Ötən gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyeva
ilə vida mərasimi keçirilib.
APA
TV-nin xəbərinə görə, mərasim Rəşid Behbudov adına Dövlət Mahnı
Teatrında keçirilib.
Tədbirdə mərhumun ailə üzvləri, yaxınları, sənət dostları,
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət
Vəliyev, millət vəkilləri Zeynəb Xanlarova və Elmira Axundova
iştirak edib.
Oğlu Orxan Nadirov anası ilə son danışıqlarını belə xatırlayır:
"Azərbaycan incəsənəti üçün böyük itki olduğu kimi, mənim üçün də
böyük itkidir. Ən azından mən valideynimi itirmişəm. Hələ çətinlik
bundan sonradır. İki gün əvvəl axırıncı danışığımız o zaman olub.
Dünən zəng edib qismət olmadı danışmaq. Ekspertizanın rəyi
açıqlanmayıb, 15 gündən sonra açıqlanacaq, bu barədə açıqlama
verəcəyəm. Düzdür, tabutda dəfn olunmaq istəyirdi. Amma biz
müsəlmanıq. Müsəlman adət-ənənəsinə uyğun olaraq heç kəs tabutda
dəfn olunmur. Anam da müsəlmandır, Həcc ziyarətində də olub,
Kərbəlada, Məşhəddə də olub. Mən onu tabutda dəfn edə
bilmərəm".
Mərasimdə iştirak edən sənətçilər İlhamə Quliyeva barədə
fikirlərini bölüşüblər.
Müğənni Xatirə İslam İlhamə Quliyevanın vəfatını mədəniyyətimiz
üçün böyük itki adlandırıb: "Çox böyük itkidir. Mən burada burda
İlhamə xanımın adına görə çox az adam görürəm. Amma mən istəmirəm
belə olaq. İstəyirəm yaşayarkən bizə necə hörmət olunubsa, zəhmət
çəkək onu axıra qədər edək".
Müğənni Röya Ayxan İlhamə Quliyevanın mahnılarını repertuarına
daxil edəcəyini bildirib: "73 yaşına kimi çox gözəl yaşadı. Allah
bizə də o günü qismət etsin. O cür gözəl yaşayaq. Mən də özümə bu
cür ölüm arzulayıram. Mənim ən böyük qorxduğum şey illərlə xəstə
yatmaqdır. Bəlkə də onu sərt qadın kimi tanıyırlar. Amma unutmayaq
- o, şir bürcüdür. Şirlər xoşuna gəlir onu tərifləsinlər. Qəlbən
belə adam deyildi, çox pozitiv idi. O mahnıları bir də necə
eşidəcəyik biz? Qismət olmadı bizə hər ay gedək lentə yazdıraq.
Amma sizə söz verirəm o mahnıları bir-bir lentə yazdırıb sizə
təqdim edəcəyəm".
Bəstəkar Nailə Mirməmmədli İlhamə sənətinin böyüklüyündən söz açıb:
"Bəstəkar kimi deyə bilərəm ki, böyük itkidir. O elə bir ifa idi
ki, onun ifasına bənzər ifa olmayıb. Yəqin ki, bir də olmayacaq. Nə
o mənim evimdə olmayıb, nə mən onun evində olmamışam. Hətta mənim
yaslarıma da gəlməyib. Studiyada görüşəndə başsağlığı verib. Mən bu
sənətə görə bu gün burdayam".
Müğənni Elza Seyidcahan İlhamə Quliyeva ilə küsülü olmalarına
baxmayaraq, vida mərasiminə qatılıb: "İlhamə xanım özü sağ olsaydı,
bu ona xoş olmazdı ki, bu gün onun yas mərasimində onun ən yaxını
kimi kameralar mənə tuş gələcək. Bu da mənim üçün bir
xoşbəxtlikdir. Nə olur yaxşılığa doğru. Mənə haqsızlıqlar oldu.
Amma bununla bir daha məni sevdirdi sizlərə. Təşəkkür edirəm özümə,
yaxşı ki, özümdə güc toplayıb gəldim bura. Gəlməyimin səbəbi budur
ki, İlhamə xanımın üzərində kiçiklik haqqım var. Düzdür, onun mənə
böyüklük haqqı olsa da, etmədi mənə qarşı. Məni hər zaman gözdən
salmağa çalışdı. Səmimi qəlbdən halallığımı vermişəm. O ağ
çiçəkləri sevir deyə, ona bu gün ağ çiçəklər gətirmişəm".
Müğənni Rəşad İlyasov İlhamə ilə duet ortaqlığını xatırlayıb: "Çox
xoşbəxt ifaçıyam ki, onunla işbirliyimiz olub. Özü dəvət etmişdi
məni. O xatirə elə bil dünən olub. Təbi ki, ətrafında söz-söhbətlər
də vardı. Mənə elə gəlir ki, bütün bu söz-söhbətlərin zirvəsində
onun sənəti, onun əvəzolunmaz səs tembri dayanır".
Vida mərasimində çıxış edən nazir Əbülfəs Qarayev İlhamə
Quliyevanın həyat və yaradıcılığı haqında məlumat verib. Nazir onun
ölümünün Azərbaycan mədəniyyəti üçün böyük itki olduğunu deyib:
"İlhamə Quliyeva Azərbaycan musiqisinin yorulmaz təbliğatçısı idi.
İlhamə xanım iyirmidən artıq ölkədə Azərbaycan musiqisini şərəflə
təbliğ edib. İlhamə Quliyevanın xatirəsi Azərbaycan xalqının
qəlbində daim yaşayacaq. Bu gün Xocalı işğalının bir günüdür. Ağır
itkilər verib Azərbaycan xalqı. Bütün o şəhidlərə Allahdan rəhmət
diləyərək, bu şəhidlərin sırasına böyük görkəmli musiqiçimiz İlhamə
xanımın da adını qatıram. Çünki İlhamə xanım həmişə Azərbaycan
mövqeyini müdafiə edən bir sənətkar idi.
Mərasim xalq artistləri Yalçın Rzazadə, Natəvan Şeyxova, Canəli
Əkbərov, bəstəkar Faiq Sücəddinovun çıxışları ilə davam edib.
Çıxışlardan sonra vida mərasimi başa çatıb, mərhumun cənazəsi dəfn
olunmaq üçün II Fəxri Xiyabana yola salınıb. Dəfn mərasimində rəsmi
şəxslər, İlhamə Quliyevanın sənət yoldaşları, ictimaiyyət
nümayəndələri iştirak ediblər.