"Xatirə dəftəri" layihəsində
Bu dəfə Azərbaycanın Xalq artisti, Şöhrət ordenli
bəstəkar Tofiq Bakıxanovun "Xatirə dəftəri"ni vərəqləmək,
yaxınlarda 85 yaşını qeyd edəcək görkəmli bəstəkarımızla əlaqə
saxlamaq istədik. Köməyimizə yazıçı-publisist Nurəddin Ədiloğlu
çatdı:
- Tofiq müəllim Bilgəh kardioloji sanatoriyasında müalicə
alır.
Müxbirimiz
Nihad Cəbrayılla Bilgəhə yola düşdük.
Növbətçi xanımdan bəstəkarın otağını soruşuruq. Göstərir. Tofiq
müəllimin qapısını döyürəm. Səs gəlmədiyini görüncə, ehmalca qapını
açıram. Eyvanda oturub. Bu dəfə açıq qapının içəri üzünü
taqqıldadıram. Eşitmir. Yaxın gəlirik. Məşhur bəstəkar istirahət
etdiyi məkanda da yaradıcılıqla məşğuldur. Qarşısında not kitabı,
jurnallar və qələm-dəftər var. Salam veririk. Başını qaldırır.
Salamımızı alır. Bizi gözləyirmiş:
- Nurəddin
demişdi, gələcəksiz...
Yer göstərir.
Əyləşirik. Səhhəti ilə maraqlanırıq:
34 yaşından
cavan qızım rəhmətə getdi
-
Necəsiniz,
Tofiq müəllim?
- Sağ olun. Yaxşıyam. Uşaqlıqdan xəstəlik nədir, bilməmişəm. 3
il bundan qabaq həyat yoldaşımı itirdim. Sonra 34 yaşından cavan
qızım rəhmətə getdi. Bax, bunlar mənim səhhətimə təsir elədi. Həm
də bu illər ərzində çox yoruldum, indi burada müalicə alıram...
İllərin
bacarmadığını iki əzizinin dünyasını itirməsi etmişdi. Qocaman
sənətkarın səsində titrəyiş var. Hafizəsinə isə söz ola bilməz...
Kövrək notlarla başlanan söhbətimizi elə onun "Xatirə dəftəri"nin -
yaddaşının kövrək notlarını vərəqləməyə başlayırıq:
- Tofiq müəllim, həyat yoldaşınızla neçə il bir yerdə
yaşadınız? Heç inciklik oldumu, qısqandımı sizi? Axı siz gənclik
illərindən şöhrət qazanmışdınız, diqqət mərkəzində
idiniz...
- Yoldaşımla 50 il birgə ömür sürdük. Mehriban olmuşuq.
Bir-birimizi başa düşmüşük. Amma mən öncə istəyirəm ki, sizə bir az
tərcümeyi-halımdan danışam.
Ermənilər
deyir tar bizimdir
- Sizin tərcümeyi-halınız
nəinki Azərbaycan oxucusuna, kənar ölkə musiqisevərlərinə belə
məlumdur...
- Olsun. Amma yenə də deyim. Bildiyiniz kimi, mən musiqiçi
ailəsində dünyaya göz açmışam, Əhməd Bakıxanovun oğluyam. Gözümü
açıb evimizdə musiqi görmüşəm. Bilirsiniz ki, biz Abbasqulu ağa
Bakıxanovun nəslinin davamçılarıyıq. Bakıxanov Azərbaycanın ilk
maarifçisi olub, onun yaradıcılığı çoxşaxəli olub. Coğrafiya,
astronomiya, riyaziyyat və musiqi... Onun bir şeiri var, "Fatma tar
çalır". Ermənilər deyir, tar bizimdir, amma 200 il bundan qabaq bu
adam şeirində tardan bəhs edib...
Tofiq müəllimin "Xatirə dəftəri" rahatlıqla vərəqlənir. Musiqiyə
gəlişindən, atasının, əmisinin Azərbaycan musiqisindəki yerindən
bəhs edir. Korifeylərimizin adını çəkir, onları uşaq vaxtından
tanıdığını deyir.
Üzeyir bəy atama zəng
edib...
- Tofiq müəllim, Üzeyir bəyi necə
xatırlayırsız?
- Üzeyir bəyi yaxşı xatırlayıram. O bizim qonşuluqda yaşayırdı.
Atamla dost olub. Bu dostluğun maraqlı tarixçəsi var. 1927-28-ci
illərin söhbətidir. Üzeyir bəy bir seirdə "nəva nüşabur" sözünə
rast gəlir. Bunun mənasını heç kəs bilmir. "Nəva"nın avaz demək
olduğunu bilir, amma "nəva nüşabur"un nə olduğunu kimdən soruşursa
da, heç kəs bilmir. Hamı deyir ki, bunu bilsə-bilsə Əhməd Bakıxanov
biləcək, çünki o, vaxtı ilə İranda yaşayıb. Tehranda Rəşdə Azəri
Sultan adında görkəmli xanəndə olub. Gözəl muğam bilicisi imiş.
Atam da, əmim Məmmədxan da bütün muğamları ondan öyrəniblər. Bu
muğam 14-cü əsrin ən məşhur muğamı olub. Deməli, Üzeyir bəy atama
zəng vurub, evinə dəvət edib. Atamdan soruşub ki, bu muğamı
bilirsən? Atam da deyib ki, hə. Və tarda onun üçün ifa edib. Üzeyir
bəy muğamı dinlədikdən sonra atamı Konservatoriyaya dəvət edib ki,
gəl burada işlə. Atam ölənəcən orda işlədi.
Musiqiçi olmağım Üzeyir
bəyin istəyi ilə olub
- Üzeyir bəylə bağlı hansı
özəl xatirələriniz var?
- Xatirələrim çoxdur. Elə mən, qardaşım və bacımın musiqiçi
olmamız onun istəyi ilə olub. Üzeyir bəyin təşəbbüsüylə atam bizi
musiqi məktəbinə qoydu. Bacımı fortepiano, qardaşımı simli alətlər,
məni isə skripka sinfinə. Daha sonra isə Üzeyir bəyin təşəbbüsüylə
indiki Bülbül adına məktəbdə oxuduq. Bura ancaq istedadlı uşaqları
götürürdülər. Daha sonra mən Azərbaycan radiosunda uşaq ansamblı
yaratdım. Müharibə vaxtı gedib hospitallarda konsert verirdik.
Üzeyir bəyin 60 illiyində filarmoniyada ilk dəfə orkestrdə mən
skripkayla onun "Arşın malalan" musiqili komediyasinda fantaziya
çaldım, bax bu yadımdadır.
Mircəfər Bağırov qabaqda
oturmuşdu
- O dövr Mircəfər Bağırovun hakimiyyətdə olduğu zamanlar
idi, heç onunla görüşmüşdünüzmü?
- Olub. 1947-ci il sentyabrın 27-də, Opera Teatrında Nizami
Gəncəvinin 800 illiyi keçirildi. Mircəfər Bağırov da orada idi.
Qabaqda oturmuşdu. Ətrafında da partiya və hökumət nümayəndələri,
Moskvadan gələn qonaqlar. Mən Üzeyir bəyin təşəbbüsü ilə həmin
tədbirdə konsert verdim. Xalq artistləri hamısı orada idi. Niyazi
bəy, Xan Şuşinski, Həqiqət Rzayeva və başqaları. Bu çox əlamətdar
hadisə oldu. Bir əlamətdar hadisə isə Bəstəkarlar İttifaqının 49-cu
ildə keçirilən dekadası zamanı oldu. Filarmoniyada konkurs
keçirildi. 3 turdan keçənlər dekadada çıxış edəcəkdilər. Konkursun
sədri Bülbül idi. Komissiya üzvü kimi isə Qara Qarayev, Fikrət
Əmirov, Səid Rüstəmov idi. 3-cü turdan keçəndən sonra məni
buraxdılar dekadaya. Cahangir Cahangirovun üç hissəli böyük bir
əsərini çaldım. 1947-ci ildə Üzeyir bəy Konservatoriyanın rektoru
idi. Məni konservatoriyaya imtahansız qəbul elədilər. Həmin ilin
noyabr ayında Üzeyir bəy rəhmətə getdi. Onun adına təqaüd təsis
olundu. Əlaçı tələbə kimi "Üzeyir Hacibəyov" təqaüdü verildi. Mən
oranı bu təqaüdlə bitirdim.
Bağırov mənə deyirdi...
- Bəs siz özününz Mircəfər Bağırovla ünsiyyətdə olmusuz?
Onu yaxından görmüşdüz?
- Bəli, görmüşdüm. Mən 1947-48 illərdə onun oğlu Cahangirlə
musiqi məktəbində bir yerdə oxumuşam. Bir dəfə bizə Fikrət Əmirovun
ikili konsertini - fortepiano və skripka üçün əsərini verdilər ki,
ifa edək. Onun Vladimir adlı bir oğlu da vardı. Müharibədə ölmüşdü.
Cahangir isə bizimlə 10 illik musiqi məktəbində oxuyurdu. Anası da
yəhudi qızı idi. O, fortepianoda çalırdı, mən skripkada. İki dəfə
də getmişəm evlərinə. Filarmoniyayla üzbəüz, indiki İncəsənət
muzeyində olurdular. Bağırov mənə deyirdi ki, mən bakıxanovlar
haqqında saatlarla danışaram. Çünki hər ikisinin nəsli Qubada
yaşamışdı. Hətta onun stolunun üstündə Bakıxanovun "Nəsihətnamə"si
vardı. O, atamı da tanıyırdı və ona deyirmiş ki, mən Bakıxanovları
beş barmağım kimi tanıyıram. Bir də biz siyasətlə yox, musiqi ilə
məşğul idik.
1938-ci ildə NKVD atamla əmimi həbs etdi
- Tofiq müəllim, siz elə bir dövrdə yaşamısız ki, o
zamanlar Azərbaycan ziyalısına qarşı həm də görünməmiş basqılar
olub. Həbs, sürgün, anonim yazılar və sair. Sizin nəslinizdə
kifayət qədər millətsevər şəxs olub. Nə əcəb bu bəla yağışından
sizlərin üstünə çilənməyib?
- Niyə ki, bizim ailə də o repressiyanı yaşayıb. 1938-ci ildə
NKVD atamla əmimi də həbs etdi. Adını da qoydular ki, guya atamla
əmim İran muğamlarını təbliğ edirlər. "Humayun", "Bayatı-şiraz",
"Bayatı-kürd" muğamlarını tədris etdiklərinə görə. Biz də Üzeyir
bəylə qonşuyduq axı, anam getdi Üzeyir bəyin evinə. Dedi ki, "ay
əmi, axı bunlar musiqiçidilər, buları niyə tutublar?". Evimizdə
axtarış da aparmışdılar, heç nə tapmamışdılar. Bunu da Üzeyir bəyə
dedik. O da Bağırovla Moskvaya bir tədbirə eyni qatarda, eyni
vaqonda gedəndə, söz açıb. Ona deyib ki, axı bunlar musiqiçidir,
bunların heç bir günahı yoxdur, bunları niyə həbs ediblər? Onlar
bizim musiqi tariximizdə öz yerləri olan insanlardır. Bağırov
Moskvadan qayıdan da atamla əmimi buraxdırıb. Üzeyir bəylə Bağırov
çox yaxın idilər. Üzeyir bəyin sözünü eşidirdi.
"Türk qızları xalq çalğı
alətləri ansamblı"
- Bəs bundan başqa hansı şirin xatirələriniz
var?
- Deməli, əmim Məmmədxan Şərqdə ilk dəfə "Türk qızlar
orkestri"ni yaratmışdı. Konservatoryanın inspektoru işləyirmiş.
Cəfər Cabbarlı və başqa tanınmışlar vardı bu ansamblda. "Türk
qızları xalq çalğı alətləri ansamblı" ilə Moskvada, Tiflisdə çox
başarılı konsertləri olub, mükafatlar alıblar.
- Amma siz ifaçılığınızdan danışdız. Bəstəkar
fəaliyyətiniz?
- Üzeyir bəydən sonra konservatoriyanın rektoru Qara Qarayev
idi. Gəldim onun yanına. Dedim ki, Qara müəllim, bir neçə əsər
yazmışam, sizə göstərmək istəyirəm. O, həmən əsərləri aldı baxdı və
çox bəyəndi. Mənə dedi ki, sənədlərini hazırla, sən bəstəkarlığı
oxumalısan. Və məni öz sinfinə götürdü. 51-ci il idi.
Bizim sənətdə paxıllıq həmişə olub
- Tofiq müəllim bu qədər
şöhrətiniz vardı, nə əcəb qısqanan olmadı?
Tofiq müəllim bir qədər fikrə gedir. Hiss olunur ki,
yaşının bu vədəsində qanqaraldıcı məqamları yadına salmaq istəmir.
Amma onun "Xatirə dəftəri"nin asan oxunduğunu yuxarıda qeyd
etmişik. Xatirələrinin bu səhifəsini də yada
salır:
- Paxıllığımı çəkənlər olub.
Bizim sənətdə paxıllıq həmişə olub. 51-ci ildə Berlində gənclərin
festivalı keçırılırdi. Məni gənc bir ifaçı kimi ora getmək üçün
təqdim elədilər. Bunun üçün də 3 turdan ibarət konkurs vardı.
Birinci, ikinci turdan keçdim. Amma - adını çəkmək istəmirəm, -
3-cü turda bir adam atamla olduğuna görə məni buraxdırmadı. O da
jürinin üzvü idi, bəstəkardı. Mənim Berlinə bir gənc ifaçı kimi
getməyimə mane oldu. Həmin adam məsul vəzifədə
çalışırdı.
Bir dəfə də Nizami Xudiyev televiziyada sədr olanda əmir
vermişdi ki, mənim 70 illiyimlə bağlı Şəhriyar adına klubda
keçirilən tədbir bütünlüklə çəkilsin. Onda da bir bəstəkar
qısqanclıq etdi, buna əngəl oldu. Və televiziya çəkiliş edə
bilmədi. Heydər Əliyevin mənə verdiyi Şöhrət ordeninin fərmanını və
təbrik məktubunu Fatma Abdullazadə təqdim etdi. Televiziyada ancaq
xəbər kimi çəkiliş getmişdi.
Heydər Əliyevin
sevgisi...
- Bəs Heydər Əliyevlə şəxsi görüşləriniz
olubmu?
- Heydər Əliyevlə çox görüşümüz olub. O bizə həmişə yaxşı
davranıb. Bizi özüylə getdiyi bütün rayonlara aparırdı. Bir dəfə
İsmayıllıdan qayıdanda dedi ki, indi Bakıxanovlar haqqında sizlərə
danışım. Və bir neçə saat Bakıxanov haqqında danışdı. Əsərlərindən,
onun ictimai, siyasi fəaliyyətindən bəhs etdi. Mənə Şöhrət ordenini
də, bütün fəxri adları da Heydər Əliyev verib. Ordeni təqdim
edərkən mən ona dedim ki, siz bu ordeni mənə yox, bütün Azərbaycan
xalqına vermisiz. Və o da başını əyərək bunu gülərək razılıqla
qarşıladı... Heydər Əliyevdən çox razıyam. O musiqimizi, dilimizi,
ədəbiyyatımızı sevirdi, bizlərə dəyər verirdi...
Tofiq Bakıxanovun xatirələrini dinləməkdən
yorulmadıq. Amma qocaman sənətkara müalicə üçün ayrılan vaxtın
çatdığını bildirən şəfqət bacısının səsinə diktofonu söndürüb,
sənətkarla sağollaşırıq.