Büro 1969-cu ildən fəaliyyət göstərsə də, bir otağı da
yoxdur.
Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyat təbliği
bürosunun direktoru Nazim Əhmədli büronun fəaliyyəti ilə bağlı
Axar.az-a danışarkən deyib:
"İndi yaydı, hamı ezamiyyətdədir. Hər il olduğu kimi, bu il də
tədbirlərə oktyabr ayından start verəcəyik. Bu tədbirləri əsasən
orta məktəblərdə keçirməyi nəzərdə tutmuşuq. Əslində, büdcəsiz bir
təşkilat olduğunu nəzərə alsaq, çox iş gördüyümüz aydın olar. Biz
reklama çox yer vermirik. Büroya maliyyə vəsaiti ayrılması üçün
dəfələrlə nazirliklərə müraciət etmişik, məktub göndərmişik, ancaq
faydası olmayıb.
40-a yaxın məktəb və kollecdə, onlarla dövlət idarəsində,
nazirliklərdə yazıçı və şairlərlə görüşlər keçirmişik. Hər görüşdə
bizə 100 manat pul ayırırlar. Onun 40 manatını yazıçıya, şairə,
20-30 manatını əlavə xərclərə, yerdə qalanını da vergiyə
veririk.
30 və daha çox yazıçı və şairə Qarabağ mövzusunda yazılan
əsərlərə görə mükafat vermişik. Mükafatı mən təsis etmişdim.
Bədii ədəbiyyatın təbliği bürosu 1969-cu ildən fəaliyyət
göstərsə də, büronun bir otağı da yoxdur. Mən evdə oturub
işləyirəm. Tək işçi də özüməm. Demək olar ki, heç nəyə işləyirəm,
yəni gəlir yoxdur".