm də
sahibkarlıq subyektlərinə vəsaitlərin cəlb olunmasından məhrum
olurdular. Dövlət borcları yanananda, investisiya layihələri həyata
keçirilən zaman daxili investisiya mənbələri kasadlıq təşkil
edirdi. Bu səbəbdən də İslam dünyasında həmin sərmayələri bir
qurumda birləşməsinə ehtiyac yarandı. Alternativ maliyyə institunun
yaradılması ideyası ilk dəfə Misirdə ortaya atıldı və 1963-65-ci
illərdə Əhməd bin Neccər tərəfindən əsası qoyuldu. İlk vaxtlarında
zəkat pullarının yığılması və şərikli işlərin görülməsi məqsədilə
yaradılan banklar sonradan öz fəaliyyətlərini genişləndirdilər.
- Bu sistem ənənəvi bank xidmətlərindən nə ilə
fərqlənir?
- Əsas fərq İslam bankçılığının real sektorla işləməsi və
faizlərin olmamasıdır. Bəzən burada əldə olunan gəlirlərin də
faizlə bağlı olduğunu iddia etsələrdə, İslamda faizə, mülkiyyətə
baxış ənənəvi qərb iqtisadiyyatının yanaşmalarından fərqlənir.
İslamda bank sistemi olmayıb. Sonradan formalaşanda isə onun
fəaliyyəti Quran ayələrinə, fiqhi qaydalara, ticarət qaydalarına,
icma, ictihad, qiyas kimi məsələlərə əsaslanıb. Onun formalaşma
prinsipləri fətfa qrupları tərəfindən yönləndirilir.
- Banklar, əsasən kreditlər faizlərindən gəlir əldə
edir. Bəs İslam banklarının gəlirləri necə formalaşır?
- Ənənəvi banklar 135-dən çox xidmət növündən gəlir əldə
edirlər. Həmin vəsaitlər müxtəlif sahələrə- sahibkarlıq fəaliyyəti,
istehlak kreditləri, ipoteka kimi sahələrə yönəldilir və faizlərlə
gəlir əldə edilir. Burada fiksə olunmuş faizlər kredit alanın uğur
qazanıb-qazanmamasından asılı olmayaraq geri ödənməlidir. İslam
bankçılığında isə gəlirlər əsas üç metodla formalaşır. Mişaraka-
şəriklik prinsipi ilə. Yəni, bank və sahibkar bir layihəyə bərabər
nisbətdə vəsait qoyaraq müştərək işləyirlər. Bank işin gedişi
zamanı mütəmadi olaraq sahibkara məsləhətlər verir, çətinliyə
düşəndə onu vəziyyətdən çıxarmaq üçün addımlar atır. Əvvəlcədən
gəlirin bölünməsini də razılaşdırırlar. Ziyana da şərik olurlar.
Hər iki tərəf itkini qarşılayır. İslam bankçılığının əsas prinsipi
risklərə şərik olmaqdır.
Digər bir metod mudaraba adlanır. Burada müdarib-yəni bank
vəsait verən olur. Sahibkar isə sadəcə layihəni təqdim edir və bank
onu dəyərləndirərək vəsait ayıırır. Razılaşma əsasında gəlir
tərəflər arasında bölünür. Və burda da iş alınmasa, banka heç bir
faiz ödənilmir.
Murabaha metodu isə əsasən, əmlak əldə edilməsini nəzərdə tutur.
Burada vəsaitlər avadanlığa yönəldilir. Məsələn, bir nəfər
stomatoloji kabinet açmaq istəyir və ona 5 min manatlıq avadanlıq
lazımdı. O, banka sifariş verir ki, mənə bu qədər avadanlıq
lazımdı. Bank həmin vəsaiti ödəyərək bu avadanlıqları alıb gətirir
və üzərinə müəyyən qədər tutaq ki, 1000 manat qoyaraq onu iş
adamına təqdim edir. Amma bu əvvəldən razılaşdırılır. Həmin vəsait
6 ay ərzində hissə-hissə banka ödənilir. C ari hesablar, hesablaşma
hesablarının açılması, əmanətlərin cəlb olunması kimi xidmətlər,
qiymətli kağızlar, lizinq xidmətləri də göstərirlir. Bir çox
ölkələrdə İslam bankları zəkat toplnmasını da həyata keçirirlər.
Həmin vəsaitlər imkanı olmayanın borcunun silinməsinə sərf
olunur.
- Bəs əmanətçilər necə qazanırlar?
- Əmanətlərə heç bir faiz verilmir, sadəcə həmin şəxsin pulu
orada qorunub saxlanılır. Əmanət qoyuluşları müqavilə prinsiplərinə
görə fərqlənir. Əgər əmanətçi bankın layihələrində iştirakla bağlı
müqavilə bağlayırsa, müəyyən gəlir əldə edir. Bu iki formada ola
bilər. Birinci, əgər əmanətçi ortaqlıq prinsipi ilə bankla
əməkdaşlıq edirsə, qoyduğu vəsaitə görə əldə edilən gəlirdən ona da
pay verilir. Burada bank da müəyyən hissə qazanc əldə edir.
Tənqidçilər bunu ənənəvi bank sistemində olan faizlərlə
eyniləşdirirlər. Lakin bu belə deyil. Burada qazanılan əlavə
vəsaitin ortaqlar arasında bölünməsi nəzərdə tutulur. Yəni,
xeyirdən xeyir götürülür. İkinci, bir məqam odur ki, əmanətçi
müqavilədə şərt qoysa ki, mənim pulum məhz filan layihəyə
yönəldilsin. O zaman məsuliyyət həmin şəxsin öz üzərinə düşür.
Layihə uğursuz olarsa, ona heç bir pul ödənmir.
- Azərbaycanda təcrübə nə vaxtdan
formalaşıb?
- Ölkəmizdə İslami bank xidmətləri 1991-92-ci illərdən İslam
İnkişaf Bankı ilə əməkdaşlıq başlayandan sonra ortaya çıxıb. Bu,
makro səviyyədə fəaliyyət göstərən bankdır. Öz vəsaitlərini əsasən,
infrastrukturun inkişafı, təhsil, səhiyyə proqramlarına ayırır.
Hələlik "Kövsərbank" sırf İslam fiqhi ilə işləyən yeganə qurumdur.
Bəzi lizinq şirkətləri, Beynəlxalq Xəzər İnvestisiya Şirkəti,
"Əmrahbank", Azərbaycan Beynəlxalq Bankı, "Nikoylbank","Turanbank"
bu və ya digər formada islam bankçılığı xidmətləri göstərirlər.
- İslam bankçılığının Azərbaycanda inkişaf
perspektivlərini necə görürsüz?
- Faizsiz kreditin mövcudluğu insanların faizdən imtina etmək
istəyidir. Bu da İslam bankçılığı üçün ölkədə münbit şərait
yaradır. İnsanlar pullarını banka etibar etmirlər, evdə
saxlayırlar. Və ya sərmayə qoyaraq şərikli iş görməyə calışırlar.
Həmin vəsaitləri toplayaraq dövriyyədə istifadəsinə nail olmaq həm
də ölkənin inkişafı üçün vacibdir. Ölkənin investisiya
imkanlarının, əhalinin əmanətlərinin həcminin artması, daxildə
investisiya qoyuluşu ilə sahibkarlığın inkişaf payının artırılması
vacib amildir. Bu baxımından İslam bankçılığının perspektivi çox
böyükdür. Ancaq bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə də
ehtiyac var.