Yeni tərtib olunmuş layihəyə görə, Azərbaycanda elm və
ədəbiyyat adamlarının yeni çap olunan kitabları Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi və Azərbaycan Yaradıcılıq Fondu tərəfindən
alınaraq ölkə əhalisinin maarifləndirilməsi üçün
paylanacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun
mətbuat katibi Ceyhun Musaoğlu layihə ilə bağlı əsas məqamları
Axar.az-a danışıb:
"Layihənin ideya müəllifi Dövlət müşaviri, akademik Kamal
Abdullayevdir. Kamal müəllim bizimlə söhbətlərində tez-tez
vurğulayırdı ki, yazıçı öz kitabını satmaq problemi ilə
qarşılaşmamalıdır; yazıçı əsərini yazmalı, onun nəşri və satışını
nəşriyyatlar öz üzərinə götürməlidir. Təəssüf ki, bizdə hələ bu
sistem tam oturuşmayıb. Ona görə də belə qərara gəldik ki, geniş
oxucu kütləsi olan, sevilən yazarların kitablarını özümüz alaq və
onların yayılmasını təşkil edək. Kamal müəllimin bir fikrini də
xatırlatmaq yerinə düşər: "Əsas oxucunu formalaşdırmaqdır, yazıçını
yox". Məhz bu məntiqdən çıxış edərək, həyata keçirəcəyimiz layihə
ilə həm yazıçıların kitablarını alacağıq, həm də bu kitabların
gənclər, məktəblilər arasında oxunmasına, ev kitabxanalarının
zənginləşdirilməsinə çalışacağıq. Bir sözlə, məqsədimiz yazarların
kitablarının satılmasına, daxildə və xaricdə yayılmasına,
oxunmasına və bu yolla ev kitabxanalarının yaradılmasına nail
olmaqdır.
Layihə çərçivəsində ədəbiyyatın təbliği, oxu vərdişlərinin
aşılanması, yazarların tanınması, oxucu ilə müəllif təmaslarının
qurulması, kitab bayramlarının, sərgilərinin keçirilməsi, əsərlərin
xaricdə təqdimatı kimi müxtəlif işlər həyata keçirəcəyik. Kitablar
Bilik Fondunun hər bir rayonda fəaliyyət göstərən nümayəndələri
vasitəsilə regionlarımıza çatdırılacaq.
Bu qurumlar Azərbaycanın gənc yazarlarının xarici ölkələrdə
yaşayan gənc həmkarları ilə görüşlərini də təşkil etməyi
planlaşdırır.
Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsi də var. Öncə bu
layihədə iştirak edən məktəblilərin ev kitabxanalarını yaradacağıq.
Həmin kitablar onlara hədiyyə olunacaq və mütəmadi olaraq, ev
kitabxanalarının monitorinqi keçiriləcək. Bununla yanaşı,
yazarların bölgələrdə görüşləri təşkil olunacaq. Elmlə
maraqlananlara daha çox elmi, fəlsəfə ilə maraqlananlara fəlsəfi,
şeirlə maraqlananlara şeir kitabları veriləcək. Gördüyümüz iş
mətbuat tərəfindən nə qədər geniş təbliğ olunsa, cəmiyyətin
maariflənməsi prosesi bir o qədər yüksək sürət götürər. Biz məhz
uşaqlara məxsus kitabxanalar yaratmaq istəyirik. Kitab toplamaq hər
bir yeniyetmənin, məktəblinin hobbisinə çevrilməlidir".