Axar.az aktrisa, gənc yazar Gülay Hüseynova ilə
müsahibəni təqdim edir:
- Gülay, bir-birinin ardınca seriallarda, reklamlarda,
filmlərdə gördük səni. Sonra birdən-birə ekranlardan uzaqlaşdın. Bu
bir seçimdir, yoxsa şəxsi səbəb?
- Yox, əlbəttə ki, bu, nə seçimdir, nə də şəxsi həyatla əlaqədar
bir şey. Sadəcə olaraq, artıq 1 il olacaq ki, İstanbula köçmüşəm.
Bu səbəbdən də, Azərbaycan ekranlarından uzaqdayam hazırda.
- Azərbaycanda kifayət qədər tamaşaçı kütlən var idi.
Birdən-birə hər şeyi qoyub getmək, yeni bir ölkədə sıfırdan
başlamaq kifayət qədər cəsarətli addımdır. Necə bu qərarı
verdin?
- Sözün düzü, həqiqətən, hər şey birdən-birə oldu. İstanbulu
sevirdim, yaşamaq istədiyim ölkə idi, bu öz yerində. Amma bu qədər
tez köçəcəyimi özüm də gözləmirdim. Hər şey mənim ilk kitabım olan
"P.S. Zaten boyun da küçüktü…" ilə başladı. Bilirsiniz ki, 2015-ci
ildə nəşr olunan bu kitab Azərbaycanda ilin ən çox satılan kitabı
olmuşdu. Bestseller olandan sonra da "Qızıl Qələm" mükafatına layiq
görülmüşdüm. Kitabın uğurları qardaş ölkəyə kimi səs-soraq
salmışdı. Orijinal dili türkcə olduğuna görə də Türkiyədəki
nəşriyyatlardan kitabı orada nəşr etdirməyə dair təkliflər gəlməyə
başladı. Aylarla mail yolu ilə danışıqlar davam etdi, sonda ən
yaxşı təklifi dəyərləndirib, kitabın Türkiyədə nəşrinə razılıq
verdim. Transfer yazar olaraq, "İthaki" yayınlarından dəvət alıb
yanvarın 1-də İstanbula köçdüm, müqaviləmizi imzaladıq. Fevralın
19-da kitabım nəşr olundu və Türkiyənin dörd bir tərəfində kitab
mağazalarının rəflərini bəzədi. Ardınca imza günlərim başladı,
İstanbul, İzmir, Trabzon, Bursa, Kocaeli kimi böyük şəhərlərdə
çalışdığım nəşriyyatlar tərəfindən çox yüksək səviyyədə imza
günlərim təşkil olundu. O böyük, möhtəşəm kitab sərgilərində
Azərbaycanı təmsil edən tək yazar kimi, çox qürurverici və
məsuliyyətli hiss var idi ürəyimdə. Allaha şükür ki, ölkəmi ən
layiqli şəkildə, alnıaçıq, üzüağ təmsil etdim. Türkiyənin bir çox
böyük şair və yazıçılarıyla, eləcə də minlərlə oxucuyla tanış
oldum. Mən imzamla onların kitablarında, onlarsa sevgiləri ilə
mənim ürəyimdə dərin izlər buraxdılar. Sırf bunları düşünərək
anlayıram ki, həyatda heç nə təsadüf deyil, ola da bilməz. Hər şey
göylər tərəfindən planlaşdırıldığı kimi cərəyan edir.
- Özün üçün ssenari yazmağı düşünmüsən bəs?
- Beynimdə özümə dair layihələrimi yazmışam da, oynamışam da
(gülür). Amma real olaraq, hələ ki, "P.S. Zaten boyun da küçüktü…"
var. Onun filmi çəkiləndə baş rolunu özüm oynayacağam inşallah.
Bundan başqa, ssenarist olaraq, yeni bir serial müqaviləsi
imzalamışam. Hazırda onunla məşğulam, vaxt məhdudiyyəti var deyə,
tətilə də gedə bilməmişəm. Həftəlik 80 dəqiqəlik serial yazıram
çünki. Sentyabrda Allahın izni ilə çəkilişlər başlayacaq. Bir neçə
bölüm sonra eyni serialda, sırf xatirə üçün aktrisa olaraq da özümə
bir rol yaza bilərəm.
- Türkiyə şou-biznesində yazar-ssenarist, yoxsa aktrisa
kimi tanınmaq istəyərdin?
- Düşünürəm ki, incəsənət sahəsindəki qabiliyyətim hər ikisinə
imkan verir. Həm yazar-ssenarist, həm də aktrisa kimi uğurlu
fəaliyyət göstərəcəyimə inanıram və iddialıyam. Sadəcə olaraq,
xaricdə yaşayan zaman bəzən planda olmayan xoşagəlməz hadisələrlə
də üzləşir insan. Uzağa getməyim, elə 4-5 gün əvvəl olan bir
hadisəni misal göstərim. Türkiyənin çox böyük və reytinqli bir
kanalından ssenarist olaraq, 90 dəqiqəlik bir televiziya serialı
təklifi aldım. Ard-arda hər gün iclas oldu, bütün komanda ilə
yığışdıq. Sinopsis və 2 bölüm üçün tretmanlar yazdım, bəyənildi.
Maddi məsələlərdə də şərtlərimi dedim, qəbul edildi, razılaşdıq. Və
təsəvvür edin, sözləşmə imzalamağa hazırlaşırıq, hamı bir-birinə
"xeyirli olsun" deyir. Birdən mənə dedilər ki, serialda bir erməni
qadın obrazı olmalıdır və finala kimi bu qadın müsbət qəhrəman
olaraq qalmalıdır. Masa üstündə müqavilə, əlimdə qələm, qətiyyətlə
deyirəm ki, bu, mümkün deyil, mən belə bir obraz yazmayacağam.
Ortaya sükut çökdü, hamı şokda mənə baxırdı. Qələmin qapağını
keçirib qoydum masanın üstünə. Dedim, Azərbaycanla Ermənistanın
düşmənçilik münasibətini az-çox bilən biri olaraq, məndən bunu
istəyə bilməzsiniz. Mən ölkəmi, millətimi hər şeydən çox sevən,
Azərbaycanı Türkiyədə təmsil edən bir yaradıcı insan olaraq,
tərcümeyi-halıma ləkə salmaq istəmirəm. Bəlkə siz bunu
qeyri-peşəkarlıq və ya millətçilik adlandıra bilərsiniz. Amma əmin
olun ki, mən bu serialı yazmayıb evimdə ac otursam, özümü daha
xoşbəxt və vicdanlı hiss edəcəyəm. Və eyni situasiya yenə yaransa,
mən yenə imtina edərəm. Vətənimi və adımı nə böyük pullara, nə də
reytinqlərə sataram. Sözümün canı odur ki, hər nə qədər qardaş ölkə
olsaq da, xarici vətəndaş olduğumuz üçün heç də hər zaman hər şey
planlaşdırdığımız kimi olmur.
- Yeri gəlmişkən, özün öz ayağınla getmişkən, türk
vətəndaşı ilə ailə qurmaq barədə düşünmüsən heç?
- Sözün düzü, Türkiyəyə gələndən başım işə-gücə o qədər qarışıb
ki, nəinki türk vətəndaşı, ümumiyyətlə, ailə qurmaq barədə
düşünmürəm. Hətta inanın, Azərbaycanda olanda daha çox düşünürdüm
evlilik haqqında. Əlbəttə ki, gələcək övladlarımın atasının öncə
insan, sonra müsəlman, daha sonra da Azərbaycanlı olmağını
istəyərəm.