Yuxarı

Darağıma dolaşmış saçlarını yoluram... - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün şair Aqşin Yeniseyin 37 yaşı tamam olub. O, 1978-ci il 5 sentyabrda Cəlilabad rayonunda dünyaya gəlib.

Müasir Azərbaycan poeziyasında özünəməxsus yer tutan Aqşin Yenisey "Unutmaq sözünün şəkli", "Sizin eradan əvvəl", "147 dənə sən", "Göləqarğısancan" kimi kitabların müəllifidir.

Axar.az olaraq şairi doğum günündə onun öz şeirləri ilə təbrik edirik.

Göz yaşı

Sənin uzaqlığından başqa bir yaxınlığın qoxusu gəlir.

Sənin olmadığın hər yerdə

Mənim sevgimin yuxusu gəlir.

Az qalıb yenidən tək qalmağıma

Ömrümün növbəti "yoxusu" gəlir.

İndi mən elə lal-dinməz gedirəm ki, ustad,

Sağ qalmış canımın sol tərəfinə,

Tanrının yox olmaq ağrısı gəlir.

Sən ki ağlamırsan

Sənin gözündən

Dünyanın "niyə"si, "nədən"i, "axı"sı gəlir...

Məktub

Gözlərindən ötrü darıxan var burada

Baxılmaq istəyir sənə

Sevgidə azyaşlıdı, ayrılıqda ahıldı

Birdəfəlik rədd olmaq,

Yox olmaq istəyir sənə.

Tək-tənha şax dayanmaq yorub onu

Hardasan?

Yıxılmaq istəyir sənə.

Teleqram

Burda bekarçılıqdı
Oturub kresloda
Darağıma dolaşmış
Saçlarını yoluram
Orda işlər necədi?
Özümdən nigaranam
Bir yaz görüm necəyəm?
Necə yaddan çıxıram?
Necə unuduluram?

Mənim ikidəbirim

Sevginin kövrəkliyi qədimliyindəndir.

Hələ eramızdan çox-çox əvvəl

İnsanlar ərlərə və arvadlara bölünüblər

Yəni ibtidai sevgini çoxdan öldürüblər.

İndi dincəlmək üçün ən yaxşı yer

İnsanın yorğun gözləridi.

Sevgi iki nəfər üçün göndərilən bir ayrılıq xəbəridi.

Unutmaq istədiyini mütləq yadında saxlamaq lazımdı.

Getməmişdən əvvəl diş kimi çürümək

və yerində laxlamaq lazımdı.

Bəzən fikri danışmaq yox, lal-dinməz ağlamaq lazımdı.

Mən səni axtardığım yerdə özümü tapdım,

Səni tapdığım yerdə özümü itirdim.

O qədər tək yaşamışam ki,

Çətin bir qadınla ovutmaq olar bu yalqızlığı.

Məni yalqızlığımın acgözlüyünə bağışla.

Tək idim,

özüm öz çiyinlərimə çuval təki yük idim.

Külək əsdiyi, yağış yağdığı, qar əridiyi yerə

aparmaq istəyirdi məni,

Getmədim.

İndi ən böyük arzumla ən böyük ümidimi evləndirirəm.

Utancaq ata kimi divara elə qısılmışam ki,

İnsanlar üzümü daşlardan seçməz.

İnandığım şeyin adı Allahdırsa, bəs inanmadığım adı nədi?

Kimsə bunu demədi.

Zaman böyüklüyünü gizləmək üçün

Özünü kiçik hissələrə bölüb,

saniyəyə, dəqiqəyə, saata.

İndi ayağına ona görə yıxılmışam ki,

heç vaxt əyilməmişəm həyata.

Səni atsam,

yediyim tikənin sümüyünü əlimə zillənmiş köpəyə

atdığım kimi atacağam başqa kişiyə.

Yaxşı ki, yanımdasan, canımı isidirsən üşüyə-üşüyə...

Şəkil

Evdə təkəm, şəkilinə baxıram
Zəng eləyir arvadımın xalası…
Yağış yağır çəkdirdiyin şəkildə
Bir it də var, arsız həyət tulası

Yağış yağır çəkdirdiyin şəkildə
Hətta bir az külək əsir, sazaqlı
Sol yanında hüznlü bir uzaq var
Şəkillərdə yaxşı düşür uzaqlıq

Bir kişi də keçir arxa tərəfdən
Heç baxmırsan, gözün elə məndədir
Həyata bax, necə gözəl yalandı
Gecə keçir, ömür qalır, gün gedir

O kişidən mənim gözüm su içmir
O kişini tanımırıq sən, ya mən.
O kişini evdən qova bilmirəm
Neçə ildir, bizdə qalır şəkilnən

Gecə hərdən hürür həyət tulası
- Ay it! Ay it!
Çımxırıram şəkilə
Bu şəkildə özündən də gözəlsən
Necə edim bu şəkilə çəkiləm?

Bir uşaq da bərk-bərk tutub əlindən
Sağın uşaq, sol tərəfin uzaqlıq
Mən bilirəm, şəkillərə çəkilib
Qocalıqdan daldalanır uşaqlıq

Bilirəm ki, yorulmusan şəkildə
Necə alım əlindəki səbəti
Necə öpüm yanındakı uşağı
Necə qovum o kişini, o iti?

Necə qovum, kişi bəlkə ərindir
Uşaq sizin, it də evin tulası
Evdə təkəm, şəkilinə baxıram
Zəng eləyir arvadımın xalası.

Tarix
2015.09.06 / 00:37
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla