Şair İlham Qəhrəmanla görüşüb onun gerçəkləşməyən
arzularına işıq salmaq istədik. Adına Azərbaycanın "Alınmaz qalası"
deyilən, lakin indi düşmən tapdağı altında əsirlik həyatı yaşayan
bir məmləkətdə - Laçında dünyaya gəlməsi, şeirlərində,
yaradıcılığının başqa nümunələrində daima xatırlanan, içindən bir
nisgil kimi keçən yurd haqda söhbət etmək istədik və etdik də…
Şairlə söhbətimiz onun ilk, məsum arzuları və gerçək həyatı ilə
bağlı oldu. Beləliklə, şair İlham Qəhrəman "Axar.az"ın
"Gerçəkləşməyən arzular"ında.
İlham dərs oxuyanda "ev köçür!"
- İham, özünü nə vaxt şair kimi hiss etdin?
- Orta məktəbdə oxuyandan ədəbiyyata güclü marağım olub. Həm də
əlaçı idim. Klassiklərimizin ən çətin qəzəl və şeirlərini
sinfimizdə əzbərləyən 2-3 şagirddən biriydim. M.P.Vaqifin ərəb və
fars sözləriylə dolu "Görmədim" müxəmməsini, C.Cabbarlının "1905-ci
ildə" dramını bütöv əzbərləmişdim.
Yayda dərs oxumaq asan idi. Həyətdə, çöldə bayırda olardıq.
Qışda isə mütləq evdə dərs hazırlamalı idik. Anam deyirdi İlham
dərs oxuyanda "ev köçür!"
- Yəqin elə o vaxtlardan şeir yazmağa
başladın?
- Altıncı sinifdə oxuyanda qəzəllər yazırdım. Səkkizinci sinfi
qurtaranda bu uşaqlıq şairliyim bitdi. Yazdığım qəzəlləri
səliqə-səhmanla – bəzən səhifələrə qırmızı qələmlə bəzək vurub -
ümumi dəftərə köçürürdüm. Maraqlıdı, o qəzəllərin hamısının rədifi
"gülüm" idi. Sinifdə bəzən tənəffüsdə həmin qəzəlləri qızlara
oxuyardım.
- Düşünmürəm ki, sənin ilk arzun tənəffüsü gözləyib
qızlara qəzəl oxumaq olsun. Ona görə də soruşuram: - sənin
arzuların nə olub və bu arzular səni hara qədər apara
bilib?
- Ədəbiyyatı sevdiyim üçün orta məktəbi qurtarıb arzularımın
ardınca düşdüm. Sənədlərimi o vaxtkı Lenin adına APİ-nin Xankəndi
filialının Filologiya fakültəsinə verdim. Ədəbiyyatdan yazılı və
şifahi imtahanların ikisindən də "4" aldım. 3-cü imtahandan –
tarixdən "3" qiymət bəs edirdi ki, ilk arzum rellaşa. Amma orta
məktəbdə "Tərifnamə" aldığım tarixdən 2 aldım.
Arxasız, köməksiz fəhlə balası
- Təsəvvür edirəm.
- Əvvəlki iki imtahandan yaxşı qiymət alanda yanımda
qohum-qardaşdan heç kəs olmamışdı. Amma imtahandan kəsilib
institutun həyətinə çıxanda atamı görüb çox pis oldum. Özümü
arxasız, köməksiz, haqqı tapdanmış bir fəhlə balası kimi hiss
etdim. Həyatdan arxasızlığın ilk şilləsini almışdım. Gözümün yaşı
xeyli müddət qurumadı. Atam da kövrəlmişdi. Növbəti il Bakıda elə
birinci yazılı imtahandan iki aldım. İki ilin qəbul imtahanlarından
gözüm qorxduğu üçün sənədlərimi Bakı Maliyyə-kredit texnikumuna
verdim. Mühasib ixtisasına yiyələndim. Texnikumu fərqlənmə
diplomuyla bitirdim və təyinatımı Bakıya verdilər.
Elçin müəllim üç dəfə məndən ötrü ağız açdı
Sərbəst vaxtlarımda həm mütaliə edir, həm də şeirlər yazırdım.
Bazar günləri isə ədbi məclislərə gedirdim. Eldar Baxışın məsləhəti
ilə şeirlərimi Yazıçılar Birliyində o vaxt katib işləyən yazıçı
Elçinə təqdim etdim. Elçin müəllim məni çox yaxşı qarşıladı.
Təxminən 300 misra şeirimi rus dilinə sətri tərcümə etdirdi ki,
Moskvaya Qorki adına Ədəbiyyat institutuna müsabiqəyə göndərsinlər.
Tərcümə qurtarandan sonra Elçin müəllim üç dəfə məndən ötrü o
vaxtkı rəhbərliyin yanına girdi ki, müsabiqəyə göndərilən sənədlərə
yazıçılar birliyinin möhürü vurulsun. O vaxt göndəriş üçün
Yazıçılar birliyinin möhürü çox vacib idi. Amma bunu nədənsə
etmədilər. Möhürsüz gedən sənədlər müsabiqədən keçmədi. Bir
gerçəkləşməyən arzum da bu oldu.
Mühasib şairlər sanballı şairlər olurlar
- İlham, sən həm də mühasib şairsən...
- Bəli Türk dünyasında tanınmış mühasib şairlər olub. Onlardan
biri Cənubdan "Heydərbabaya salam" poemasını yazan Məhəmməd Hüseyn
Şəhriyardır. O biri Türkiyədən məhşur "İstiqlal" marşını yazan
Mehmet Akif Ərsoydur. Adlardan göründüyü kimi, mühasib şairlər
sanballı şairlər olurlar. Mühasib olduğum üçün deyim ki, burda həm
də mühasiblik peşəsinin rolu var. Rəqəmlər dəqiqlik sevən kimi
şeirdə fikri sözlərlə dəqiq ifadə edəndə gözəl olur. Nə qədər
qəribə də olsa, şeirin başlanğıcı, davamı, bədii sonluğu ilə
hazırlanan hesabat arasında paralel aparmaq olar.
Şeirlərimi "bəh-bəh"lə götürüb… siyirməyə
atırdılar
- Ədəbiyyata gəlişini necə xatırlayırsan?
- Mənim uşaqlıqdan iki cür güclü mütaliəm olub. Onun biri gözlə
- kitab oxumaqla, o biri isə isə qulaqla – Azərbaycan radiosunu
dinləməklə olub. 1988-ci ildə Qarabağ hadisələri başlanan vaxta
qədər – Azərbaycan kitab bazarında olan kitabların əksəriyyətini
oxumuşdum. Hər gün işdən çıxanda yolumu "Bakı" unvermağının
yaxınlığındakı mağazadan salırdım. Bəzən ora rəhmətlik Eldar
Baxışla birgə gedərdik. Gözəl şairimizin geniş mütaliəsi vardı.
Amma sovet vaxtı bilirik ki, ədəbi orqanlar inhisara alınmışdı və
hər gəncin çap olunmaq şansı yoxuydu. Şeirləri "bəh-bəh"lə götürüb
redaksiyaların siyirməsinə atırdılar və illərlə orda qalırdı. Çap
olunmaq üçün tanınmış şairlərdən biri gərək sənə "uğurlu yol"
yazaydı. 1986-cı ildə rəhmətlik Y.Səmədoğlu "Ulduz"da bir şeirimin
üstünə çap üçün dərkənar qoydu. Oktyabrda "Səməd Vurğun nömrəsi"ndə
şeirim çap olundu. Ondan sonra daha mətbu orqanda çap oluna
bilmədim.
- Amma kifayət qədər dərc olundun…
- Hə, bu sonralar oldu. Müstəqillik dövrü çap olunmaq üçün belə
demək mümkünsə, qapıları üzümüzə taybatay açdı. Şeirlərimi çap edən
"Səs", "525-ci qəzet", "Rezonans", "Azadlıq", bir səhifə şeirlərimi
çap edən "Yeni müsavat" qəzetlərini həmişə minnətdarlıq hissiylə
xatırlayıram. Ədəbi nümunələrə qarşı tələbkar olan və ədəbi
meyarları itirməyən "Ulduz"un baş redaktoru rəhmətlik Ələkbər
Salahzadə və "Azərbaycan" jurnalının baş redaktoru İntiqam
Qasımzadənin yaradıcılığıma diqqətlə yanaşmalarını heç vaxt
unutmaram.
Özümü görmək istədiyim yerdə görmədim
- Kitabların çıxdı, oxucu sevgisi qazandın. Özünü görmək
istədiyin yerdə görə bildinmi?
- Şairlik ilk çağlarda daha çox adamın canında şan-şöhrət
hissini qaldırır. Amma zaman keçdikcə qələmin məsuliyyəti gəlir.
Mən əgər ali filoloji təhsil alsaydım, ancaq xalqımızın əski
əlifbada olan irsini araşdırardım. Amma bu mənə müyəssər olmadı.
Bizim şairliyimizi, belə demək mümkün olsa, vətənin acı taleyi
"burnumuzdan gətirdi". "Vətən oxşaması" şeiri bu bəndlə
başlayır:
Başımız aynımadı heç,
Sənə bir çəkmədik sığal.
Bir yandan azad oldun,
Bir yandan işğal.
Bizim yaradıcılığımız vətənin bir yandan fərəh dolu azadlığı, o
biri yandan isə üstümüzdə töhməti qalan Qarabağın işğalına təsadüf
etdi. Nə qədər kitablar çıxsa da, az-çox tanınsaq da, özümü görmək
istədiyim yerdə görmədim.
- O yer hara idi?
- Laçın...
Laçını hər fəsildə necədirsə, o cür görürəm
- Yuxularında Laçını hansı rəngdə görürsən?
- Nə qədər qəribə də olsa, fəsillər dəyişdikcə Laçının həmin
fəslə aid mənzərələri gəlib durur gözümün qarşısında. Sanki Laçında
yaşayıram. Qışda quşbaşı yağan qarı, həyətimizdəki tuta qonan
qaratoyuğu, sərçələri, yalı veriləndə zəncirdə dartınan itimizi,
yazda bizdən xəbərsiz evin üstündə kürt yatıb bir dəstə cücəsiylə
çardaxdan həyətə tökülən anaş toyuğumuza qədər hər şeyi
xatırlayıram. Yayda Həkərinin sularında bərq vuran günəşi Padşahlı
körpüsündən seyr etməyimi, çaydan qarmaqla balıq tutmağımı, çimib
qumda qumlanmağımı, bostanı, ağacları suvarmağımı, kövşəndə
bir-birimizə hav edib ot çalmağımızı gözümün önündən keçirirəm.
Anama paltar yuyanda və tut bəhməzi bişirəndə su daşımağım da məni
tərk etməyən xatirələrimdi. Payızda çayqırağı bağlarda sarı xəzəlin
xışıltısı qulağımda, həyətlərdə ucalan ot tayalarının şəkli
gözümdə, dərilmiş almaların evimizdən gələn xoş ətri hələ də
burnumdadı.
- Araşdırma, Laçın folkloru və sair, hardan gəldi
ağlına?
- Salman Mümtazın "Azərbaycan ədəbiyyatının qaynaqları" kitabı
mənə iki kitab yazmaqda bələdçi olub. Keçən əsrin əvvəllərində
Salman Mümtazın M.Ə.Sabirlə apardığı müsahibə adı çəkilən kitabda
yer alıb. Bu müsahibədən ruhlanıb mən də müxtəlif sənət adamlarıyla
"Azərbaycan XXI əsr" qəzetində müsahibələr apardım. Axırda həmin
müsahibələr "İlham qapısı" adıyla kitab halında çap olundu.
Azərbaycan ədəbiyyatı qarşısında əvəzsiz xidməti olan Salman
Mümtazın kitabını oxuyandan sonra 15 ilə hazırladığım ikinci kitab
isə Sarı Aşığın "Güldəftəri" kitabı oldu. S.Mümtazın kitabında
"Aşıq Abdulla" adlı məqaləni oxuyandan sonra məndə Sarı Aşiğın
irsini bir kitabda toplamaq həvəsi yarandı. O taylı, bu taylı
Azərbaycanda Sarı Aşığın adına olan nə qədər bayatı, şeir,
bağlama-tapmaca, rəvayət və s. nə varsa yığıb topladım "Gül
dəftəri"nə. Burada çəkinmədən onu da deyim ki, bu kitaba bir ad da
verərdim - "Böyüklər üçün ana dili kitabı". Kitabı oxuyanlar niyə
belə dediyimi bilirlər. Sarı Aşıq ana dilimizin hər qatında söz
demiş ustad bir şairdir. "Laçın folkloru" kitabını yazmağa Laçın
seçki dairəsindən deputatlığa namizəd olanda İsmayıllı rayonununda
məskunlaşan Qorçu sakini Mələk nənənin dediyi bu bayatı səbəb
oldu:
Ərəbəm oxumuşam,
Nə dərdi çoxumuşam.
Nə gələn var, nə gedən,
Elə bil yoxumuşam.
Laçında həmişə qonaq-qaralı olan ağbirçəyin qaçqınçılıqda
üzləşdiyi unutqanlıqla barışa bilməməsi, öz yurdunda sayılması,
indi isə heç kimin yadına düşməməsi ona çox yer eləmişdi. Bu bayatı
bütün qaçqınlara aiddir, sadəcə Mələk nənə bunu dərdi kimi dəqiq
ifadə eləmişdi. Namizəd olmağım bu yöndə - Laçın folklorunu
toplamaq işində qapı-qapı gəzməyə mənə bəhanə verdi. Gəzib
dolandıqca camaatımızın yaddaşında çoxlu ağız ədəbiyyatı nümunəsi
olduğunun şahidi oldum. Kitabda otuz beşdən çox bölmə var. Elə
bölmələr var ki, janr kimi folklorumuz üçün yenidir. Məsələn,
bəzəmələr, səvələmələr və s. Kitaba ön söz yazan professor Kamil
Vəli Nərimanoğlu belə bir inamını ifadə etmişdi – "Məncə bu
gülməcələr özü gələcəkdə artaraq ayrılıqda bir kitab olacaq".
Dediyi kimi də oldu. "Laçın folkloru" kitabındakı lətifələr say
etibarı iə artırılıb, məkanı genişləndirilərək "Laçın lətifələri"
adlı kitabı meydana gətirdi.
-İlham sən şeirlərində də, adi söhbətində də nigaran
görünürsən. Narahatçılığın nədəndir?
- Laçında Sus kəndində Nemət babamın böyük qara damları vardı.
Burda onu deyim ki, qara damlar Azərbacan xalqının ağız
ədəbiyyatının nəsildən-nəslə keçməsində əvəzsiz rol oynayıb. Uzun
qış gecələri nənələrimiz cəhrədə yun əyirə-əyirə balalara nağıl
danışıb, tapmaca satıb, bayatı söyləyiblər. Bu zaman uşaqlar bir
yandan nənələrin ağzından çıxanı yadda saxlayır, o biri yandan isə
cəhrə əyirmək, xalça toxumaq, tikmə tikmək kimi sənətlərə
yiyələnirdilər. Qara damlar dövrünün mədəniyyət evi, teatr səhnəsi
və sənət öyrənmək məktəbi idi. Balalarım üçün Bakının istisindən
daldalanmaq üçün babamın yurdunda bir ev tikərdim. Bakıda ev
tikməyin çətinliyinə baxma, kənddə ev tikəndə bir materiala pul
verirsən, bir də ustaya zəhmət haqqı. Qalan işi kənd əhli hav yolu
ilə özü görürdü. Yayda balalrım çox əziyyət çəkir, necə deyərlər
gedəcək yerləri yoxdu.
- Dostları qazanmaq asan olur, itirmək?
- Əlbəttə, qazanmaq çətindi, itirmək isə asan...