Son dövrlərdə Azərbaycan televiziya kanallarında
aparıcıların çıxışları ictimaiyyətdə böyük qalmaqala səbəb
olur.
Axar.az xalq artisti, bir zamanların məşhur aparıcısı Ofeliya
Sənani ilə mövzu çərçivəsində söhbət edib.
Həmin müsahibəni təqdim edirik:
Televiziyada senzura bərpa olunmalıdır
– Ofeliya xanım, televiziya kanallarımızdakı aparıcılar
haqda nə düşünürsünüz? Onların peşəkarlığı sizi qane
edirmi?
– O vaxt biz veriliş aparanda senzura var idi. Amma indi
müstəqillikdir, yəqin ki, indiki zaman məhdudiyyət və senzura tələb
etmir artıq. Məsələn, o boyda "Damodedova" aeroportunun adını səhv
tələffüz edirlər. Rus soyadlarının birinin də adını düzgün tələffüz
edə bilmirlər. Biz elə səhvlərə yol versəydik, bizi o vaxt işdən
qovardılar. Amma indi senzura yoxdur deyə, heç kimin vecinə
deyil.
– Yəni senzura bərpa olunmalıdır?
– Mənə görə, senzura olmalıdır. Senzurasız ola bilməz. Çünki ən
böyük səhvlər senzurasızlıqdan doğur. Xəbər buraxılışında belə
cürbəcür səhvlərə rast gəlirik. Xəbəri səsləndirərkən elə səhvlərə
yol verirlər ki, adamın əti tökülür. Onlarda senzura olsa, bu
aparıcıların heç biri işləyə bilməz. Əlbəttə ki, hamısına aid etmək
olmaz. Bəzi xəbər aparıcıları yaxşıdır.
– Məsələn, hansı kanalın xəbər aparıcılarını
bəyənirsiniz?
– ATV və İctimai kanaldakı aparıcılar, fikrimcə, daha
peşəkardırlar...
Onlardan televiziyaya sədr olmaz
– Sizcə, aparıcıların qeyri-peşəkarlığı nə ilə
əlaqədardır? Bəlkə, problem qeyri-peşəkarları işə götürən
kanaldadır?
– Sədrlər öz yerində deyillər. Televiziya rəhbərliyinə
televiziya işini, montajı bacaran adam qoyulmalıdır. Müxtəlif peşə
sahiblərindən televiziyaya sədr olmaz. Ona görə də bu sədrlər öz
aparıcılarında səhv tutmurlar, onları buraxdıqları səhvlərinə görə
danlamırlar. Bunun nəticəsində də televiziyamızda bu qədər səhvlərə
yol verilir. Hər dövranın öz aşiqi kimi öz simaları, yaradıcıları
olur. Bu dövran da sərbəstlik dövranıdır. İndi verilişləri kim necə
istəyirsə, elə də aparır.
– Peşəkar aparıcı olmaq üçün xüsusi istedad tələb
olunurmu? Ümumiyyətlə, peşəkar aparıcı hansı xüsusiyyətlərə sahib
olmalıdır?
– Aparıcı olmaq üçün insanın normal dünyagörüşü, savadı
olmalıdır. Bəzən televiziyada görürük ki, xanım aparıcıların gülən
çöhrəsi var, amma səsi yoxdur. Cır-cır cırıldayır. Bu tip
səsləndirməli xəbərlərə, əlbəttə ki, baxılmaz. Televiziyanın gözü
də xəbər proqramlarıdır. Verilişlər zövqə görə dəyişir, xoşu
gəlməyən baxmır. Xəbərləri isə hər kəs izləyir. Ona görə xəbərin öz
xüsusi diktorları, aparıcıları olmalıdır. Suflyoru hıqqana-hıqqana
oxumaq biabırçılıqdır. Səhifə əlinizin altındadır, heç olmasa,
buraxılışdan qabaq bunu oxuyun da! Mətni oxu, hazırla, gör söhbət
nədən gedir, sonra çıx efirə. Düşünürlər ki, suflyorda iri
hərflərlə yazıldığına görə asanlıqla oxuya bilərlər. Durğu
işarələrindən hələ danışmıram... Xəbər səsləndirərkən heç bir
nöqtə-vergülləri olmur. Ümumiyyətlə, tələffüz zamanı durğu
işarələrinə rast gəlinmir. Ölüm xəbərini də eyni tonla
səsləndirirlər, şad xəbəri də. Məsələn, Pakistanda yüzlərlə adamın
istidən ölməyini elə adi xəbər kimi deyirlər ki... Axı bu insan
tələfatıdır, söhbət hansısa itkidən gedir. Gürcüstanda o cür
fəlakət baş verdi, heyvanlar küçələrdə qaldı. Bunu elə xəbər
verdilər ki, heyvanlar küçədə qalıb, hərəsi bir tərəfə qaçır. Sanki
məzəli bir xəbər çatdırırlar. Bu da faciədir axı.
Aparıcı öz paltarı ilə oynamamalıdır...
– Təkcə xəbər aparıcıları deyil, gündəlik verilişlərin
aparıcıları da tez-tez hər hansı bir səhv buraxırlar və buna görə
qınaq obyektinə çevrilirlər. Bütün bu halların qarşısının alınması
üçün hansı addımlar atmaq olar?
– Bilirsiniz, mən çox da tənqid etmək istəmirəm, mən başqa
dövranda yaşamışam – ötən əsrdə. Bunlar isə yeni əsrdədirlər –
azadlıq, müstəqillik əsrində. Mən o cür görmüşəm, mənə elə xoş
gəlir. Sadəcə, onlara yol göstərmək lazımdır. Mənim fikrimcə, bir
institut yaradılmalıdır və ya jurnalistika fakültəsində
aparıcılıqla bağlı əlavə bir fakültə açılmalıdır. Aparıcılıq
sənətinə aid dərsləri isə keçmişin ən gözəl, savadlı aparıcıları
keçə bilər. Aparıcıya nə lazımdır? İlk növbədə səmimiyyət. Aparıcı
kamera qarşısında öz siması ilə, paltarı ilə oynamamalıdır.
Aparıcıya xalqın sevgisi lazımdır. Sevgi olmasa, yalnız iş xətrinə
aparıcılıq etmək olmaz. Onlar başa düşmürlər ki, xalqını sevməsən,
ona xidmət edə bilməzsən. Çünki xalqı sevməsən, sənə qarşılıqlı
sevgi qaytarmayacaq. Misal üçün, mən küçədə rahat gedə bilmirəm.
Məni küçədə görəndə yaxınlaşırlar, səmimi sözlər deyirlər, üzümdən
öpürlər. Bu, mənim zamanında xalqa ötürdüyüm məhəbbətdir. Bu
sevgini qazanmaq lazımdı.