Salam Sarvan: "Mən bu dərinliyə girməyə hazır
deyiləm"
"Həyat bir tamaşa, insanlar isə aktyordu" fikri bəlkə də, bu
günümüzlə səsləşmir. Bizə görə həyat bir idmandı, insanlar isə
oyunçu. "FutQOLaktika"da futbolçu kimi şair Salam Sarvanı sınağa
çəkdik. Onun hansı cinahda, necə bir eşqlə oynadığını siz
müəyyənləşdirin...
- Salam bəy, 90 dəqiqə meydanda olanda
darıxmırsız?
- Yox. Ancaq fasilələrdə darıxıram. Bu fasilələrə-boşluqlara
düşdüyüm hallar tez-tez olur. Hərçənd indiki "oyunları" hakimlərin
yox, tamaşaçıların fiti idarə elədiyinə görə cəmiyyət də, həyat da
maraqsızdır, darıxdırıcıdır.
- Sizi ən çox nə əsəbləşdirir? Qapınızda top görmək,
yoxsa rəqibin torunu silkələyə bilməmək?
- Yəqin ki, oyunda ikisi də əsəbiləşdirərdi.
- Hakimin qırmızı kartı Tanrının ölüm hökmünün
ekvivalentidir?
- Məncə, kainatın iki cür izahı var. Elmi və Eşqi izah. Şair də
deyir ki, "Eşq imiş hər nə var dünyada, elm bir qeylü-qal imiş".
Eşqi izaha görə, insan ömrü təkcə bu dünyadakından ibarət deyil.
İnsan yaradılış olaraq belə tez - hətta bəzən doğulan kimi, hətta
bəzən beş yaşında bitə bilməz. Dində, fəlsəfədə ölümdən sonrakı
həyata dair xeyli fərqli baxışlar var: ruhun köçürülməsindən tutmuş
o dünyadakı cənnət-cəhənnəm həyatına qədər. Mənim daxili inamıma
görə, bu baxışlardan hansısa biri düz çıxacaq. Yəni inanıram ki,
ardımız var, insan sonsuzdur, sonsuzluğacandır. Bunu bizim dünyaya
Elmi yox, Eşqi yanaşmamız deyir.
- İndiki halınızdan razısız?
- Daha mükəmməl olmağın hüdudları yoxdur. Deməli, mükəmməllik
yoxdur.
- Azarkeşlərin dəstəyi Salam Sarvanı
qorxutmur?
- Bu barədə nə vaxtsa bir dəfə yazmışdım. Hər halda,
düşündürücüdür, xalq öz şairini sevirmi, sevməsi mümkünmü? Bəlkə,
xalq, sadəcə, öz şairinin spontan şöhrəti qarşısında təslim olmuş
hisslərini ifadə edir? Xalq Səməd Vurğunu sevirdimi, xalq Zəlimxan
Yaqubu sevirmi, xalqın Vaqif Səmədoğlunun arxasınca "axıtdığı göz
yaşları" sevgi idimi? Yəni xırdalamaq lazımdır ki, hansı dəstəkdən,
hansı azarkeşlikdən söhbət gedir. Bu, çox çətin sualdır və mən bu
dərinliyə girməyə hazır deyiləm. Səthi ümimiləşdirmələr qarşısında
isə əllərimi qaldırmaq istəmirəm. Hərçənd Lorka deyərdi ki,
poeziyaya azarkeşlər yox, aşiqlər lazımdır. Poeziya yola tikanlar
döşəyir, şüşə qırıntıları səpir ki, sevgi naminə onu axtaranların
əl-ayağından qan axsın. Ancaq Lorkanın da bu münasibəti, məncə,
hədindən artıq kəskindir.
"İnsanlar yaxşı aktyor
deyillər"
- Arxadan deyil, qarşıdan gəlib ötən rəqibinizə deməyə
sözünüz olur?
- Yazdığım şeirlərin misraları üstündə qurulmuş suallara cavab
vermək mənimçün çətindir.
- Deyirlər, hər kəsin bir dövranı var. Salam Sarvanın
dövranı olub, yoxsa hələ qabaqdadır?
- Məni yaxşı tanıyan dostlar bilir ki, ədəbiyyatla bağlı heç bir
gərginliyim yoxdur. Rahatam. Ədəbi mövqelər, ədəbi postlar uğrunda
canfəşanlıq göstərmirəm. Tənqidləri könül rahatlığıyla qəbul
eləyirəm. Bunlar məncə, məsələnin yaxşı tərəfləridir. Pis tərəfi o
ki, yazdığım şeirlərin taleyinə biganəyəm. İki il qabaq Sevil
Gültən o şeirləri ingiliscəyə tərcümə eləmişdi, iki ildi ki, mən o
tərcümələri bir ingilis dərgisinə göndərməyə ərinirəm. Hə, vallah.
Məncə, şeirdə dövran yiyəsi olmaq kimi sancılarım heç vaxt olmayıb.
"Şair ömrümün" nə qədər çəkəcəyi ilə bağlı, ədəbiyyatda
qalıb-qalmayacağımla bağlı da narahatlığım yox. Ədəbi həyatımda nə
olubsa, spontan, gözlənilmədən baş verib. Vallahi, az-çox
tanınmağın özü də həmişə utandırıb məni. Bu mənada "Məşhurluq
ayıbdır" deyən bir yazıçıyla həmfikirəm - hərçənd sən deyən
məşhurluq olmasa da. Nə isə, şair demiş, nə olur-olsun, təki eyni
pəncərədən eyni mənzərəyə hərəkətsiz baxış olmasın.
- Nüsrət Kəsəmənlinin "daha nağıllara inanmıram mən"
misrasını bir az dəyişdirib Salam Sarvanın adından "daha oyunlara
inanmıram" yazmaq olar?
- Yox, olmaz. Yoxsa bu, mədəniyyətdən imtina eləmək kimi
çıxardı. Belə bir düşüncə var ki, dünyadakı bütün mədəniyyətlərin
başlanğıcında oyunlar dayanıb. Sözün birbaşa mənasında oyun deyirəm
ha. Yəni mədəniyyət oyundan törəyib. Tutalım, əvvəlcə "çilingağac"
oyunu olub, sonrasa bunun üstündə, tutalım, ərəb mədəniyyəti
yaranıb. Hardasa oxumuşdum ki, quşlar filogenetik cəhətdən insandan
nə qədər geri qalsalar da, insanla xeyli ortaq şeyləri var: rəqs
eləyirlər, yuvalarını bəzəyirlər, melodiya bəstələyirlər, uçuşda
yarışırlar. Yəni yarış, oyun, tamaşa bir əyləncə kimi mədəniyyətdən
yaranmır, mədəniyyəti qabaqlayır.
- Әdəbiyyatda nəzirə var, bəs futbolda?..
- Bilmirəm, Azərbaycan futbolunu futbola nəzirə saymaq olar,
yoxsa yox.
- Deyəsən, oyunların da zibili çıxıb?
- Qoy bu suala "oyun"un geniş anlamında cavab verim. Şekspir
deyəndə ki, həyat bir səhnə, insanlarsa aktyordurlar, yadından
çıxıb bunun ardını da demək ki, insanlar yaxşı aktyor deyillər.
Deyəsən, həyatın bayağılığı da orasındadır ki, bizim öz
rollarımızın öhdəsindən gəlmək istedadımız yoxdur. Yalançı
"yalançı" roluna, yaltaq "yaltaq" roluna, namərd "namərd" roluna,
lotu "lotu" roluna düz-əməlli girə bilmir. Məhz öz rollarımızın
ifasında buraxdığımız "quş"lara görə bir-birimizin səhnədə deyil,
həyatda olduğunu asanlıqla tuta bilirik. Deyəsən, bütün
sarsıntılarımızın səbəbi bundadır. Nə gözəl olardı həyatı bir səhnə
kimi yaşamaq, ətrafdakıları bir tamaşa, bir oyun kimi izləmək.
Məsələn, sifətdən-sifətə düşə bilməyənlərə roldan-rola girə
bilməyənlər kimi qınaqla baxmaq. Məsələn, evlərin yıxılmasını
dekorasiyanın dəyişdirilməsi kimi ləzzətli bir maraqla qəbul
eləmək. Məsələn, sənə edilmiş pisliklərin səhnədə məharətlə
oynanılmış bir süjet xətti olduğunu bildiyindən bundan həzz almaq.
Ancaq alınmır. Adamlar öz rollarını məharətlə, talantla oynaya
bilmədiklərindən hər şey həyatdakı kimi qarşımıza çıxır. Və bizi
məyus eləyir.
- Topu itirəndən sonra tapmaq çətin olmur
ki?
- Gəlsənə, bu sualın cavabında iki misra şeir deyim: Səni
axtarmağa gedirəm daha, ta mən də bu gündən yoxa çıxıram.
- Rəqibi sevgiylə, yoxsa nifrətlə yenmək daha
asandır?
- Hanı? Dünyanın gedişatına təsir eləyən heç bir böyük hadisə
sevgiylə baş verməyib axı. Sevgi uğrunda müharibələr də nifrətlə
aparılıb. Nifrətlə tənzimlənən tarixi hadisələrin içində sevgiyə
xırda təfərrüatlar kimi rast gəlinib həmişə. Məsələn, bir alman
zabiti bir tövləyə yığıb yandırdığı kənd camaatının içindən bir
uşağı ayırıb bağrına basaraq ağlayıb. Bəlkə də səhv düşünürəm,
əslində, həyatın çox anlaşılmaz məntiqi var. İnsanlığın səmimi
olduğu hallardan bəşərə fayda gələ bilərmi? Dünya öz inkişafına
görə qeyri-səmimiliyə borclu deyilmi? Belə baxanda, səmimiyyət
emosianallıqdır, qeyri-səmimilik rasionallıq. Səmimiyyət xaosdur,
qeyri-səmimilik kosmos. Səmimiyyət dağıdır, qeyri-səmimilik qurur.
Özünü qurmaqdan, özünü dəyişməkdən tutmuş dünyanın düzənini idarə
eləməyə qədər bütün pozitiv proseslər qeyri-səmimilik sayəsində
deyilmi? Sualına konkret cavab istəsən, bəlkə də belə demək olar:
sevgi gücünə, olsa-olsa, xırda nifaqları yoluna qoymaq olar.
- Salam Sarvan hansı estetikaya malik futbolçudur?
"Dekadans", "Simvolist", "Modernist", "Postmodernist", "Simvolist
və postmodern driblinqlərini birləşdirən oyunçu",
yoxsa...
- Bir az yekə məsələlərdə baxışlarımda ziddiyyətlər olduğunu
hiss edirəm. Sanıram ki, mən materialistəm, ancaq düşüncələrimin
içində Tanrı ideyası həmişə olub. O şeirlərin bəzilərindəki
metafizik çalarlar da yəqin ki, burdan gəlir. Əslində, o şeirlərin
estetikası barədə ədəbiyyat biliciləri sənin sadaladağın
cərəyanların hamısının adını çəkiblər. Yəni belə çıxır ki, şeiri
hansısa konkret bir estetik qəlibə salmaq mümkün deyil.
- İkinci kərə dünyaya gəlmək imkanınız olsaydı, futbol
oynayıb milyonları sevindirmək və sevilməyi seçərdiniz, yoxsa
milyonların sırasında durub azarkeş olardınız?
"Dünyadakı bütün mədəniyyətlərin başlanğıcında oyunlar
dayanıb"
- Adam elə indi də "boynuma qoyulmuş" bu "şair öhdəliklərini"
bir kənara tullayıb oxucuların içində itmək, gözəgörünməz olmaq
istərdi. Ancaq imkan vermirsiz axı: biri müsahibə istəyir, biri
verilişə çağırır, biri deyir "sorğu keçiririk, iştirak elə", biri
deyir, "şair, bu nə hərəkətdi, ziyalıya yaraşarmı?!", biri şeir
göndərir ki, "oxu, fikrini de", biri "qocaman şair" kimi gəncliyə
diqqət tələb eləyir... Bunları zarafatla dedim, ancaq içində bir
balaca ciddilik də var.
- Futbolçu kimi oyununuzdan razısız?
- Cavan vaxtlarımızda sevimli şairimiz Vaqif Bayatlı Odər
deyərdi ki, o şeirlərinin üstünə vaxt keçdikcə bir də qayıdır,
onları təzədən yazır. Mən o vaxt bunu anlaya bilmirdim. Düşünürdüm
ki, yazdığımız şeirlər öz ilkin variantıyla ən mükəmməldir, o
şeirlərin bir misrasını da yerindən tərpətmək olmaz. Düşünürdüm ki,
insan getdikcə gücsüzləşən varlıqdır. Onun bir gün sonrakı gücü bir
gün qabaq qoyduğu daşı qaldırmağa çatmaz. Sonralar baxdım ki, həə,
kitabda zəif alınmış şeirlərim də var, mən o şeirləri indiki
səviyyəmlə, indiki təfəkkürümlə başqa cür yazardım. Ancaq bu da
cavanlıq həyatında buraxdığımız səhvləri qoca vaxtımızda düzəltmək
cəhdi kimi absurd, mümkünsüz bir şeydir. Yəni yenə bu qənaətə
qayıtdım ki, sonradan redaktə eləməyə çalışdığımız şeirlər öz ilkin
variantından daha güclü alına bilməz. Şeir - təkcə ayrıca
götürülmüş mətn deyil, yəni yalnız mətn deyil. Şeir - yazıldığı
dövrün ovqatı-hissiyyatı qarışmış, hətta tarixin bir dönəminin
bütün siyasi-ictimai-sosial reallıqlarıyla bütünləşmiş hadisədir,
vəziyyətdir. Biz axı 20 il geriyə dönüb o vaxtkı vəziyyəti dəyişmək
gücündə deyilik. Deməli, 20 il qabaq yazdığımız o şeirləri də
dəyişmək şansımız yoxdur.
- Topa da söz kimi xəyanət etmək olur?
- "Sözə xəyanət" bizlərdə tez-tez işlənilir, ancaq mən bunun nə
demək olduğunu bilmirəm. Düşünürəm ki, heç başqaları da bilmir.
Ümumən, bizim həyatımızın içindən keçən anlayışların, ifadələrin
məğzi-mənası barədə bilgimiz dumanlıdır. Biz onları əsl
mahiyyətinədək aydınlaşdırmağa, konkretləşdirməyə ərinmişik. Buna
görə də danışıqlarımız çox vaxt cəfəngiyyat, davranışlarımız
əksərən pafosludur.
- Baş məşqçi olsaydınız, qapını hansı şairə həvalə
edərdiz?
- Yəqin ki, özünü qılıncın üstünə ataraq intihar edən Lukretsi
Kara. Anologiya bayağı olsa da, özünü topun üstünə atmaq onunçün
heç nə olardı.
- Kiminlə üz-üzə gəlsəniz, onu məğlub etmək
istəməzsiz?
- Bilmirəm nəyə görə, ancaq ilk ağlıma gələn ispan şairləri
oldu.
- Dünyanı gözəllik, futbol, yoxsa eşq xilas
edəcək?
- Əvvala, Dostoyevski konkret belə bir şey deməyib ki, "dünyanı
gözəllik xilas edəcək". Dostoyevskinin həmin cümləsi əslində
beləydi: "Gözəllik xeyirxah olsaydı, dünyanı xilas edə bilərdi".
Məncə, yazıçı bunu demək istəyirdi ki, gözəllik estetik varlıqdır,
onun etik anlamı, mənəvi gücü yoxdur. Dünyanı necə xilas eləmək
olar? İlk ağıla gələn bu ki, onun sürətini azaltmaq, texnologiya
bumunun qarşısını almaq, bir sözlə, dünyanın gedişatına burun
soxmaq lazımdır. Ancaq bu, absurddur axı. Fransız filosofu var -
Berqson. O deyir, həyat elə bir qarşısıalınmaz axındır ki, bu
prosesdə təbiətdə təkrarlanmayan məqamlar yaranır və qorunub
saxlanır. Yəni dünya fasiləsiz yaradıcı gedişatdır. Bu "yaradıcı
təkamül" nədən irəli gəlir? Materiya elə hey həyati istəklərə
müqavimət göstərir, ancaq elə hey həyata tabe olur. Bu,
qanunauyğunluqdur.
- Salam Sarvan karvandan ayrı düşüb, yoxsa komandanın
başındadır?
- Düzü, futbola heç vaxt ciddi marağım olmayıb. Ancaq tək bir
futbolçunun meydandan kənarda topla şou göstərməsinə həmişə
diqqətlə baxmışam. Messinin həyətdə topu 18 metr hündürlüyə atıb
sonra onu sol ayağıyla rahat qəbul eləməsi kimi səhnələrə. Onun
həmin vəziyyətdəki futbolçu tənhalığının futbol mühitinə
salınmasını qəbul edə bilmirəm. Yəni komanda tərkibinə, meydan
genişliyinə, transfer təsərrüfatına, çempionat rəqabətinə
salınmasıyla razı deyiləm. Şair də belədi. O, ədəbi mühitə düşdüyü
andan şair tənhalığını itirir, ədəbi təsərrüfatın alətinə çevrilir,
proses iştirakçısı olur: ziyalılaşmaq, məşhurlaşmaq, mükafatlanmaq,
iyrənc ədəbi-ictimai mühitin çirkabında iyrəncləşmək istəyir...
İstedad təkdir. O, camaat arasında – mühitdə özünü apara bilmir.
Mühit istedadın təbiətinə həmişə yaddır.
Musavat.com