Ana səhifə İqtisadiyyat |
Britaniyanın “Natural Gas World” jurnalının və Almaniyanın “Deutsche Welle” teleradiosunun eksperti Dalğa Xatınoğlunun Axar.az-a müsahibəsi:
- Aprelin 9-da keçiriləcək OPEK+ telekonfransı “neft müharibəsi”nə son qoyacaqmı?
- Amerikanın Enerji İnformasiya İdarəsi proqnoz verərək, ölkənin neft istehsalının 2020-ci ildə keçən il ilə müqayisədə günlük yarım milyon barrel azalacağını bildirdi. İndi Rusiya, İran və başqa ölkələr, o cümlədən Səudiyyə Ərəbistan da israr edir ki, Amerika da OPEK+ ölkələrinin müzakirələrinə qoşulsun və neft istehsalını birlikdə azaltsınlar. Buradan başqa bir məsələ ortaya çıxır: ABŞ-ın təbii olaraq neft istehalı yarım milyon barrel düşəcək. Bu gün də Rusiya elan etdi, bu düşüşü biz nəzərə almırıq. ABŞ əlavə olaraq neft istehsalını azaltmalıdır. Birinci rübdə dünyada neftə tələbat, təxminən, 5 milyon barreldən çox azalıb. İkinci rübdə isə bu günləri də nəzərə alsaq, günlük neftə tələbat 30 milyon barrel azalıb. Beynəlxalq Enerji Agentliyi 2020-ci ildə koronavirusun bu templə yayılacağı halda neftə tələbatın günlük 20 milyon barrel azalacağını bildirib. Yəni, neft istifadəsi dünyada 20% azalacaq. Demək, azı Rusiya, Səudiyyə Ərəbistanı və Amerika və ola bilsin ki, Kanada 15 milyon barrel neft istehsalını azaltmalıdırlar ki, qiymətlər yenidən 40 dolları ötsün. ABŞ düşünür ki, 2020-ci ildə durum belə davam edərsə, neftin orta qiyməti 33 dollar (“Brend” neftinin), gələn il isə 45 dollar olacaq. Tərəflər bu barədə hələ heç bir razılığa gəlməyib. Əgər iclas mart ayının altısındakı kimi uğursuz nəticələnsə, neftin qiyməti hətta daha kəskin həddə enəcək. Hazırda qiymət 31 dollar civarında olsa da, unutmayaq ki, bu yalnız müzakilərlə bağlı yayılan xəbərlərə görədir.
- Koronavirus pandemiyası postneft dövrünü sürətləndirə bilərmi?
- Ola bilsin ki, postneft dövrünə çatmayacağıq. Postneft dövrü budur ki, dünyada enerjiyə tələbat qaz və neftlə deyil, başqa enerji mənbələri ilə ödənilsin. Bu mənbələr neft tələbatını o qədər azaltsın ki, biz deyək, postneft dövrünə keçmişik. İndi durum fərqlidir. Keçən il dünyada günlük 100 milyon barreldən çox neftə tələbat var idi. Bu il Beynəlxalq Enerji Agentliyinin proqnozunu əsas götürsək, neftə tələbat günlük 80 milyon barrel olacaq. Bilirik ki, dünyada enerji tələbatının 1/3-dən çoxunu neft ödəyir, qalanını isə qaz və kömür təmin edir.
- Ölkələrin iqtisadiyyatında böhran yaranmaması üçün neft qiyməti neçə olmalıdır?
- Səudiyyə Ərəbistanı, ABŞ və Rusiya üçün neftin kəskin düşməsi böyük bir böhrandır. Səudiyyə Ərəbistanın büdcə kəsiri yaranmasın deyə neftin qiyməti azı 82-83 dollar, Rusiya üçün isə 41 dollar olmalıdır. Qiymət 25 dollar təşkil edərsə, ABŞ üçün 5-10 faiz neft istehsalı demək olar ki, tamamilə ziyanlı olacaq. Heç bir iqtisadi mənfəəti olmayacaq. Əgər durum çox uzun çəksə, ölkənin neft istehsalı 1-2 ay bundan qabağa kimi 12 milyon 600 min barrel idisə, bundan sonra 9-10 milyon barrel olacaq. Durumun ABŞ-ın büdcəsinə böyük təsiri olmayacaq, amma ABŞ şirkətləri çox böyük bir ziyana gedəcəklər. Görürük ki, dünya birjalarında şirkətlər 16 trilyon dollar ziyana düşmüşlər. Dünyada 2095 milyarder vardı. “Forbes” jurnalının bugünkü məlumatına görə, son bir ayda milyarderlərin büdcəsi, təxminən, 700 milyard dollar azalıb. Bu qədər azalma dünyanın iqtisadiyyatını dolandıran milyarder və şirkətlər üçün böyük bir faciədir. Demək, hamı təzyiq altındadır. Neft ölkələri ortaq qərara gəlməyə, istehsalı azaltmaqla qiymətləri qaldırmağa çalışırlar. Neftin qiyməti düşdükcə başqa materialların da qiyməti düşür. Xüsusilə də xammal materialları. Bu durumun başqa şirkət və ölkələrə, onların gəlirlərinə, ixracatına da böyük təsiri olacaq.
Tarix
2020.04.09 / 09:07
|
Müəllif
Aytac Araz
|