"Qartalı qartal edən dağlardır" -
(Daş üstündə yazı)
Quş-qayanın qarlı başı ağ buludlarla örtülmüşdü, aşağıdan
baxanda qarla bulud sanki birləşir, dağın başında sehirli bir çalma
yaradırdı. Dağın ətəklərindən yavaş-yavaş duman qalxırdı,
aşağılardan, dərələrin dərinliyindən axan çayın şırıltısı sanki
dumana qarışıb ətrafa yayılırdı.
Ağbaş iri qanadlarını açıb əngin səmalarda asta-asta süzürdü. O,
demək olar ki, qanad çalmırdı və aşağıdan baxan hər kəs bu nəhəng
qartalın ova çıxdığını, ona görə də asta-asta süzüb ov güddüyünü
zənn edərdi. Amma belə deyildi... Nə qədər uzağa uçsa da,
nəhayətsiz göylərə baş vursa da, Quş-qayanın başına fırlanmaqda
davam edirdi. Yazın gəlməsinə, havaların qızmasına baxmayaraq,
Quş-qayanın başı, döşü qarla örtülü idi. Aşağılarda, yamaclarda
bitən ağaclar artıq yaşıl donunu geyirdi.
Ağbaş onu məşğul edən ağır fikirlərdən ayrılıb arabir aşağı,
doğma yurduna baxır. Onun iti gözləri yerdə hər şeyi, hər otu,
çınqılı seçir, təəssüflə fikirləşir ki, bir vaxtlar az qala hər
qayadan havalanan dağ kəklikləri, daşların, otların arasında
vurnuxan çöl siçanları indi yoxa çıxıb, yazın nəfəsi ilə bozaran
dovşanlar da gözə dəymir. "Bəlkə, Göygöz haqlıdır?! – Yox,
yox!"
Günəş yavaş-yavaş qərbə doğru əyilir, gündəlik marşrutunu sona
çatdırmağa tələsir. Ağbaş da tələsir, kəskin hərəkətlə Quş-qayaya
tərəf dönür, iri, güclü qanadları onu sürətlə mənzil başına aparır.
Quş-qaya getdikcə yaxınlaşır, bir azdan onun qarla örtülü talanı
xatırladan başı görünür. Ağbaş qürub etməkdə olan günəşin şüaları
altında almaz kimi parıldayan bu talanın üstündən keçir, aşağıdakı
yarğanın güney tərəfinə istiqamət alır. Burada artıq onu
gözləyirdilər. Yeddi-səkkiz qoca qartaldan ibarət olan Ağsaqqallar
şurası həmişəki kimi öz yerini tutmuşdu. Onların bozarmış lələkləri
əvvəlki rəngini və parlaqlığını itirmişdi. Zəifləyib gücdən düşmüş
əzələləri artıq iri qanadlarını yığıb saxlaya bilmir, ona görə də
qoca qartalların qanadları sallanıb yerə dəyirdi.
Ağsaqqallarla üzbəüz yüzə yaxın cavan qartal mövqe tutmuşdu.
Onlar başlarını dik tutub qanadlarını səliqə ilə böyürlərinə
sıxmışdılar. Bir az aralıda 30-40 qartaldan ibarət başqa bir qrup
durmuşdu. Ağbaş yuxarıdan bu qruplaşmanı təəssüflə seyr edib
köksünü ötürdü. Yarğanın üstündə bir-iki dövrə vurub onların yanına
qondu, səliqə ilə qanadlarını yığıb ağsaqqalların sağ tərəfində
ailə başçısının yerini tutdu. Ağsaqqallar məclisin başlandığını
xəbər verdilər.
Ağsaqqallarla üzbəüz dəstədən qara lələkləri gün işığında bərq
vuran yaraşıqlı bir qartal irəli çıxdı. Başında dağ qartallarına
xas olan ağ lələklər görünürdü, onu fərqləndirən əsas cəhət
gözlərinin pişik gözü kimi göy rəngdə olması idi. Göygöz bir az
dayanıb səs-küyün kəsilməsini gözlədi, sonra sözə başladı:
- Qardaşlar! Bu gün bura yığılmağımızın səbəbi hamıya aydındır.
Dağlara bəla gəlib, burda yaşayan hər cür quş, heyvanat yoxa çıxıb.
Vəziyyətimiz getdikcə ağırlaşır, bizi aclıq təhlükəsi gözləyir.
İndi yazdır, biz yuva qurmalı, bala çıxarmalıyıq. Deyin görək,
balalarınıza nə yedirdəcəksiniz, özünüz yeməyə bir şey
tapmırsınız?! Yaxşı, tutaq ki, birtəhər, min əziyyətlə balalarınızı
uçurdunuz, axı, sizi yeni müsibət və məşəqqətlər gözləyir. Qışın
soyuğu, yayın istisi, acanda yem dərdi, susayanda su dərdi - bir
sözlə həyat uğrunda daim şiddətli çarpışma. Bu dağlar nə qədər
müqəddəs olsa da, biz boynumuza almalıyıq ki, vəziyyətimiz burda
ağırdır, çox ağırdır. Biz çarə tapmalı, bir tədbir tökməliyik.
Bizim dağların günbatan tərəfində, burdan iki günlük yolda böyük
dağlar qurtarır, böyük düzənlər başlayır. Bu düzənlər başdan-başa
hündür ağaclı sıx meşələrlə örtülüdür. Bu meşələrdə quşun,
heyvanatın əlindən tərpənmək olmur. Ağacların budaqları quş
yuvaları, dibi isə çöl siçanları ilə doludur. Hər ağacın altından
bir bulaq qaynayır. Meşələrdə ceyran, cüyür sürüləri sakit-sakit
otlayır. Uca ağaclar yayda yandırıcı şüaların, qışda dondurucu
küləklərin qarşısını alır, meşələrin qışı mülayim, yayı sərin
keçir. Mən təklif edirəm ki, biz qışda soyuğun dondurduğu, yayda
istinin yandırdığı bu sərt qayalardan əl çəkək, birdəfəlik
düzənmeşələrə köçək. Orada biz yem problemini tamamilə həll edərik,
təhlükəsizliyimizi də birdəfəlik təmin edərik. Bu meşələr qoruq
elan olunub və insanlar tərəfindən qorunur. Biz özümüzdən daha
güclü, daha ağıllı insana pənah aparmalıyıq.
Bol yemək, yaxşı şərait dalınca getmək günah deyil, bu,
canlıların həyat uğrunda mübarizə formalarından biridir. Bir çox
quşlar - zəif qaranquşlardan tutmuş güclü qu quşlarına kimi - qış
düşüb yem qıtlığı olana qədər uçub isti ölkələrə gedirlər.
Canavarlar öz doğma yuvalarını tərk edirlər, maral və ceyran
sürülərinin dalınca uzaq dağlara və düzənlərə gedirlər. İnsan,
bəli, yer üzünün Allahı insan doğma yurdunu, ata-babalarının
qəbirlərini qoyub yaxşı güzəran, bol yemək dalınca gedir.
Quş-qayanın ətəklərində yerləşən neçə-neçə kənd boşalıb. Bu
kəndlərin əhalisi sərt dağları buraxıb mülayim düzənliklərə köçür.
İnsan təbiətin yetişdirdiyi ən ali varlıqdır, o, iti düşüncəyə,
dərin təfəkkürə malikdir. Biz insanlardan nümunə götürməliyik. Biz
yaddan çıxarmamalıyıq ki, insanlar Böyük yaradanın – Göygöz başını
batmaqda olan günəşə doğru çevirdi - Yer üzündə elçiləridir,
insanlar yer üzünün allahlarıdır.
Burda Göygöz bir anlıq sözünə ara verdi, üzünü tərəfdarlarına
çevirdi. Həm nəfəsini dərmək, həm də onların fikrini bilmək
istəyirdi. Razılıq dolu baxışları, hayqırtıları görüb daha da
ürəkləndi, başını dik tutdu, göy gözlərini Ağbaşa zilləyib
qətiyyətlə bəyan etdi:
- Bizim fikrimiz qətidir: nə qədər ki, acından ölməmişik,
nəslimiz kəsilməyib, bu sərt dağları buraxıb mülayim meşələrə
köçməliyik. Ailəmizin hazırkı başçısı Ağbaş özü də bizə mane ola
bilməz.O, Ağsaqqallar şurasının razılığı olmadan heç bir qərar
qəbul edə bilməz. Ağsaqqallar isə ailənin fikri ilə - bizim
fikrimizlə hesablaşmalıdırlar.
Göygözün çıxışı məclis üzvlərinə möhkəm təsir etmişdi. Onun
dəstəsi öz liderlərinin səsinə səs verir, sözlərini hay-küylə
təsdiq edirdilər. Ağbaşın tərəfdarları isə gözlərini ona
dikmişdilər, onun sözünü eşitmək istəyirdilər. Ağbaş üzünü
ağsaqqallara tutub söz istədi, irəli çıxdı.
- Deyirlər, çox danışmaq əqlin azlığına, yalan danışmaq iradənin
zəifliyinə dəlalət edir. Odur ki, mən çox danışmayacağam, ancaq
Göygözün cavabını verməliyəm. Göygöz bizi baş əyməyə, bizdən daha
yüksək olan insana pənah aparmağa çağırır. O, yaddan çıxarır ki,
insan nə qədər yüksək olursa-olsun, onun gözləri daim göylərdə, biz
qartallardadır. Mən hələ insanın əngin səmalarda nöqtə kimi görünən
qartallara baxan, qibtə ilə dolu gözlərində göz yaşı da
görmüşəm.
Qartalın qartallığı ondadır ki, azaddır, heç kimə baş əymir.
Əgər biz insana pənah aparsaq, ona baş əysək, onda bizim toyuqdan
fərqimiz nə olar?! Axı, toyuqlar da bir vaxt azad quş olmuş, insana
pənah apardıqdan sonra aciz toyuğa çevrilmişlər.
Göygöz deyir ki, insanlar yer üzünün allahlarıdır. Yox, mən
bununla razı deyiləm. Allah sözünün əsl mənası ali, nöqsansız
deməkdir. İnsan isə bizim kimi, nöqsanlardan xali deyil. Allah
Böyük yaradanın - Ağbaş başını qürub etməkdə olan, üfüqləri qan
rənginə boyamış günəşə çevirdi - adlarından biridir. Böyük yaradan
isə heç bir canlıya öz keyfiyyətlərini tamamilə vermir, o, heç kimi
incitmək istəmir, ədalətlə hərəyə bir keyfiyyət bəxş edir. Böyük
Yaradan insana dərin düşüncə, iti söz veribsə, bizə uçan qanad, iti
göz verib. İnsana təfəkkürün dərinliyini bəxş edibsə, bizə də
səmanın ənginliyini bəxş edib.
Göygöz bizim Quş-qayanı sevmir, onun sərt təbiətini
düzənliklərin mülayim iqliminə dəyişmək istəyir. Bizim dağların
sərt iqlimində bitən hər hansı çiçəyi aparıb düzənlikdə əkmək olar.
Ancaq şübhəsiz ki, bu çiçək məhv olar. Çünki onun kökləri dağlara
bağlıdır, vətənə bağlıdır. Göygözün fikri bu kökləri qırmaq,
qartalı dağlardan ayırmaqdır. Bu isə xəyanətdir, Quş-qayanın
qartallarına qarşı xəyanətdir. Mən sözümü tamamlayıram, ailəmizi
onu dağlara, vətənə bağlayan kökləri qırmamağa çağırıram.
Ağbaşın sözlərini onun tərəfdarları böyük hərarətlə
qarşıladılar. Göygözün tərəfdarları isə öz narazılıq səslərini
ucaltdılar. Dəstələr qarşı-qarşıya dayandı. Bir az da keçsə, ara
qarışacaq, Quş-qayanın qartalları bir-birinə qənim kəsiləcəkdi. Bu
zaman batmaqda olan günəşin son şüaları altında bozarmış lələkləri
daha tutqun rəngdə görünən qoca qartalların ən qocası irəli çıxdı.
Qartallar nə qədər qızğın olsa da, nə qədər gözlərini qan tutub
nəcib hisslərini söndürsə də, onlarda əcdadlardan qalma ağsaqqala
hörmət hissi var və bu hissi heç bir qüvvə öldürə bilməz. Ağsaqqal
ortaya çıxan kimi səs-küy kəsildi, hər dəstə öz yerinə çəkildi.
Qoca qartal qocalara məxsus təmkinlə sakitlik bərpa olununca
gözlədi, elə bu təmkinlə də sözə başladı:
- Quş-qayanın yaşını heç kim deyə bilməz. Onun yaşını hesablamaq
üçün nə dağların daşları, nə də düzənlərin otları kifayət etməz.
Dünyanın tarixi iki böyük Xaliqin - Böyük yaradanla - qoca qartal
başını qan rəngli üfüqlərdə boğulmaqda olan günəşə çevirdi -
dağıdıb məhv edən Zamanın mübarizə tarixi olmuşdur. Yaradan bir
ucdan yaratmış, Zaman bir ucdan dağıdıb məhv etmişdir. Quş-qayada
qartalların sayı bəzən artıb yüzlərlə, bəzən də azalıb onlarla
olmuşdur. Aclıq və bolluq, sərt qış və bərəkətli yay daim
bir-birini əvəz etmişdir. Quş-qayanın qartalları isə heç zaman məhv
olmamış, Böyük yaradanın iradəsilə Zamanın hökmünə qarşı durmuşlar.
Bunun səbəbi birlikdədir, bunun səbəbi Vətənə bağlılıqdadır. İndi
Göygöz bu birliyi pozmaq, qartalları Quş-qayaya bağlayan bu
minillik bağları qoparmaq istəyir. O, deyir ki, Quş-qayanın iqlimi
sərt - qışı soyuq, yayı istidir, yaşamaq üçün, bala çıxarmaq üçün
əlverişli deyil. Lakin bizim nəslimiz min illərdir ki, bu dağlarda
yaşayır, bu iqlimə uyğunlaşıb. Ağbaş haqlıdır, qartal dağ çiçəyi
kimidir, onu düzənliyə aparsaq, kök tutmaz, məhv olar.
Göygöz deyir ki, indi bizim dağlarda quşların, heyvanatın sayı
azalıb, ov etmək günü-gündən çətinləşir. Ancaq o, qartal kimi sinə
gərmək, çarpışmaq əvəzinə, meydandan qaçmaq, öz vətənini tərk
etmək, əsarətə getmək istəyir. Mən artıq qocalmışam, gözlərim ov
seçmir, qanadlarım sözümü eşitmir. Ancaq mən yüz il əsarətdə
yaşamaqdansa, bir gün dağlarda ölməyi üstün tuturam.
Artıq hamıya aydındır ki, Göygöz bizim ailəni parçalamaq
istəyir, bu isə sözsüz xəyanətdir. Doğrudur, Ağbaş bu barədə dedi,
amma dərinə getmədi. Məncə, bunun kökləri çox dərinə gedir. Göygöz
təmiz dağ qartalı deyil, onun damarlarında ağbaşlı dağ
qartallarının qanı ilə yanaşı göygözlü düzən qartallarının qanı
axır. Bunu cavanlar bilməsə də, biz qocalar bilirik, onun göy
gözləri buna sübutdur.Odur ki, onu özündən asılı olmayaraq düzənlik
çəkir. Düzən qartalları insanlara çox yaxın olduqlarına görə
onların dəhşətli xəstəliyinə - liderlik xəstəliyinə tez yoluxurlar.
İndi Göygöz də bu xəstəliyə yoluxub, odur ki, ailəni parçalamaq,
özü başçı olmaq istəyir. Bizim ailəni Ağsaqqallar şurasının dəstəyi
ilə başçı idarə edir, şuranı isə qartallar seçir. Ailənin başçısını
isə biz seçmirik, ailənin ən güclü, ağıllı, cəsarətli oğulları açıq
mübarizədə bu vəzifəyə layiq olduqlarını göstərməlidirlər.
Qocaların yaddaşı zəif olur, amma mən Göygözün belə bir mübarizədə
Ağbaşa məğlub olduğunu unutmamışam.
Mən sözümün sonunda demək istəyirəm ki, bu dağlarda hər bir dərə
bir qartal məzarı, hər bir qaya bir qartal yuvasıdır. Biz
məzarlarımızı yalqız, yuvalarımızı sahibsiz qoya bilmərik.
Ağsaqqalların qərarı belədir.
Ağsaqqalın çıxışından sonra ortaya sükut çökdü. Göygöz bu
sükutdan istifadə edib məclisin qaydasını pozdu, icazəsiz irəli
çıxdı. Ağbaş vəziyyəti gərginləşdirməmək üçün dillənmədi.
- Ağsaqqalların mənim təklifimi qəribçiliyə salacağını bilirdim.
Axı, qocalar hər bir yeniliyin əleyhinə olurlar. Onlar yazda yuva
qurmayacaq, bala çıxartmayacaqlar, ona görə də aclıq onları
maraqlandırmır. Onlar tezliklə həyatdan köçəcəklərini bilirlər, ona
görə də hər dərəsi bir qartal qəbri olan bu sərt qayalıqlardan əl
çəkmək istəmirlər. Olsun ki, dağlardan düzənlərə iki günlük yolu
qət etməyəcəklərini bilirlər. Onların sözündən belə çıxır ki, guya
mən ancaq özümü düşünürəm, ailəyə isə xəyanət edirəm. Mənim
gözlərim göy olsa da, iti, qanadlarım güclüdür. Mən hələ bir dəfə
də ovdan əliboş qayıtmamışam. Mən ancaq öz ailəmi düşünürəm, onu
xöşbəxt gələcəyə aparmaq istəyirəm və aparacağam. Doğrudur, mən də
Ağbaş kimi ailə başçısı olmaq uğrunda mübarizə aparmışam, lakin bu,
öz qüvvəsinə inanan hər bir qartalın haqqıdır və bu haqqı heç kəs
bizim əlimizdən ala bilməz. Ağbaş bizə mane olmaq istəyir, o,
düzənliyə köçməyin əleyhinədir, çünki orada yemək boldur. Yeməyin
bol olduğu yerdə isə ailə sərbəst olur və başçı səlahiyyətdən
düşür. Onu qorxudan da budur.
Amma biz, Ağbaşın da, ağsaqqalların da dediyi kimi, azad
qartallarıq, gələcəyə aparan yolu özümüz seçə bilərik və artıq
seçmişik. Biz sabah sübh açılmamış, göylər göllər rənginə
boyanmamış günbatana doğru yola düşəcəyik. Məni istəyənlər mənimlə
gedir. Bizimlə getməyi Qızıl-qayanın bütün qartallarına təklif
edirik. Biz ovun yoxa çıxdığı bu sərt qayalıqların əvəzinə onlara
quşla, heyvanla dolu zəngin meşələr vəd edirik. Biz bütün
qartallara bolluq, əmin-amanlıq, təhlükəsiz bir həyat vəd
edirik.
Məclis öz işini qurtaranda gün artıq batmışdı. Səma mavisini
itirib tutqun bənövşəyi rəngə boyanmışdı. Bir azdan dağlar zülmətə
qərq olacaqdı. Quş-qayanın qartalları üçün bu zülmət uzun
çəkəcəkdi, çox uzun çəkəcəkdi. Axı, xəyanətin zülməti bəzən elə
qatı olur ki, onu həqiqətin məşəli işıqlandıra bilmir...
Cavan qartalların çoxu Göygözün tərəfində idi. Bunlar hələ
bərkə-boşa düşməmiş, iliklərinə vətən sevgisi hopmamış, fikirləri
gözləri kimi iti olmayan dəliqanlılar idi. Onlar yüngül həyat,
macəra dalınca gedirdilər. Bilmirdilər ki, həyatda yüngül şey
olmur, həyat sələmçi mislindədir - nə qədər yüngül alsan, bir o
qədər ağır qaytarmalı olursan. Onlar ailənin gələcəyi idi, amma
Ağbaş onları zorla saxlamaq istəmirdi. Çünki bilirdi ki, bir şey
çıxmayacaq: könülsüz sevginin şikəst balası olar.
Səhər günəş aləmi nura qərq edib Quş-qayanı salamlayanda, onun
səmaları artıq boş idi. Quş-qayanın cavan qartalları uçub getmişdi.
Ağsaqqallar və Ağbaşın 30 - 40 tərəfdarı Quş-qayaya sadiq qalmış,
Göygözün xəyanətinə aldanmamışdı. Quş-qaya qartallarının tarixində
ən ağır, ən çətin səhifələr başlanırdı. Həyat uğrunda mübarizə
artıq kökü kəsilməmək uğrunda çarpışmaya çevrilirdi. Bu isə böyük
təbiətin özünə meydan oxumaq demək idi...
İllər keçdi... Böyük yaradanla dağıdıb məhv edən Zamanın
mübarizə burulğanına düşmüş Quş-qaya qartalları bir daha bu
burulğandan salamat çıxdılar. Təbiətin ən böyük qanunu - daha
güclünün, daha ağıllının sağ qalması, yaşaması qanunu onları çəkib
bu girdağdan çıxardı. Quş-qayanın səmasında qartallar görünməyə
başladı - məzarlar yalqız, yuvalar boş qalmadı...
İllər keçirdi... Ağbaş qocalırdı, amma onun ürəyindəki yara,
həsrət yarası sağalmırdı ki, sağalmırdı. Deyirlər, vaxt bütün
yaraları sağaldır... Amma yox, həsrət yarasını sağaltmır, vaxt
keçdikcə o, daha da dərinləşir, daha çox ağrı verir. Ağbaş neçə
illər bundan əvvəl Göygözün xəyanətinin qurbanı olmuş, Quş-qayanı
tərk etmiş qartalların həsrətini çəkirdi. Neçə dəfə getmək, ya elçi
göndərmək istəmişdi, amma qartal qüruru imkan verməmişdi...
Ağbaş sübh tezdən, gün hələ çıxmamış, sönməkdə olan ayın işığı
altında günbatana doğru istsqamət götürdü. Onun yolu uzaq, məqsədi
aydın idi. O, bir vaxt Quş-qayadan uçub getmiş, yoxa çıxmış
ailəsinin dalınca uzaq düzənmeşələrə uçurdu. Bu, bir-bir dünyanı
tərk etmiş qoca qartalların - ağsaqqalların vəsiyyəti idi, bu, onun
qəlbinin səsi idi. Yoxsa, o, bu dünyadan gedə bilməzdi. Hazırlaşmaq
isə lazım idi, Zaman öz işini görürdü.
Ağbaş mənzil başına ertəsi gün, hələ gün batmamış gəlib çatdı.
Uzaq yol gəlsə də, dincini almadan axtarışa başladı, ucsuz-bucaqsız
düzənmeşələri ələk-vələk etdi. O, gah səmanın ənginliklərinə
qalxır, gözdən itirdi, gah da qanadları ağacların başına dəyincə
aşağı düşürdü, axtardıqca yorulur, yorulduqca axtarırdı.
Hər hansı canlı öz həmcinsini axtaranda, onu görməsə də,
eşitməsə də, nə isə güclü bir hissiyyatın təsiri ilə onun varlığını
duyur, hiss edir. Bu hissiyyat birbaşa təbiətin özündən gəlir –
instikidir, onun hesabına həyat davam edir, nəsillər bir-birini
əvəz edir. İndi həmin hissiyyat Ağbaşa deyirdi ki, bu səmalarda, bu
meşələrdə qartal yaşamır. Bu hissə inanmamaq olmazdı, o, tarixlərin
sınağından çıxmışdı, o, heç zaman aldatmırdı.
Ağbaşın ürəyi sıxıldı, o, bir dağ kəkliyi kimi göyə, səmanın
ənginliklərinə milləndi. Qalxdıqca qalxdı, yorulmuş qanadlarında
bir ağrı hiss edəndə dayandı, qanadlarını geniş açdı, hələ
itiliyini itirməmiş gözlərini aşağı, meşələrə zilləyib süzməyə
başladı. Birdən onun diqqətini meşələrin qurtaracağında, yuxarıdan
nazik xətt kimi görünən yolun qırağında bir tikili cəlb etdi. Onun
iti gözləri tikintinin dövrəsində adamların gəzişdiyini, ağ, qara
maşınların dayandığını gördü. Bu adamlar dairə halında dayanıb nəyə
isə baxır, əl-qollarını ölçə-ölçə danışırdılar. Ağbaşın diqqətini
cəlb edən də həmin bu canlı idi. Bu, dağ qartalı idi, Quş-qaya
ailəsindən olan erkək qartal idi. Ağbaş bunu öz instikinin gücü ilə
hiss etdi, diqqətlə baxmaq üçün yavaş-yavaş enməyə başladı və
tezliklə yanılmadığına əmin oldu. Deyəsən, yerdəki qartal da onu
gördü, çırpındı…
Bu, Göygöz idi. O, uça bilmir, iri qanadlarını yerə çırpsa da,
qalxa bilmirdi. Göygöz də onu tanımışdı. Ağbaşın iti qulağı onun
boğazından çıxan fəryadı eşitdi, səsinə səs verdi. Adamlar qartalın
narahat olduğunu hiss etdilər, amma onun boğazından gələn
xırıltının fəryad olduğunu bilmədilər. Qartalın göyə baxıb
çırpındığını görən bir-iki nəfər başını qaldırdı, amma şər
qarışdığından göylərin alaqaranlığında bir şey seçmədilər. Burada
qaranlıq dağlardakından tez düşürdü. Ağbaş bu gün artıq heç nə edə
bilməzdi.
Ağbaş sübh tezdən, günəş hələ qaranlığı qovmamış, insanları
oyatmamış meşənin qurtaracağına, yolun qırağında olan tikilinin
yanına qondu. Dünəndən onu görmüş, indi də həsrətlə göydən yerə
enməsini seyr edən Göygöz bir anlıq elə bil ki, dondu. Onun geniş
açılmış göy gözləri yaşla, həsrətlə, ağrı ilə dolu idi. Göz yaşları
dimdiyinə doğru axır, ordan yavaş-yavaş torpağa damcılayırdı.
Qartal ağlayırdı... Bu, görünməmiş şeydi. Ağbaş nə isə demək
istədi, ancaq boğazından boğuq bir xırıltı çıxdı. Bu, dünən
Göygözün boğazından çıxan xırıltının eyni idi, bu, fəryad idi.
Ağbaş da ağlayırdı... Əgər, iki qartal birdən ağlayırdısa, deməli,
qartalın ağlaması görünməmiş şey deyildi...
İki rəqib üz-üzə dayanmışdı. İllər keçsə də, hər iki qartal
qocalsa da, heç birinin gözləri işıqdan, qanadları gücdən
düşməmişdi. Hər ikisi başını dik tutur, məğrur bir əda ilə
qanadlarını böyrünə sıxırdı. Amma biri ruhdan düşmüşdü, bunu onun
gözlərindən oxumaq olurdu. Bu gözlər artıq qığılcım saçmırdı,
ümidsizliyin doğurduğu acı göz yaşları bu qığılcımları söndürmüşdü.
O, qartal olsa da, las toyuqdan fərqli deyildi, çünki azad deyildi,
çünki qul idi. Ağbaş öz azad, məğrur başını dik tutmuşdu, göz
yaşları acı olsa da, onun qəlbini sakitləşdirmişdi. İndi o, qulaq
asmağa hazır idi. Göygöz də onu çox gözlətmədi.
- Söz vaxtına çəkər deyərlər, yəqin yadındadır, biz də onda elə
bu vaxtlar yola çıxmışdıq. Əvvəllər elə bilirdik ki, buralar əsl
cənnətdir. Ailə həm məndən, həm də güzəranından razı idi. Heç kim
gəldiyinə peşman deyildi - meşələr geniş, yem bol idi. Quş-qayadan
fərqli olaraq, biz burda yuvalarımızı ağaclarda qurmuşduq. Buna
görə də, acısını çəkməli olduq: ağaca dırmaşan heyvanlar -
yenotlar, meşə pişikləri bizə qənim kəsilmişdi. Əlbəttə, onlar
bizimlə üz-üzə gəlməyə cəsarət etmirdilər. Ancaq yuvalardan
yumurtaları, ətcə balaları oğurlayıb yeyirdilər. Beləliklə,
yuvalarımızın yarıdan çoxu bu cür qarət edildi.
Bu azmış kimi, qartallar dağlarda görmədiyimiz meşə qızdırmasına
tutulub ölməyə başladılar. Payızın axırında artıq köçün yarısı
qırılmışdı. Tezliklə qış gəldi, hər tərəfi qar tutdu. Sevindik ki,
qızdırmadan qurtulduq, sən saydığını say...
Dağ qartallarının dağlardan düzənlərə uçub gəlməsini elə yazdan
müşahidə edən qoruq işçiləri də, deyəsən, qışı gözləyirdilər. Onlar
meşələrdə tələlər qurub qartalları tutur, dəmir qəfəslərə salıb
hara isə göndərirdilər. Həmin ili yaza çıxan qartalların sayı
Quş-qayada qalanlardan çox deyildi. Onlar dağlara, Quş-qayaya
qayıtmaq istəyirdilər, amma mən bir az inadımdan, bir az da
qürurumdan razılıq vermirdim. Yəqin sizdən bir elçi gəlsəydi, biz
qayıdardıq. Nə isə...
İkinci ili qırılan qırıldı, sağ qalanları da qoruq işçiləri
tutub qəfəslərə saldılar. O vaxt bu yeməkxana - Göygöz tikilini
göstərdi - təzə tikilirdi. Onun sahibi məni maraqlı bir şey kimi
bura gələnlərə göstərmək məqsədilə qoruq işçilərindən satın aldı,
gətirib burda zəncirlədi. (Ağbaş onun ayağına bağlı yoğun zəncirə
baxdı, zəncir yerə vurulmuş qalın dəmir payaya bənd edilmişdi.)
İndi budur, burda "bolluqda", "əmin-amanlıqda" yaşayıram, - o,
ətrafa atılmış sümük və ət parçalarını göstərdi, - soyuqdan ölməyim
deyə, qışda məni dəmir qəfəsə salıb yeməkxananın içərisində
saxlayırlar. Gördüyün kimi, təhlükəsizliyim də tam təmin olunub.
Eh, sən toyuq deyirdin, Ağbaş, mən indi toyuqdan pisəm. Toyuğun heç
olmasa, ayağı açıqdır, ora-bura qaçır.
Göygöz susdu, ortaya ağır, onu bağlandığı zəncirlərdən də ağır
sükut çökdü. Ağbaş onu sakitləşdirmək, nə isə demək xatirinə sükutu
pozdu, amma nə özü dediyini başa düşdü, nə də Göygöz bunu
eşitdi.
Səma tünd mavi rəng almağa, üfüqlər qızarmağa başladı. Getmək
vaxtı idi. Vidalaşarkən Göygöz göz yaşları içində dedi:
- Get, Ağbaş, get bütün bunları Quş-qaya qartallarına söylə. Qoy
hamı bilsin ki, qartalı qartal edən dağlardır, vətəndir. Kökü vətən
torpağına bağlı olmayan hər kəs, başı Böyük yaradana qədər ucalsa
da, - Göygöz başını artıq qızarmaqda olan günəşə doğru çevirdi, -
ölümə və əsarətə məhkumdur.