"Düzdür, elə yazılar var, mən onları yazmaq istəməzdim.
Ancaq bu mövzularda yazan yoxdur deyə, məcbur oluram, təkrar
yazıram. Əslində, mən başqa yazıları yazmalıyam. Bu vaxta qədər
yazdıqlarım hamısı məşq idi. İndi-indi yazmağa başlayıram.
Sevinirəm ki, yaxşı gənclər çıxır ortaya. Artıq məsələ ciddiləşir.
Bundan sonra qara-qışqırıqla, tamadaçılıqla gündəmi zəbt etmək
olmayacaq. İnsanlar səviyyəli yazılar tələb edəcəklər. Erkin
Qədirli məsələsi də göstərdi ki, artıq cəmiyyətdə hər bir insan
dediyi sözün məsuliyyətini hiss etməlidir. O, kütləyə xoş gələn söz
desə də, beş-altı gənc çıxdı və ona etiraz etdi. Hansı ki, həmin
gənclərin yetişməsində Erkinin rolu böyük olmuşdu. Buna baxmayaraq,
onu bağışlamadılar. Başa saldılar ki, insan sözünün məsuliyyətini
dərk etməlidir, ağzına gələni deməməlidir".
- Seymur bəy, tez-tez
kitabınız çap olunur. Bir çoxları bunu pul qazanmaq üçün etdiyinizi
deyir...
- Mən axırıncı dəfə "Quqark" romanımdan pul götürmüşəm. O zaman
təxminən yeddi min manat gəlir əldə etmişdim. Ancaq bundan sonra
heç bir kitabımdan bir qəpik də qazanmamışam. Çünki bacardığım
qədər ucuz satdım ki, hər kəs alıb-oxuya bilsin. Həm də biz
"Alatoran" yayınlarından olan kitabların çoxunu rayonlara
göndəririk. Yəni son dörd kitabımdan heç bir gəlir
götürməmişəm.
Kitablara görə dostlarım kömək
ediblər. Hazırda dörd min beş yüzə yaxın borcum var. Həyatımın heç
bir dönəmində indiki qədər pula ehtiyac duymamışam. Beynimdə
süjetlər qaynayır, çoxlu süjetlər var. Bunları yazmaq üçün rayona
getmək, yaxşı qidalanmaq lazımdır. Gördüyünüz kimi, bu kitabları
pul xatirinə buraxmıram. Sadəcə, hekayə janrına keçmişəm və
məhsuldarlığım artıb. Çünki oxuduqlarım, həyatda qazandıqlarım,
təcrübə, müşahidələrim qıcqırmış vəziyyətdədir. Bu qıcqırma da mənə
hədsiz dərəcədə enerji verir. İstəyirəm ki, oturam ancaq və ancaq
yazam. Beynimdə olan bütün bədii informasiyaların hamısını kağıza
köçürmək istəyirəm. İstəmirəm ki, bir dənəsi də qalsın. Romandan
hekayəyə keçməyimin də səbəbi budur. Çünki hekayədə özümü daha
rahat hiss edirəm. Deməyə sözüm çoxdur.
- Publisistik yazılarınızda təkrara çox yer
verirsiniz.
- Artıq on ildir ki, bu iradı mənə tuturlar. Alman əsilli
amerika yazıçısı Kurt Vonnehuta deyiblər, sizin romanlarınız
bir-birinə oxşayır. O da cavabında deyib ki, mən o qədər də avara
adam deyiləm ki, hər dəfə təzə roman yazım. Bilirsiniz, mən eyni
mövzunu bir il ərzində on dəfə yaza bilərəm. Hər dəfəsində də
insanlar oxuyacaqlar. Baxır hansı anda, hansı hadisədən sonra həmin
yazını yazırsan. Bizim bir çox problemlərimizin kökündə savadsızlıq
durur. Ona görə də mən daim bunu vurğulayıram. İnsanları başa
salmağa çalışıram. Təkrarçılıqdan şikayət edirlər, ancaq yenə də
oxuyurlar. Bəlkə də, bunları əsəbiləşdirən də məhz budur. Görürlər
ki, mən təkrarçılıq edirəm, ancaq yenə də oxuyurlar. Əgər bir
insana əsəbiləşirlərsə deməli, onu oxuyurlar.
Düşmənçiliyin əsas səbəbi də məhz budur. Mənə nifrət edən
adamlar, yazılarımı it kimi oxuyurlar. Yazımda hərf səhvi tapmaq
üçün lupa ilə oxuyurlar. İkincisi mən sadə, banal görsənməkdən
qorxmuram. Bu da özünü dahi göstərməyə çalışan adamlarda qıcıq
doğurur. Deyirlər ki, mən burda Kafkadan yazıram, Seymur isə
şabalıd almaqdan yazır, daha çox oxunur.
Əslində, mən hər cür tənqidə açığam. Dostlarımla bir yerdə
oturanda biz bir-birimizə qarşı çox amansız oluruq. Heç kimin üzünə
demədiyi sözləri bir-birimizə deyirik. O mərhələdən keçən adam üçün
başqalarının tənqidi çox zəif görünür. Odur ki, istəyərəm tənqid
olunum. Ancaq görəndə ki, kimsə paxıllıq edir, qərəzlidir, onlardan
uzaq gəzməyə çalışıram.
Ölkədə üç dənə publisist varsa, onlardan biri Seymur Baycandır.
Yəni bu faktdır. Mən niyə bunu deməyə utanmalıyam. Özünə arxayın
olan adam heç vaxt paxıllıq etməz. Fikirləşirəm ki, nə qədər
rəqabət olsa, daha yaxşıdır. Çünki güclülər arasında güclü olmaq
insanı formada saxlayır. Təbii ki, özün haqqında bu cür danışmaq
doğru deyil. Ancaq haqqın olan şeyləri sənə başqaları demirsə və
əksinə, sənə müxtəlif böhtanlar atırsa, məcbur qalırsan özün öz
haqqında bunları deyəsən.
Mən çox eqoist və şöhrətpərəst adamam. Mübarizə aparmaqdan, dava
etməkdən ləzzət alan adamam. "Xeyir və şər" yazısını yazmışam.
Azərbaycanda o yazını yaza biləcək iki-üç adam var. Çıxsın da
ortaya onu yazacaq adamlar. Niyə çıxa bilmirlər?
Mən yaxşı yazıram, mən ədəbiyyatda anektodlarla qalmaq
istəmirəm. Bunun üçün də öz üzərimdə işləyirəm. Yaxşı yazdığımı
qəbul etmək istəməyənlər min cür fikirlər səsləndirirlər. Deyirlər,
Seymur Baycan provokatordur, o, gündəmdə qalmaq üçün bu cür yazır.
Ancaq məsələ ondadır ki, bu cür yazıb, gündəmdə qalmaq istəyən
minlərlə insan var. Heç birində də alınmır. Gedin saytlara baxın
görün, nələr yazırlar. Dayım qızı ilə yatdım, anama baxdım, atama
baxdım yazanlar yüzlərlədir. Ancaq savadları olmadığı, öz
üzərlərində çalışmadıqları üçün oxunmurlar. Mən günə bir kitab
oxuyuram.
Mənim bir dostum var idi, o həmişə deyirdi ki, Azərbaycan
xalqını təzədən birinci sinifə göndərmək lazımdır. İndi görürəm ki,
düz deyir. Çünki mən ən adi şeyləri yazıram. Deyirəm ki, teatra
gedin, kitab oxuyun, maşınınıza eşşək siqnalı qoymayın, övladınızla
şahmat oynayın. Bunları ən adi şüurlu məxluq bilməlidir. Ancaq
görünür ki, gərək bunları kimsə desin.
- Nazlı Pəncəliyevanın yazdığı "Azərbaycan erkəyi"
yazısına münasibətiniz necədir?
- Çox yaxşı yazıdır. Nəhayət, qadınlardan kimsə çıxıb yazdı.
Düzdür, yazıda bir az emosionallıq var idi, ancaq bu lazımlı yazı
idi. Mən "Tükəzbanlar" yazısını yazanda gözləyirdim kimsə çıxıb
deyəcək ki, bizi siz belə elədiniz. Ancaq əvəzində dedilər ki,
Seymurun anası ermənidir, bacısı filandır. Sonradan mən öz
məqsədimə nail oldum. Həmin yazılar neçə qıza təsir etdi. Onlar
geyimlərini, düşüncə tərzini dəyişdilər.
- Həyatımın ən xoşbəxt günü" kitabı nədən bəhs
edir?
- Kitabda müxtəlif mövzularda yazılan hekayələr yer alıb.
Yarısını rayonda, yarısını da Tiflisdə yazmışam. Əvvəllər kitab
buraxanda iki-üç ay özümə dinclik verirdim. Ancaq indi kitab çıxıb
heç reklamı ilə də məşğul deyiləm. Çünki özümdən arxayınam. Mənim
əsas oxucularım banklarda, özəl sektorda çalışan adamlardır. Məni
bəlkə də, ən az oxuyanlar elə ictimai sektorda olanlardır.
İndi uşaqlar üçün xatirələrimi yazıram. Fikirləşirəm ki, müasir
tariximiz uşaqlar üçün də yazılmalıdır. Buna görə də ölkədə baş
verənləri uşaqların dilində yazacağam. Uzun müddət uşaq kitabları
oxudum. Hazırda bir neçə hekayəm qalıb. Bundan sonra böyüklər üçün
yazmayacağam.
Hər şey mənim üçün adiləşib. Çox az adamla oturub dururam.
Ədəbiyyat adamları ilə heç görüşmürəm. Ancaq və ancaq yazmaq
istəyirəm. Həyatımda heç bir vaxt bu qədər xoşbəxt olmamışam.
İçkini də atmışam. Nadir hallarda, maraqlı insanlarla içirəm.
Bilirsən, ümumiyyətlə, mən həyatda yaşadığım qədər yaşamışam.
-Yazmaq üçün adətən, rayona gedirsiniz. Ola bilərmi ki,
bir müddət sonra tamamilə bura köçəsiniz?
-Mən həmişə rayondan zövq almışam. Orada qiymətlər münasibdi,
hava təmizdi. Əvvəllər rayona gedəndə, 15-20 gün sonra qayıtmaq
istəyirdim. Şəhvət mənə güc gəlirdi. Ancaq indi elə deyil, bu
məsələni özümdə həll etmişəm. Məni rayon dəhşətli dərəcədə çox
çəkir. Təbiəti indi-indi başa düşürəm. Ancaq mən Əkrəm Əylisli kimi
etmək istəmirəm. Bir deputat mandatına görə qayıtdı gəldi. Bəlli
oldu ki, tənhalıq-filan boş şeymiş.
- Bir zamanlar müxalifətin yanında idiniz. İndi isə
onları tənqid edirsiniz...
- Mənim mətbuata gəlişim müxalifətdən olub. Müsavat Partiyasının
üzvü olmuşam. O zamanlar hiss edirdim ki, məndə nəsə qeyri-adilik
var. Ancaq özümü heç bir şəkildə ifadə edə bilmirdim. 25 yaşıma
kimi əziyyət çəkmişəm. Tale elə gətirdi ki, jurnalistikaya gəldim.
İndi əgər o adamların fəaliyyəti və səviyyəsi, eləcə də,
dünyagörüşü məni qane etmirsə, mən niyə ömrümün sonuna kimi onlarla
oturub-durmalıyam. Bir halda ki, artıq üç ildir anamı, dörd ildir
bacımı görmürəm. Keçən dəfə anam zəng etmişdi ki, niyə gəlmirsən?
Dedim ki, işlərim var, məni narahat etmə. Çünki onlar çoxdur, mən
isə təkəm. Onlar onsuz da yaşayacaqlar. Bəs mənə kim yiyə duracaq?
Mənə bioloji ana lazım deyil. Mənə o ana lazımdır ki, oxuduqlarımı
bilsin, yazdıqlarımı oxusun.
- Niyə evlənmirsiniz?
- Azərbaycanda mənə layiq qadın yoxdur. Xaricdə də var ancaq mən
ora getmək istəmirəm. Onların da bura gəlməyi mümkün deyil. Balaca,
darıxdırıcı ölkədir. Mənə yaşamaq üçün qadın lazım deyil, mənə
ölmək üçün qadın lazımdır. İstəmirəm ki, əzab-əziyyətlə qazandığıma
kimsə gəlib şərik dursun. Onlar buna layiq deyillər.
- Bəs övladınızın olmasını necə,
istəmirsiniz?
- Bilirsən, mən valideynlik məsuliyyətini bilirəm.
Azərbaycanlıların böyütdüyü uşaqlardan yüzünü böyüdərəm. Çünki
bizdə valideyn məsuliyyətini dərk etmirlər. Bunun nəticəsində də
savadsız, kobud insanlar böyüyür. Bir müddət öncə oturub bir xeyli
fikirləşdim və qərara gəldim ki, şəxsi həyatım alınmadı, heç
olmasa, yazı məsələsində özümü realizə edim. Buna görə də çox
rahatam.
- Sizi yazılarınızın mövzusuna görə çox tənqid
edirlər...
- Düzdür, elə yazılar var, mən onları yazmaq istəməzdim. Ancaq
bu mövzularda yazan yoxdur deyə, məcbur oluram, təkrar yazıram.
Əslində, mən başqa yazıları yazmalıyam. Bu vaxta qədər
yazdıqlarımın hamısı məşq idi. İndi-indi yazmağa başlayıram.
Sevinirəm ki, yaxşı gənclər çıxır ortaya. Artıq məsələ ciddiləşir.
Bundan sonra qara-qışqırıqla, tamadaçılıqla gündəmi zəbt etmək
olmayacaq. İnsanlar səviyyəli yazılar tələb edəcəklər. Erkin
Qədirli məsələsi də göstərdi ki, artıq cəmiyyətdə hər bir insan
dediyi sözün məsuliyyətini hiss etməlidir. O, kütləyə xoş gələn söz
desə də, beş-altı gənc çıxdı və ona etiraz etdi. Hansı ki, həmin
gənclərin yetişməsində Erkinin rolu böyük olmuşdu. Buna baxmayaraq,
onu bağışlamadılar. Başa saldılar ki, insan sözünün məsuliyyətini
dərk etməlidir, ağzına gələni deməməlidir.
- Yusif Vəzirin "Studentlər" romanı ilə bağlı
keçirdiyiniz müsabiqənin gedişindən razısınızmı?
- Müsabiqəni baş tutmuş hesab etmək olar. Sevindirici hal odur
ki, daha çox qızlar iştirak etdi. Biz hər iki aydan bir bu cür
musabiqələr keçirəcəyik. Amma ümumilikdə narazıyam. Çünki uşaqlar
tənbəllik edirlər. Qalın bir romanı oxuyub, ondan yazı yazmaq
əziyyət tələb edir. Bizimkilər zəhmət çəkmək istəmir. Bu ümumilikdə
şərq xalqlarının problemidir.