Yuxarı

İlk dəfədir: Vüqar Əliyə valeh oldum...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk dəfədir ki, dünyada yaşayan və dövrümdə gəzib dolanan bir rəssamın əsərlərinə valeh oldum. Sərgidə dolaşdıqca, bir-birindən fərqli mövzulu əsərlərə baxdıqca, gözümün önünə uşaqlığım, Buzovnadakı bağ evimiz, kiçik daxmanın pəncərəsindən boylanan nənəm, babam, babamın tar ifası, bir də ən əsası, bu bağın səssiz mehini duydum. Qumdan seçilməyən yalın ayaqlı kənd uşaqları gözümün önündə qaçmağa, oynamağa başladı. Yanımda olan tanış-bilişi, hər kəsi unutdum. Rəssam gülərüz, çox az tanıdığım Vüqar Əli...

Həyatı anladığım gündən rəngli görmüşəm. Yuxularm indi də rəngli. İçimdə olan göy qurşağı rənglərini heç bir zaman itirmədim. Bəzən xatirələrdə azıb qalmaq insanı elə böyük fəlakətlərə sürükləyir ki! Məsələn, xəyalının yaddaşına istinad edib bir adamı yanlışlıqla doğman bilirsən, filan. Xəyallara, keçmiş xatirələrə söykənib bütöv bir ədəbiyyat yaradırsan və sonu acı bitir. Elə bilirsən ki, hər yaşanmış həyat ömürdəndir? Əlbəttə yox, bəzən o qədər heyifsilənirsən anlamsız insanlarla keçirdiyin zamana, boş vaxt sərf etdiyin yalan dostluqlara, gündəlik qayğılarda xərclənib gedən gəncliyinə. Bütün bu xaosun içində insan əliylə yaranan təbiət möcüzəsidir incəsənət, Allahın yaratdığı aləmin aşılanmasıdır. Biz dağa, dərəyə, gülə, insanlara bir daha baxmağı öyrənirik, bu dəfə incəsənətin gözüylə. Bu gözəl sahələrin mənim üçün öndə duran sənətlərindən biri rəssamlıqdır.

Bu sərgidə gəzərkən ağlıma gələn qısa fraqmentlərdən danışmaq fikrim yoxdur.

Rəssamı tanımaq istəyim mənim ruhumu sarmışdı. İlk baxışdan yaratdıqlarından çox fərqli bir insan görsəm belə, görüşümüzdən sonra onun ürəyində olan həyat eşqi tamamilə fikrimdən daşındırdı. O, yaratdıqları əsərlərin baş rol ifaçısıdır. Onun çəkdiyi rənglər, çiçəklər belə onun özüdür. Rəng dünyası haqqında isə bir ayrı düşüncələrə qapıldım.

Bir ilə yaxın ağır xəstəliyim məni bu dünyadan ayırdı. Vüqar Əli yaradıcılığı, onu yaxından duymaq və öyrənmək üçün yolçuluq uzun çəkdi. Böyük bir yol aşıb nəticəyə çatdıq. Bu lap Mövlanə ilə Şəmsin görüşünə bənzədi.

Alaqaranlıq bir mansartda çox mütəvazi balaca bir iş emalatxanasında rəssamla səhər çağı axır ki, görüşə bildim.

Vüqar Əli mən bildiyim danışmaz adam deyilmiş - ilk düşüncəm bu oldu. O, bütün mövzulardan danışdı, ustadlarını yada saldı, öyrəndiyi, ona yaradıcılığına qatqısı olan hər kəsdən söz açdı. Özünü öymədi. Vətən sevgisi gözlərindən yağan bu rəssamın əl işlərindən bunu asanlıqla görmək olurdu ki, o, durmadan çalışır. Dinamik iş rejiminə sahibdir. O, dayanmadan sənət üçün külüng vurub, hər dəfəsində bir qaya yaratmaq əzmində, gözəlliyində işlər görür. Vətəninə, kökünə bağlı olmayan sənətçinin əsərləri də özü kimi yad olar.

Vüqara suallar vermədim. Əsərlərinin anlamını soruşdum. Baxan kimi anladığım əsərlərin onun dilindən şərhini istədim. Əslində bütün ruhunu oxuduğum rəssama bilməz kimi görünməyim özümə də qəribə gəldi. Onu bir ildir ki, izləyib, əsərlərinə valeh olduğumu da dilə gətirmədim. Bu görüşün təsiri altında çox düşüncələrim oldu.

Əvvəla rəssamın çox kiçik emalatxanası onun yaradıcılığını gözəlləşdirirdi. Digəri isə - bütün rəssamları bəlkə də qısqandıracaq bu dediyim - onun “Bakı rəssamı” olması rənglərini əfsanəvi edirdi. Onun məhəllə şəkilləri, Bakı təsvirləri, insan obrazları, qədim filmlərimizə çəkdiyi əsərləri ecazkardı. Uğurlu işlərə gəldikdə isə, rəssam sənətçidir; çox gözəl olardı ki, bu cür istedadları qorumaq üçün çox işlər görünərdi. Mənə elə gəlir ki, sənət yaradan insanlar cəmiyyətdə digər fərdlərdən seçilir. Onları uşaq kimi qorumaq lazımdır. Onlar dünyəvi problemlərdən uzaq olmalıdırlar.

Vüqar Əli müəllimdir. Düzdür, öz sənətini tədris edir. Yalnız mənim şəxsi yanaşmama görə, sənət adamları bu şəkildə özlərini xərcləyirlər. Bu gözəldir, dövrlərlə rəssamların şagirdləri olub, yalnız bir, ya iki nəfər. Kütlə bütün hallarda enerjiyə təsir edir. Baxmayaraq ki, Vüqar müəllim öz tələbələrinə çox bağlıdır, müəllimlik işinə çox həssas yanaşır, tələbələrinin uğurlarına sevinə bilir, düşünürdüm ki, müəllimlik sənət adamlarının parçalanması deməkdir. Əlbəttə, mən dünyanı dəyişə bilmərəm.

Dünya öz qanunlarıyla bizə meydan oxuyur. İnsanlar ali hissləri belə çərçivədən izləyirlər. Azadlıq olmayan yerdə sənət olmaz.

Çox sevinirdim ki, həmsöhbətim azad ruhlu, heç bir çərçivəyə sığmayan, sadə insandır. Bu sadəlik möhtəşəmlik yaratdı. Hər şey rənglərin ritmi adlandırılmış sərgidən başlamışdı. Yalnız mən bu rəssamın bütünlükdə yaradıcılığına “Azadlığın rəngi” adını qoyardım.

Əsərləri caz musiqisinin, klassık musiqinin sədalarını xatırladan rəssam. Baxdığım hər əsərində bir fəsli xatırladan sənətkardır Vüqar Əli.

Onun Bakı əhvalatları silsiləsi məni uşaqlıq illərimə apardı. Bakı kəndlərinin özünəməxsus olan səssiz, dolanbac dalanlarını, yalnız addım səslərim gələn çınqıllı yollarını yaddaşımda oyandırdı. Çirkli qumla oynadığım vaxtları hiss etdim, əllərimdə olan yasəmən çiçəklərinin ətrini duydurdu. Heç zaman yaxınına getmədiyim dənizdə çimən və xoşbəxt olan uşaqlara baxan həsədli gözlərimi yada saldı.

Onun çəkdiyi qadınlar gözəl deyildi. Onlar sanki gözəlliklərini unutmuş bir dünyanın zərif hissələri idi. Hər biri qırılıb, dərilib solan gül kimi məsum və çarəsiz, boynubükük görünürdü. Kimsənin kimsə yerinə yaşamadığı dünyada bu qədər qadın obrazı yaratmağın da yəqin bir sirri var idi. Düşündüm, qadının insan dünyaya gətirməsi gücü hər şeyin əvvəli və dünyaya gətirəni timsalıdır. Qadın bu baxımdan yaranışın özüdür. Bir gülü, bir həyat hadisəsini, darıxmaq, gülmək, sevinmək, üzülmək hissinin də ilk yaradıcısı o olma ehtimalı böyükdür. Hətta “Siciliya üzərində külək” əsərində rəssam, deyəsən, az qala dövrümüzü saran və bütün işlərimizi iflic edən pandemiyanı belə qadına bənzətmişdi.

Mən sənətşünas olmadığımdan yalnız öz ədəbi baxışımdan onu bu cür görür və izah edirdim. Vüqar Əlinin çəkdiyi qadınlar əsl qadınlar deyil, o qadınların ruhu, düşüncələridir.

Bakı lövhələri, köhnəlik, nostalji ağrılarsa onun əsərlərində şahlıq edir. Vüqar doğma evlərin, küçələrin söküldüyü hər qarışı, doğmalıqla yadda qalan yerləri öz işlərində bizə sevgiylə çatdırmışdır. Uşaqlıq illərimizin xatirə yaddaşımıza həkk olunan, səslərin, rənglərin ətrini bu rəsm əsərlərindən asanlıqla duymaq olur.

Bu köhnə evlərlə yanaşı, insanlıq, doğmalıq, qonşuluq duyğuları da silinib getdi. O evlərdən çıxan insanlar həmişə içlərində bir uşağı gizləyirlər və heç böyüyə bilmirlər. Vüqar Əlinin “Cərimə zərbəsi”, ”Bağlı qapı arxasında” , ”Qəm pəncərəsi”, ”Cocukluğun son şəhəri”, ”Qırmızı top” əsərləri buna canlı sübutdur.

Bütün bir seriya boyu rəsmlərdə diqqətimi qırmızı top simvolu cəlb etdi. Bir rəsmdə bu top sadəcə bir qız uşağının əlində, bir şəkildə söküntülər altında, digərində futbol oynayan uşağın heyrətində, ən son isə evin qapısında görüntülənir. Bu qırmızı top orada itib-batan uşaqlıq illərimizdir. Bu cür parlaq, işıqlı, aydın xatirələrimizdir.

Rəssamın əsərlərində meydan oxuyan daha bir simvol şanapipikdir. Onu azadlığa can atıb çərçivələri qıran qəhrəman, Bakı küləyində sovrulan aciz, qum sahillərində sürünən, darıxan görmək də bir ayrı maraq.

Tarix boyu ayrı-ayrı rəssamların əsərlərində nar simvolu görmüşük. Toğrul Nərimanbəyovun nar dünyası hələ də göz yaddaşımızda silinməz qalır. Yalnız Vüqar narı insana bənzədir, qadın nar obrazını yaradır. Yenə bayaq dediyim qadının yaradan olma halına gəlirik...

Vüqar Əli əsərlərində olan tərbiyə isə məni bu sənətçinin rənglər dünyasıyla doğma edən, ürəyimə sevgi səpən ən əsas hissəsidir. Onun səliqəsi insanın ən çətin duyğularını belə gözəlliklə sarır. Bu, dərdini gülərək, ətrafı yormadan danışan gülərüz bir obrazdır. Rəssama dair düşüncələrimin əsasıdır. Demək olar ki, sözümün canıdır.

Bəzən baxdığımız rəsm əsərləri qaranlıq, zəncirlər içində, tünd çərçivələrlə ruhumuzu daraldır. Nə qədər böyük həyatı anlamı olsa belə, bu işi bir də əldə edib baxmaq istəmirsən. Vüqar Əli yaradıcılığı işıq və sevgi mənbəyidir. Onun hər əsəri bir ədəbi nümunədir. Onun hər rəngini işlədiyi mövzu bir nəsr, bir şeir mövzusudur.

Uzun müddət teatrda işləmiş rəssam. Teatr adlı möcüzənin də sehrini yaradıcılığına gətirib çıxarıb.

Emalatxanadan çıxarkən onun rənglər dünyasında sarı çalarların səbəbini soruşdum. Çünki mənim üçün bu rəng azadlığın, günəşin rəngidir. “Siz bu işə lap şair kimi yanaşırsız deyib”, gülümsədi. “Real olaraq bu rəngin üzərində digər rənglər daha gözəl oturur” vurğuladı. Yəni bunun heç bir mifik göydən düşmə sehri yoxdur.

Düzü bir az pərt oldum. Şairlik etməyim mənim həmişə miflər və arzulardan ibarət olduğum demək deyil axı. Cavabı olduğu kimi yazmaqda da bir ayrı məqsədim var.

Vüqar dövrümüzün yaddaqalan rənglər dünyasını yaradan istedadlı rəssamlarından biridir və onun çəkdiyi hər rəsmin altında bir azadlıq günəşi parlamaqdadı.

Tarix
2021.02.27 / 00:15
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla