"Yeni Müsavat" qəzetinin köşə yazarı Xalid Kazımlının
yeni hekayələr kitabı çap olunub.
"Axar.az" xəbər verir ki, "Mexico ochenta u
seis" adlanan kitabda müəllifin həm Xalid Kazımlı, həm də "Samir
Sarı" imzası ilə yazdığı hekayələr toplanıb.
Saytımıza açıqlama verən yazar belə deyib: "Bu mənim ikinci
kitabımdır. Bundan əvvəl "X günü" adlı bir roman-anektod yazmışam,
kitab halında çap olunub və deyilənə görə, uğur qazanıb. Hər halda,
hələ də zəng edib, sifariş göndərib istəyənlər var".
"Qanun" nəşriyyatı tərəfindən buraxılan kitab haqda yazar
bunları da əlavə edib: "Əslində, bu iki kitabdır. Yumoristik
hekayələr ayrıca (Samir Sarı), həyati və duyğusal hekayələr isə
(Xalid Kazımlı) ayrıca verilib. Düşünürəm ki, bu cür daha maraqlı
olacaq. Nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu iki ayrı kitabın
buraxılmasını daha doğru hesab edirdi. Ancaq dedim ki, qoy
oxuculara maddi baxımdan yük olmasın".
Kitabın adına gəlincə, müəllif deyir ki, bu onun hekayələrindən
birinin adıdır. Hekayədə söhbət "Mexiko-86" mundialında başlayan
bir hadisədən, iki universitet qurtararaq əvvəlcə ispan, sonra rus
dili müəllimi olan, axırda isə kərpickəsən qocaya çevrilən bir
şəxsdən gedir.
Həmkarımıza uğurlar diləyirik.