Tanınmışların ən son baxdığı filmlərlə, ümumiyyətlə film
zövqləri ilə maraqlandıq... Bəlli oldu ki, tanınmış simalar daha
çox xarici filmlərə baxmağa üstünlük verirlər.
Suallarımızı "Yeni Müsavat" qəzetinin köşə yazarı, tanınmış
jurnalist Zamin Hacı, "Bizim Yol" qəzetinin müxbiri Natiq Cavadlı
və "Film Fiction" jurnalının təsisçisi və baş redaktoru, rejissor
Şahin Xəlilə ünvanladıq. Suallar aşağıdakı kimidir:
1.Baxdığınız sonuncu film
hansıdır?
2.Hansı ölkənin filmlərinə üstünlük
verirsiniz?
3.Nəyə görə? Daha çox hansı janrda olan filmlərə
baxırsınız?
4.Ən çox bəyəndiyiniz Azərbaycan filmi
hansıdır?
Tanınmış
jurnalist Zamin Hacının baxdığı sonuncu film "Bulud xəritəsi"
filmidir. Zamin bəy filmlərə ölkə olaraq yox, rejissor
kriteriyalarına görə baxdığını dedi. Konkret sevdiyi janr yoxdur.
Ən çox sevdiyi Azərbaycan filmi də "Bəyin oğurlanması"dır.
Onlar istədiklərimizi deyil, istədiklərini
çəkirlər
Rejissor
Şahin Xəlil bildirdi ki, Nuri Bilgə Ceylanın "Bir zamanlar
Anadoluda" filminə 5-ci dəfə baxmağını nəzərə almasaq, sonuncu dəfə
Karlos Reyqadasın "Göylərdə döyüş" filminə baxıb. Konkret olmasa
da, Avropa və Şərq filmlərinə üstünlük verir. O, bu cür filmləri
sevməsini də belə izah etdi: "Onlar istədiklərimizi deyil,
istədiklərini çəkirlər, amma nəticə etibarı ilə biz yenə də
istədiyimiz filmlərə baxırıq". "Art hous" janrında çəkilmiş
filmləri izləməyi sevən Şahin bəyin ən çox xoşladığı Azərbaycan
filmi "Şərikli çörək"dir.
Komandante Natiq Cavadlı
Jurnalist
Natiq Cavadlı sonuncu dəfə baxdığı filmin deyil, filmlərin adını
çəkdi:
1.Amerika rejissoru Oliver Stounun Kuba inqilabının lideri
Kastro haqqında olan "Komandante" sənədli filmi.
2.Yunan rejissoru Teodoros Anqelopulosun "Əbədilik və bir gün"
filmi.
3.Cüzeppe Tornatorenin "Yaxşı
təklif" filmi.
"Əbədilik və bir gün"
Natiq bəy baxdığı filmlər haqqında geniş məlumatlar da verdi:
"Teodoros Anqelopulosun "Əbədilik və bir gün" filmi Kann
festivalında mükafata layiq görülüb. Ağır filmdir, tənhalıq, ölümlə
üz-üzə dayanmaq, bilirsən ki, öləcəksən, amma nikbinliyini
itirmirsən, dünyadan köçən yaxınlarınla olan xatirələrini yada
salırsan, filmin qəhrəmanı şair Aleksandr ağır xəstəlikdən əziyyət
çəkir və ölümün yaxınlaşdığını, hətta nə zaman öləcəyini də bilir.
Amma bununla belə əbədilik haqqında düşünür. Oliver Stoun isə
dünyada məşhur rejissordur, onun Kastro haqqında sənədli filmi
müsahibə janrındadır, Kuba lideriylə şəhəri gəzə-gəzə, nahar zamanı
suallarına cavab alır. Bu filmə bir daha baxmağı düşünürəm. "Yaxşı
təklif" filmi kriminal, melodrama janrında çəkilib,
fırıldaqçılardan bəhs edir, tamaşaçını narahat durumda saxlayan
filmdir".
Rejissorların ölkəsi
olmur
Zamin Hacı kimi filmlərə ölkələrə görə yox, rejissora görə
baxdığını deyən Natiq bəy "Mənə elə gəlir ki, rejissorların ölkəsi
olmur, Fellinini, Qodarı, Tarkovskini, Trieri, Tarantinonu hansı
ölkəyə aid etmək olar, yaxud Vudi Alleni, Stenli Kubriki, Alfred
Hiçkoku, Bertoluççini, Almodovoru və başqalarını ölkə, millət
çərçivəsinə salmaq olarmı?",- dedi.
Öz ölkəsinə qapılıb qalmayan rejissorlar
Hollivud filmlərini sevmədiyini, Avropa filmlərinə üstünlük
verdiyini bildirən Natiq bəy, son vaxtlar rus rejissoru Aleksandr
Sokurovun, Cənubu Koreyalı rejissor Kim Ki Dukun və başqa ölkələrin
rejissorlarının da filmlərinə baxdığını bildirdi: "Xüsusən,
meksikalı olsa da, filmlərini ABŞ-da çəkən Aleksandr Qonsales
İnyarritunun demək olar ki, bütün filmlərinə baxmışam, uğurlu
rejissordur. Amma bir daha deyirəm, bu rejissorlar da öz
ölkələrindən kənara çıxa biləcək sənət əsəri yaradırlar. Mən öz
ölkəsinə qapılıb qalmayan rejissorların filmlərinə baxıram".
Məmməd Süleymanovun məsləhət gördüyü film
Natiq bəy fantastik filmlərə baxmadığını, komediya janrında
filmlərə isə ovqatından asılı olaraq, əsasən drama, tarixi,
melodrama janrındakı filmlərə baxdığını vurğuladı: "Bir də sənədli
filmlərin "xəstəsiyəm". Məsələn, "Kreml uşaqları" sənədli filmlər
serialı var, film Kremldə çalışmış yüksək rütbəli məmurların
uşaqlarının taleyindən bəhs edir". Natiq bəy "Kreml uşaqları"
sənədli filminə baxmağı mənə də məsləhət gördü. Sonuncu dəfə Çingiz
Rəsulzadənin çox təsiredici "Kuklalar" filminə baxan Natiq bəy, bu
filmi ona Məmməd Süleymanovun məsləhət gördüyünü dedi.