Rus ədəbiyyatının simvolu, "rus poeziyasının
günəşi" Alekandr Sergeyeviç Puşkin dünyasını dəyişəndə arxasında
təkcə şeirlər qoyub getmədi. O həm də bir ailə qoyub
getdi.
Sirr deyil ki, şair xanımını və uşaqlarını o qədər də sevmirdi.
Müasirlərindən fərqli olaraq Puşkin heç vaxt ailəsində xoşbəxtlik
tapa bilmədiyini gizlətməyib: "Mənim ailəm genişlənir, böyüyür,
səs-küy salır yanımda. Amma indi, deyəsən, deyinməyə ehtiyac
yoxdur, qocalıqda heç nədən qorxmursan", – bu sözləri dahi şair öz
dostu Pavel Naşokinə yolladığı məktubunda yazıb.
Puşkinin övladları fərqli istiqamətlərə getdilər: oğulları
hərbçi oldu, böyük qızı kiçik Natalya Aleksandrovna qədər çətin bir
həyat yaşamasa da, Natalyanın həyatı rus qadınları üçün bir əfsanə
olub. Onun həyatı o qədər rəngarəng, özünəməxsus və bir o qədər də
çətin keçib ki, adam özü-özünə düşünür: Niyə xanım Natalya
Aleksandrovnanın həyatı ilə bağlı filmlər çəkilməyib?
Balaca Natalyanı ailə üzvləri Şeytan Taşa deyə çağırırdı. Şən,
yaramaz qızcığaz böyüklərlə asanlıqla dil tapır, anası və dayələr
tərəfindən tərbiyə olunurdu. O, atasını xatırlamırdı. Çünki atası o
hələ səkkiz aylıq olanda dünyasını dəyişmişdi.
Natalya yaxşı təhsil almışdı, alman və fransız dillərində
sərbəst yaza və oxuya bilirdi.
Natalya 16 yaşı olanda cavan və yaraşıqlı qrafa – Nikolay Orlova
aşiq olur. Bununla da Natalyanın keşməkeşli həyatının ilk müsibəti
başlayır. Yazılanlara görə, Nikolay da xanım Natalyaya qarşı biganə
olmur. Amma nə edəsən ki, onu qadın gözəlliyindən və intellektindən
başqa həm də əsilzadə nəslinə məxsus olması maraqlandırırdı. Qraf
Orlov adi bir ədəbiyyatçının qızı ilə evlənə bilməzdi...
Tərəflərin bir-birinə qarşı duyduqları məhəbbətdən xəbər tutan
jandarma korpusunun rəisi öz oğlu Nikolayı xaricə yollayır və
beləliklə, gəncləri bir-birindən ayırmağa müvəffəq olur.
Demək olar ki, Natalya Aleksandrovna təkcə xarici görünüşü ilə
deyil, həm də xarakteri ilə atasına çox oxşayırdı. Qürurlu, müəyyən
qədər qəribə, mətanətli xanım Natalya öz alçaldılmış məhəbbətini
bağışlaya bilmir. Təkcə Orlovı yox, onu ittiham edən cəmiyyəti də
"günahlandıraraq" Mixail Dubeltin evlənmə təklifini qəbul edir.
Maraqlısı budur ki, Mixail Dubelt özü də sıravi vətəndaş deyildi,
atası general idi...
Gənclərin nikahı hələ ilk vaxtlardan alınmadı. Mixail qumarbaz
idi və həyatını stolüstü oyunlardan kənarda təsəvvür edə bilmirdi.
Xanımına hədiyyə etdiyi 28 min gümüşü qumarda uduzması ilə evdə
qalmaqallar başlayır. Evdə hər gün problemlər yaşamağına və
çətinliklə dolanmaqlarına baxmayaraq, Natalya üç övlad dünyaya
gətirir və onların tərbiyəsi ilə özü məşğul olur, ballara gedir,
müxtəlif kitablar oxuyur.
Natalya heç nəyi anasından gizli saxlaya bilmir, ailə daxilində
baş verən hər şeyi öz anasına danışır. Sonunda anasının tövsiyəsi
ilə Natalya öz ərindən ayrılmaq və bütün bu dəhşətə son qoymaq
qərarına gəlir. Lakin həyat yoldaşı Dubelt onu nəyinki Rusiyada,
hətta yaxasını götürüb qaçdığı Avropada da rahat buraxmır.
Almaniyaya gəldikdən sonra isə hər şey dəyişir. Natalya şahzadə
Nikolay Vilhelmlə tanış olur. Natalyanın köhnə həyat yoldaşı, ondan
olan üç uşağı – heç nə Nikolaya mane ola bilmir və onlar
evlənirlər. Bir müddət sonra xanım Aleksandrovna Nikolaydan övlad
dünyaya gətirir. Ailənin xoşbəxtliyinə bu dəfə Natalyanın atasının
– Puşkinin yazıları mane olur. Natalya atasının əlyazmalarını
anasına etibar edir ki, çətin vəziyyətdə satıb özünü dolandıra
bilsin. Lakin bir müddət keçdikdən sonra Natalya Aleksandrovna
atasının yazılarını dərc etdirmək qərarına gəlir. Buna səbəb
Natalyanın maddi gəlir güdməsi olmur, o, atasının yazdıqlarını
xalqa çatdırmalı olduğunu düşünüb bu addımı atır. Xanım Natalya
İvan Turgenevi bu işdə özünə köməkçi seçir. Puşkinin "Avropa
carçısı" jurnalında nəşr olunan əlyazmaları gözlənilən kimi
qarşılanmır. Oxucular, hətta Puşkinin ailə üzvləri bu əlyazmaların
çapını pisləyir və şairin şəxsi həyatının ictimailləşdirilməsi kimi
qəbul edir. Puşkinin oğulları o qədər əsəbiləşir ki, hətta nəşrdə
əli olduğuna görə Turgenevi duelə çağırmaq istəyirlər. Bütün bu
söz-söhbətlərdən sonra Nassau knyazlığının qanunlarına əsasən,
Natalya Aleksandrovnaya öz ərinə ölümündən sonra belə toxunmaq
qadağa edildi. Xanım Natalya ərinə yaxın ola bilmək üçün bir çarə
tapır. Vəsiyyətində yazır ki, ölümümdən sonra kremasiyamı – cəsədin
yandırılmasından sonra yaranan külü ərinin sərdabəsinin üstünə
tökün. Natalyanın vəsiyyətinə əməl edirlər. Hazırda bu möhtəşəm
qadının məzarı belə yoxdur.
Faciəli və özünəməxsus həyatı ilə Natalya Aleksandrovnanın
həyatını oxuyan heç kim bu taleyə biganə yanaşa bilmir. Puşkin
dühasının balaca "şeytan"ı XIX əsrin ən güclü qadınlarından biri
kimi yadda qalıb.