Məşhurlarla bir gün
Azərbaycan Respublikasının əməkdar artisti, 46 yaşlı Mehriban
Xanlarovanı elə səhər saatlarında gözəllik salonlarından birində
yaxaladıq. Canlı yayıma hazırlaşan aktrisa saçını və makiyajını
şəxsi vizajistinə düzəltdirirdi. Aktrisayla söhbətimizə, nəyə görə
serialın vizajistlərinə deyil, şəxsi ustalarına düzəltdirdiyini
öyrənməklə başladıq.
Seriallardakı vizajistlər səriştəsizdir
- Təəssüf ki, bizim seriallardakı vizajist və saç ustaları
səriştəsizdirlər. Mən güvənib, onların qarşısında otura bilmirəm.
Çünki onlar mənim nə istədiyimi anlamırlar. Mən yalnız öz vizajist
və saç ustama güvənə bilirəm.
- Görünüş aktrisanın fəaliyyətində nə qədər rol oynaya
bilir?
- Məncə, aktrisalıqda əsas obrazdır. Təbii ki, görünüş lazımdır,
amma elə də önəmi yoxdur. Sadəcə, iddialı olmaq, səliqəli görünmək
lazımdır. İstər çirkin ol, ya da gözəl - əsas odur ki, obrazı
canlandırmağı bacarasan. Çünki biz daha çox sənət axtarırıq.
Tamaşaçını görünüşüm yox, obrazım cəlb etməlidir.
Rejissorlar özlərinə bağ, arvadlarına ev alır, serialı
unudurlar…
- Bəlkə məni kinoya, seriala çəkməyəcəklər. Onda nə ilə
dolanmalıyam? Rejissorlar özlərinə bağ, arvadlarına maşın alır,
serialı unudurlar. Rejissorlar aktrisalara bacardıqca az pul
verməyə çalışırlar. Mən prezidentin mükafatını almasam, acından
ölənin biri olaram.
- Milyonlar qazanan aktrisalar da var, kirayədə yaşayan
da. Bu, nə dərəcədə ədalətlidir?
- Əlbəttə, aktirasanın kirayə qalması yaxşı deyil. Təəssüf olsun
ki, Azərbaycanda sənətçilərə düzgün qiymət vermirlər. Bizim üçün 5
milyon manat pul ayrılsa da, bunlardan yararlana bilmirik.
Acınacaqlı vəziyyətdə yaşayıram
Kim inciyir incisin. Heç kəsi aldatmayacam, şəxsən mən
acınacaqlı şəraitdə yaşayıram. Serial çəkimlərinə görə aylıq 500
manat maaş alıram. Bu əməkdar artistə verilən qiymətdirmi? Mən
dilənməliyəm, ya sürünməliyəm? Bu hesablamalara görə mən hər yerə
eyni paltarla getməliyəm. İncəsənət qurban tələb etsə də, bu qədər
yox da. Bəzən hətta elə olur ki, üç ay maaş vermirlər... Bu nə
deməkdir, bilirsiniz?
Mən brend geyinə bilmirəm. Ayaqqabımı İrandan 10 manata
gətiriblər. Məcburam belə geyinməyə, çünki o pulla başqa cür etmək
olmaz.
Türk aktyorlara bizim haqqımızı
yedizdirirlər
- Təcrübəli aktyor və aktrisalarımız varkən, bu sahəyə
Türkiyədən aktyorların cəlb ediləməsi nə qədər
doğrudur?
- Türkiyədən gətirdikləri aktyorlara bizə verilən puldan qat-qat
çox pul verirlər. Necə olur ki, onlara 30-40 min verirlər, amma
yerli xalq artistlərimizə 500 manat? Yanıb tökülürəm.
İndi kimi gəldi, kinoya çəkirlər
- Kim tanınmaq, məşhur olmaq istəyirsə, onu seriala çəkirlər. Nə
bilim modeldir, guya dünya gözəlidir. Hansı ki, mən onlarda heç
gözəllik görmürəm. Reklam üçün çəkilirlər. Mən çəkildiyim
seriallarda həmkarlarımın kimliyinə diqqət edirəm.
- Müxtəlif seriallarda eyni aktrisalar daha çox oynayır.
Bu nə ilə əlaqəlidir? O aktrisaları əvəz edən oyunçular yoxdur,
yoxsa aktrisa qıtlığıdır?
- Aktyorlarımız aclıq ucbatından, kirayə qaldığı evin pulunu
ödəyə bilsinlər deyə, bir neçə filmə çəkilməyə razılıq verirlər. Bu
isə düz deyil. Tamaşaçılar seriallara baxanda artıq serialları
qarışdırır. Ən əsası isə odur ki, rol dəyişsə də, aktrisalar eyni
qalır. Bu filmdə necə oynayırsa, o biri serialda da heç bir
motivasiyaya uğramadan eyniylə oynayır. Dəyişən heç nə olmur,
gözlər eyni baxır. Ümid edirəm ki, dövlətimiz öz sənətkarlarımızın
ev problemini aradan qaldırar, onlar da bu cür məcburiyyət
qarşısında qalmazlar.
- Mehriban xanım, sənətkarlarımızın ev problemlərinə
toxunmuşkən rəhmətlik Səyavuş Aslanın adı da bu siyahıda idi. Nə
üçün Səyavuş Aslan kimi dəyərli sənətkarımızla vida mərasimində
sizdən başqa heç kim göz yaşı axıtmadı?
- Səyavuş böyük sənətkardır. Axı necə ağlamamaq olar… Səyavuş
Aslan ikinci dəfə gəlməyəcək dünyaya. O ki qaldı ağlamağa, hər kəs
öz ürəyini, qabiliyətini göstərdi.
İndiki aktrisalar rollarına möhür vura
bilmir
- İndiki aktrisalarda möhür vurmaq yoxdur. Onlar, sadəcə,
çəkilirlər. O vaxt yaxşı alınırdı hər şey. O rejissorların
suyundanmı, çörəyindənmi, nədəndi bilmirəm, amma o vaxt hər şey
yaxşı olurdu.
Mən "Sarıköynək" filminə çəkilmək üçün çoxsaylı adamlar içindən
seçildim. Allah Şahmara rəhmət eləsin. Çünki mən onun filmində
aldığım Zibeydə obrazı ilə öz möhrümü vurdum sənətə. Bu gün də o
obrazın çörəyini yeyirəm.
Biz hələ serial çəkə bilmirik
- Seriallarımızın keyfiyyətindən
razısınızmı?
- Serial çəkimləri heç də yaxşı deyil. Biz hələ serial çəkə
bilmirik. Bu sahədə nə Braziliya, nə Hollivud, nə də ki, Hindistan
seriallarına çata bilərik. Yaxşı seriallar o vaxt çəkiləcək ki,
artıq həmin vaxt heç kim cibini düşünməyəcək.
- Deyilənə görə, teatrdan serial və ya serialdan teatra
gedən aktrisa rolu obrazlaşdırarkən çətinlik yaşayır. Bəs sizdə
necə?
- Teatrdan gəlib, kinoda çəkilə bilməmək kimi fikirlər
rejissorların özlərinin təxəyyül, fantaziyalarının nəticələridir.
Mənə bu söz gülməli gəlir. Həmin rejissorlara deyirəm ki, mən eyni
aktrisayam. Teatrda da gülə, ağlaya bilirəm, serialda da...
- Nəyə görə bizim kinolarımız "Kan" film festivalına
çıxa bilmir?
- Bizim festivalda iştirak etməyimiz çətin məsələdir. Festivalda
yalnız adamı olanların filmləri gedir. Belə deyərdim bu festivalda
iştirak etmək elə də asan deyil".
Mehriban xanımla söhbətimizə davam edə-edə artıq saç
və makiyajı hazırlandı. Tələsik halı ilə efirə gecikən əməkdar
artistin telefonlarına gələn zənglər ara vermirdi. Qeyd edək ki,
hər zəngdə əməkdar artistdən bir şey xahiş
edilirdi.
"Günə baxan"da
Salondan çıxan əməkdar artist ilə birlikdə ANS-də
yayımlanan "Günə baxan" verilişinə yollandıq. Verilişdə ekspert
kimi çıxış etdikdən sonra müsahibəmizə davam
etdik.
- Nəyə görə canlandırdıqları obrazlara görə daha çox
xanım sənətçilər tənqid olunurlar?
- Çünki bizim cəmiyyət aktrisanın oynadığı obrazı qəbul edə
bilmir. Xaricilərin oynadığı erotik səhnələrə böyük kef ilə
baxsalar da, bu rolu özümüzünkülər oynayanda ağızlarına gələni
deyirlər. Çünki bu artıq cəmiyyətdə belə formalaşıb. O ki qaldı son
zamanlar Vəfa Zeynalova haqqında deyilənlərə, mən o rolda qeyri-adi
şişirdiləcək heç nə görməmişəm. Amma bu hadisə yetəri qədər
şişirdildi.
Rol almamağım üçün mənə cadu elətdirirlər…
- Hər bir aktrisa kimi mən də problemlərlə qarşılaşmışdım. O
qədər olub ki, məni tamaşadan, kinodan çıxartdırsınlar! Amma qurban
olum Allaha, məni buranı Allah özü burub... Hələ rollarımın əlimdən
alınması, rol verilməməsi üçün cadu elətdirənlər də var idi.
Təhminə obrazını mən oynasaydım…
- O vaxt Təhminə obrazı mənə təklif olunmuşdu. Sonradan Maral
Konrat oynadı. Amma maraqlısı odur ki, indi sevilə-sevilə baxılan o
filmdə mən oynasaydım, adıma deyilməyən söz qalmazdı.
Deyirlər o veriliş sənin olmalı idi…
- Yaxın gələcəkdə veriliş açmaq istəyirəm. Artıq bu barədə
layihələr də təqdim etmişəm. Amma təəssüf, heç biri qəbul
olunmayıb. Hələ ki, gözləyirəm. Hamı mənə deyir ki, "Səni
axtarıram" verilişini sən aparmalı idin, o əsil sənin formatına
uyğun bir verilişdir. Həqiqətən də elədir.
Əməkdar artist müsahibənin bu yerində artıq namaz
vaxtının çatdığı üçün bizdən qısa müddətlik ayrılmalı oldu.
"Məşhurlarla bir gün" layihəsi çərçivəsində Mehriban Xanlarovanın
ilk dəfə hicablı fotolarını təqdim edirik.
Namazını qıldıqdan sonra yenidən söhbətə qayıdan aktrisa "Toy
gecəsi" adlı serialın çəkiliş hazırlıqlarına başladı.
Çəkilişdə xeyli yorulan aktrisa gününü bir stəkan çay ilə
yekunlaşdırdı.