Bəzən bədii əsərlərdə
tarixin təhrifinə yol verilir. Belə olan halda tarixi faktlardan
danışarkən yanlışlıqla bədii əsərlərə istinad edilir.
Axar.az mövzu ilə əlaqədar olaraq yazıçı və tarixçilər
arasında sorğu keçirib:
"Yazıçı tarixi roman yazarkən faktları öz ölkəsinin,
millətinin lehinə təhrif edə bilərmi və ya
etməlidirmi?"
Kərəm
Məmmədov (tarixçi):
"Tarixi roman və tarixi salnamə tamam başqa anlayışlardır.
Tarixçi milli mənsubiyyətini dərk eləmirsə, onda onun həmin
millətdən olması şübhə doğurur. Məsələn, erməni tarixçilərindən çox
erməni yazıçıları var. Rafi adlı bir erməni yazıçısı var, elə bir
əsər ortaya qoydu ki, indi də erməni tarixçiləri onun
yazdıqlarından istifadə edirlər. Çünki populist dildə yazılan əsər
millətin yadında daha çox qalır, nəinki elmi-akademik dildə yazılan
tarix. Ona görə də mənim fikrimcə, yazıçı öz millətinin tarixinə
sadiq qalmalıdır. Yazıçı ortaya əsər qoyanda məsələnin müsbət
tərəfini qabartmalıdır, ancaq eyni zamanda da təhrifə yol
verməməlidir. Çünki tarixi uydurma olan millətin gələcəyi olmur. Ya
da onu yazan adamın öz milli mənsubiyyəti şübhə altındadır".
Nəriman
Əbdülrəhmanlı (yazıçı):
"Mənə görə, yazıçı hər hansı əsərində tarixə üz tutursa, ancaq
faktlara söykənməlidir, vicdan ölçüsündən çıxış eləməlidir. Ona
görə də hər cür təhrifi əxlaqdankənar, sovet ideologiyasının təsiri
və yolverilməz hesab edirəm. Saxta vətənpərvərlik mənim üçün
xoşagəlməz şeydir".

Ceyhun Bayramlı (tarixçi):
"Tarixi təhrif edəcək qədər yox. Hadisələr süjet xətti üzrə
olduğu kimi qeyd olunmalıdır, sadəcə, bədiiləşdirməyə yer vermək
olar. Bundan başqa, yalnız xırda təfərrüatlarda yazıçı öz
təxəyyülündən çıxış edə bilər. Tarixi roman yazan kəs yazdığı
tarixi dövrü öncədən bir neçə mükəmməl mənbədən araşdırıb öz
romanının süjet xəttini müəyyən etməli və imkan daxilində də roman
boyunca bu süjet xəttindən kənara çıxmamalıdır".
Əlisa
Nicat (yazıçı):
"Fikrimcə, yazıçı ölkəsinin əleyhinə olan hadisələrdən əsər
yazmamalıdır. Məsələn, bizim torpaqlarımız tarix boyu bir çox
işğala məruz qalıb. Monqollardan tutmuş ta ermənilərə qədər... İndi
o məğlubiyyətləri yekə-yekə xalqa çatdırmağın nə mənası var?! Bu,
oxuculara, xalqa nə verəcək? Bu mövzuda tarixi-publisistik yazılar
yazmaq olar ki, bax, biz bu səhvlər ucbatından məğlub olmuşuq. Amma
bunu bədii lövhələrlə yazmaq müsbət nəticə verməz".