Tanınmış yazar Etimad Başkeçidlə BSU-da görüşdük. Ondan müsahibə
götürmək, ədəbiyyatımızın bu günü, sabahı ilə bağlı aparmaq
istədiyimiz söhbətə aramsız telefon zəngləri mane olsa da, hər
halda müsahibə baş tutdu. Söhbətin ləngiməsinin yaratdığı
gərginliyi özünəməxsus zarafatları ilə aradan qaldırırdı. Bu ara
onun AYB-dən və ədəbiyyatımızın bu günündən heç də razı olmadığı
aydın görünürdü. Etimad bəy iradlarını bildirməkdə və bəzən də
fikrə dalıb siqaretin tüstüsündə özünü – üzünü "gizləməkdə" davam
edərək suallarımızı məmnuniyyətlə cavablandırdı.
Mən hər şeydən razı insanlardan xoşlanmıram
- Etimad bəy, deyəsən dünyadan yaman
narazısınız?
- Xoş gördük, vətən qızı. Siz dünyadan razı olan neçə adam
tanıyırsınız? O da ola yazı-pozu adamı? Çünki sən hər şeydən
razısansa, nə sənət əsəri yarada bilərsən? Sənətdə, ədəbiyyatda,
hər şeyin kökündə hansısa bir natamamlığı görmək, hansısa bütövlüyü
dəyərləndirmək dayanır. Narazılığın olması insanda tam təbiidir.
Mən hər şeydən razı insanlardan xoşlanmıram və hər şeydən razı
ədəbiyyatçı da təsəvvür etmirəm.
Tanrı onlardan hansının duasını eşidir?
- Yəni ətrafınızda elə yazar var ki, hər
şeydən razıdır? Məsələn, kimləri nəzərdə
tutursunuz?
- Bilirsiz necədi? Bizdə insanlar özünü yer üzünün əşrəfi sayır…
Bibliyada iki adam haqqında danışan bir rəvayət var. Bunlardan biri
mömin din xadimi, o birisi isə vergiyığan imiş. Vergiyığanlar da,
bilirsiniz, bütün zamanlarda söyüş-qarğış yiyəsidirlər. Mömin
gündüz-gecə Tanrıya şükürlər oxuyurmuş ki, nə yaxşı məni belə
qənirsiz yaratmısan, yalvarırmış ki, məni bundan sonra yolumdan
sapmağa qoyma. Vergiyığan isə yalnız onu dua eləyirmiş ki, Tanrı
onun günahlarından keçsin. Sizcə, Tanrı onlardan hansının duasını
eşidir? Vergiyığanın. Çünki gör adam özündən nə qədər razı
olmalıdır ki, heç bir günahının olmadığını düşünsün və həmin mömin
kimi dualar etsin. İndi insanın özünü yer üzünün əşrəfi sayması nə
qədər düzgündür? Bu qədər biabırçı, özünə belə tərif verən, özünü
yer üzünün əşrəfi adlandırmaq... Sən haradan yer üzünün əşrəfi
sayılırsan ki, onu dilinə gətirirsən. Bu nağıldır, insan yer üzünün
əşrəfi olmayıb, heç zaman da olmayacaq. Ədəbiyyatçının özündən razı
olması o deməkdir ki, o, artıq ölüdür. Necə ki, antik mifologiyada
Narsis adlı gənc özü-özünə vurulur, elə bu sevgidən də ölür.
Doqquzuncu qızdan sonra o artıq hər şeyə
tüpürüb
- Doğurdan hesab edirdiniz ki, Konfutsinin
doğuluşu həyatın ironiasıdır?
- Konfutsinin doğuluşunda həyatın ironiyası yox, inkişafın
qanunauyğunluğu var. Konfutsinin atası çox zəngin bir adam olub,
kübar cəmiyyətə aid bir adam. Bu kişi şöhrətli bir savaşçı imiş,
hamı ona hörmət edir, yolunu gözləyirmiş. Ancaq o dövrlər Çin
cəmiyyətindəki təsəvvürlərə görə o, az qala bədbəxt adam
sayılırmış, belə ki, onun çoxsaylı övladlarının hamısı qız uşağı
imiş.
Doqquzuncu qızdan sonra artıq hər şeyə tüpürüb, öz kənizinə
evlənir. Onun kənizdən bir oğlu olur, lakin bədbəxtçilikdən bu uşaq
çox xəstə və şikəst doğulur. 66 yaşlı döyüşçü yenidən evlənmək
qərarına gəlir və bu dəfə 20 yaşlı bir qıza evlənir. Deyə
bilərsiniz, nə olsun? O olsun ki, həmin dövrun qayda-qanunlarına və
mütləq mənada gözlənilməli olan rituallara görə, son nikah ikiqat
barbarlıq sayılırdı, çünki əvvəla, ər-arvadın yaş fərqi 10 ili
keçməməli idi, ikincisi isə, 64 yaşdan sonra evlənmək böyük
ədəbsizlik hesab olunurdu. Beləcə, Konfutsi bütün həyatını qoyduğu
ritual normaların, adət-ənənənin böyük pozuntusu nəticəsində bu
dünyaya gəlmiş olur. Yəni əgər dədəsi Konfutsinin sözüylə
oturub-durmuş olsaydı, o zaman dünyada Konfutsi adında adam
olmayacaqdı. Bu taleyin ironiyası deyilsə, nədir? Bu həm də onu
göstərir ki, adət-ənənəni, mentaliteti filanı fetişləşdirmək lazım
deyil.
İroniya kimi qələmə verə biləcəyim şeylər gəlməyib
başıma
- Heç özünüzlə bağlı düşünüb, tapmağa
çalışmışınız ki, həyatın sizinlə bağlı ironiyası olub, ya
yox?
- Yəqin həyatda hansısa mistik şeylər baş verir. Biz də mistik
adlandırdığımız şeylərin təbiətini düzgün anlaya bilmədiyimizdən
onu ironiya adlandırırıq. Mənim ironiya kimi qələmə verə biləcəyim
şeylər gəlməyib başıma.
Anarı sənətkar kimi həmişə dəyərləndirmişəm
-AYB-nin üzvüsünüz. Amma deyəsən heç razı
deyilsiniz AYB-dən? Bu qurum özünü lazımınca qoruya bilirmi
sizcə?
- Bu, çox aydın görünür ki, AYB özünü qoruya bilmədi. Xüsusən də
müstəqillik qazandığımız tarixdən bu yana. AYB-nin ən böyük
çatışmazlığı odur ki, iki minə yaxın üzvü var, hamısı da özünü
böyük sənətkar sayır. AYB zövqlü ədəbiyyatın mövqelərini kütləvi
ədəbiyyatın ayağına verdi. AYB nəyin bahasına olursa, olsun elitar
və zövqlü ədəbiyyatın mövqelərini sarsıtmamalı idi. Kimi gəldi
AYB-yə üzv qəbul etməməli idi, jurnallarında çap etməməli idi. Neçə
illərdir ki, mən AYB-nin jurnallarında çap olunmuram, heç oxumuram
da. İnanıram ki, bundan sonra Qulu Ağsəs "Ulduz" jurnalını, Elçin
Huseynbəyli də "Ədəbiyyat qəzeti"ni yeniləyib, düzəldəcək. Anarı
isə sənətkar kimi həmişə dəyərləndirmişəm, amma konkret AYB-də bu
səhvlərə yol verilməli deyildi.
Həvəslə çap olunaram
- Qulu bəylə Elçin bəy qəzet və jurnalın
vəziyyətini düzəldəndən sonra çap olunmaq fikriniz
var?
- Niyə çap olunmuram? Baxın, bu gün mən çap olunmaq istəyəndə
"Kulis"ə müraciət edirəm. Ona görə yox ki, burada dostlarım
çalışır, ona görə ki, "Kulis.az"ın sanbalı, çəkisi var, ədəbi
prosesin nəbzini tutur və s. "Ədəbiyyat qəzeti" və "Ulduz" jurnalı
ədəbi cameənin mənəvi tələbatını ödəyən orqanlara çevrilsələr,
həvəslə çap olunaram.
Hamısı özünü böyük sənətkar hesab edir.
- Bayaq AYB-nin iki min üzvündən
danışdınız. Doğurdanmı hesab edirsiniz ki, AYB-də iki min
cümlə qura bilməyən adam var?
- Cümləni aşağı-yuxarı hər kəs qurur. Ancaq baxır ki, cümləni
necə qurursan. Orada biz dediyimiz cümləni qura bilən adam yüz
əlli, iki yüz nəfərdir. Bütün yerdə qalanlar gəmiyə artıq yük olan
ballast kimidir. Necə ki, fırtına olanda ballastı atırlar gəmi
batmasın deyə. Biz də Qurultayı gözləyirik, yəqin ki, bu ballastı
atacaqlar. Mən AYB-nin Azərbaycan ədəbiyyatı və mədəniyyəti
qarşısında ən böyük xidmətini bunda görərəm ki, ballastdan xilas
olunsun. İki yüz adam saxlasın sıralarında, daha iki min adam
saxlayıb yola verməsinlər. Hamısı da özünü böyük sənətkar hesab
edir.
Hər əli qələm tutan AYB-yə üzv olmalı deyil
- Anarı böyük sənətkar adlandırdınız, ancaq
AYB-yə görə narazılıq etdiniz…
- Sözsüz ki, Anar AYB-yə üzv qəbul edəndə ciddi nəzarət etməli
idi. Hər əli qələm tutan AYB-yə üzv olmalı deyil ki. Ancaq Anarı da
qınamalı deyil, baxırsan, birisi bütün lazımi prosedurları keçib,
kitabı çıxıb, bir neçə adamdan zəmanət alıb və sairə. Anar nə desin
qəbul etməsin onu? Məncə, Qurultayda AYB-yə yeni qəbul mexanizmi
işlənib hazırlanmalıdır.
Su bir yerdə qaldıqca iylənir
- Düşünürsünüz ki, Anar getsə hər şey dəyişib
düzələcək?
- Bir adamın gedib-getməməsi heç nəyi dəyişmir. AYB sistemində
kökdən dəyişiklik olmalıdır. Məncə, Anarın özü də qalmaq istəməz
AYB-də. Çünki bir adam nə qədər bir yerdə qala bilər. Su belə bir
yerdə qaldıqca iylənir.
AYB-də məni yağı gözündə görən adamlar var
- Bəs Qurultaya necə,
seçilmisiniz?
- Yox, hələ bu haqda heç nə deyilməyib. Görək də, nə olacaq,
vətən qızı. AYB-də məni yağı gözündə görən adamlar var. Nədi, nədi,
Yazıçılar Birliyinin keçirdiyi müsabiqədə birinci yerin
mükafatından imtina etmişəm. Bu necə birinci yerdir ki, onu iki
adam birdən qazanır? Bu məsələdə tamamilə düzgün qərar vermişdim.
Bunu vaxt keçdikcə onlar da anlayacaqlar. "Yusif Səmədoğlu"
mükafatı idi. Halbuki indi mən "Yusif Səmədoğlu" mükafatının
laureatı olardım. (gülümsünərək başını yelləyir, fikrə gedir,
siqaret yandırır, üzünü pəncərəyə tutur.)
18-20 yaşı var, dayanmadan beş-altı roman
yazır
- Roman arası intervalı necə
görürsünüz?
- Bizdə baxırsan ki, adamın 18-20 yaşı var, dayanmadan beş-altı
roman yazır. Axı dünyada belə şey yoxdur, ağzının sarısı getməmiş
adam roman yazsın və bığı-saqqalı ağarmış insanlar da oturub
bəh-bəhlə onun romanını oxusun. Sonra da şikayətlənirlər ki,
romanımızı oxuyan yoxdur. Leonardo Da Vinçi "Mona Liza"nı çəkəndə
təkcə onun gözlərini çəkməyə on iki il vaxt sərf etmişdi.
Bizimkilər deyir, elə bu gün roman yazdım, sabah mükafat alım,
sonra da tanınım, oxunum.
- Sizcə, elə belə də olmalıdır ədəbi mühit,
dedi-qodulu, bir az aşağı səviyyəli, dartışmalar? Niyə bizdə
dartışmalar daha çox əsərlər üzərində deyil, şəxsiyyətlər üzərində
aparılır?
- Şərqdə, təəsüf ki, hər şey şəxsiyyətlərin üzərində qurulur.
Normalda insanlar fikrin, ideyanın ətrafında birləşməlidirlər.
Bizdə isə ədəbi cərəyanları da siyasi partiya kimi təsis edirlər.
17-ci əsrdə bir Fransız alim demişdi ki, üslub insan deməkdir.
Ondan beş yüz ilə qabaq Mövlana deyir ki, fikir insandır. Biz fikrə
insan kimi yanaşmırıq, baxırıq görək bu fikri söyləyən kimdir. Əgər
çox sanballı, hörmətli bir adamdırsa, onun fikrinə qulaq asırıq.
Ortada fırlanan bir adamdır, çox gözəl fikir deyə bilər, ancaq onun
fikrinə qulaq asmırıq. Çünki fikrə insan kimi yanaşmaq mədəniyyəti
yoxdur.
Kamal Abdullanın əsərləri çap olunur da, oxunur
da
- Nəsrimizə bir az diqqət edək. Nəsrimizin indiki
durumu sizi qane edirmi? Necə bilirsiniz, Azərbaycanda
yazılan romanlar təbliğ olunarsa, Avropada oxunacağına
ümid etmək olar?
- Bizi ümumiyyətlə oxumurlar fikri də yanlışdır. Məsələn, Kamal
Abdullanın əsərləri çap olunur da, oxunur da. Amma bir-iki imzayla
iş aşmır. Baxın, adama elə gələ bilər ki, son dərəcə zəngin
ədəbiyyatları olan almanların və rusların heç bir təbliğata-filana
ehtiyacı ola bilməz. Çünki onları, onsuz da, bütün dünyada
oxuyurlar. Amma almanlar məşhur "Höte fondu", ruslar "Proxorov
fondu", "Yeltsin fondu" yaradırlar, Rusiyanın Baş naziri
səviyyəsində qrantlar və subsidiyalar ayrılır, məqsədləri də öz
ədəbiyyatlarını başqa dillərə tərcümə etmək, xalqların arasında
yaymaq, sferasını genişləndirməkdir. Başqa ölkələr bu işi dövlət
səviyyəsində dəstəkləyirlər, müvafiq strukturlar yaradırlar, dövlət
büdcəsindən müəyyən qədər pul-para ayırırlar. Bizdə isə qədim
romalılar demiş, suda boğulanın nicatı suda boğulanın öz
əlindədir.
- Ümumiyyətlə, ədəbiyyatımızın dünyaya çıxa
bilməməsinin səbəbi nədir? Təbliğ olunmamaq, yoxsa
istedadsızlıq?
- İstedadsız xalq yoxdur yer üzündə. Azərbaycan ədəbiyyatının
xaricdə oxunmamasının obyektiv və subyektiv tərəfləri var. Obyektiv
tərəfi odur ki, Azərbaycan şərq və islam ölkəsi olduğu üçün bir az
ön yarğı ilə yanaşırlar, kiçik ölkəyik və s... Subyektiv tərəfi
isə, biz öz içərimizə qapılıb qalmışıq, biz ədəbiyyatımızın təbliği
ilə normal qaydada aparılan yeni texnologiyalardan istifadə edərək
məşğul olmuruq.
- Yeni texnologiyalar deyəndə nəyi nəzərdə
tutursunuz?
- Əslində, buna yeni demək də düzgün deyil. Əvvəlcə şüurlarda
"Azərbaycan mədəniyyəti və ədəbiyyatı fenomeni" anlayışı
yaradılmalıdır. Necə ki, bunu başqa xalqlar eləyiblər.
Əksəriyyətinin də ədəbiyyatı bizimkindən heç də güclü deyil. Bundan
sonra fikri ayrı-ayrı imzaların üzərində cəmləmək olar.
- Söhbətlərinizə diqqətlə qulaq asdım və
belə bir qənaətə gəldim ki, ədəbiyyatımızın hazırki durumu ilə razı
deyilsiniz?
- Mən ictimai şüurda ədəbiyyatın əhəmiyyətinin lazımınca dərk
olunmamasından narazıyam. Yəqin, gün gələcək, dövlətin ən üst
səviyyələrində bu məsələ ilə bağlı lazımi qərarlar veriləcək. Başqa
dövlətlərdə olduğu kimi.