Axar.az tənqidçi Elnarə
Akimovanın "Səni axtarıram, poeziya!" silsiləsindən olan yazısını
təqdim edir:
Poeziyadan danışmaq, ondakı təmayülləri, forma-məzmun
yeniliklərini təhlil etmək bir ilin zaman çərçivəsinə sığacaq
problem deyil. Ədəbiyyatda keyfiyyət dəyişimi həmişə illəri, bəlkə
də onilliyi çevrələyən bir məsələdir. Bu baxımdan, 2015-ci ilin
poeziyasından danışmaq haradasa, üçüncü epoxanın poetik mərhələ
özəlliklərindən söz açmaq, onda gedən məziyyətləri üzə çıxarmaq
deməkdir. Şeirlə bağlı təsnifatımızı adətən, bu problemlər üzrə
aparırıq: poeziyada mövcud axınlar, işlək vəznlər, yeni şeir
şəkilləri, forma və məzmun axtarışları. Bu təbii ki, poeziyamızın
son illərində iç-içə doğulan, yaşayan, mövcud olan mövzular
sırasıdır. Eləcə də o şəkildə ki, ənənəvi olaraq poeziyada bölgülər
aparırıq – ənənəvi, modernist, eksperiment səciyyəli şeir deyə,
düşünürəm ki, buna da o qədər gərək yoxdur artıq. Çünki müxtəlif
illərin poeziya mənzərəsinə nəzər yetirəndə orda hər növ təsnifatın
təmsilçiləri olduğunu görürük. Mən daha çox poeziyanın
problemlərindən danışmaq istəyirəm. Əlbəttə, çox arzulayardım ki,
poeziyanın problemlərindən deyil, hadisəsindən bəhs edim. Görünür,
gözlənilən hadisə baş verməyəndə problemlər üzə çıxır artıq, ya da
belə deyək, hadisə yoxdursa, buna əsas verən problem vardır demək
ki... Yeri gəlmişkən qeyd edim ki, yola saldığımız ildə də
poeziyanın daha çox problemləri müzakirə predmetinə çevrildi.
Məsələn, "Azərbaycan" jurnalının 5-ci sayında "Çağdaş Azərbaycan
poeziyası – problemlər, portretlər" mövzusunda müzakirə təqdim
olundu, Elçin İmanovun "Şeir yaza bilmirsiz", Qəşəm Nəcəfzadənin
"Mən necə şeir istəyirəm" məqalələrində poeziyamıza dair müxtəlif
problemlər aktuallaşdı. Bu durum əksər şairlərin şeirlərində belə
şikayət ovqatında sərgiləndi. V.Bəhmənli yazırdı ki,
söz ovuna çıxır hələ
yeldən qanad taxır şeir,
yaxa vermir şairlərə
aralıdan baxır şeir...
Qeyd edim ki, hər hansı problemlə bağlı məqalə və müzakirələrin
meydana çıxmasının ona dərin nüfuz üçün böyük faydası vardır.
Şeirlə bağlı aparılan söhbətlərin, yaradıcılıq istiqamətlərinin üzə
çıxarılmasına yönlənən hər növ yanaşmanın o cümlədən. Belə
söhbətləri qorunan milli koloritə, yaşayan yaddaşa bir nişanə
saymaq olar. Milli kolorit deyərkən, ötən il sevimli şairimiz
Məstan Günər haqqında çap olunan "Məstan deyər, dillərdədir
bayatım" kitabını qeyd etməyim yerinə düşər. Bu faktı nahaqdan
xatırlatmıram. İllər keçir, yeniliklər biri digərini əvəz edir, əsl
şeirsə bütün və hər cür ultramodern dalğanı yarıb önə keçir.
Zamanın tufanları onu adlaya bilmir. Əsl şeir demişkən, deməyi borc
bilirəm. 2010-cu ildə poeziya ilə bağlı illik məruzəmi edərkən
meydanı başına almış zəif şeirlərin suçunu həm də ədəbi orqanların,
saytların məsuliyyətsiz yanaşmasında aramışdım və bu gün də
fikrimdə qalıram. Təbii ki, yaxşı şeir öz oxucusunu tapır, necə
deyərlər, "şeir müəllifindən ayrı öz taleyini yaşayır" (R.Rövşən).
Amma oxucu zövqünə və vaxtının səməsinə hesablanmış stixiya ilə
fəaliyyət göstərmək həmişə əsas meyara çevrilməlidir. Bu mənada,
ötən il "Ədəbiyyat qəzeti"ndə çap olunmuş şeirlər əsl poeziyaya,
sözə, sənətə olan dəyərin və onu yüksək formada təqdim etməyin
örnək nümunəsi idi. Belə ki, burada Z.Yaqubun "Qoşmaların
nağılı"ndan tutmuş adı ədəbi mühitdən müəyyən mənada kənarda qalan
Bahadur Fərman, Sahib İbrahimli, Elxan Yurdoğlu, Saleh Qurbanov və
b.-nın şeirlərinə qədər yer vardı və hər biri dolu, dolğun yaşamla
poetik müstəviyə gəlirdilər. İndi keçək problemlərə.
Hecanın qalib durumu, yaxud sərbəst şeir şəklinin
tənəzzülü
Ötən illərə qədər daha çox heca vəzninin tənəzzülündən bəhs
edirdik. Həqiqətən də, sərbəst şeir şəkli o qədər irəli getmişdi
ki, hətta yaşlı nəsil şairlər belə daha çox bu vəzndə yazır, çağın
dəbinə uyğunlaşmağa çalışırdılar. Bu günsə deyə bilərik ki, sərbəst
şeir şəklinin bütün prinsipləri deformasiyaya uğramaqdadır. Necə
deyərlər, "Yenilik" aşiqi, naşı "şəyirdlər"/Nəzmin ağ bəhrində
sərbəst üzürlər" (Ç.Əlioğlu). Heca vəzni qafiyəpərdazlığa necə
geniş meydan verə bilirsə, yəni, qafiyəyə köklənib istedadsızlığı
pərdələyə bilmək, qafiyə arxasında gizlənmək mümkünsə, sərbəst şeir
şəkli də hədsiz sərbəstliyə getmək, vəzndə azadlığı – anarxiya
səviyyəsində dərk etmək və düşüncələrini sağa-sola sapmaqla şeir
yazdığını güman etmək həvəskarlara bir növ imkan yaratmışdır.
Poeziyanın hazırkı durumuna nəzər saldıqda qeyri-normativ
leksikanın, bayağı psevdofəlsəfi ritorikanın baş alıb getdiyini
görürük. Saxta modern yeniliklərə və məcaz özbaşnalığına geniş
meydan verildiyi indiki vəziyyətdə bu axının qarşısını nə ilə almaq
olar sualı önündə duruxub qalırsan. Şeirdə ölçü hissi tam sıradan
çıxıb, halbuki poetik mətnin normativ, requlyativ prinsiplərindən
əsas olanı ölçüdür. Yəni, şeirdə ölçü yoxdursa, başqa nədən
danışmaq olar və onu nədən poetik mətn adlandırmaq olar? Qeyd edim
ki, poeziyada yenə də hecanın aparıcı mövqeyi güclənir. Bunun bir
səbəbi müəyyən yaşa dolmuş şairlərin milli özünədönüşü ilə
əlaqədardırsa, digər səbəbi, sərbəst şeir şəklinin ifratlarından
doğan inkardır. Əlbəttə, "gənc şairlərə, əvvəlcə klassik qəliblərlə
başlayıb, sonra inqilabçı olmağı tövsiyə edirəm", - yazan
argentinalı yazar Leopoldo Luqones kimi bunu mütləq imperativ kimi
irəli sürmürük. Ən azı poeziyamızda Aqşin Yenisey imzası var ki,
sərbəst şeirlərilə 2000-ci illərin əvvəllərinin ədəbiyyat faktına
çevrilməyi bacardı. Amma bu gün gənc yazar da anlayır ki, artıq
sərbəst şeir şəkilli şeirlə inqilabçı görünmək mümkün deyil. Səbəb
yuxarıda qeyd etdiyimiz kimi, bu şeir şəkli ilə bağlı meydana çıxan
neqativlərin mövcudluğudur.
Ötən il heca vəzninin ən uğurlu nümunələrinə M.Yaqubun,
Z.Yaqubun, Ç.Əlioğlunun, S.Rüstəmxanlının, Məmməd İlqarın, Sabir
Sarvanın, Ramiz Qusarçaylının, Qoca Xalidin, Əjdər Olun, Zirəddin
Qafarlının, Anar Həbiboğlunun, Faiq Hüseynbəylinin, Rafiq
Yusifoğlunun, Arzu Hüseynin, Ramiz Kərəmin və b. şeirlərində
rastlaşdıq. "Bir uzun küçə" şeir toplusunda yer almış M.İlqar,
R.Qusarçaylı, S.Sarvan, Q.Xalid və Ə.Olun şeirləri bizdə heca
vəzninin yaşarılığına inam oyatdı. M.İlqarın təcnis və
gəraylılarında güclü kolorit, el havasının ruhu hiss olunur. Bu
kolorit lirik-publisist intonasiyanın güclü olduğu R.Qusarçaylı
şeirlərində daha çox kənd mənzərələrinin, Q.Xaliddə təbiət-insan
birgəliyinin, S.Sarvanda isə vətən mövzusunun, tarixi keçmişimizin
yenidən mənalandırılması ilə qüvvətli bir cizgi kəsb edir.
Bu yurd neçə dəfə qana çəkilib,
Quruyan dəniztək sinib özünə
Axtarsan Vətənin sərhədlərini,
Düş tarix boyunca qanın izinə. (S.Sarvan)
Barat Vüsalın, Aydın Murovdağlının, İbrahim İlyaslının ("Sevgi
şeirləri: "Ömrüm", "Hardasan", "Məşğulam"); Əjdər Olun ("Solaxay",
"Anamı xatırladım", "Atam, ay atam"), Vasif Süleymanın, Avdı
Qoşqarın, Adil Cəmilin, Qəşəm Nəcəfzadənin heca vəznində yazdıqları
şeirlərdə milli qatlardan süzülüb ahəng, ölçü, məzmun fərqliliyi
qorunub saxlanır.
Yarsan, qopma bütövümdən, yarımdan,
Yazıq günüm yarım axşam, yarım dan.
Kimə deyim yarımadım yarımdan,
Görən varmı sinəm kimi daş barı?!
Gəl, həsrəti doğra incə, kəs incə,
Sevənlərtək olmaz bircə kəs incə.
Kaş öləydim eşq ağrısı kəsincə,
Əzizlərəm Tanrı verən bu barı.
Bu gözəl rədifin müəllifi Sahib İbrahimlidir. S.İbrahimlinin
şeirləri bütöv, kompleks yanaşmanın təzahürü, dolğun, yaşanmış
duyğuların, ürəkdə iz qoyan təəssüratın nişanəsidir. Milli ənənəvi
şeirin bədii intonasiya sistemi bu şairin şeirlərində poetik nida
və suallarla birləşmiş olur və onlardakı müəyyən həyati detallar
duyğuların ifadəsində poetik əyaniliyə xidmət edir. Bu səbəbdən
S.İbrahimlinin "Pəncərə dalında bir qız ağlayır", "Sənsiz", "Şair
sevgisi", "Kəpənək" şeirlərində dəfələrlə işlənmiş obrazlar yeni
tərzdə poetik düşüncənin predmetinə çevrilir. Yaxud Q.Nəcəfzadənin
"Gəlirsən", "Qoşma", "Sevgili yağış", "Payız" adlı lirik nəğmələri
romantik metaforaları, həzin sevgi bəlirtiləri ilə yalnız forma
deyil, həm də məzmun planında gələnəksəl poeziyanın varisi kimi
çıxış edir.
Bürünüb buluda, bürünüb suya,
Bu gecə, bu gecə bir ağlayan var.
Payız adamları verib yuxuya,
Əlini dizinə vurub ağlayar.
Bu gecə, bu gecə bir ağlayan var,
Həsrətin əvvəli, vüsalın sonu.
Aldanan qız kimi ağlayır payız,
Bəlkə də, durnalar aldadıb onu.
V.Bəhmənlinin "Beş damla" kitabı qoşma, səkkizlik, gəraylı kimi
klassik şeir şəkilləri ilə zəngindir. Parıltılı forma elelmentləri,
fərqli poetik deyim, ifadə və təsvir çalarları ilə zəngin bu
şeirlərdə daha çox xalq poeziyasının biçimlərinə üz tutulması
nəzərdən qaçmır. Eyni zamanda, şairin yaradıcılığı üçün xarakterik
olan bir cəhəti də önə çəkməyi labüdləşdirir. V.Bəhmənlinin son
illər yazdığı şeirlərdə daha çox düşüncənin melodiyası eşidilir,
poetik stixiya öz yerini səssiz fikir axarına verir. Metafizik qata
açılan bu şeirlər şairin mənaya varmaq niyyətinin təzahürü kimi
mənalanmalıdır. Onun şeirlərində tez-tez hallanan "bilmirəm" nidası
da həqiqət və mahiyyətin dərki baxımından simvolik çalar kəsb edir.
Yalnız içinə enən ruhun dünya ilə dialoqu bitir, "dil tutulması"
baş verir, daha çox heyrət, daha çox çözmək ehtirası önə keçir.
Nəticədə şairin metafizik düşüncə notlarında qələmə aldığı dünya və
insanla bağlı şeirlər mahiyyətin və mənəvinin ifadəsinə xidmət
eləyir:
Darvazamı döyən çıxar mənim də
Bəlkə, bu gün?..
Sabah, bəlkə?
Bilmirəm.
Həsrətləri cüda eylər tənimdən,
Bəlkə, bəndə?..
Allah bəlkə?
Bilmirəm...
Od bürüyər bir anda dörd yanımı –
Duruldarmı laxtalanmış qanımı?
İstəyimə qul eyləyər canını
Bəlkə, tövbə?..
Vallah, bəlkə?
Bimirəm..
Gənc şair Faiq Hüseynbəyli də son kitabındakı şeirlərdə həm
məzmun, həm də intonasiya planında metafizik sınırlara, tanrısal
eşqi tərənnüm edən qatlara çıxır. Daha çox introvert düşüncə, eşq,
tale, tənhalıq romantikasının ekzistensial kədərlə qovuşuq
təcəssümü kitabdakı əksər şeirlərin başlıca qaynağını təşkil
edir.
Bir iynənin ucu boyda
olsa da, sev... günahdımı?
Bu eşqə hansı ad verək?
Aşiq quldumu, şahdımı?
Həsrət vüsala təndimi?
Vüsal saçımda dəndimi?
Bu eşq dərədə çəndimi?
Dağlardan qopan ahdımı?
Bu sevgini var eləyən,
Dünyamızı dar eləyən.
Səni mənə yar eləyən,
Şeytandımı, Allahdımı?
F.Hüseynbəylinin xüsusilə, heca şeirlərində metafizik mövzu daha
aparıcıdı, müəllif poetik təsvirin predmetinə çevirdiyi bütün
mövzulara ruhun dərinliyinə vararaq, virtual dünyanın
məhculluğundan nəzər yetirir.
Hardasa bir göz yaşı,
Yanağına iz salar.
Hardasa bir göz yaşı,
Dodağında qocalar.
Tanrı da ağlayar, bax,
Bir təsəllidi yağış.
Biz ki, insanıq, bəlli,
Tanrını kim qarğamış?!
Çağdaş poeziyamızın çoxçalarlı üslub axtarışlarında billürlaşan
imzalardan olan Anar Həbiboğlunun şeirlərində axar-baxarlı,
tükənməz enerji ilə süslənmiş dil potensialı var və dilin ifadə
imkanları sayəsində müəllif ənənəvi və modern düşüncənin uğurlu
sintezini yarada bilir. Anar Həbiboğlu təsvir predmetinə çevirdiyi
bütün mövzularda yaşam fakturasına dayanıqlı olan müəllifdir və
hisslərini şeir ölçüsündə, məna dərinliyində ifadə etməyə nail
olur:
Yüz yerdən sınan ürək indi parça-parçadı,
Hər sınan parçası da tənhadı, təkdi bəlkə.
Məni öpən o qızın kirpikləri fırçadı,
Bir ötən məhəbbətin rəsmini çəkdi bəlkə.
Önəmli olan bu ki, A.Həbiboğlunun şeirləri təkrar, təqlid
biçimində doğulmur, təzə-tər duyğuların qanadında birbaşa poeziya
estetikasından nəşət edir. Burada sevgi, həyat, ölüm, yaradılış
haqda meditativ düşüncələr şəxsi kədər çevrəsini yararaq ilahi və
real duyumların təzahürü olaraq bütövlük qazanır.
Eşq haqqında bu rəvayət, bu nağıl
Başlamamış qurtaracaq bəs haçan?
Bu ömürdü, sən yalançı, mən dəli,
İnanırdım, qoy inanım sonacan...
Eh, qurtaraq bu söhbəti, nə xeyri,
Peşman-peşman mən gülürəm, sən ağla.
Əlini qoy ürəyimin üstünə
Heç olmasa ağrısını sığalla.
Heca vəznindən söz düşmüşkən, Z.Yaqub, M.Yaqub, M.Aslan kimi ilk
növbədə, milli dil hadisəsi sayılan şairlərimizin adını çəkməyə
xüsusi ehtiyac var. Çünki məhz, bu şairlərin yazdığı nümunələrdə
dilin bütün etno-psixoloji ifadə çalarları ehtiva olunur. Xalqın
milli yaddaşı, milli kimlik duyğusu, milli koloriti və s. Ötən il
Z.Yaqubun xəstəlik və ağrılarla çarpışdığı məqamlarda meydana
qoyduğu "Qoşmaların nağılı" başlıqlı silsilə şeirləri şairin
susmayan könül rübabının nişanəsi olmaqla bahəm, bu yaradıcılığa
məxsus dil qatlarına eniş mənasında uğurlu sənət örnəkləri
idilər:
Səni dönə-dönə salamlayıram,
Sən qoşmam, sən laylam, sən bayatım ol.
Dünyaya gəlməyim getmək üçündür,
Mənim ilk sevincim, son saatım ol.
Düzləri dolaşam, dağları aşam,
Gərək çaylar kimi qaynayam, daşam.
Yerlərə sığmayan toyum, tamaşam,
Göylərə sığmayan büsatım sən ol.
**
Ürək də, baxış da, könül də, göz də
Dünyanı dərindən duymaq üçündür.
Öpüb bu torpağı duz-çörək kimi,
Gözünün üstünə qoymaq üçündür.
Sevdiyin nə varsa, sənin yarındı,
Ətək çiçəyindi, zirvə qarındı.
Allah nə veribsə, insanlarındı,
Hamısı el üçün, oymaq üçündür.
Mövzu dəyişikliyi. Milli poeziyamızda təqlid aparıcıdır, yeni
nəfəs kasadlığı hiss olunur. Əksər şairlərin öz yolu görünmür,
hazır qəliblər, obrazlarla işləyirlər. Salam Sarvan 90-cı illərdə
poeziyaya gətirdiyi şeir özəlliyini öz nəfəsində qoruyaraq çağımıza
gətirib çıxara bilmədi, əvəzində təsirinin yetirdiyi şairlər ordusu
iki onillik onu təqlid etmədə.
Ağ saç kölgə salmaz üz ağlığına,
İllərin, zəhmətin gücünə çıxır.
Nəsə, görmədiyi günlərin rəngi,
Get-gedə adamın saçına çıxır.
Yaxud:
İçini-çölünü başqa eləyib,
Bütün ömrü boyu "keşkə" eləyib,
Yaşamır, ruhuna qoşqu eləyib,
Bədənin sürüyüb gedir adamlar...
(Elşad Ərşadoğlu)
Mən təsadüfi imzalardan bəhs eləmirəm, hətta tənqid üçün də
mənim predmetim nisbətən istedadı, ruhu ilə seçilən imza ola bilər.
Amma zaman keçir, gənc şairlər heç cür özlərinə çıxa bilmirlər,
şairlərin ölüm, həyat, tale ilə bağlı yazdığı nümunələrdə mövzunun
yeni biçimdə təqdimi ilə az rastlaşırıq, yüzlərlə şeirlərin
imzasını dəyişsək, heç nə dəyişməz. Çünki poeziyada üslubu,
intonasiyası, yolu ilə seçilən imzaların yeri çox daralıb. Daha çox
təsir, daha çox imitasiya var. İndi bir Axundov sehri lazımdır ki,
bu tilsimi bir toxunuşla yox etsin, yeni Sabir, Cavid, Hadi
timsallı üslub müxtəlifliyi gəlsin poeziyaya.
Bu gün poeziyada mövzular deyil, ona münasibət dəyişib. Vətən,
Tanrı, şəhər, sevgi anlayışlarına münasibətdə fərqli əda hakim
olmaqdadır. Bunlar desəm ki, 90-cı illər şeirinin uğradığı
dəyişikliklərin nəticəsidir, məncə, tam gerçəyi ifadə etmiş olaram.
R.Rza nə deyirdi: "Adı, insanlığın ömür yolu/ şəklin müəllifi
zaman". Bu təbəddülatların da bir müəllifi var əslində: Zaman.
90-cı illərdən başlayaraq poeziyamızda elə imzalar oldu ki, öz
poetik yaşamları ilə "geriyə qayıdış"ın ən yaxşı nümunələrini
yaratmaqla bahəm, həm də gələcək şeirin inkişaf trayektoriyasının
cızılmasına səbəbkar oldular. Amma bu gün sərbəst şeir adı meydana
qoyulan əksər nümunələr milli poeziya kələnəklərinin bütün
dəyərlərinə yad, yabanşı görünür, adi söz oyunundan uzağa
getmir.
evdən zibil çıxartmazlar
qonşuya ağartı verməzlər
evlərinin bərəkəti qaçmasın deyə
amma yenə nəsə kəm olar süfrələrində
xiyar doğrasalar salatlarına
pomidor qalar
pomidor doğrasalar
xiyar
(Sevinc Elsevər)
Bəli, hər şeyi poeziyaya çevirmək olar. Çünki poeziya ilk
növbədə, bir-biri ilə əlaqəsi olmayan predmetlərin uyğunluğundan
hasilə gələn obrazların bədii təsir qüvvəsi ilə dərin görünür. XX
əsr ispan poeziyasının nümayəndəsi Xuan Ramon Ximenes xəstəxananın
həyətində, zibilliyin yanında bitən güllərdən yazmışdı və gözəl də
yazmışdı, buna görə Nobel alacağı qədər gözəl. Çünki ilk növbədə,
poetik yaşamını ortaya qoymuşdu. Bu gün yazılan əksər şeirlərdə isə
poetik yaşam hiss olunmur. Verlibr, ağ şeir kimi tanınan, hər cür
qafiyə və vəzn məsələlərindən uzaqlaşmış şeir şəkli yerini
möhkəmlətdikcə, şeirlə nəsr arasında fərq yoxa çıxdıqca şeir də
sanki sıradan çıxır. Məsələn, yuxarıdakı şeirdə adi məişət
söhbətindən o yana gedə bilməyən bu təsviri, naturallığın son həddi
olsa belə daha çox nəsr texnologiyasının imkanları çərçivəsində
işləmək daha doğru olardı. Əks halda, şeirin adicə hekayətdən fərqi
nədə olur?
Yaxud uğurlu şeirdən daha çox uğurlu misra yaratmaq cəhdi var
poeziyada. Halbuki şeir bütöv, kompleks yanaşmanın təzahürü olaraq
doğulmalıdır. Ayrılıqda uğurlu misralar isə hələ şeirin alınması,
poetik yaşamın sərgilənməsi deyil. Bir misraya yığılmış poetik
enerji, nəfəs şeirin bütün məkanını çevrələmir. Şeir ilk növbədə,
fərdi nəfəs, intonasiyadır. Ki, oxucu şairin bu nəfəsində bir də öz
dünyasının rəngini, duyumunu, ovqatını tapa bilsin.
Şeirimizdə yeni fikir axtarışı hiss olunmur. Təkrarlara yol
verir. Məsələn, son vaxtlar aşağıdakı misraların ehtiva olunduğu
saysız şeirlərə rast gəlmişəm və bu gün də bu misralar yeni poetik
düşüncə predmeti kimi təqdim olunur:
O üz- bu üz bu dünyanı,
Bir də basar su dünyanı,
Düzəltməkçün bu dünyanı
Yaradan göydən enəcək.
Bizdə şair hələ də:
Biz savaş görmüşük, savaş oğluyuq,
Bəs edər bu qədər imtahan, vallah.
Dərdimlə gizləndim, görmədin məni,
Bax indi burdayam, burdayam, Allah..! (Ramil Mərzili)
- deyə özünü Allahın yadına salır və düşünmür ki, indi poetik
düşüncənin, şeirin özünü yaddaşın məxəzinə düşməyə cəhd eləməsi
vaxtıdır. Tanrı ilə söhbət fərdi duyğuların qanadında təqdim olunur
yenə. Şairin şəxsi kədərindən çıxıb bütövləşmir. Çağdaş şeir daha
çox "indi"yə işləyir, bütün mövzu, ideya polifoniyası bu günün
müstəvisinə proyeksiyalanır. Mən poeziyanın indiki durumuna
münasibətdə İ.Fəhminin bu fikri ilə razıyam: "Doxsanıncı illərin
poetik ab-havası, məncə, indikindən daha dərin, daha energetik idi.
Hərçənd ki, həmin vaxtlar ölkənin şəraiti çox ağır idi. Sonra elə
bil ki, o enerji sərf olundu və müasir ədəbiyyatımız Şərqlə Qərbin
arasında qaldı... Yavaş-yavaş şair təbiətinin mahiyyəti dəyişdi,
şeirdən ideya, fəlsəfə itdi".
Bəli, çağdaş şeirdə gələcəyə yollar aranmır. Qərblə şərqin
arasında azıb qalmışıq, səmti müəyyən edə bilmirik. Əsl sənətsə nə
Şərqdir, nə Qərb. Əsl sənət dünyadı, kainatdır.
Müharibə mövzusu. Poeziyanın durumu ilə bağlı
daim nikbin danışan şair V.B.Odər ilin əvvəlində verdiyi bir
müsahibədə yenə sevincə köklənərək belə bir fikir söylədi:
"Şeirimizi orduya çevirə bilsəydik"... Araşdırma apararkən, milli
poeziyamızda da rəşadətli ordu simvolikasının əlamətlərini
axtarmağa rəvac verdim. Amma bu şeirlərdə dominant olan başqa
xüsusiyyətlərə rastladım: sevinc hissinin, məmnunluğun, "gözəl
gələcəklə" bağlı qurulan xəyalların ifadəsi azalıb, "döyüşkən xalq"
obrazını göz yaşı tökən, gücsüzləşən "məzlum xalq" obrazı əvəz
edib. Belə bir ordu ilə qələbə sevincli şeiri Xankəndinin ən uca
zirvəsindən səsləndirə bilərikmi? Yox, əlbəttə. Poeziya yenə də XX
əsrin birinci yarısının hürr, istiqlal duyğulu şeirlərinə uduzur.
Baxmayaraq ki, ötən ay Qarabağ məsələsi bağlı yaşadığımız qürur
hissi, orduda ard-arda qazandığımız nailiyyətlər xalqın içindəki
cəsarət hissini büsbütün ortaya çıxartdı və mən nədənsə bunun, yəni
millətin gizli emosiyası kimi təzahür edən Qarabağ kükrəyişinin
zəminini 20 ildən artıq zaman kəsimində Vətən anlayışının Qarabağ
anlayışı ilə birləşib, sinonim sözlərə çevrilməsində aradım və
düşünürəm ki, bizdə müharibə ilə bağlı ən gözəl, coşğulu nümunələr
indən belə yaranacaq.
Hələliksə, çağdaş nümunələrdə görünən başqa mənzərədir: əvvəlki
çılğınlıq, çağırış, hay-küy, irəli atılma cəhdləri öz yerini
inləyən kədərə buraxıb. Təəssüf və ümidsizlik ağrısı daha öndədir.
Emin Pirinin şeiridir:
Şəhid məzarlarını
mərmərə bükdük,
daş qoyduq başlarına
qalxa bilməsinlər
üzümüzə tüpürməyə
Poetik mətnlərdə iç dünyaya üz tutulması, mənəvi-ruhi aləmə
ünvanlamalar, Tanrıya, İlahiyə müraciətin ağırlığı hiss olunur.
Yaşananlardan yorulma duyulur və bu mənəvi yorğunluq yalnız fiziki
ömrün gətirdiyi yorğunluq deyil, daha çox qlobal anlamda dünyada
görülən haqsızlıqdan, tökülən qanlardan və həll edilməmiş
problemlərdən usanan şair ruhudur. Əlbəttə bu gün də poeziyada
Ölüm, Müharibə, İtki, Şəhidlik, Vətən sevgisi, Türkçülük, Azadlıq
şeirimizin prioritet mövzuları kimi çıxış edir, lakin artıq
çağırış, pafos, çılğınlıq hissinin ifadəsi azalıb. Ötən ilin
poeziyasında Qarabağla, müharibə ilə bağlı sülhə çağırış məramlı
nümunələr (məsələn, F.Qocanın şeirləri, Q.Nəcəfzadə "Uşaqlara
salam" şeiri və b.) yer almışsa da, mübarizlik, döyüş hissinin
qismən Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Məhərrəm Qasımlının
şeirlərində qorunduğu bəlli oldu. Xüsusən, M.Qasımlının "Yağmur
qoxusu" kitabına toplanmış şeirlər qürur, azadlıq hissinin kompleks
ifadəsi, qəhrəmanlığın təcəssümü baxımından əhəmiyyətli təsir
bağışlayır. Nikbinlik və ehtirasla yoğrulmuş bu şeirlərdəki bədii
çalarlar müəllifinin mövzuya həssas münasibəti ilə bahəm onun üslub
və intonasiya axtarışlarının yeni istiqaməti kimi meydana
çıxır:
Ərənlərə salam olsun,
Durub pişvaza gedəlim!
Qandan qorxan qoy almasın,
Biz dəstəmaza gedəlim!
Yürü atlan dan yerindən,
Oynasın meydan yerindən.
Bahar doğsun dan yerindən –
Qış ötsün, yaza gedəlim.
Döyüş mərdin meydanıdı,
Dəli nərə nişanıdı.
Bayraq şəhidlər qanıdı,
Bayrağımıza gedəlim!
"Şeirimizi orduya çevirə bilsəydik"... Təəssüf ki, poeziyada
bunun kimi hərəkət yaradan, ordu coşğusunun əsası ola biləcək
nümunələr çox azdır. Daha çox müharibə ağrısını görüntüləmək cəhdi
öndədi və iş də bundadır ki, bu ağrının belə yeni estetik biçimdə
təqdimi yoxdur. Bəli, bizdə müharibəyə qlobal nüfuz hələ
dərinləşməyib. Müharibəyə insan ağrısı kimi baxmaq, onun bütün
çalarları ilə ədəbiyyata gətirmək baxımından poeziyada xüsusi
təmayül hiss olunmur. Gənc yazar Fərid Hüseyn esselərinin birində
yazır: "Deyirlər ədəbiyyat işıq axtarışıdır. Amma unutmaq olmaz ki,
işıq axtarışı qaranlıq qorxusundan yaranır. Bu mənada, işıq
axtarışı adı ilə "nikbin poeziya" yaratmaq cəhdi, hələ şeytandan
uzaq olmaq deyil, içindəki şeytanı qaranlıqda gizlədib, işığa
qaçmaq "hünəridir".
Mən gənc müəllifin işığa qaçmaq labüdlüyünü bu gün daha çox ona
görə arzu edirəm ki, ədəbiyyata bu zaman zamansız şeirlər və
qəhrəmanlar daxil ola bilər. Çünki hədsiz işığın altında mənfi və
müsbət qəhrəman olmur, İnsan olur. Onun düşüncələri, çağırışları,
duyumları olur. Bu gün müharibənin fəlsəfi dərkini, dramatik
ifadəsini verən, müharibə fəlakətlərinə ithaf оlunmuş möhtəşəm şeir
nümunəmiz yoxdur, yazılan şeirlər müharibə barədə ağrıtmaqla
bərabər həm də düşündürən, ciddi bir poeziya nümunəsi kimi
doğulmurlar. Onu demək istəyirəm ki, ötən ilin poeziyasındakı
nəzərə çarpan təmayüllər, şeirdəki forma və məzmun çalarları
ümumən, son illər milli şeirimizin ehtiva etdiyi bir çox
xüsusiyyətləri daşıyır. Təbii ki, dəyişən, təbəddülata məruz
qalanlar da var. Amma müharibə mövzusunun işlənməsi baxımından
dərin ictimai-sosial siqlətli poeziyaya doğru uğurlu addımın
şahidinə çevrilmirik.
Eləcə də Dünya, Həyat mövzusu. Təsəvvür edin, poeziya dünya
xitablı, ömürdən şikayət, Allaha ünvanlanan, təklik, tənhalıq
şeirləri ilə doludur. Amma necə? Bu mövzularda ənənəvi poetik
sistemin zəif təkrarı ilə. Hətta tanınmış söz adamlarının belə
şeirlərinin qafiyəpərdazlığa, söz yığınına uğradığına şahid oluruq.
F.Məmmədli yazır:
Vida bu yalqız həyata
Vida bu simsar həyata
Mən gedirəm düz həyata
"Yox" adlanan "var" həyata
əlvida bizdən aralı
dörd yanı bulvar həyata.
Bu cür söz oyunu Nazim Əhmədlinin şeirlərində də yer alır:
mənə təntimə, acıma,
əllərini çək saçıma;
ürəyini qoy ovcuma,
qaçım bu dünyadan çıxım.
Şərhə ehtiyac varmı? Yox, məncə...