"Həyat bizə xoşbəxt olmaq şansı vermədi, sevgili, biz
özümüzdən başqa hamının kədərini kədərimiz, dərdini dərdimiz
bildik".
Axar.az xəbər verir ki, bu gün bu kimi gözəl sözlərin müəllifi
kürd əsilli məşhur türk aktyor, rejissor, ssenarist və yazar,
Türkiyənin "çirkin kral"ı Yılmaz Güneyin anım günüdür.
Həyatı mübarizələrlə zindanlarda keçən Yılmaz Güney 1937-ci ildə
torpağı olmayan bir kəndli ailəsinin iki övladından biri kimi
dünyaya gəlib.
Yılmaz Güney 1974-cü ildə "Əndişə" filmini çəkərkən kazinoda
hakim Səfa Mutlunu öldürdüyünə görə həbs edilib və 1976-cı il
iyulun 13-də 19 il həbs cəzası alıb. Beş il həbsxanada qaldıqdan
sonra 9 oktyabr 1981-ci ildə yatdığı İsparta yarıaçıq
həbsxanasından icazəli şəkildə çıxaraq ölkəni tərk edib.
Güneyin həbsdən qaçmasının tarixçəsi çox maraqlı və qəribədir.
Həbsə düşməzdən əvvəl çəkdiyi "Şeytanın oğlu" filmində bayram üçün
bir günlük iznlə çıxan və itib-batan adamın həyat hekayəsindən bəhs
edən rejissor bu dəfə filmi özü oynamalı olub. Həbsxanadan bir
günlük icazə ilə çıxıb və Fransaya qaçaraq həyatının qalan
hissəsini orada yaşayıb.
1984-cü ildə mədə xərçəngindən vəfat edən Yılmaz Güney son
illərini Parisdə yaşayıb və ölümündən sonra Parisdəki "Pyer Laşez"
qəbiristanlığında dəfn edilib.
O, "Yol", "Sürü", "Ümidsizlər" kimi filmlərin müəllifidir. "Yol"
filmi yenidən montaj edildikdən sonra "Kann" kinofestivalında
mükafat alıb.
Yılmaz Güney 114 filmdə çəkilib, 26 filmin rejissoru, 15 filmin
prodüseri, 64 filmin isə ssenari müəllifi olub. 14 kitab
müəllifidir.
Video: