...Əslində, İslam Səfərlinin yaşadığı evdə toxunduğu
əşyalarla tanış olaraq xatırlamaq arzusunda idim.
Amma oğlu İlham Səfərlinin telefonda, "evində demək olar ki, ona
aid olan heç nə qalmayıb"- deməsinə məyus oldum. Necə yəni,
sözlərinə qoşulan mahnıları dillərdə əzbər olan şairin evində ona
aid bir şey qalmayıbmı?
Suala qayıdacağıq...
Hələlik isə İslam Səfərli haqda bildiklərimizi yada salaq:
***
Nəğməkar şair, dramaturq, əməkdar incəsənət xadimi İslam Səfərli
1923-cü il fevralın 12-də Naxçıvanın Babək rayonunun Şəkərabad
kəndində dünyaya göz açıb. Naxçıvandakı bir saylı orta məktəbi
bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsinə
gedib.
İndi həmin məktəb şairin adını daşıyır. Xəzərdə üzən gəmilərdən
biri "Şair İslam Səfərli" adlanır. Bakının mərkəzi küçələrindən
birinə də onun adı verilib.
Şairin paytaxtdakı Həsən Seyidbəyli küçəsi-30 ünvanındakı
yaşadığı binaya xatirə lövhəsi vurulub. Onun ümumilikdə on doqquz
kitabı çıxıb. Əlli bir il ömür sürüb. 1974-cü il noyabrın 6-da
əbədiyyətə qovuşub.
***
Oğlu İlham müəllim şairin əşyaları ilə bağlı məsələyə aydınlıq
gətirir:
"Atamın ölümündən sonra Mərkəzi Dövlət Arxivinin əməkdaşları
bizə gəldilər və onun bütün əlyazmalarını arxivə verməyimizi xahiş
etdilər. Söylədilər ki, bizim arxivdə bu əlyazmalar daha səliqəli,
xüsusi temperaturda saxlanılacaq və gələcək nəsillər üçün
qorunacaq. Biz də tərəddüd etmədən atamın bütün əlyazmalarını və
arxivini dövlətə verdik".
"Bəs, özünüzdə nə saxlamışınız?" sualıma dedi, şairin eynəyi,
müharibədə göstərdiyi şücaətlərə görə verilən medalların
vəsiqələri, bir də qızına yazdığı şeirlərin əlyazmalarını.
İlham müəllim müsahibələrinin birində demişdi ki, onun üçün hələ
də atası haqda danışmaq çətindir. Elə indi də belə oldu. Dedi,
atası 40 ildən artıqdır ki, dünyasını dəyişib, hələ də onun
haqqında danışmağa çətinlik çəkir:
"O mənimlə hər zaman fəxr edərdi, qürurlanardı. Hətta mən
Leninqradda (indiki Sankt Peterburq) rəssamlıq institutuna daxil
olduğum zaman bir şeir də yazmışdı. Əfsuslar olsun ki, institutu
bitirib Bakıya qayıdandan üç ay sonra atam rəhmətə getdi. Son
sözləri bu oldu: "Qaldırın çarpayıdan məni Xəzərə baxım". Baxdı ...
və gözlərini əbədi yumdu.
İlham müəllim atasına göstərilən qayğıdan, ona verilən dəyərdən
məmnundur:
"Sovetlər dövründə hər il noyabrın 7-də Böyük Oktyabr Sosialist
inqilabı günü təntənəli sürətdə keçirilirdi. Bütün dövlət
qəzetlərində yalnız bayram haqqında yazılar və şəkillər getməli
idi. Heç bir nekroloq verməzdilər.
Lakin həmin il 8 noyabr tarixli qəzetlərə baxsanız, görərsiniz
ki, mərhum prezident Heydər Əliyev birinci səhifədə parad qəbul
edir, 4-cü səhifədə isə İslam Səfərlinin ailəsinə başsağlığı
verir.
Bu, o dövr üçün görünməyən hadisə idi. Ümummilli lider Heydər
Əliyevin göstərişi ilə İ.Səfərliyə 50 illik yubileyində "Əməkdar
incəsənət xadimi" fəxri adı verildi.
2013-cü ildə isə Prezident İlham Əliyev İ.Səfərlinin 90 illik
yubileyinin təntənəli surətdə keçirilməsi ilə bağlı sərəncam
imzaladı. Mən atama göstərilən qayğıdan olduqca razıyam".
İlham müəllim deyir, atasının ətrafı geniş idi: "Dost-tanışı çox
idi. Amma ən yaxın dostları Əlfi Qasımov, Məhsud Əlioğlu, Adil
Babayev, Mirmehdi Seyidzadə, Aslan Aslanov, Əliağa Kürçaylı, Qabil,
Süleyman Rüstəm, Məmməd Rahim, Mehdi Hüseyn və başqaları idi...
Hamısının adlarını çəksəm, uzun siyahı olar. Yadımdadır, tez-tez
bizim evimizdə məclis qurardılar. Yeyib-içəndən sonra oturub
şeirlər deyərdilər, danışıb gülərdilər.
Rəhmətlik Məhsud Əlioğlu isə pianonu dilləndirərək türk
şarkılarını çox gözəl oxuyardı və məclisə yığışanlar bundan həzz
alardı. O zaman bu, qəti qadağan idi, buna pantürkizm
deyərdilər".
Müsahibimin fikrincə, atasının şeirlərinin alt qatında elə
mənalar yatır ki, biz çox vaxt onların fərqinə varmadan oxuyub
keçirik:
"Atam Qarabağ haqqında yazdığı şeirdə gözəl Qarabağı tərənnüm
edir və son dörd misrada nədənsə düşmənlərdən söz açır. Mən ondan
soruşanda ki, ay ata, düşmənlər gəlsələr, Moskvanı, uzağı Bakını
tutarlar, Qarabağ kimə lazımdır ki? O isə mənə dedi, siz cavanlar
hələ çox şeyi bilmirsiniz, mənim hər misramda məna var: böyüyərsən
- bilərsən. Bu o vaxtlar idi ki, hər yerdə xalqlar dostluğu
haqqında şeirlər yazılırdı.
Keçib uzun yolları,
Gəldim Ağdama sarı.
Dedim el nəğməkarı
Sevimli qar-qara bax,
Qarabağ, ay Qarabağ.
İstər can fəda edə,
Sənə dost da, elli də.
Payız vaxtı Şellidə
Əzgilli bağlara bax.
Qarabağ, ay Qarabağ.
Ömrünün gənc yaşında,
Tirmə şalı başında,
Ərimgəldi qaşında
Yar gözləyən yara bax.
Qarabağ, ay Qarabağ.
Göylərinə qəflətən
Hücum çəkərsə düşmən,
Deyərəm - qartalam mən,
Caynağımda Sara bax.
Qarabağ, ay Qarabağ.
....Axı İslam müəllim Böyük Vətən Müharibəsində könüllü
olmuşdu. Həzin nəğmələri bəzəyən misraların müəllifini döyüşdə
əlində silah təsəvvür etmək bir az çətindi. Görəsən övladlarına
müharibədən, ölümdən, nə deyirdi?
"Atam Naxçıvanda 1 saylı məktəbi bitirib, 17 yaşında könüllü
olaraq Böyük Vətən Müharibəsinə gedib. 416-cı Taqanroq
diviziyasında bir kəşfiyyatçı kimi şərəfli döyüş yolu keçib.
Onun başçılıq etdiyi kəşfiyyat qrupu düşmən səngərindən on üç
əsir tutaraq komandanlığa təhvil vermişdi. Hətta bir dəfə
almanların ərazisinə keçib bir alman zabitini əsir götürərkən,
düşmən onun sağ ayağına bıçaqla xəsarət yetirmişdi.
Amma buna baxmayaraq, o özü ilə həmin düşməni gətirə bilmişdi.
Ömrünün son illərində zədə aldığı ayağı onu çox incidirdi.
Göstərdiyi şücayətlərə görə çoxlu orden və medallarla tətif
edilmişdi. Müharibə mövzusu onun yaradıcılığında mühüm yer tutub.
Atamın "3-cü hərb istəmirik" şeiri buna misal ola bilər".
İlham müəllim deyir ki, milli ruhda tərbiyə olunduğuna görə
özünü atasına borclu sayır:
"Harda adı çəkilsə, adamların "Allah rəhmət eləsin, çox gözəl
nəğməkar şair idi, heyf ki, tez getdi" sözləri mənə təsəllidir. O,
doğrudan da gözəl lirik şair idi. Cahangir Cahangirovun atamın
"Ana" şeirinə bəstələdiyi mahnıya daha çox kövrəlirəm. Bu mahnı üç
aya yazılıb.
Bu üç şəxsiyyətin əməyinin bəhrəsidir. Hər gün gecələr ya Rəşid
Behbudov, ya da Cahangir müəllim atama zəng vurur hər sözün, hər
vurğunun, hər misranın üzərində saatlarla çalışırdılar. İndi yəqin
ki, belə mahnı yazan yoxdur, çox heyf..."
Qeyd edək ki, Fəxri Xiyabanda uyuyan şairin məzarının üstündə
həkk olunmuş bu şeir onun son misralarındandı:
Babamızın
kölgəli
çətri bu torpaqdadır,
Qəbri bu torpaqdadır.
Nənəmizin
gül kimi
Ətri bu torpaqdadır.
Qəbri bu torpaqdadır.
El qədrini bilənin,
Qədri bu torpaqdadır,
Qəbri bu torpaqdadır.
Mən də qızıl şahinəm,
Aranlıyam, dağlıyam!
Ulu əcdadım kimi
Torpağıma bağlıyam.
O, olum beşiyimdir,
O, ölüm beşiyimdir!...