Hələ uşaqlıqdan Nəzakət Teymurovanın fanatı olmuşam.
Mahnılarını sevə-sevə dinləmişəm, efirdən heyranlıqla izləmişəm.
Etiraf edim ki, o vaxtlar musiqini, əsasən də muğamı anlamırdım.
Sadəcə, ifaçı xanımın gözəlliyi məni valeh edirdi. Elə bu hisslərlə
də xanım xanəndəmizin görüşünə getdim…
Gənclərimiz sənətə maddiyyat kimi baxırlar
- Nəzakət xanım, gəncliyiniz müharibə dövrünə təsadüf
edib. Bir yanda müharibə, bir yanda da ailə qadağası. Bu sərhədləri
necə keçdiniz?
- O dövrlər sənətə gəlmək çox çətin idi. Mənim də çətinliklərim
oldu. Valideynlərim xanəndə olmağımı istəmirdilər. Səkkizinci sinfi
bitirdikdən sonra Bakıya gəldim. Meylim xanəndəliyə olsa da,
sənədlərimi Energetika Kollecinə verdim. Bununla yanaşı, boş da
dayanmırdım. Özfəaliyyət dərnəklərinə qatıldım, bir neçə dəfə
musiqi yarışmalarında, festivallarda birinci yeri tutdum. Təkcə
bacım mənə dəstək olurdu. Qardaşım hətta məni Ukraynaya belə apardı
ki, bu sənətdən uzaq olam. İndi valideynlər uşaqlarına çox dayaq
olurlar. Onlar daha çox istəyirlər ki, övladları sənətə gəlsin. Elə
valideynlər gəlirlər ki, uşaqlarının səsi olmur. Amma baxırsan ki,
övladının xanənədə olması üçün hər şey edir. Zəmanədəndir, ya
nədəndir - bilımirəm, elə bil, indiki gənclər hər şeyi birdən əldə
etməyə can atırlar. Bilirsiz, insan asanlıqla nəyisə əldə edirsə,
onun qədrini də bilmir. Uğur qazanmaq üçün əziyyət çəkmək lazımdır.
Mən bu səviyyəyə pillə-pillə gəlmişəm. Biz təhsil alanda muğamı
incəliklərinə kimi öyrənməyə çalışırdıq. Bir qəzəli və ya boğazı
öyrənmək üçün sinif-sinif gəzərdik. Öyrənmək üçün Alim Qasımovun,
Arif Babayevin, Ağaxan müəllimin dərslərinə gedirdik. İndi gənclər
məsuliyyətsizdirlər. Bu gün bir parça muğam öyrədirsən, sabaha
hazırlıqsız gəlirlər. Biz öyrəndiklərimizi beynimizə köçürürdük,
indi tələbələr telefona köçürürlər. Bir aydan sonra da
unudurlar.
- Sizcə, sənətə bu laqeydliyin səbəbi
nədir?
- Gənclərimiz sənətə maddiyyat kimi baxırlar, ona gör. Muğam isə
sevgi istəyir, fədakarlıq tələb edir. Elə gənclər var ki, Asəf
Zeynallı adına Kolleci də, Konservatoriyanı da bitirir, amma
baxırsan ki, yeddi muğamın heç də hamısını bilmir. Onların bir
məqsədi olur ki, gündəmdə olsunlar, tanınsınlar, toyları çox
olsun.
Məcburiyyətdən fonoqrama ilə oxuyuruq
- Muğamın təbliği üçün efir imkanları
necədir?
- Hesab etmirəm ki, geniş imkanlar var. İndi xanəndələrimiz üçün
lazımlı şərait yaradılmır. Məsələn, efirdə ifa üçün beş dəqiqə vaxt
verirlər. Bu qədər qısa vaxta hansı muğamı ifa etmək olar ki! Biz
də məcbur olub fonoqramla oxuyuruq. Televiziyaların da efir
məhdudiyyətinin səbəbini anlayıram, çeviklik, dinamika istəyirlər,
tamaşaçını yormamağa çalışırlar. Ancaq muğamı bu məhdudiyyətlərə
sığdırmaq olmur axı.
- Siz həm də Opera və Balet Teatrının solistisiz. Orada
işləyib, uğur qazanmaq üçün tək gözəl səs kifayət
deyil...
- Mən Asəf Zeynallını bitirəndə təyinatımı Opera və Balet
Teatrına verdilər. İlk dəfə müsabiqə yolu ilə qəbul olundum. "Kimsə
oynayır, mən də oynamalıyam" fikri ilə getmişdim. Gedəndən sonra
orada işləməyin çətinliyini anladım. Mənim orda ilk ifa etdiyim
obraz Leyli oldu. Bu rol çox şərəfli olduğu kimi, həm də çətindir.
İlk dəfə səhnədə tamaşaçı qarşısında Leylini oynaya qədər mən yeddi
ay məşq etdim. Böyük bir truppa mənim üzərimdə çalışırdı. Rejissor
hər zaman deyərdi ki, siz hələ gəncsiniz, tamaşaçı sizi qəbul edir,
amma siz bu obrazın dəyərini, mənasını illər sonra anlayacaqsınız.
Doğurdan da, illər sonra insan anlayır ki, Füzuli bu misralarla nə
demək istəyirdi, Üzeyir Hacıbəyov nələri hiss edərək "Leyli və
Məcnun" operasını bəstələyib. Buna görə də mən hec vaxt Leyli
obrazına laqeyd olmamışam. Mən hansı obrazı ifa edirəmsə, fərqi
yoxdur, Leyli ya Şahsənəm, çalışıram ki, obrazın daxili aləmini
tamaşaçılar üçün açım. Obraz onlar üçün qaranlıq olmasın.
Mən Nəzakət Teymurovayam
- Özünüzü kimə bənzədər ya kiminlə müqayisə
edərdiniz?
- Mən ümumiyyətlə kimisə yamsılamağı sevmirəm. Heç zaman da bunu
etməmişəm. Həmişə qarşıma məqsəd qoymuşam ki, heç kimə
bənzəməyəcəm, Nəzakət Teymurova olacam.
- Elə estrada müğənniləri var ki, Leylini oynayır. Sizcə
alınır onlarda?
- Estrada ifaçısı Lalə Məmmədova da Leylini canlandırdı. Mən
onun ifasında "Leyli və Məcnun"u izləməmişəm. Düşünürəm ki, özünü
sınayırdı. Sınadı və getdi. Mən çox istəyərdim ki, Leylini layiqli
insanlar, illərini bu sənətə verən insanlar olsun. Potensialını
göstərmək üçün onlara şans verilsin. Biz oranı tutub durmamışıq.
Mən özümü yavaş-yavaş kənara çəkirəm ki, digərlərinə yol açılsın.
Düşünürəm ki, mən Leyli kimi sözümü səhnədə demişəm.
Sənəti zəif olanlar yüksək adlara iddialı
olurlar
- Operada oynadığınız hansı obrazı özünüzə daha yaxın
hiss etmisiz?
- Mən çox həzin insanam. Kiməsə qarşı kobudluq etməyi, aqressiv
olmağı heç sevmirəm. Haqsızlığa demək olar ki, təhəmmülüm yoxdur.
Bunun üçün də öz daxili aləmimə uyğun Leylini hiss edirəm. Bu
obrazda öz xüsusiyyətlərimi görürəm. Mənim üçün Leyli obrazı digər
obrazlar üçün yol açdı. Bu roldan sonra mən Gülbaharı, Şahsənəmi
daha asan, rahat ifa etdim.
- Elə anlar olub ki, əziyyətinizin hədər getdiyini
düşünmüsüz?
- Yox, olmayıb. Hər zaman çəkdiyim əziyyətin qarşılığın
görmüşəm. Allah özü hər zaman mənim yolumu açıb, həmişə məni
qoruyub. İyirmi yeddi yaşımda "Əməkdar artist" adını almışam, otuz
dörd yaşımda isə "Xalq artisti". İndi Prezident təqaüdçüsüyəm, bir
çox mükafatlara layiq görüldüm. Dünən də dossentlik aldım. Bizim
sənət belədir: əvvəl sən sənətə qulluq edirsən, sonra da sənət sənə
qulluq edir. Bəzi sənətdə olanlarımız var, deyirlər ki, filankəsə
"Xalq artisti" adı verildi, bizə verilmədi. Sənəti zəif olanlar hər
zaman yüksək adlara iddialı olurlar. Öncə sənəti inkişaf etdirmək
lazımdır. Bu insanlar kimdir ki! Onlar mənim üçün əhəmiyyətsiz
insanlardır. Yox kimi bir şeydirlər.
- Dediniz çox romantik insansınız…
- Hə, eləyəm. Mən siçan ili, xərçəng bürcündənəm. Bu bürcdən
olanlar çox hissiyyatlıdırlar. Ruha toxunan bir filmə və ya bir
səhnəyə tamaşa edəndə, ağlayıram. Hətta qızımla yoldaşım mənim
adımı "gözüsulu" qoyublar. Amma yoldaşım mənim kimi deyil. O, daha
realist insandır. Əslində, öz xasiyyətimi sevmirəm, bəzən qarşıma
sənəti mənim sənətimdən zəif insanlar çıxır, amma onlar o qədər
ədabaz olurlar ki, həmin an mən öz sadəliyimi, xasiyyətimi
sevmirəm. Amma yenə də Allahıma şükr edirəm, o məni belə məsləhət
bilib, belə də yaradıb. Alnımı hər gün möhürə qoyanda Allaha
yalvarıram ki, ya Rəbbim, məni heç bir bəndəyə möhtac etmə. Sən
özün mənim yolumu hamar et, qapılarımı aç.
Daimi xoşbəxtlik olmur
- Sevərək ailə qurmusuz?
- Bəli, mən yoldaşımla Asəf Zeynallı Kollecində tanış olmuşam.
Bir birimizi sevdikdən, tanıdıqdan sonra ailə qurduq.
- Xoşbəxtsiniz?
- Xoşbəxtlik ani bir duyğudur. Daimi xoşbəxtlik olmur. Hər
ailədə olduğu kimi, bizdə də problemlər, çətinliklər olur. Biz
ikimiz də qısqanc insanıq. Mən səyahətlərə çox gedirəm. Bu zaman
həyat yoldaşımın qısqanclığı ilə qarşılaşıram.