Azərbaycanın korifey
sənətçilərindən olan Hökümə Qurbanovanın qızı, əməkdar artist Vəfa
Fətullayevada sovet dövründə məşhur aktrisa olub. Cəmi 42 il
yaşayan Vəfa Fətullayevanın ailəvi dostlarından olan Fərhad
Abdullayev Hökümə xanımın SSRİ xalq artisti Ələsgər Ələkbərovla
sevgi tarixçəsi haqda yazdığı məqaləni Axar.az-a təqdim
edib.
Məqalədə Hökümə Qurbanovanın həm şəxsi həyatı, həm də
yaradıcılığı haqda maraqlı məlumatlar yer alıb:
"– Bu nə cürət? Bu nə cəsarət?Sən bilirsən, kimin
qapısına gəlmisən?Bilirsən, bura kimin evidir? Hətta Bakının böyük
bəyləri də bu qapını iznsiz döyməyib!
Malikat xanım sakitləşə bilmirdi. Böyük qonaq otağında o küncdən
bu küncə çapır, gur səsi dahi bəstəkar Müslüm Maqomayevə (məşhur
müğənninin babası) məxsus Qubernski (indiki Füzuli) küçəsindəki
mülkün divarlarında əks-səda verirdi. Tanınmış Terequlovlar
nəslinin nümayəndəsi olan Malikat xanım Müslüm bəyin bacısı
idi.Zadəgan qadın baş verənlərin şokundan heç cür ayıla bilmirdi.
Bir an əvvəl qızı Hökümə ağlayaraq yan otağa qaçmışdı. Malikat
xanım elə ona görə də gur səslə danışırdı ki, dediklərini qızı da
eşitsin:
– Hökümə, bu idi sənin bayram payın? Əziz Novruzu belə
gətirdin Qurbanovların ocağına?Bayram xonçamızı belə bəzədin? Allah
üzümüzə baxdı ki, atan Abbasəli yoxdur evdə!
Araya bir anlıq sükut çökdü.Yalnız qonşu otaqdan Hökümənin
ara-sıra hönkürtü səsi gəlirdi.Bütün bu hay-küyün səbəbkarı isə
otağın kandarında qıpqırmızı qızarmış və başını aşağı dikərək ürkək
baxışlarını gizlətməyə çalışan qarabuğdayı, gözəgəlimli cavan bir
oğlan idi.Əlindəki gül dəstəsini arxasında gizlətsə də, vücudu
tir-tir əsirdi.Malikat xanım çağırılmamış qonağa yaxınlaşdı:
– Neçə yaşın var?
Oğlan başını qaldırıb ev sahibəsinin üzünə baxmağa cürət
eləmədi.
– 21.
– Görürəm, ağzından süd iyi gəlir. Bu da bolşeviklərin
qız istəməsində təzə hoqqadır? Elçiyə bir bax! Heç sənin evlənən
vaxtındır?
– Mən... Höküməni...
Oğlan sözünün ardını gətirə bilmədi.
– Qızımın adını çəkmə! Qadağan eləyirəm sənə! Hə... Bəs,
öz adın nədir?
Nəhayət ki, oğlan başını azacıq qaldırdı.Malikat xanım düz onun
gözlərinin içinə baxırdı.
– Ələsgər...
– Soyadın nədir?
– Ələkbərov...
– Hə... deməli, yoldaş Ələsgər Ələkbərov. Gör sənə nə
deyirəm...
Ələsgər artıq Malikat xanımın dediklərini eşitmirdi.Çünki Hökümə
qonşu otaqdan çıxıb göz yaşlarını silə-silə həsrətlə onlara
baxırdı. Ələsgərin imkanı olsaydı, qaçıb sevgilisini bağrına basar,
gözlərindən öpərdi, ona belə əzab verdiyi üçün qarşısında diz çöküb
bağışlanması üçün yalvarardı...
Azərbaycan teatrının dahi sənətçiləri Ələsgər Ələkbərovla Hökümə
Qurbanovanın məhəbbət hekayəsi çoxdan başlamışdı.Onlar məktəbdə
tanış olmuşdular və bu tanışlıq əvvəlcə dostluğa, sonra isə
məhəbbətə çevrilmişdi.Hökümə hələ teatra gəlməmişdi, o, texnikumu
bitirərək konservatoriyanın fortepiano sinfində oxuyurdu.Ələsgər
isə teatrda yenicə işə düzəlmişdi.Amma hələ Ələsgərdən əvvəl də bu
qızın qəlbində səhnəyə əbədi məhəbbət yaranmışdı. O, ilk dəfə
teatra Müslüm Maqomayevlə getmiş, "Leyli və Məcnun" operası onun
kövrək qəlbində silinməz izlər buraxmışdı.
Hökümə səhnəyə gələndə Sona Hacıyeva, Mərziyyə Davudova, Fatma
Qədri kimi görkəmli aktrisalar öz sözlərini demişdi, indi yeni
ifaya ehtiyac vardı. O, bu boşluğu doldurmağı bacardı.
Ə.Ələkbərovla evlilikdən Nailə adlı qızları dünyaya gəlsə də,
izdivacın ömrü uzun sürmədi. Qısqanclıq hissi və qarşılıqlı
ittihamlar bir-birini dəlicəsinə sevən bu istedadlı insanları
ayırdı.İndi əzəmətli aktyor Ə.Ələkbərov bütün vacib qadın
tərəf-müqabili rollarında H.Qurbanovanı görmək istəmirdi.Nəticədə
aktrisa uzun müddət baş rollardan məhrum oldu. Lakin deyilənə görə,
53 yaşında dünyasını dəyişmiş Ə.Ələkbərov ömrünün son gününədək
qəlbinin dərinliklərində ilk sevgisini unuda bilməmişdi.
Bir müddət sonra Hökümə xanım teatr rəssamı Nüsrət Fətullayevlə
ailə həyatı qurdu və bu evlilikdən onların Vəfa adlı qızları
doğuldu.Vəfa Fətullayeva da anası kimi istedadlı aktrisa oldu.Lakin
ikinci evlilikdə boşanma ilə bitdi.
Dahi aktrisa ahıl çağında övlad itkisi ilə üzləşdi, qızı Vəfa 42
yaşında gözlərini əbədi yumdu və cəmi bir il sonra 1988-ci ilin
payızında Hökümə Qurbanova da dünyasını dəyişdi.
...1931-ci ilin Novruz
axşamı.Bolşeviklər bu xalq bayramını rəsmən qadağan etsələr də,
evlərdə xonçalar qurulur, şamlar yandırılır.Göz yaşlarını boğaraq
qonşu otaqdan çıxıb anası ilə Ələkbərə ümidlə baxan Hökümə hələ
gələcək taleyindən xəbərsizdir.
Bu Novruz axşamı Məlikat xanım çağırılmamış qonağı "yox" kəlməsi
ilə məyus yola saldı. Amma qızının "əgər ona getməyəcəyəmsə,
deməli, başqa heç kim üçün "hə" sözünü məndən eşitməyəcəksiniz,
evdə oturub qarıyacağam!" deməsi bu dünyagörmüş qadını fikrindən
daşınmağa vadar etdi. Çünki Məlikat xanım Hökümənin gözlərindəki
sevgi işartısını çoxdan sezmişdi..."