Axar.az Milli Azərbaycan Legionunun komandanı
Əbdürrəhman Fətəlibəyli Düdənginskinin bəstəkar Üzeyir Hacıbəyli
haqqında yazısını Teleqraf.com-a istinadən təqdim edir:
***
Azərbaycan xalqının böyük oğlu
23 noyabr 1948-ci ildə Azərbaycanın böyük bəstəkarı Üzeyir bəy
Hacıbəyli vəfat etdi. Təkcə Azərbaycanda deyil, bütün müsəlman
dünyası üçün opera sənətini yaradan Üzeyir Hacıbəyli Azərbaycan
Milli İstiqlal Hərəkatını yönəldənlər arasında idi. Azərbaycan
qurtuluş hərəkatında Üzeyir bəy mühüm yer tutub.
Həm müəllimliyi, həm də qələmi ilə milli oyanışa böyük xidmət edən
Üzeyir Hacıbəyli 1885-ci ildə Azərbaycanın Şuşa şəhərində doğulub.
İlk təhsilini Şuşada aldıqdan sonra Qori müəllimlər seminariyasında
oxuyub və 1904-də buradan məzun olub. Tükənməz zəhmətsevərliyi,
sarsılmaz iradəsi, geniş dünyagörüşü və cəsarətli fikirləri ilə
tanınmış Üzeyir bəy əsl şöhrətini musiqi sahəsində qazanıb və bütün
türk-müsəlman tarixində şərəfli bir yer tutub.
Onun klassik sənətində yönəldici amil Vətən sevgisi olub. Bütün
yaradıcı həyatını millətimizə həsr edən Üzeyir bəy millətimizin
böyük və tükənməz qüdrətini və tarixi fəal rolunu öz musiqisində
göstərib.
Azərbaycan xalq mahnılarını öyrənmək üçün böyük qeyrət sərf edən
bəstəkarımız, qardaşı dəyərli bəstəkar Zülfüqar Hacıbəyli ilə
birlikdə 300-ə qədər xalq mahnısı toplayıb.
Musiqi sənəti ilə paralel olaraq ictimai-siyasi fəaliyyətinə də
davam edən Üzeyir Hacıbəyli, Versal Sülh Konfransı heyətinin
üzvlüyünə təyin olunmuş qardaşı Ceyhun bəyin yerinə keçərək 1919-da
müstəqil Azərbaycanın rəsmi qəzeti "Azərbaycan"ın redaktoru olub.
Daima klassik opera üzərində çalışan və musiqi-dramatik sənətində
yeniliklər axtaran bəstəkar 1908-dən, ta 1920-yə, yəni Azərbaycanın
cəbrlə sovetləşdirilməsinə qədər, 10-a yaxın musiqi əsəri yazıb.
Azərbaycanın ilk operası "Leyli və Məcnun" 1908-də Bakıda səhnəyə
qoyulub. Bu ilk operanı bəstəkar kiçik qardaşı Ceyhun Hacıbəyli ilə
birlikdə yazıb. Lakin bu həqiqəti bolşeviklər xalqımızdan
gizlədirlər.
Böyük müvəffəqiyyətlər qazanan bu opera ilə Azərbaycan opera
sənətinin və dolayısı ilə səhnəsinin təməli qurulub.
Bir az sonra bir-birinin arxası ilə "Şah Abbas", "Əsli və
Kərəm", "Şeyx Sənan", "Rüstəm və Söhrab" kimi operalar, "Ər və
arvad", "O olmasın bu olsun", "Arşın mal alan" kimi məşhur
operettalar yaradır.
Heyhat. Bu qaynar yaradıcı fəaliyyət birdən-birə kəsilir. Sovet
istilasından ta 1938-ci ilə qədər bəstəkarımız susmağa məcbur olur.
Sovet hökuməti öz "sosial ismarlamaları" ilə Üzeyir bəyi ağır
yaradıcılıq böhranına məruz qoyur və musiqi fəaliyyətini davam
etdirmək üçün bir açıq qapı da buraxmır. Şübhəsiz ki, sovetlərin
ismarlamaları və əmrləri ilə Hacıbəyli yarada bilməzdi.
Bu susqunluq illərində Üzeyir bəy bütün gücünü gənc musiqiçilər
yetişdirməyə sərf etdi, eyni zamanda Azərbaycan xalq musiqisini
nota köçürdü. Azərbaycan Musiqi Məktəbinin direktorluğunu,
Azərbaycan Dövlət Konservatoriyasının professorluğunu, sonra isə
rektorluğunu, Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyini
etdiyi bu illərdə Üzeyir bəy yüzlərlə musiqiçi yetişdirdi və müdhiş
bir xor heyəti yaratdı.
Üzeyir bəyin bu susqunluq dövründə Azərbaycan musiqisi və xüsusilə
opera sənəti olduqca gerilədi. Sovetlər dönəmin Maarif komissarı
Mustafa Quliyevin əli ilə Üzeyir bəyin əsərlərini "Quba meydanı"
kimi adlandıraraq səhnədən də çıxarmışdılar.
Azərbaycan sənətini çıxılmazlığa sürükləyən Sovetlər başqa
yollara da baş vurdular. Bir neçə bəstəkar dəvət etdilər. Bunların
arasından bəstəkar Qliyer sevimli bəstəkarımız Zülfüqar
Hacıbəylinin "Aşıq Qərib" operasını çox fikirləşmədən və utanmadan
"Şah Sənəm" operasına "çevirdi".
Rus və başqa Avropa operalarından istifadə etmək istədilər. Bu
səmərəsiz təcrübələrə çox vaxt və pul sərf etdikdən sonra sovetlər
18 il yaradıcılıqdan məhrum etdikləri Üzeyir Hacıbəyliyə həyasız
üzlərini çevirməyə məcbur oldular.
Xalqımızın dərin və incə sevgisinə layiq olan Hacıbəyli ailəsinə
Sovetlər əl uzada bilmədilər. Bu xalq sevgisini istismar niyyəti
ilə sovetlər Üzeyir və Zülfüqar Hacıbəyliləri "sovetləşdirməyə", bu
gün milli istiqlal hərəkatımızı idarə edən Ceyhun Hacıbəylini isə
xalqımıza tamamilə unutdurmağa qərar verdilər.
Bu "sovetləşdirmə" əməlini Kremlin öz köləsi Bağırovun əli ilə
etdilər. Nəhayət, 18 illik susqunluqdan sonra 1938-ci ildə Üzeyir
Hacıbəylinin "Koroğlu" operası meydana gəldi. Bu opera Azərbaycan
sənətini sovet dalanından geniş bir yola sövq etdi və bütün
türk-müsəlman musiqi sənətinə yeni bir istiqamət verdi. Bu operada
başlıca qəhrəman millətimiz idi.
Xalqın hisslərini sömürməkdə mahir olan Sovetlər xalqımızın
Hacıbəyli ailəsinə qarşı sevgisini və dərin şükran hisslərini
sömürmək məqsədilə Üzeyir və Zülfüqar Hacıbəyliləri verdikləri bir
çox ordenlərlə, vəzifə və ünvanlarla "sovetləşdirmişdir".
Böyük bəstəkarımızı "sovetləşdirdikdən" sonra onun həyatda
olmasına Kreml dözə bilməzdi. Ani, 25 noyabr 1948-ci ildə Moskva
radiosu bütün dünyaya bu xəbəri yayımladı: "Uzun sürən ağır
xəstəlik səbəbindən böyük bəstəkar Üzeyir Hacıbəyli vəfat
etmişdir".
Nə kimi xəstəlik? Necə olur ki, bu xəstəlik uzun davam edir?
Vəfatından bir an əvvəl Üzeyir bəy Moskvada bəstəkarların
toplantısında idi.
Eyni məchul şərait içərisində dəyərli bəstəkar Zülfüqar
Hacıbəyli də vəfat etdi. Bu barədə "Bakinski raboçi" qəzeti 1
oktyabr 1950-ci ildə eynilə bu cür yazırdı: "30 sentyabrda uzun
sürən ağır xəstəlikdən sonra Azərbaycanın qocaman bəstəkarı
Zülfüqar Hacıbəyli vəfat etmişdir...".
Sovetlərin amansız darlığında, hürriyyətsizlik üzündən böyük
bəstəkarımız yaradıcılığının ən səmərəli dövründə qardaşı ilə
birlikdə boğuldu.
Üzeyir bəyin əsərləri Sovetlər Birliyinə qatılmış bütün
cümhuriyyətlərdə, xüsusilə də, türk və Qafqaz ölkələrində dərin
təsir buraxmaqdadır. Rus dili ilə yanaşı bir çox Avropa dillərinə
tərcümə edilib.
Üzeyir bəyin vəfatından sonra sovetlər bayağı mənfəətləri üçün
onun adına muzey açmaq, anıt tikmək qərarı veriblər.
Sovetlər nə qədər çabalayır-çabalasın sənəti ilə ruhlara
məhəbbət və etimad təlqin edən, Şərq musiqisinin seyrini
dəyişdirmiş Azərbaycanın bu böyük fədakar və səmimi oğlunu,
yaradılış xariqüladəsi Üzeyir Hacıbəylini nə Azərbaycandan, nə də
türk-müsəlman tarixindən heç bir qüdrət ayıra bilməz.
P.S. Məqalə Münihdə Ceyhun Hacıbəylinin çap etdiyi
"Azərbaycan" dərgisinin 1952-ci il oktyabr-dekabr sayında çap
olunub.