Noyabrın 30-u Əməkdar artist İlqar Cahangirin 45 illik
yubileyi idi.
İlqar bəy indi "Sonuncu fəsil" adlı teleserialda
çəkilir. Eyni zamanda "PERO Production"ın təşkil etdiyi "Aktyorluq
kursları"nda dərs deyir.
İlqar bəylə adi söhbətlərimiz belə çox səmimi, maraqlı
olur. Bu dəfə söhbətə elə "Oda" teatrı mövzusuyla
başladıq.
Noyabrın 30-da yayımlanan müsahibəmizin ardını təqdim
edirik:
(Davamı)
(əvvəli burada)
- Aktyor üçün vacib olan şeylərdən biri hansı müəllifin, hansı
rejissorun əlində işləməkdir. 5 il 15 il yaxşı rejissor əlində
işləmək aktyoru peşəkarlaşdırır. Elə gözəl aktyorlarımız var ki,
səriştəsiz rejissorların əlində məhv olub gedir. Öz bacarığını,
istedadını itirir. Bir daha demək istəyirəm, hər teatrın özündə
studiyalar olmalıdı, peşəkar, yaşlı aktyorlar gənc nəsil aktyorlara
məşğələlər, dərslər keçməlidirlər, gəncləri yönləndirməlidirlər.
Təəssüf ki, bizdə belə şeylər yoxdu.
Onlar boşboğazlıq etmirlər
Bir tərəfdən də bizdə belə bir şey var ki, o şeyi bacaran adam
çox danışmır. Peşəkar adamlar, peşəkar aktyorlar heç vaxt özlərini
gözə soxmurlar. Mənim mono-tamaşamda da var belə bir şey: "özünü
güllə qarşısına verənlər danışa bilmirlər". Onların danışmağa vaxtı
olmur. Onlar özlərini sənətə, elmə, peşələrinə həsr edirlər. Onlar
çıxıb boşboğazlıq etmirlər. Bu gün bizim elə müəllimlərimiz,
pedaqoqlarımız, rejissorlarımız, aktyorlarımız var ki, - neçəsini
saya bilərəm - Abbas Qəhrəmanov, Qurban İsmayılov kimi aktyorlar -
özlərinə qapanıblar, halbuki onlar bizə, gənclərə çox şey öyrədə
bilərlər. Peşəkar aktyorumuz Vidadi Həsənov da özünü bütünlüklə
sənətinə həsr edən pedaqoqlarımızdan biridir.
Hər yerdə yaratmaq olar
Belə bir fikrimiz var ki, gələcəkdə "ODA" teatrında belə peşəkar
aktyorlarla tamaşalar hazırlayaq. İndi hələ ki, məkan olaraq o
imkanlarımız yoxdur, amma inşallah gələcəkdə, belə planlar nəzərdə
tutulur. Söhbət, teatrı genişləndirməkdən yox, bir az da
teatrallaşdırmaqdan gedir. Əvvəllər mənə desəydilər ki, burda
(Zirzəmidə. – red.) teatr yaradıblar, deyərdim ki, orda heç vaxt
teatr yaratmaq olmaz. Amma mən gördüm ki, hər yerdə teatr yaratmaq
olar, küçədə, kafedə, çardaqda, zirzəmidə.., hər yerdə yaratmaq
olar. Əsas odur ki, sən istə və çalış, cəhd eləsən, istədiyin hər
şeyi edə bilərsən.
Ola bilsin, müəyyən çətinliklərimiz olacaq, mane olacaqlar,
yerimiz narahat olacaq, amma zamanla hər şey yoluna düşür. Hələ ki,
bizə heç bir maneə törədən yoxdur. Dəfələrlə gəlib "yoxlasalar" da,
dəyib-dolaşmırlar hələ ki. Bizlə çalışan aktivist gənclər var,
onlarla maraqlananlar olub, onlara nəzarət olub, gəlib tamaşa boyu
qapının ağzında gözləyiblər, amma girib mane olmayıblar. Şam alıb
qoymuşuq ki, birdən işığı-filan kəsərlər tamaşanı şam işığında
oynayaq.
Teatrdı da, gülməli ya ağlamalı
Teatr yeganə yerdir ki, bu günün hadisəsini göstərir. Tamaşa
canlıdır, tamaşaçı görür və eşidir. Əvvəllər teatr deyəndə onun
ictimai-siyasi tərəfini düşünmürdülər, teatrdı da gülməli və ya
ağlamalı, gülüb-əylənməkçün yer. Amma indi-indi artıq anlamağa
başlayıblar ki, əslində elə deyil. Teatr daha çox düşünmək üçün
məkandır, bizə real həyat hadisələrini göstərməlidir. Xarici
ölkələrdə, elə bizə qonşu ölkələrdə Türkiyədə, Gürcüstanda belə
teatrlar çoxdu.
Tarixdə belə şeylər var, hətta. "Çünki, o alçaq məni göstərir",
deyərək, şah öz saray aktyorunun başını vurdurur. Aktyor təlxək
formasını geyinib şahın bütün haqsızlıqlarını, ədalətsizliklərini
göstərir...
5 milyon manat böyük məbləğdi
Deyirlər ki, seriallara böyük maliyyə ayrılır, amma bu məbləğ
heç də böyük maliyyə deyil. Təbii ki, 5 milyon manat böyük rəqəmdi,
amma bu başqa ölkələrlə nisbətdə cüzi məbləğdir. Bir dəfə bir türk
tanışla seriallar barədə söhbət edirdik, o da kino adamıdı, bizim
serialı göstərirdilər. Ondan soruşdum, deyir, 90 dəqiqəsinə 80-100
min dollar pul xərclənir, dedim biz 90 dəqiqəni 20 min dollara
çəkmişik. Dedi, siz 20 minə bu cür çəkmisizsə, gör 90 minə necə
serial çəkərdiz. Bu reallıqlar da var.
Bizim seriallarda mövzu problemi var, hamısı ailə-məişət mövzusu
üzərində qurulur. Başqa mövzulara müraciət etmək lazımdı.
İnandırıcı çəkmək lazımdı, mövzu tamaşaçıya inandırıcı
gəlməlidir.
"Deyirlər xalan oğlu müxalifətçidi, qoy işimizi görək
də"
İşlər çox da olsa, ailəyə vaxt ayırıram. Düzdür, əvvəlki kimi
deyil, amma xeyirdən-şərdən qalan adam deyiləm, maşallah,
qohum-əqrəba da çoxdur bizdə. Bir xalam oğlu var, rayonda yaşayır,
balaca biznesi var. Bir dəfə zəng vurmuşdu ki, sən neynəmisən orda,
deyirlər, xalan oğlu müxalifətçidi, qoy işimizi görək də. Dedim,
get işini gör də, oturmusan rayonda balaca biznesinlə məşğul
olursan, guya burda nə olur bitir, xəbəriniz var? (gülür) Bəzən
belə hadisələr də olur.
Yeyib-içən oğlan deyiləm
Bir müddət işsiz qalanda borc almışdım dostlardan, indi də
işləyib o borcları qaytarmaqla məşğulam (gülür). Özüm, ümumiyyətlə
yeyib-içən oğlan olmadığım üçün, belə deyək, çox pul da
xərcləmirəm. Siqaret çəkmirəm, 40 yaşıma qədər içki də içməmişəm,
amma indi hərdənbir dostlarla azca içirəm.
Kişiyik də...
Ətrafımdakı qadınlar ailədə, evdə heç vaxt problem yaratmayıb.
Kişiyik də, həyatımızda həmişə qadınlar olur. Müxtəlif təkliflər də
olub qadınlardan, hələ də olur. Dostlar-filan görəndə, biləndə,
təəccüblənirlər, "qınayırlar" ki, niyə cavab vermirsən, qarşılıq
vermirsən bu qadınlara? Niyə də olmasın ki? Mən də acıqlanıram ki,
yaxşı, bəsdirin (gülür).
"05" açarı gətirmişdilər ki, sənindi bu
Hələ yeniyetmə vaxtımda, sovet vaxtı, "05" açarı gətirmişdilər
ki, sənindi bu. Açarı elə vurmuşdum gətirənin üzünə, alnı
yarılmışdı.
Səmimi deyirəm, məni tanıyanlar da bilirlər ki, elə şeylərdən
uzağam. 25-30 illik dostlarım var, heç biri deyə bilməz ki, İlqarla
filan yerə getmişik, filan şeylər eləmişik. Hər kişiliyi eləmişik,
amma belə şeylərə getməmişəm mən.
Bir dəfə Rusiyadan gəlmişdilər, film çəkilirdi onunla bağlı.
Ölçülər lazım idi, bir-bir dedim mən də, ayaqqabı 40, kostyum ölçüm
48-50, köynək 41, boyum 1.75. Orda bir azərbaycanlı qadın vardı,
geyim üzrə nə isə işçiydi, mənə dedi, əsl Azərbaycan
standartlarıdır, ölçüləriniz Azərbaycan kişi standartlarına tam
uyğundur.