Vətənini və xalqını sevən ən yaxşı rus yazarları nədən
yad ellərə mühacirət ediblər?
Axar.az bu sahədəki araşdırmalarının nəticələrini oxucularına
təqdim edir.
İosif Brodski
Nə vaxt?
1972-ci ildə.
Nə üçün?
Tamamilə öz daxili dünyasına qapılan, sakit, siyasətdən uzaq
olan bir şair kimə mane olurdu? Səbəb Brodskinin bənzərsizliyi və
müstəqilliyində idi. Əzmək, qamçılamaq, hamının gözü qarşısında
alçaltmaq, ayaqlarda sürünməyə məcbur etmək və yalvarmaq... Brodski
isə həqiqətən də böyük insandı və bu oyunbazlıq ona tamamilə yad
idi. Bu xüsusiyyəti onu daha da yüksəldir, hakimiyyəti isə əksinə
daha çox hiddətləndirirdi.
29 noyabr 1963-cü ildə "Veçernıy Leninqrad" qəzetində
"Ədəbiyyatın böyür-başında dolaşan tüfeyli" məqaləsi dərc olunur.
Məqalədə Brodskini "parazit həyat tərzi" keçirməkdə
damğalayırdılar. Rişxənd doğuracaq bir hal idi ki, məqalədə nümunə
gətirilən şeir parçalarının əksəriyyəti, ümumiyyətlə, şairə aid
deyildi, bəzi parçaların isə mənası tam təhrif olunaraq yanlış
şəkildə şərh olunurdu. Məsələn, "Ötərkən dostların vətənini sev..."
şeiri felyetonun müəllifləri tərəfindən aşağıdakı şəkildə təhrif
edilmişdi: İlk misra - "Ötərkən (oradan keçərkən) dostların
vətənini sev" - və son misra - "Ötərkən yadların vətəninə rəhm et"
- bir misrada "Mən yadların vətənini sevirəm" şəklində
birləşdirilmişdi. Gözlənildiyi kimi, hiddətlənmiş oxucular tüfeyli
şairi cəzalandırmaq tələbilə məqaləni qızğın müzakirə obyektinə
çevirdilər. Artıq aydın idi ki, qanlı divan o qədər də uzaqda
deyil. Brodskini Arxangel vilayətindəki cəza düşərgəsində 5 illik
həbsə məhkum etdilər.
Bu, qətiyyən görünməmiş bir hal idi – ciddi, sakit, heç kimlə
işi olmayan adam birdən-birə barmaqlıqlar arxasına düşür.
D.D.Şostakoviç, S.Y.Marşak, K.İ.Çukovski, Y.P.German və başqa
mədəniyyət xadimləri, eləcə də Qərb hüquq mühafizəçiləri Brodskinin
müdafiəsinə qalxdılar. İctimaiyyətin təzyiqi ilə 1,5 ildən sonra
şairi azad etdilər və ehmallıca anlatdılar ki, əgər tezliklə öz
xoşu ilə Qərbə üz tutmasa, qısa bir vaxtda onu şimala rədd etmək və
ya indiyədək artıq bir dəfə məcburən yerləşdirildiyi dəlixanaya
göndərmək üçün bəhanə tapılacaq. Brodski müqavimət göstərdi, bu
məcburi səfərdən hansısa bir yolla yayınmağa cəhd etdi, ancaq onu,
sözün əsl mənasında, ölkədən qovdular.
4 iyul 1972-ci il
Şair Leninqraddan Venaya uçur, sonra isə Amerikaya gedir. Hətta
orta təhsili belə olmayan İosif Brodski Amerikanın 6
universitetində slavyanşünaslıq, şeir sənəti, poetik tərcümə
nəzəriyyəsindən mühazirələr oxuyur. Şeirlərini rus, ədəbi
əsərlərini ingilis dilində yazır, çoxlu tərcümələr edir. Brodski
1987-ci ildə "düşüncələrinin təmizliyi və poeziyasının parlaqlığı
ilə dolğunlaşmış geniş əhatəli yaradıcılığına görə" ədəbiyyat üzrə
Nobel mükafatına layiq görülür. Stokholmda jurnalistin – "Siz
özünüzü rus, yoxsa ameraikalı hesab edirsiniz?" – sualına Brodski
belə cavab verib: "Mən yəhudiyəm, rus şairi, ingilis esseistiyəm".
Brodskinin valideynləri oğullarını görməyə icazə almaq üçün on iki
dəfə müraciət edirlər (həm birlikdə, həm də ayrılıqda). Hətta
1978-ci ildə Brodski ürəyindən açıq əməliyyat olunduqdan və
klinikanın xəstə oğullarına qulluq etmək üçün valideynlərinin ABŞ-a
gəlmələrinə icazə verilməsini xahiş edən rəsmi məktubundan sonra
belə, onlara yenə rədd cavabı verilir. 1983-cü ildə Brodskinin
anası, bir ildən sonra isə atası vəfat edir. Brodskini onların heç
birinin dəfnində iştirak etməyə qoymurlar. Ancaq rejimin bütün
səylərinə baxmayaraq, şairi vətən xaininə çevirmək mümkün olmadı.
Brodski heç vaxt özünün həbsxana həyatını dramatikləşdirməyi, onun
adına yazılan rejimlə mübarizə edən şahin adını sevmirdi. A.Volgina
yazırdı ki, "Brodski müsahibələrində sovet hökumətinin həbsxana və
dəlixanalarında məhkum edildiyi məhrumiyyətlərdən danışmağı
sevmirdi, ciddi-cəhdlə "rejimin qurbanı" imicindən uzaqlaşaraq
"self-made man" (hər şeydə yalnız özünə borclu, minnət götürməyən
insan) imicinə can atırdı".