Yuxarı

Güneydə tarixi dövr başlayır, yeni lider gələcək - Derəxti

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir zamanlar Dünya Azərbaycanlıları Konqresi Azərbaycanın ən böyük diaspor təşkilatı idi. Bu təşkilat xüsusilə Cavad Derəxtinin zamanında özünün ən qüdrətli zamanlarını yaşayırdı. Lakin DAK gözlənilmədən çöküşə doğru getdi. DAK-ın zəifləməsindən sonra Azərbaycan diasporasının həm Qarabağ, həm Güney məsələsindəki mövqeləri nisbətən zəiflədi. Nəticədə diaspor daxilində böyük parçalanmalar yarandı, indiyə qədər qazanılan mövqelərin bir qismi diasporun əlindən çıxdı. Diaspor düşdüyü “depressiya”dan hələ də çıxış yolu tapa bilmir.

Dünya Azərbaycanlıları Konqresinin keçmiş sədri Cavad Derəxti Axar.az-a müsahibəsində bu və digər məsələlərlə bağlı məqamlara aydınlıq gətirib:

- Fəaliyyətiniz diaspora ilə bağlıdır. Azərbaycanda hər kəsi maraqlandıran əsas məsələ diasporanın niyə zəif olmasıdır. Diasporamız niyə zəifdir?

- Ona görə ki, diasporanın nə demək olduğunu bizim xalq düzgün başa düşmür. Azərbaycanlılar birlik, bərabərliyin mənasını düzgün anlamırlar. Diasporamız bu işlə güneylilər məşğul olanda çox güclü idi. İndi isə şimaldan da bu işə qoşulan kifayət qədər çox insan var. Lakin onların bir qismi diaspora fəaliyyətinə siyasi məsələləri qatırlar. Ona görə də diaspora zəifləyir. Diaspora üçün ən vacib məsələ Qarabağ münaqişəsi və Güney Azərbaycanda olan soydaşlarımızın haqlarının tapdalanmasıdır. Ancaq diaspora ilə məşğul olan bəzi insanlar millət vəkilinin, prezidentin kim olması ilə maraqlanırlar. Başa düşmürlər ki, bizə bu lazım deyil. Çünki biz istəyirik ki, diasporamız, birliyimiz güclənsin. Belə olan halda İran güneydə yaşayan soydaşlarımızla bağlı qərar qəbul edərkən, bizimlə məsləhətləşə bilər. Ən azından onların öz ana dilində yazıb-oxumaq hüququnu verə bilər.

- Bəs güneylilər və quzeylilər arasındakı bu fikir ayrılığını necə ortadan qaldırmaq olar?

- Dünya azərbaycanlıları olaraq bizim bir nömrəli problemimiz Qarabağ məsələsidir. İkinci isə Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının tapdalanmasıdır. Bütün azərbaycanlılar bu iki məsələdə birləşə bilirlər. Bu gün Azərbaycanın ən böyük diasporası Rusiyadadır. Amma hər kəs bilir ki, müəyyən amillər ucbatından onlar səslərini çıxara bilmirlər. Avropada, ABŞ-da və digər sərbəst ölkələrdə yaşayan soydaşlarımız isə öz sözlərini deyə bilər. Diaspora məsələsində maliyyə də çox önəmlidir. “EuroAz” adlı televiziya açmışdıq. Bu televiziya “Azərspeys”dən yayımlanırdı və ildə buna görə 15000 dollar pul ödəyirdik. Bunun üçün zəngin insanlar tapmışdım və onlar bizə yardım edirdilər. Ancaq diasporanı başa düşməyərək, diaspora ilə məşğul olanlar isə bu televiziyanın yayımını kəsdilər. Mən hələ də bilmirəm ki, bizim televiziyanın yayımını niyə dayandırdılar. Ancaq indi həmin şəxslər diasporanın inkişafı üçün televiziyanın vacib olduğunu deyirlər. Mənə bu barədə təkliflər edirlər. Biz televiziya açacağıq, ancaq bunu diasporanı anlamayan şəxslərlə etməyəcəyik.

- Maraqlıdır, televiziyanın yayımını dayandıran kim idi? Nazim İbrahimov?

- Əslində, Nazim İbrahimov vəzifəyə ilk gələn vaxtlarda mən də Dünya Azərbaycanlıları Konqresində sədr idim. Doğrudur, onun fəaliyyətində səhvlər var, amma səhvin ən böyüyü bizim özümüzdədir.

- DAK sizin rəhbərliyiniz dövründə kifayət qədər güclü olub. Hətta deyərdim ki, Azərbaycan diasporunun ən güclü olduğu dönəm məhz sizin vəzifə müddətinizə düşür. Amma birdən-birə DAK gücünü itirdi. Siz bundan öncəki müsahibələrinizdə də demisiniz ki, zənginlərimiz diasporanı unudurlar. DAK-ın yoxolma səbəbi bu ola bilərmi?

- Diasporaya yardım edən zənginlər barmaqla sayılacaq qədərdir. Ad verməyəcəm. Amma bilin ki, onların sayı 5-6 nəfərdən çox deyil. Zənginlərimizin, milyarderlərimizin sayı az deyil. Ancaq onların bir çoxunun fikri alış-veriş, daha çox pul qazanmaqdır. Hətta Təbrizdə elə tacirlər var ki, ermənilərlə ticarət aparırlar, adamı utandırırlar.

- Obrazlı şəkildə desək, DAK yenidən küllərindən doğa bilərmi?

- DAK-ı boş verin, çünki biz 2010-cu ilin aprel ayında DAK-ı saxlamağa gücümüzün çatmadığını gördük. Dostlarla problem yaranmaması üçün biz özümüzə Dünya Azərbaycanlılarının Milli Birliyini yaratdıq. Bu birliyi yaradan şəxslərdən biri Azərbaycanda, biri Rusiyada, biri isə Avropada (əliylə özünə işarə edir – red.) yaşayır. Milli birliyin nəzdində artıq televiziya da qeydiyyatdan keçirmişik. Televiziyanın hesabı, qeydiyyatı, ofisi var. Ən güclü təşkilat olmağı hədəfləyirik. Doğrudur, biz digər təşkilatlarımızın arasında rəqabət olmaması üçün aktiv fəaliyyət göstərmirdik. Amma sentyabr ayında milli birliyin qurultayını keçirmək və aktiv fəaliyyətə başlamaq niyyətindəyik.

- Dediklərinizdən belə anladım ki, Azərbaycanın ən böyük diaspor təşkilatı olan DAK-ın daxilində həm ixtilaflar var idi, həm də maddi imkanları yetərli deyildi. Doğrumu anladım?

- Biz heç bir yardım göstərmədilər. Bunu mütləq yazın (qətiyyətlə müxbirin önündəki dəftəri göstərir – red.). 5 qəpik də yardım görməmişik. Əlirza bəyə (Axar.az-ın əməkdaşı, DAK-ın keçmiş Mətbuat katibi Əlirza Zamani – red.) mətbuat katibliyimizi etməsi qarşılığında sadəcə 50 dollar verə bilirdik. Hələ də Əlirza bəydən bu vəziyyətə görə utanıram.

- Bəs dövlət necə? Dövlət sizə yardım etmirmi?

- Dövlət bizə heç bir yardım göstərmir.

- Heç ümid yoxdur?

- Dövlət 10 milyonluq diasporanı nəzərdə tutur. Biz isə 50-60 milyonluq diaspora üçün çalışırıq. DAK mövcud olduğu zaman onun əsas hədəflərindən biri sədrinin güneyli olması idi. Ancaq sonradan burada “kreslo davası” getdi. Sədri çıxartdılar, yeni sədr gətirdilər və s. Belə olmamalı idi.

- Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin edilib. Gənc kadrdır. Ümid varmı ki, onun zamanında dövlətin qayğısı bütün 50 milyonu əhatə etsin?

- Mən hələ Fuad bəylə (Fuad Muradov – red.) görüşməmişəm. Görüşsəm, yenə də bu barədə ona fikirlərimi çatdıracağam. Əgər yenə də fəaliyyətlərini 10 milyon üçün nəzərdə tutublarsa, onda mən öz fəaliyyətimi davam etdirəcəyəm.

Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, bura 50 milyonluq azərbaycanlının vətənidir, mənəvi yurdudur. Amma məmurlar bu fikirləri deməyə çəkinirlər.

DAK-da da belə məsələlərdə ayrı-seçkilik yaranırdı. Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi Qarabağla bağlı məsələlərdə bizimlə bərabər işləyirdi, ancaq Güney məsələsində bitərəfliyə üstünlük verirdi. Hətta eks-komitə sədri Nazim İbrahimov bizim qurultaylara qatılırdı, amma Güney məsələsi müzakirə olunanda qurultayı bir bəhanə ilə tərk edirdi. Orda olmaq istəmirdi.

- Güney məsələsinə belə reaksiyanın səbəbi nədir?

- Əlbəttə ki, İran. İranın konstitusiyasının 15, 19-cu maddələrində İranda yaşayan bütün xalqların öz ana dilində yazıb-oxumaq haqlarının olduğu deyilir. Ancaq İran hökuməti bunu bizim soydaşlarımıza vermir. Ancaq sevindirici haldır ki, keçənlərdə Ayətullah Xamenei ilə balaca uşağın dialoqunu izlədim. Xamenei ilə söhbət edən uşağa anası fars dilində danışmasını deyəndə Xamenei onun anasına irad tutdu ki, uşağa öz ana dilində danışmağı öyrədin. Bu, mənim xoşuma gəldi. Son zamanlarda İranda bir dəyişiklik olub. Bu, əvvəllər yox idi.

- Əsas məsələlərdən biri sizin dediyiniz kimi, ana dilində təhsil məsələsidir. Azərbaycanlıların ən çox əziyyət çəkdiyi məsələ də budur. Belə görünür ki, dilin tətbiqi imkanları məhdudlaşdıqca, deqradasiyaya məruz qaldıqca millətin yox olma təhlükəsi meydana çıxır...

- Mən burada sizinlə razı deyiləm. Çünki şah dönəmində bizim ailələrin çoxunda farsca danışmaq, İrana inteqrasiya olsunlar deyə uşaqlara fars dilini öyrətmək dəb halını almışdı. Amma indi eşitdiyimə görə, bu dəyişib, artıq ailələrdə türkcə danışmaq populyarlaşıb. İnanıram ki, bizim soydaşlarımız öz haqqını alacaq. Ən ibtidai haqq ana dilində təhsil məsələsidir. Onlar tezliklə buna nail olacaqlar.

- Yəni deyirsiniz ki, millətin özünəqayıdış prosesi başlayıb?

- Bəli, bunun da bir çox səbəbi var. Məsələn, “Traktor”un oyunlarında 100 minlərlə soydaşımız türk olduqlarını açıq şəkildə deyirlər (“Bakı-Təbriz-Ankara, biz hara, farslar hara!” şüarını səsləndirirlər – red.). Bunların hamısı çox böyük dəyişikliklərdir. Bundan öncə belə şeylər yox idi.

- Güneylilərin öndəri yoxdur. Problem bunda deyilmi?

- İndi məfkurə zamanıdır. Öndəri millət özü tapıb çıxaracaq. Bizim onlara xaricdən öndər yaradıb, qəbul etməyə məcbur etməyimiz doğru olmaz. Çünki millətin öz şüuru var. Yəni onlar özləri öz liderini də tapacaq, parlamentini də quracaqlar.

Doğrudur, bizim Kanadaya, ABŞ-a gedən dostlarımız çox olub. Onlar bilmədən parlament də yaratdılar, sürgündə hökumət də qurmaq istədilər. Lakin onlar qəbul edilmədilər. Güney Azərbaycanda milli hərəkat çox güclüdür və onlar bizdən daha müasirdirlər. Biz indi Güneydəki gənclərdən bəzi şeyləri öyrənirik. Həqiqətən, daxil xaricdən çox güclüdür. Kobud şəkildə desək, xaricdəkilər artıq manqurtlaşıblar.

- İranda azərbaycanlıların arasında müəyyən bölünmələr var. Federalçılar, müstəqillik tərəfdarı olanlar və İranı bütöv görmək istəyənlər var. Parçalanmanı yaradan səbəb nədir?

- Bilirsiniz, xaricdə yaşayanlar bir az da demokrat olmalıdır. Bunun nəyi pisdir ki?! Bu, gücdür. Birisi müstəqil olmaq istəyir, birisi federalçı düşüncədədir, İran bütöv qalsın, amma bizə haqlarımızı versinlər, birisi də ana dilində təhsil istəyir. Bu güclərin bir araya gəlməsi bir az vaxt aparacaq, ancaq sonda bu güclər birləşəcək. Bunun sonu istiqlaldır. Bu istəklərin ən az birinin verilməsi belə bizim xeyirimizədir. Heç nə olmamasından yaxşıdır.

- Bəlkə də Güney Azərbaycanda yaşayan insanlar üçün problem düşüncədəki İran anlayışından qurtulmamalarıdır.

- Yavaş-yavaş bu anlayış silinir. 10 il bundan öncə buradakı irançıların sayı daha çox idi. İndi isə getdikcə azalır və milli məfkurə güclənir. İnanıram ki, yaxın gələcəkdə onlar da bundan əl çəkəcək və bizə haqq verəcəklər.

- Cavad bəy, İranın ətrafında vəziyyət getdikcə gərginləşir. ABŞ, İsrail nüvə məsələsi ilə bağlı İranı ittiham edir və müxtəlif təhdidlər səsləndirirlər. Bəs azərbaycanlılar öz mübarizələrində, sizcə, kimə sığınmalıdırlar?

- Bizim millətimiz öz gücünə söykənməlidir. Bu gün nə ABŞ, nə İsrail bizə istiqlal verə bilər. Amma ola bilər ki, biz indiki vəziyyətdən öz lehimizə istifadə edək. Mən şəxsən qurultayımızı sadaladığın ölkələrin birində keçirməyi çox istəyirəm, çünki orada media çox güclüdür. Onlar bizə yardımçı olar və səsimizi dünyaya yaya bilərlər. Ancaq biz hələ Avropada medianı yanımıza çəkə bilməmişik, çünki Avropa da Güney Azərbaycanın istiqlalını istəmir.

- Sözünüzdən belə çıxır ki, Azərbaycan diasporunun ən böyük problemi reklam məsələsidir.

- Əlbəttə. Bu problemin olmaması üçün gərək dövlət bizə yardım etsin. Diasporla İş üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, Turizm Agentliyi, Xarici İşlər Nazirliyi, səfirliklərimizi bu işlərə cəlb etmək lazımdır. Ya onlar bu işləri bilmir, ya da bilmək istəmir. Bütün bunlar pul tələb edir. Bu gün Türkiyə yavaş-yavaş tanınır, əvvəllər yaxşı tanınmırdı. Artıq xarici ölkələrdə yay ayları olanda plakatların üzərində Türkiyənin adı yazılır. İnsanlar buna baxanda turizm ölkəsi olaraq Türkiyəni xatırlayırlar.

Avroviziya mahnı müsabiqəsi, Bakı-2015 Avropa Oyunları, Formula-1 yarışlarının Azərbaycanda keçirilməsi bizim üçün böyük təbliğat oldu.

(Ardı var)

Tarix
2018.05.09 / 09:30
Müəllif
İlkin, Firuzə
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla