Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 İyun 2018


Aynur Camalqızı, mən və Rauf bəy... - Vüsalə Mahirqızı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az Publika.az-a istinadla "APA Holdinq"in prezidenti Vüsalə Mahirqızının Kəramət Böyükçölə müsahibəsini təqdim edir:

– Vüsalə xanım, sizi tanımayanlara özünüzü necə təqdim edirsiniz? Yəni, media qurumunun rəhbəri olduğunuzu xüsusi vurğulayırsınız?

–Adətən, kiməsə zəng edəndə özümü Vüsalə Mahirqızı kimi təqdim edirəm. Görsəm tanımır, bundan sonra deyirəm ki, “Apa Holdinq”in rəhbəriyəm.

– Nəsə xahiş etmək lazım olanda məmurlara sözünüz keçirmi?

– Mən tanımadağım adamlardan heç vaxt xahiş etmirəm, ümumiyyətlə, tanımadığım adamlara zəng etmirəm, bunu xoşlamıram. Bəlkə də, kompleksdir və ya müəyyən mənada qadın çəkingənliyim var. Fikirləşirəm ki, tanımadığım adamın cavabı kobud ola bilər. Bundan sonra gərək mən həyatım boyu o adamla üz-üzə gəlməyim. Ona görə də çalışıram ki, şəxsi xahişlərim dost çevrəsindən kənara çıxmasın. Təbii, xahişlərimin sayı az olur, amma indiyə qədər elə bir hal baş verməyib ki, kiməsə nəsə xahiş edim, sözüm yerə düşsün.

– Holdinqinizdə işləyənlərin əksəriyyəti yaradıcı adamlardır, onlar isə əsasən, xahişpərəst olurlar. Maraqlıdır, işçilərinizin problemləri ilə bağlı kimlərdənsə xahiş edirsinizmi?

– Əlimizin çata biləcəyi və çatmadığı yerlər var. İmkanım olduğu və bacardığım qədər kömək etməyə çalışıram. Mən başqaları üçün daha rahat xahiş edə bilirəm, nəinki özüm üçün. Amma əsas arzumuz odur ki, hamımız bir yerdə – medialı, məmurlu, digər ziyalılarla, yazıçılarla birlikdə elə hüquqi cəmiyyət quraq ki, heç kimin heç kimdən xahiş etməyə ehtiyacı olmasın. Bütün işlər qanun çərçivəsində və xahişsiz, dostsuz həll oluna bilsin.

– “APA Holdinq”də fəxri adlarla təltif olunmuş xeyli insan var, jurnalistlər üçün tikilən binada da ən çox ev bu media qurumuna verildi. Doğurdanmı APA-da bu qədər layiqli insanlar var? Yoxsa...

– Bu suala mənim cavab verməyim bir qədər qeyri-təvazökarlıq ola bilər. Amma faktdır ki, APA-da ölkənin ən parlaq və ən yaxşı imzaları çalışır. Görülən iş də ortadadır. APA Azərbaycan mediasının həm ölkə daxilində, həm də xaricdə ən çox istinad olunan iki-üç informasiya mənbəyindən biridir. O ki qaldı daha çox təltif, mükafat və ev məsələsinə, buna o nisbətdə yanaşmaq lazımdır ki, APA-da işçi sayı çoxdur. Təbii ki, biz də bu qayğıya və diqqətə görə dövlət başçısına, bizə dəstək olan hər kəsə, media siyasəti ilə məşğul olan şəxslərə, dostlarımıza minnətdarıq. Yaxşı iş görmək ayrı bir şeydir, amma yaxşı işin yaxşı qiymətləndirilməsi də əlavə stimuldur. Biz də bu stimulla verilən dəyərə layiq olmağa çalışırıq.

– Filoloqsunuz, ədəbiyyat adamısınız. Özünüz də yazırsınız?

– Vaxtım yoxdur.

– Vaxtınız olsa, yazarsınız?

– Bəli, məmnuniyyətlə yazaram.

– Heç jurnalist kimi də bir yazınızla qarşılaşmamışıq...

– Jurnalist kimi fəaliyyət göstərdiyim zaman çoxlu şərhlər yazırdım və indi də təhlillər aparmağı sevirəm. Bəzən olur ki, beynimdə müəyyən təhlillər aparıram, həvəslənirəm ki, sabah yazacam. Amma sabah gəlirəm ki, texniki işlər, menecment və s. Elə həvəs kimi də qalır.

– Bəs oxuduğunuz imzalar kimlərdir?

– Azərbaycan mediasında demək olar ki, bütün imzaları oxuyuram. Təbii, tale elə gətirib ki, oxuduğum yazar və ya jurnalistlərin bir çoxu bizimlə birgə işləyirlər. Məsələn, Şərif Ağayar sevimli yazıçımdır, bütün əsərlərini oxuyuram. Səni oxuyuram, Ayxanı oxuyuram, Aqşin Yenisey nə yazırsa, oxuyuram. Mübariz Örən, İlqar Rəsul, Faiq Balabəyli, Aliyə, Mirmehdi... Aqşin Evrən ən çox və maraqla oxuduğum şairlərdən biridir. Bahar Zamanova adlı xanımın şeirlərini oxuyuram. Qisməti oxuyurdum, amma son zamanlar nəsə yazmır. Son vaxtlar ən çox Şəhriyarı oxuyuram. O, bir istiqamətdə qalmır, yaşı ilə birlikdə şeirləri də böyüyür. Həmçinin yeni təhlilləri, tərcümələri oxuyuram. Ümumiyyətlə, yeni imzaları və Azərbaycanda hansı yeni kitab çıxırsa, oxuyuram.

– Şərifin son romanı xoşunuza gəldimi?

– Əlbəttə, roman mükəmməl idi, amma mənim üçün hələ də Şərifin əsərlərinin şahı “Haramı”dır. Bilmirəm bu sözümə görə Şərif inciyər, ya inciməz, nədənsə, onun “Arzulardan sonrakı şəhər” romanı mənə Əkrəm Əylislinin əsərlərindən təsirlənmiş kimi gəldi. Buna baxmayaraq, müasir Azərbaycan yazıçıları arasında mənim favoritim Şərifdir.

– Bildiyim qədərilə Əkrəm Əylisli də sizin sevimli yazıçınızdır.

– Bəli, elə idi.

– “Daş yuxular”dan sonra ona münasibətiniz dəyişdi, dəyişmədi?

– Əlbəttə, bu əsər Əkrəm Əylislidən gözləmədiyim bir şey idi. Hətta filoloq kimi cürətlə deyə belərəm ki, “Daş yuxular” Əkrəm müəllimin bədii cəhətdən ən zəif əsəridir. Yəqin ki, ömrü boyu mənə qaranlıq qalacaq ki, Əkrəm Əylisli o axmaq əsəri niyə yazdı? Əsər avantüradan başqa bir şey deyildi. Təbii, ona qarşı vətəndaş olaraq münasibətimi dəyişdi, hətta məni küsdürdü, buna baxmayaraq, Əkrəm Əylislinin yazdığı o qədər gözəl əsərlər var, onları və yazı texnikasını, ədəbiyyatçı kimi təxəyyülünü, yanaşmasını danmaq olmaz.

– Əkrəm Əylisli ilə bir-birinizi şəxsən tanıyırsınız?

– Təbii ki...

– Vüsalə xanım, Qan Turalı uzun müddət “Kulis”də baş redaktor işlədi və fəaliyyəti də yaxşı mənada hamıya məlum idi. Amma ondan bu qədər asanlıqla əl çəkməyiniz bizi təəccübləndirdi...

– Bayaq oxuduğum imzalar arasında Qan Turalının adını çəkmədim, deyim ki, siyahımda o da var. İkincisi, biz ondan əl çəkmədik. Bizim münasibətlərimiz indi də normaldır, indi də dostuq. O, özü hesab edirdi ki, artıq “Kulis”də görəcəyi işlər bitib. Getməyi də özü istədi. Amma istər “Kulis”in, istərsə də APA-nın qapıları Qan Turalının üzünə açıqdır. Efirimizə də çağırırq, özünə də demişəm ki, “Kulis”də ən yüksək qonorarla yaza bilərsən. Əsas odur işlədiyimiz müddətdə münasibətlərimizi yaxşı saxlayaq. Kimsə ömrü boyu “APA Holdinq”də işləməyə məhkum deyil.

– Onun redaktor işlədiyi dövrlə “Kulis”in indiki fəaliyyətini müqayisə edib hansısa qənaətə gəlmək olarmı?

– Hesab edirəm ki, əvvəldən “Kulis”in vahid xətti olub. Bu məsələ istənilən media qurumunda belədir. “Kulis”in əsas xətti ondan ibarətdir ki, daim maarifçiliklə məşğul olmalıdır, yeni yazarlara meydan verməlidir, cəmiyyətin daşlaşmış problemləri var, o yaralara duz basılmalıdır. Bu prinsip Qan Turalının da zamanında belə idi, Şərifin də zamanında belədir. Hətta biz olmasaq belə “Kulis”in əvvəldən qurulmuş xətti dəyişməyəcək.

– Bir sözlə prezident kim olur-olsun, fərqi yoxdur, Amerikanın daxili siyasəti kimi “Kulis”in də oturuşmuş bir siyasəti var.

– Bəli, elədir. Amma hesab edirəm ki, Şərif bəyin ətrafında daha çox yazarlar “Kulis”ə gəlirlər və yazırlar. Buna görə də “Kulis”in xəttində daha çox genişlənmə və şaxələnmə var. Hər redaktor vahid xəttə əlavə güc verə bilər, amma vahid xətti inkar edən baxış ola bilməz. Və təbii ki, indi “Kulis”dən Qan Turalının yox, Şərifin səsi gəlir.

– Bir dəfə Murad Köhnəqala demişdi ki, Nəsimi Nəbizadəni ram edən yeganə adam Vüsalə Mahirqızıdır. Çünki Nəsimi peşəkar bir jurnalist olsa da, bəzən onu ipə-sapa yatmayan, məsuliyyətsiz adam kimi də qələmə verirlər. Maraqlıdır, siz Nəsimiyə nə qədər maaş verirsiniz ki, hər gün vaxtı-vaxtında işə gəlib-gedir?

– Biz Nəsimiyə indiyə qədər işlədiyi yerlərin heç birindən yüksək maaş vermirik. Nəsimi haqqında yaradılan məsuliyyətsizlik imicini də yanlış hesab edirəm. O, kifayət qədər yaxşı xəbər bilicisidir, təhlilçisidir, məsuliyyətlidir. Sadəcə, Nəsimini bura bağlayan yeganə şey ona verilən dəyərdir. O, Nəsimi Nəbizadədir – Azərbaycan klassik televiziyasının əsas üzlərindən biri. Burada əməkdaşlar maaşdan çox iş yerində onlara verilən dəyərə və özlərini rahat hiss etdiklərinə görə işləyirlər. Əgər əməkdaş işə biyara gəlirmiş kimi gəlirsə, orada yaradıcı uğurdan söhbət gedə bilməz. Nəsimi kollektivini sevir.

– Səhv eləmirəmsə, Dalğa TV-yə yayım hüququ verildi, hə?

– Bəli, doğrudur.

APA TV neçə illərdir fəaliyyət göstərir, fəaliyyəti isə göz qabağındadır. Bəs nə əcəb hamının tanıdığı APA TV-yə yox, heç kimin tanımadığı Dalğa TV-yə belə bir imkan verildi?

– Açığı, hələ ki bizim belə bir müraciətimiz olmayıb, amma arzumuzdur ki, APA TV peykdə yayımlansın. Çünki biz həm kollektiv, həm infrastruktur, həm proqram siyasəti, həm də texniki baxımdan buna hazırıq. Azərbaycanda yeganə internet televiziyasıyıq ki, bizim proqram siyasətimiz və normal mərkəzi televiziyalar kimi yayım vermək imkanlarımız var. Ona görə də ümid edirik ki, 2018-ci ildə bunu reallaşdıracağıq. Hesab edirəm ki, bizim stabil tamaşaçı kütləmiz də var. Həm yutub üzərindən, həm feysbukda canlı yayımlardan kifayət qədər tamaşaçımız var.

– Vüsalə xanım, hamı sizi Aynur Camalqızı ilə küsülü bilirdi. Amma birdən Rauf Arifoğlu sizin bir yerdə şəklinizi sosial şəbəkədə paylaşdı və adamlar xeyli təəccübləndi.

– Xeyr, biz küsülü deyilik. Sadəcə, insanlar düşünür ki, iki media qurumunun rəhbərliyi xanımdırsa, onlar arasında mütləq münaqişə olmalıdır. Bizim Aynur xanımla çox yaxşı münasibətlərimiz var. O, Azərbaycanda uğurlu bir media qurumunun rəhbəridir. Ad günümüzdə o da diqqətini göstərdi, Rauf bəy də sağ olsun, birlikdə gəlib APA-nı təbrik etdilər. Və Rauf bəyin siz deyən fotonu yayması da lazımsız söz-söhbətlərin qarşısını aldı. Bu, çox yaxşı bir təşəbbüs idi, buna görə mən Rauf bəyə xüsusi təşəkkürümü bildirirəm. Aynur Camalqızı, mən və Rauf bəy medianın və şirkətlərimizin müəyyən problemlərini müzakirə etdik. Aynur xanımla bu yaxınlarda Türkiyədə də birgə səfərdə olduq. Deyim ki, dostları sevindirəcək qədər çox yaxşı münasibətimiz var.

– Nədənsə, iki xanım rəhbərin dostluğu adamlara inandırıcı gəlmir...

– İnandırıcı gəlməyə bilər, amma doğrudan da hər kəs öz işi ilə məşğul olur və hərənin öz istəyinə uyğun hədəfləri var. Necə ki, bir çox media qurumlarına kişilər rəhbərlik edir və bu onlara mane olmur, bizdə də elədir. Əksinə, həm Aynur xanımla, həm “Həftə içi” qəzetinin baş redaktoru Sevinc xanımla, eləcə də mediadakı digər xanımlarla kifayət qədər normal münasibətlərimiz var. Ümumiyyətlə, düşünürəm ki, rəqabət xanım-kişi müstəvisində getməməlidir. Bu ancaq iş müstəvisində baş verməlidir. Nə mən “APA Holdinq”i, nə də Aynur xanım “Teleqraf Holdinq”i xanım kimi idarə edir. Biz hər birimiz işimizi media sahəsinin peşəkarı kimi aparırırq.

– Sizin şəxsi biznesiniz var? Konkret olaraq Bakıdakı “Künəfə evi” restoranlar şəbəkəsinin sizə aid olduğu deyilir.

– Mənim yox, həyat yoldaşımın biznesi var. Heç o özü də istəmir ki, onun işlərinə müdaxilə edim.

– Bəs niyə sizi eyni zamanda biznes-ledi kimi tanıyırlar?

– Elə “APA Holdinq”in rəhbəri olmağın özü də bizneslə məşğul olmaqdır. Bizim qurumumuzun tərkibində piar-marketinq işləri ilə məşğul olan şirkət var, onlayn xidmət göstərən şirkətimiz var və s. Yenə deyirəm, mən elə burada da bizneslə məşğulam. Media işi ilə məşğul olan adamın başqa işlə məşğul olmağa fiziki olaraq da vaxtı olmur. Burdakı işlərimi ancaq çatdırıram. Ona görə də digər işlərlə məşğul olmağa nə vaxtım var, nə də həvəsim.

– Bu qədər iş sizin ailə, ev qadını olmağınıza mane olmur?

– Mən ailəyə, övladıma ayırmağa zaman tapıram. Ümumiyyətlə, hesab edirəm ki, ən mühüm problemlərimizdən biri vaxt bölgüsünün düzgün aparılmamasıdır. Düşünürəm ki, lap elə orta məktəbdən vaxtın düzgün bölünməsi ilə bağlı təlimlər, dərslər keçirilməlidir. İnsanlar özlərini yalnız bir işə həsr etməməlidirlər. Mən “APA Holdinq”in rəhbəriyəm deyə şəxsi həyatıma, ailəmə, əyləncəyə vaxt ayırmamağım doğru olmazdı. Uğurlu adamlar o adamlardır ki, həm işlərini normal görə bilirlər, həm özlərinin şəxsi əyləncələrinə, ailəyə vaxt ayırırlar, həm də dostlarla görüşürlər. Əvvəllər məndə vaxt bölgüsü ilə bağlı problemlər vardı. Son iki ildə isə vaxtın düzgün bölünməsi ilə bağlı bəlkə də on uzmanın yazılarını oxudum. Bu mənada ki, dünyada bizim şirkətdən qat-qat böyük şirkətləri idarə edən insanlar var, bəs onlar bu qədər işi necə çatdırırlar? İndi isə çox rahatam, hər şeyə vaxtım çatır.

– Evdar qadın olursunuzmu?

– Ancaq bazar günləri. Qızım mənim yeməklərimi çox sevir və o, istəyəndə mən müəyyən yeməkləri bişirirəm. Demirəm bütün ev işlərinin öhdəsindən gəlirəm, amma qızımla bağlı alış-verişləri özüm edirəm.

– Vüsalə xanım, jurnalistlər üçün tikilən binada sizin ev almaq iddiasında olmamağınız çoxları tərəfindən müsbət hal kimi qarşılandı.

– Axı mənim evim var.

– Məsələn, ev alıb ehtiyacı olan hansısa yazara, jurnalistə verəydiniz... Belə bir maraqlı addım atmaq olardımı?

–Bu ev prezidentin hədiyyəsidir deyə, belə bir addım atmağım doğru olmazdı. Həm də mənim evə iddialı olmamağım hesab edirəm ki, onsuz da ehtiyacı olan jurnailsti evlə təmin etmək deməkdir. Amma hesab edirəm ki, müəyyən subyektiv yanaşmalara baxmayaraq, evlər çox böyük ədalətlə bölündü. Bu məsələdə ən çox media rəhbərlərinin və qurumda çalışan insanların ədalətli olmasına ehtiyac var. Çünki əsasən məhz bizim göndərdiyimiz siyahı nəzərə alınır.

– Belə bir fikir də var ki, siyahıda kimin adının birnci, ikinci, üçüncü olmasına baxmayaraq, seçim media rəhbərinin əlindədir. Son anda onun istəyi nəzərə alınır.

– Bu işin içində olan bir adam kimi deyirəm ki, bizim holdinqdə siyahı hazırlanarkən mən heç bir iclasda iştirak etməmişdim. Sadəcə olaraq, kollektivə bildirmişdim ki, mənim ev iddiam yoxdur və heç vaxt da olmayacaq. Bunu “APA Holdinq”ə daxil olan hər kollektiv özü müəyyənləşdirdi, Prezident Administrasiyasında doğrudan da çox ədalətli bir araşdırma aparıldı və ehtiyacı olan, eyni zamanda, haqqı çatan həmkarlarımız evlə təmin olundular.

– Qabil Abbasoğlunun ev ala bilməməsi də bizi çox təəccübləndirdi... Çünki hamı bilir ki, Qabil müəllim öz fəaliyyəti ilə birmənalı olaraq bu hədiyyəyə layiqdir.

– Deyim ki, bu məsələ Qabil Abbasoğlunun özünün arzusu oldu. Çünki lent.az saytından üç nəfərin adı təqdim olunurdu. Qabil müəllim isə şəxsən özü mənə və kollektivə müraciət etdi ki, birinci yerə onun yox, daha çox ehtiyacı olan adamın – Kəmalə Quliyevanın adı yazılsın. Qabil müəllim, eyni zamanda, Kəmalə xanımın ev alması üçün bizdən israr eləməyimizi də istədi.

– Vüsalə xanım, şübhəsiz ki, siz ağıllı və məntiqli bir qadınsınız, amma maraqlıdır, heç dəli kimi sevmisiniz?

– Açığını deyim ki, mən heç bir şeyə dəli kimi baxa bilmirəm. Çünki ayağı yerdə olan adamam. İnsanlar mənim planlı yaşayışıma təəccüb edirlər. Mən də onlar təəccüb edirəm ki, plansız necə yaşamaq olar?

– Amma planlı sevgi olmur...

– Təbii, planlaşdırılmış sevgi də olmur. Amma sevgini danışmazlar, yaşayarlar.

– Deyirlər, gözəllik ondur, doqquzu dondur. Bəs sizin gözəliiyinizin neçəsi dondur?

– Anladım (gülür). Mən geyimimə çox önəm verirəm. Geyim və baxımlı olmaq üzdə olan qadının vizionunu müəyyənləşdirir. Mən bir media brendinin simasıyam. “APA Holdinq” deyəndə mən, mən deyəndə “APA Holdinq” yada düşür, şirkətin vitrinində dayanan şəxsəm. “APA Holdinq” necə görünürsə, mən də o cür görünməliyəm. Ona görə də çalışıram ki, baxımım, geyimim və mənə aid olan hər akssesuar yerində olsun. Buna da işimin tərkib hissəsi kimi baxıram.

– Məlumdur ki, siz Ucarın Lək kəndində doğulmusunuz. Hərdən haqqınızda qısqanclıq hissi ilə deyirlər ki, kəndçi qızı Vüsalə Mahirqızı şəhərin ən sayılıb-seçilən xanımlarından birinə çevrildi. Buradakı “kəndçi qızı” ifadəsi sizi narahat etmir ki?

– Mən Ucar rayonun Lək kəndində doğulmuşam. Bu cür deyimlərdən heç narahat olmuram, əksinə, bir az da xoşuma gəlir. Çünki bunu deyənlər alt şüurda həm də məni etiraf edirlər. Etiraf olunmaq həmişə xoşdur...

Tarix
2017.12.22 / 15:58
Müəllif
Kəramət Böyükçöl
Şərhlər
Загрузка...
Digər xəbərlər

Adamlar panikaya düşməsin deyə bunu gizlədirik - Reportaj

Xalq artisti ailəsi ilə bağlı dəhşətli faktları açdı - Müsahibə

Əmir Teymurun heyran qaldığı azərbaycanlı kim idi?

Guya Tağıyev babamı inandırıb ki... - Nağıyevin nəvəsi

Fili özündən çıxaran rus qadını və Bakıya gətirilən çaylar - Foto

AXC Türkiyə üçün nümunə oldu – Foto

Yayda Azərbaycanda harada dincəlmək olar?

Son çəkiliş: Speys TV bu verilişi niyə yayımdan qaldırdı? - Video

Prezident belə məsləhət gördü ki... - Rasizadə nələr danışdı?

Atam əsirlikdə olanda Rəsulzadə ilə görüşüb - İlham Rəhimov

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla