XX əsr Amerika ədəbiyyatının ən məşhur və sevilən
yazıçılarından biri olan Con Steynbek (27
fevral 1902 – 20 dekabr 1968) 1962-ci
ildə "Həyəcanlarımızın qışı" (1961) və "Çarli ilə səyahət" (1962)
adlı əsərlərinə görə ədəbiyyat üzrə Nobel mükafatına layiq
görülüb.
On altı roman, altı povest və bir sıra hekayələr toplusu daxil
olmaqla ümumilikdə iyirmi beş kitabın müəllifi olan yazıçının
"Siçanlar və insanlar haqqında" (1937) və "Qəzəb salxımı" (1939)
əsərləri isə Pulitzer mükafatı alıb. "Konserv sırası" (1945),
"Mirvari" (1947) və "Cənnətdən Şərqə doğru" (1952) daxil olmaqla
Con Steynbekin on yeddi əsəri əsasında Hollivud filmləri çəkilib və
yazıçı Hollivud yazarı kimi də şöhrət qazana bilib. "1944-cü ilin
ən yaxşı əsəri" nominasiyasında Con Steynbek Akademik mükafata
layiq görülüb.
Bəli, bütün bunları bilirik. Lakin heç xəbərimiz yoxdur ki,
yazıçı epistolyar janrın da gözəl nümunələrini yaradıb. Steynbekin
Amerikada nəşr olunan "Məktublardakı həyat" kitabındakı 850 məktub
yazıçının alternativ bioqrafiyasını təqdim edir. Qəlb
çırpıntılarının təskinlik tapdığı bu məktublarda dərin düşüncəli,
iti fəhmli, düzgün, inadkar və nəzakətli bir insanın portretini
görürük. Bu məktublar ailə üzvlərinə, dostlara, naşirlərə, ictimai
xadimlərə ünvanlanıb. Ancaq biz Steynbeki həssas və qayğıkeş ata
kimi göstərmək istərdik. Odur ki, Süzen adlı bir qıza dəlicəsinə
vurulduğunu etiraf edən böyük oğlu yeniyetmə Toma yazdığı cavab
məktunu sizlərə təqdim edirik. Ata Steynbekin sözləri müdriklik,
qayğıkeşlik, nikbinlik və sonsuz ümidlərlə doludur... Bu, həm də
böyük ustadın sözləridir:
Nyu-York, 10 noyabr 1958-ci il...
Əziz Tom,
Biz sənin məktubunu bu gün səhər aldıq. Mən bu barədə nə
düşündüyümü sənə bildirəcəm. Əlbəttə, Eleyn (yazıçının həyat
yoldaşı – tərc.) də sənə cavab yazacaq.
Əvvəla, əgər vurulmusansa, bu, çox yaxşı haldır – bu, insanın
başına gələ biləcək ən gözəl macəradır. Heç kimin bu hisləri
xırdalamasına və yüngülləşdirməsinə imkan vermə.
İkincisi, sevginin bir neçə növü var. Onlardan biri xudbin,
eqoist sevgidir. Bu qrupa daxil olanlar sevgidən öz qiymətlərini
qaldırmaq üçün istifadə edirlər. Bu, hislərin çox eybəcər və ağır
təzahür formasıdır. Digər bir növ isə xislətində bütün
gözəlliklərin – xeyirxahlıq və diqqət, təkcə sosial planda deyil,
başqa bir insana böyük hörmət mənasında ehtiram (bu ehtiram o
insanın yeganə, məxsusi və çox dəyərli olmasını ehtiva edir) kimi
keyfiyyətlərinizin açılmasına və üzə çıxmasına kömək edir. Birinci
növ sizi xəstə və zəif edə bilər, ikinci isə güc, cəsarət və
xeyirxahlıq hissinizi, hətta heç sizdə olduğunu ehtimal etmədiyiniz
müdrikliyinizi artıra bilər.
Deyirsən ki, bu, ötəri vurğunluq deyil. Əlbəttə, əgər sən bu
qədər dərin duyğulanıbsandsa, deməli, ötüb keçən bir hiss
deyil.
Ancaq, zənn etmirəm ki, məndən nə hiss etdiyini soruşmaq
istəyirsən. Sən özün bunu yaxşı bilərsən, nəinki bir başqası.
Məndən eşitmək istədiyin şey – bütün bunları necə yoluna qoymaq
barədə deyə biləcəklərim isə bunlardır.
Sevdiyin üçün, sevgin üçün fərəhlənmək və zövq almaq.
Sevdiyin dünyanın ən yaxşı və ən gözəl insanıdır. Ona
uyğunlaşmağa, ona layiq olmağa çalış.
Əgər kimisə sevirsənsə, bunu etiraf edə-edə xəbislik etmək
olmaz, yalnız unutmamalısan ki, bəzi insanlar həddindən artıq
utancaqdırlar. Və sevgi etiraflarında bulunduqda dünyada belə
insanların olduğunu da nəzərə almaq lazımdır.
Qızlar, bir qayda olaraq sənin vurulduğunu bilirlər, ancaq
adətən bunu sizin öz dilinizdən eşitmək istəyirlər.
Bəzən elə də olur ki, hislərin bu və ya digər səbəbdən cavabsız
qalır – ancaq bu, bizim duyğularımızın dəyər və mühümlüyünə heç də
zərər gətirmir.
Ən nəhayət, mən sənin hislərini anlayıram. Çünki özüm də
sevmişəm və sənin də bu hisləri yaşadığın üçün sevinirəm.
Süzanla görüşməyə şad olardıq. O, bizə qətiyyən mane olmaz.
Eleyn hər şeyi təşkil edər, bu onun işidir, o sənə daha qiymətli
məsləhətlər verə bilər.
Ayrılıqlar və itkilər haqqında isə heç fikirləşməyin. Əgər bu,
doğrudursa, əgər bütün bunları yaşayırsınızsa – tələsməyin. Yaşanan
gözəl duyğular sadəcə, öz-özünə ötüb keçə bilməz.
Sevgilərlə...