Yuxarı

Söyürsənsə, sabah "söhbətə" çağırılanda... - Əli Əkbər

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda İsveçrədə yaşayan yazıçı Əli Əkbər Musavat.com-a son günlər bəzi mühacirlərin sosial şəbəkədə qeyri-etik ifadələrlə "müraciəti" mövzusunda geniş müsahibə verib.

Kult.az mövzunun aktuallığını və müsahibədə "mühacir reallıqları" ilə bağlı maraqlı fikirləri nəzərə alaraq, müsahibəni xırda ixtisarla təqdim edir:

- Əli bəy, son illər xeyli azərbaycanlı saxta yollarla bəzi müxalifət partiyalarından vəsiqə alıb, sırf güzəranını yaxşılaşdırmaq üçün Avropaya gedib.

- Saxta yollarla xaricə gələn, status alan və ya ala bilməyən minlərlə insan var. Həqiqətən də hüquq-mühafizə orqanları, hansısa oliqarx qruplarla problemi olan və ya şəxsi zəmində problemi olduğu halda, buna siyasi rəng qatıb oturum alanlar da var.

Azərbaycanın mənfi imici də oturumların verilməsini asanlaşdırırdı. İndi isə vəziyyət dəyişib, azərbaycanlıları əksər hallarda geri göndərirlər, onlardan bəziləri hətta müqavimət göstərir, polisləri girov götürür və xəbərlərə mövzu olurlar. Əlbəttə, minlərlə azərbaycanlı siyasi mühacir ola bilməz. Bunu Almaniya da, bütün Avropa ölkələri də çoxdan başa düşüblər. Azərbaycanlılar üçün Almaniya ən çox seçilən istiqamətdir və bunun səbəbi mənə məlum deyil. Çünki mühacirlərin saxlanmasında ən ağır şərait hazırda Almaniyadadır. Orada düşərgələrdə qalanlar haqda məlumatları, hekayələri eşidəndə adamın ürəyi ağrıyır.

Bəstəkar Elmir Mirzoyev Almaniyadakı düşərgələrdən birində qalandan sonra oradakı dəhşətləri “Der Tagesspiegel” qəzeti üçün yazmışdı. Çox gözəl məqalə idi, onun qələmindən çox təsirli təsvirlər vardı. Düşərgələrdə din də silinir, irq də. Hər kəs orda qardaş-bacı olur. Rezonanslı məqalə idi. Bilmirəm, insanlar bu məşəqqətlərə niyə qatlanırlar. Elə bilirlər ki, burda onları daha yaxşı həyat gözləyir. Səhv anlaşılmasın, mənim fikrimi bilmək istəyirsinizsə, qeyri-qanuni yollarla, saxta üsullarla sənədlər düzəldib, burda oturum alanları əsla qınamıram. Çünki ifrat dərəcədə azadlıq sevərəm. Hər kəs bu balaca planetimizdə istədiyi kimi yaşasın, hara istəyir getsin. Mən bu cür saxta işlərə qoşulmayan partiya funksionerlərinə, sıravi partiya üzvlərinə, ümumilikdə müxalif fikirli vətəndaşlara görə pis oluram. Onlar zənn altında qalırlar. Sanki Azərbaycanda müxalifət yalnız mühacirətə getmək istəyənlərə sənəd verməklə məşğuldur. Belə hərəkətlər, müxalifətin bugünkü halı müxalifəti bir institut kimi rəncidə edir, gözdən salır.

- Mühacirlərlə bağlı yeni ajiotaj başlanıb. “Söyüş söyən mühacirlər...” Bu təqdimat sizi narahat edirmi? Sizcə, bunu ümumiləşdirmək nə dərəcədə doğrudur?

- Bizdə, İsveçrədə sakitlikdir, burda nə söyüş söyən var, nə şəkil yapışdıran, nə mitinq eləyən. Burdakı mühacirlər də elə İsveçrənin özü kimi darıxdırıcıdır. Zarafat bir yana, buradakı bəzi dostlardan eşitdim ki, inbokslarına yazıb, onlardan İsveçrədə “diktator” şəkillərini yapışdırmağı təklif etsələr də, rədd cavabı alıblar, ən azından ona görə ki, burda şəkil yapışdırmağa vaxtı olan adam yoxdur.

Bu təqdimat məni narahat edir, çünki özümü hansısa dəxlisiz qrupların, adamların yanında, onların bir üzvüyəmmiş kimi hiss edirəm.

- Ədəbiyyatda söyüşlə yazanlardan biri də siz olmusuz. Özünüz də bunu zaman-zaman etiraf etmisiniz. İctimai rəydə də belə bir düşüncə var. Amma hazırda bunun tam əksini düşünürsüz.

- Bəli, belə bir reputasiyam var. Vulqarizmlərlə dolu hekayələr yazdığım çox olub. Amma bu gün baş verənlər söyüşün deqradasiyasıdır, estetik deyil. Estetika isə mənim üçün əsasdır. Burda estetika da yoxdur, səmərə də. Bağışlayın, təkrarçılıq olacaq, insan azadlığı mənim üçün çox vacibdir. Bu, əslində bizim tarixdən gələn konsepsiyamızdır. Nəsimi bunu formalaşdırıb, konstitusiyasını yazıb. Başqalarına zərər vermədikdən sonra insan hər bir işində azaddır. Ona görə də mən əksini düşünmürəm – insanın söyüş söymək azadlığı var, amma söyüş söyməyə çağırış etmək tamam başqa söhbətdir, korporativ maraqlardan xəbər verir. Mən ətrafıma tərəfdar toplamamışam ki, qoşulun, gedək söyüş söyək. Söyüş mənim üçün siyasi mübarizə metodu yox, dünya ədəbiyyatında saysız nümunəsi olan bədii priyom olub. Fərqimiz budur.

“Söyüş söyən mühacirlər” adlandırılan bu qrupun mənə, İsveçrədə yaşayan, çalışan və vergi ödəyən bir Azərbaycan vətəndaşına təklif edə biləcəyi nə var? Davaları nə üçündür? Azərbaycanda İsveç, Norveç demokratiyası qurmaq istəyirlər? Yoxsa ortada şəxsi ədavət var və müxalif fikirli azərbaycanlılardan da bu məqsədlə istifadə olunur? Zibil qutusuna “İlham Əliyev diktatordur” yazmaq hansı məqsədə xidmət edir? Birincisi, bu informasiya avropalının nəyinə lazımdır? Küçədən keçən Hans, Markus və ya Helqa bunu gördükdə nə düşünəcəklər, onların qafasında nə dəyişəcək və bütün bunların mənə, ya da Azərbaycana faydası nədir? İkincisi, bu informasiya yalandır, çünki İlham Əliyev diktator deyil.

Nəsə, mən heç cür təsəvvür etmirəm ki, bir axşam İlham Əliyev dəstəyi qaldırır və kiməsə zəng edib deyir ki, filankəsin bacısını aparın, idarədə dindirin. Bir çox işdə olduğu kimi, burada da ola bilsin ki, dövlət başçısının və ölkənin imicini gözardı edən, daha doğrusu, bunları düşünəcək ağılda olmayan adamlar “ayı xidməti” göstəriblər. Bunun başqa açıqlaması ola bilməz. İndi belə bir biabırçılıq baş verib deyə, prezidenti və ailəsini publik şəkildə söyməyə başlayırsansa, ana-bacı söhbəti edəcək qədər azərbaycanlısansa, onda sabah səni Azərbaycan üsulu “razborka”ya çağıranda, gərək Avropa dəyərlərini yada salmayasan, axıra qədər azərbaycanlı qalasan.

- Söyüş söyənlərin gətirdiyi arqumentlərdən biri həm də odur ki, “bu günə qədər azərbaycanlı mühacirlərin müdafiə etdiyi dəyərlər, onları ölkədən didərgin salanlarla bağlı apardığı mübarizə effektsiz olub. Ümumiyyətlə, ildə bir-iki dəfə, özəl tarixlərdə səfirlik qarşısında kiçik, göstərişsiz aksiyalar keçirməklə kifayətləniblər”. Siz bu mübarizə metodları arasındakı fərqi necə izah edərdiz? Söyüşdən əvvəlki və söyüşdən sonrakı mübarizə...

- Avropada nəyin mübarizəsini aparmalıyıq ki? Bu, nə gic arqumentdir? Avropalının nəyinə lazımdır bu mübarizə, mənim bir avropalıya deyəcəyim nə ola bilər? Yox, əgər Azərbaycan üçün faydalı olmaqdırsa məsələ və mübarizə zibil qutularına şəkil yapışdırmaqdırsa, bunun adı mübarizə yox, qarşı tərəfdə qıcıq, qəzəb yaratmaqdır. Son məqsəd budursa, tamam, mənim sözüm yoxdur.

İndi yeni nəsil yetişir, dünyanı görür, təhlil edir, təhsillənir. Mentalitetimizdə çox ciddi problemlər var. Yeni nəslin bunları həll edəcəyinə inanıram. Amma özlərini qaraçı kimi aparan azərbaycanlıları görəndə, bu ümidlərim də yox olur. Mənim öz dövlətimin səfirliyi qarşısında nə itim azıb? Gedib orda nə deməliyəm? Nə baş verib axı? Azərbaycanda minlərlə adamı qanına qəltan ediblər? Yaxşı, tutaq ki, mən səfirliyin qabağında İlham Əliyevin şəklini götürüb, “diktator” deyə qışqırıram. Avropa vətəndaşı, ordan keçən adamlar bu işdən nə başa düşəcəklər və bunun mənə, Azərbaycana və Avropaya faydası nədir? Praqmatik düşünmək lazımdır.

- Əli bəy, amma bu cür insanların izləyiciləri də çoxdur, tərəfdarları da. Bəzən həyata keçirdikləri canlı yayımlara yüzlərlə insan eyni anda baxır, şərhlər yazır. Bunun səbəbi nədir?

- Açıq-saçıqlıq diqqət çəkir, maraqlı olur. Tamaşa heç də razılıq demək deyil. İnsanlarda porno izləmək ehtiyacı hər zaman olub. Psixoloqlar bu haqda traktatlar yazırlar. Söyüş də bunun kimi.

Azərbaycan mətbuatında çox böyük günah görürəm. Vəziyyət acınacaqlıdır. Düzdür, siz “Yeni Müsavat” olaraq gəlib, mühacirlər barədə silsilə yazdız, kitab çıxardız. Siz gələndə pulla sənəd almaq məsələsi vardı, ona fokuslanmışdınız. Bəs burda yaşayan tanınmış, uğurlu azərbaycanlıları nə edək? Nevrologiyada baş ağrıları, miqren əsas sahədir. Bu sahənin ən məşhur bilicilərindən biri Məsud Aşinadır. 90-cı illərin əvvəllərindən Danimarkada yaşayır. Sovetlər dağılan ərəfədə köçənlərdəndir. Bu insan baş ağrıları, miqren üzrə dünyada üç alimdən biridir. Tanıyan var Azərbaycanda? Ya da Almaniyada tanınmış bir avtokonsern üçün mühərriklərin istehsalında iştirak edən azərbaycanlı alimi tanıyanlar var? Onlar kimi Avropada, başqa qitələrdə uğur qazanmış çoxlu sayda azərbaycanlı var. Amma mən onlarla bağlı silsilə yazıları mətbuatda oxumadım. Çox gözəl sənədli film də çəkilə bilər. Kimsə bunu öz üzərinə götürməlidir. Hər bir sahədə uğur qazanan azərbaycanlılar modelə çevrilməlidir. Dünyaya və ilk növbədə azərbaycanlıların özünə göstərmək lazımdır ki, belə azərbaycanlılar var. Onlar öz dəyərli fikirlərini paylaşsınlar, insanlar maariflənsin.

- Avropada Azərbaycan diasporu, eləcə də iş adamlarının, dövlət məmurlarının övladları üstünlük təşkil edir. Səfirliklərimiz, xarici şirkətlərdə çalışan həmvətənlərimiz də həmçinin. Bəs onlar “söyüşcül mühacirlər”ə niyə effektiv mübarizə apara bilmir? Axı onlara böyük pullar, vəsaitlər sərf edilir.

- Onlar nə etməlidirlər axı? Məhkəməyə getsələr uduzacaqlar, gedib söyüş söyənləri döysələr, tutulacaqlar. Onların işi Avropada söyüş söyənləri tapıb “razborka” aparmaqdırmı? Hər kəs öz işi ilə məşğuldur, hər kəs öz dünyagörüşünə, peşəsinə uyğun yaşayır.

- Necə düşünürsüz, söyüşlə mübarizə üsulu nə vaxta kimi davam edəcək? İnsanlar bundan bezəcək, yoxsa artan xətt üzrə, hökumətin də adekvat mübarizə metodları ilə daha da alovlanacaq?

- Əlbəttə, səngiyəcək. Dünyanın heç bir yerində belə hal yoxdur. Mənə Avropada oturub, öz ölkəsini söyən, səfirliyinin qarşısına yığışan bir başqa millət göstərin.

Mədəni olmaq lazımdır!

Tarix
2018.03.27 / 23:27
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla