Bankdan kredit istəyərkən
vətəndaşdan girov və zamin tələb edilir. Çünki vətəndaşa etibar
etmirlər. Vətəndaş da bankda pul saxlayanda (bank hesabında, maaş,
yaxud təqaüd və ya digər növ kartda, başqasına pul köçürəndə), ona
kredit vermiş olur. Bunun müqabilində isə bank vətəndaşa girov və
ya zamin təqdim etmir.
Axar.az xəbər verir ki, bu fikirlərlə ekspert Əkrəm Həsənov
çıxış edib. Ekspert III rüb üzrə bankların təhlükəsizlik meyarından
danışarkən vətəndaşları bəzi banklarla əməkdaşlıqda diqqətli olmağa
çağırıb.
Ekspert qeyd edib ki, vətəndaş bankda pul saxlayanda vəsaitin
Əmanətlərin Sığortalanması Fondunda sığortalandığını bildirir:
"Həmin Fondun dövlətə heç bir aidiyyəti yoxdur. Biri-iki bank
müflis olsa, Fondun özündən əsər-əlamət qalmayacaq. Həm də bu
Fonddakı pulun harada və necə idarə olunması da müəmmalıdır.
Bəs onda vətəndaş nəyə əsasən banka etibar edərək pulunu ona
verir? Bank etibarlı olduğunu vətəndaşa necə sübut etməlidir?
Sivil dünyada bank şəffaf olması ilə etibar qazanır.
Qanunvericilik tələb edir ki, banklar rübdə bir dəfə maliyyə
hesabatlarını saytlarında dərc etsin. Lakin böyük əksəriyyəti bunu
tam və ya qismən etmir. Faktiki olaraq bu banklar maliyyə
göstəricilərini müştərilərindən gizlədir, onları aldadır.
Girovsuz-zaminsiz kredit verməyən banklar əhalinin pulunu qanunsuz
cəlb edir. Nəticədə həmin banklardakı müştəri vəsaitləri böyük
təhlükəyə düşmüş olur".
Təhlükəli və qismən təhlükəli banklar
Ekspert bu təhlükəni aradan qaldırmaq üçün III rübün nəticələri
üzrə həmin təhlükəli bankların siyahısını təqdim edir:
"Etibarlı bank özü haqda qanunvericiliyin tələb etdiyi məlumatı
açıqlamalıdır. Bunu etmirsə, deməli, vəziyyəti çox pisdir və ya
pisləşməyə başlayıb. Rüblük hesabatını qismən açıqlayan yalnız 2
bank var: Unibank və Kapitalbank.
27 bank rüblük hesabatını ümumiyyətlə dərc etmir: Nikoil Bank,
AGBank, Amrahbank, AtaBank, Atrabank, Bank Avrasiya, Bank BTB, Bank
Respublika, Bank Standard, Caspian Development Bank, DekaBank,
Dəmirbank, Gəncəbank, Günaybank, XalqBank, KredoBank, Muğanbank,
Naxçıvanbank, Pakistan Milli Bankı Bakı filialı, ParaBank,
Rabitəbank, YapiKrediBank, United Credit Bank, Zaminbank, Ziraat
Bank, Bank of Azerbaijan və Bank Technique".
Etibarsız banklar
Ən etibarsız banklara gəldikdə isə, bu, Rusiyaya məxsus və ya
Rusiya ilə sıx bağlı olan iki bankdır: VTB və Nikoil. Rusiya çox
ağır maliyyə durumundadır. Bu baxımdan sözügedən iki banka əmanət
etdiyiniz pulu onlar Rusiyadakı müştərilərinə kredit kimi versə,
həmin pullar geri qayıtmaya bilər".
Bu banklara etibar etmək olar
Ekspert etibar etməyə layiq olan bankların da adlarını
açıqlayıb:
"Hesabatı tam yerləşdirmiş və bölüşdürülməmiş mənfəətlə işləyən
bankların sayı isə 10-dur: Accessbank – 67 mln-dan çox, Bank of
Baku – 44 mln-dan çox, Expressbank – 18 mln-dan çox, ASB – 12
mln-dan çox, AFB – 7 mln-dan çox, PaşaBank – 3 mln-dan çox, Bank
Silk Vay – 3 mln-dan çox, NBC Bank – 3 mln-dan çox, Turanbank – 1
mln-a yaxın, Qafqaz İnkişaf Bankı – 253 min. Bu banklar daha çox
etibara layiqdir.
Əvvəla, maliyyə göstəricilərini gizlətmirlər. Digər tərəfdən isə
mənfəətlə işləyirlər, yəni yalnız əhalidən cəlb etdikləri pulla
deyil, həm də öz vəsaitləri ilə işləyir və risk edirlər.
Ən etibarlı isə 2 dövlət bankıdır: Azərbaycan Beynəlxalq Bankı
və AzərTürkBank. Çünki dövlət onların cəlb etdiyi əmanətlərə görə
əhali qarşısında tam məsuliyyət daşıyır".