Belə qəbul olunub ki, Bibliyada Böyük tufan haqqında
yazılmış rəvayət Mesopotamiya ərazisində baş vermiş təbii fəlakəti
əks etdirir. Bu tufanın planetar səviyyədə baş verməsi isə sadəcə
şişirtmə ola bilər. Əlbəttə, orası da aydındır ki, o regionun
sakinləri üçün Mesopotamiya elə bütün dünya demək idi. Bu kataklizm
haqqında məlumatlar "Qilqameş haqqında dastan"da yer alıb ki, bu da
öz növbəsində Bibliya mətninin prototipi hesab oluna
bilər.
Universal mif
Müxtəlif xalqların mif və rəvayətlərinə diqqət etsək, görərik
ki, əslində, belə deyil. Hələ C.Frezer özünün "Əhdi-ətiqdə folklor"
(1918-ci il) adlı əsərində göstərir ki, tufan haqqında miflər təkcə
Yaxın Şərq xalqlarında deyil, Avropa, Mərkəzi və Cənub-Şərqi Asiya,
Polineziya xalqlarında, o cümlədən, Amerika hindularında da mövcud
olub.
Bu miflər hamısı vahid süjet əsasında qurulub: Allah (və ya
Allahlar) günahlarına görə bəşəriyyəti məhv etmək istəyir, amma
bədbəxtlik barədə bir ailəni xəbərdar edir, o ailə də ilahi
tapşırıqlı gəmi hazırlayaraq xilas olur.
Frezerin vaxtında 100-ə yaxın belə rəvayət vardı, indi isə
onların sayı 150-ni keçib. Bu rəvayətlərin yayılma arealı isə bütün
dünyanı əhatə edir.
Bir-birindən on minlərlə kilometr məsafədə yaşayan müxtəlif
xalqlarda rast gəlinən mifin ən universal xarakteri ondan ibarətdir
ki, burada insanlığın tarixi yaddaşında ilişib qalmış hansısa
planetar səviyyəli fəlakətdən söhbət gedir.
Tufan bütün izləri silir
Bütün bunlar qeyri-iradi olaraq alimləri vadar edib ki, məlum
mifin yaranmasında hansı təbii kataklizmin baş verdiyini
araşdırsınlar. 1920-ci illərdə Leonard Vulli və Stefan Lanqdon adlı
iki arxeoloq birdən guya Bibliya rəvayətini təsdiqləyən faktlar
tapırlar. Bibliyada adı keçən Ur şəhərinin 1929-cu ildə üzə çıxması
zamanı Vulli iki qədim mədəni lay aşkar edib. Bu qatlar 2,4 m
dərinliyində lillə bir-birindən ayrılırmış. Belə görünür ki, lilin
tufan vaxtı əmələ gəlməsindən başqa açıqlama yoxdur. Nineviyada
aparılan qazıntılar zamanı isə 12 metr qalınlığında lil qat aşkar
olunur.
Ancaq Vulli və Lanqdonun qazıb çıxardıqları qatların tarixinin
müəyyən edilməsi zamanı məlum olub ki, bunlar uyğun olaraq
eramızdan əvvəl təxminən 3500 və 3000-ci illərdə baş vermiş iki
müxtəlif təbii fəlakətlərin qalıntısıdır. Beləliklə aydın oldu ki,
ən hündür evlərin belə bir neçə metr su altında qalması ilə
nəticələnən lokal tufanlar İkiçayarasında tez-tez baş verirmiş.
Təəssüf ki, bu tapıntılar teoloqları məmnun etmədi. Elə təkcə
buna görə ki, Bibliya xronologiyasına görə Ümumdünya tufanı
eramızdan əvvəl 2014-cü ildə baş verib. Əlavə edək ki, Bibliyaya
inansaq, tufan vaxtı suyun səviyyəsi ən yüksək dağlardan belə 15
dirsək, daha doğrusu 7,5 metr yuxarı olub. Bu nöqteyi-nəzərdən
yanaşsaq, 2,4 m qalınlığında lil qatı aydındır ki, azdır.
Nəticədə müasir teoloqlar belə bir fərziyyə irəli sürdülər ki,
Bibliyada bəhs olunan Böyük tufandan sonra insanların mövcud olması
barədə heç bir iz qalmalı deyildi. Çünki bayaq dediyimiz kimi, bu
özü ilə lil gətirmiş adi daşqın olmayıb. Belə ki, tufanın
Bibliyadakı təsvirinə inansaq, həmin ərəfədə şiddətli yağışlarla
yanaşı, vulkan püskürmələri də baş verib, zəlzələlər olub, nəticədə
suyun temperaturu artıb. Maraqlıdır ki, suyun qaynar olması ilə
bağlı Bibliyada söylənilənlər hind rəvayətləri ilə də üst-üstə
düşür. Hindlilər iddia edirlər ki, o günlərdə okeanın suyu
qaynayırmış.
Bütün bunlardan belə bir sual doğur: axı Nuhun gəmisi necə idi?
Bütün heyvanlardan bir cüt nümunə ora necə sığıb?
Nuhun gəmisi mühəndis gözü ilə
Bibliyaya əsaslansaq, Nuh gəmi tikmək barədə əmri Allahdan alıb.
Əmrə əsasən gəmi qofer ağacından düzəldilməli, içəridən və bayırdan
qətranla suvanmalı, uzunluğu 300 dirsək, eni 50 dirsək, hündürlüyü
30 dirsək olmalı idi. Qapısı yandan, gəmi özü də üç mərtəbə olmalı
idi.
Dərhal suallar yaranır. Nuhun tikintidə istifadə etdiyi qofer
hansı ağacdır? Bibliyanın başqa yerində bu ağacın adı çəkilmir.
Bibliya isə deyir ki, qofer Nuhun yaşadığı ərazidə bitirmiş. Bəzi
alimlər deyir ki, bu, sidr ağacının bir növüdür. Amma bu hipoteza
təsdiq olunmayıb.
Davam edək. Beləliklə gəminin ölçüləri olduqca dəqiq göstərilib.
Əgər bir dirsəyi 50 santimetrdən hesab etsək, o zaman gəminin
uzunluğu 150, eni 25, hündürlüyü isə 15 metr olub, yəni gəmi
xaricən yanaşı tikilmiş iki beşmərtəbəli binanı xatırladır. Əgər
Bibliyada bir dirsəyin 70 santimetr olduğunu nəzərə alanlarla
razılaşsaq, onda ölçülər daha nəhəng olacaq – 210x35x21 metr. Onda
belə çıxır ki, bu gəmi o dövr üçün olduqca iri olub. Bibliya
məlumatlarında isə deyilir ki, onun tikintisində təkcə Nuh və onun
ailəsi iştirak edib.
Bibliya əfsanəsinə inansaq, üçüncü mərtəbə Nuh və onun ailəsi, o
cümlədən, qida ehtiyatı üçün, ikinci mərtəbə heyvanlar, ən aşağı
mərtəbə isə tullantı üçün nəzərdə tutulub. İkinci mərtəbə qəfəslərə
bölünübmüş. Belə görünür ki, gəmiyə giriş də bu mərtəbədən
imiş.
Əgər kimsə düşünürsə ki, Nuhun gəmisi paralelepiped formasında
olub, yanılır. Orta əsrlərin məşhur Bibliya təfsirçisi Raşi yazırdı
ki, gəmi kəsilmiş piramidanı xatırladırdı. Aşağı bünövrəsinin
sahəsi 300 dirsəyin 50 dirsəyə (150×25 metr), uyğun olaraq yuxarı
hissənin ölçüsü 1 dirsəyin 1/6 dirsəyə (50×8.33 santimetr) olub.
Raşi davam edir ki, məhz bu forma suda rahat qalmağına kömək edib.
Bibliyaya görə, gəmi yuxarısından açılmış pəncərədən işıqlanırmış
(Nuh bu pəncərədən əvvəlcə qarğa, sonra göyərçin uçurdub ki, görsün
su çəkilibmi). İstisna deyil ki, gəminin yuxarısından açılmış belə
pəncərələrin sayı çox olub.
Belə bir tikili suda öz davamiyyətini qoruya bilərdimi? Nuhun
gəmisinin müxtəlif modellərini hazırlamış mühəndislər bu suala
yekdilliklə cavab verirlər: Sözsüz ki, hə! Doğrudur, onlar bunu da
əlavə edirlər ki, gəmi gərək bərabər yüklənə.
Yeri gəlmişkən, Nuhun gəmisindəki mərtəbələrin sayı dəqiq deyil,
bəlkə də üçdən çox olub. Bütün hallarda Yer üzündəki bütün bitki və
heyvanların ora necə yerləşməsini və gəmidə bir il keçirməsini heç
cür izah etmək olmur.
Piramidaların daha bir sirri
Bibliya rəvayəti Nuh, onun arvadı, üç oğlu və gəlinlərinin
gəminin içindəki gündəlik həyatını olduqca əhatəli təsvir edir.
Belə ki, gəmidə olan heyvanların bir hissəsi gündüz, digər hissəsi
gecə həyatı yaşayırmış. Onları vaxtında yemləmək üçün Nuhun ailəsi
bütün il boyu demək olar ki, yatmayıb. Qəribədir ki, onlar bu halda
yorğunluq hiss etməyiblər.
Hətta bir dəfə Nuh şirə gec yem verdiyi üçün heyvan onun üstünə
atılıb və ayağını yaralayıb. Bu yaradan sonra Nuh ömrü boyu
axsayıb. Ümumilikdə götürdükdə isə ilboyu gəmidə hətta yırtıcı
heyvanlar belə aqressivliyini itirib otyeyən heyvanlarla mehriban
yaşayırmışlar.
Nəhayət, gəmidəki qida ehtiyatı xarab olmayıb, toxum və tinglər
isə təzə qalıb. Görünür, bu möcüzənin izahını gəminin formasında
axtarmaq lazımdır.
Piramidal formanın içinə yerləşdirilmiş insan, heyvan və
bitkilərin üzərində aparılmış çoxsaylı eksperimentlər təsdiqləyir
ki, piramidanın içində vaxt "başqa cür" axır. Belə halda insan
qeyri-adi şəkildə gümrah olur, aydın düşünür, əhvalı yaxşı olur.
Piramidaya yerləşdirilmiş bitki toxumları əlavə şərtlər olmadan
həqiqətən də olduqca uzun müddət saxlanıla bilir.
Düzdür, bütün bu araşdırmalarda söhbət düzgün piramidalardan
gedir. Bəs kim deyə bilər ki, bu qanunlar "düzgün" olmayan
piramidanın içində də baş vermir?
Nəhayət, mistiklər iddia edirlər ki, nuhun gəmisi bayıra
nisbətən içəridən daha böyük olub. Bu da Nuha o qədər heyvan növünü
yerləşdirmək imkanı verib.
Buna inanıb-inanmamaq oxucunun öz işidir, amma qeyd edək ki,
Bibliyaya əsaslansaq, oxşar "məkan oyunları" qədim dövrün daha bir
unikal tikilisində müşahidə olunub – ilk Yerusəlim məbədində.
Nəhayət, mistiklərin daha bir iddiasını xatırlatmaq lazımdır:
Böyük tufan zamanı Nuhun gəmisi "Yerdən kənar" bir yerə aparılıb.
Bunu müxtəlif cür anlamaq olar. Belə ehtimal etmək olar ki, gəmi
Kabbala kitabı olan Zoarda bəhs olunan hansısa paralel dünyaya
köçürülüb. Amma ufoloqların izi ilə gedərək belə ehtimal da irəli
sürmək olar ki, Nuhun gəmisi çoxpilləli raket olub və müasir
insanın ümumi əcdadı qlobal fəlakətin bitməsini kosmosda
gözləyib.
Bir sözlə Böyük tufan və Nuhun gəmisi ilə bağlı açılmamış sirlər
hələ çoxdur və deməli onların izahı üçün ehtimallar da olduqca
çoxdur.
Sim-sim.az