Qadağalar qoyulsa da,
küçələrdən dilənçiləri yığışdırmaq hələ də mümkün olmayıb. Onlara
şəhərimizin hər tərəfində təsadüf etmək olur. Müxtəlif bəhanələr
gətirir, insanların zəif damarını tutur və niyyətlərini
gerçəkləşdirə bilirlər.
Elə son vaxtlar Dərnəgül yolunda yerləşən "X-Petrol" yanacaq
doldurma məntəqəsinin qarşısındakı körpünün altında məskən salan
dilənçilər də belələrindəndir. Dörd yolayrıcı olan bu məkanda
işıqforların nizamladığı yol hərəkətlərinə görə buradakı
dilənçilərin işləri heç də pis getmir.
Yaxınlıqda inşaat materiallarının topdan və pərakəndə satışı ilə
məşğul olan baza var. Elə buna görədir ki, bura qələbəlikdir. Bu
qələbəlik yerdə dayanan dilənçilərin hər biri əlində bir şikəst
uşağın böyüdülmüş şəklini tutub çörək qazanır.
Qara paltarlı qadınlar
Əsasən qara paltar geyinən bu qadınların sifətləri də elə
paltarları rəngdədir. Üz-gözlərinə yolun tozu hopub. İşıqforlarda
dayanan maşınlara yaxınlaşıb yazıq səslə şəkildəki şikəst uşağın
müalicəsi üçün yardım istəyirlər. Ürəyi rəhmli insanlar onların
istəyini gözündə qoymur, açıq ovuclarına əzik manatlıqlar, dəmir
qəpiklər qoyurlar.
Sayıram, ayrı-ayrı yerdə 6 qadın dayanıb. Əksəriyyəti bir-birinə
oxşayır. Yanlarında kiçik yaşlı uşaqlar da var. Bunları da əlavə
etsək, 11 nəfər olarlar. İsmiyə (Axar.az-ın fotoqrafı – red.)
fotoaparatını hazırlamağı tapşırıb, qadınlardan ən yaşlısına,
dodaqları şişkin olanına yaxınlaşıram.
Bunu niyə belə yaratdı ki?..
- Allah şəfa versin, nədir bu körpənin xəstəliyi, -
soruşuram.
Qadının gözləri əllərimin ardınca "axır". Sakit səslə deyir:
- Heç həkimlər də dərdini tapa bilmədi. Bilirik ki, nə azardı?
Qurban olum Allaha, bunu niyə belə yaratdı ki... - ağlamsınır.
Çəkiləsi dərd deyil. Dərmanını, yemək-içməyini güclə çatdırıram.
Allah yaxşı insanlara, sənin kimi qardaşlara dəyməsin.
Qadının ovcuna qoyduğum 20 qəpiklik deyəsən az oldu. Təşəkkür
etməyi unutdu. Ya da "uşağının" dərdi onun minnətdarlıq duyğusunu
yaddan çıxartdı. Ürəyiyananlıq edirəm:
- Srağagün də burada idin, yolu keçəndə
gördüm.
Aralanmaq istəyən qadın, mənə tərəf çevrilmədən:
- Hə, burda idim, nə edim, iş yoxdur ki, işləyim. Yazığın hər
şeyi pulnandır.
- Bundan da yaxşı iş? Durmusan burda, daş daşımırsan,
palçıq qarışdırmırsan, allah bərəkət etsin, naşükür olma, – artıq
uzaqlaşmaq istəyən qadına arxadan səslənirəm.
Qadın artıq addımlarını yeyinlədib yolun əks tərəfinə keçib.
Ardınca gedirəm:
– Dayan da bir. Sənə sözüm var. Sən allah, düz de, neçə
uşağın var?
- Üç. İkisi sağlamdır. Xəstə tək budur. Nə edim, yaşatmalıyam
da, çölə atmayacam ki...
İyirmi "köpüy" pul veribsən
Səsində hirs də var. Yəni nə qır-saqqız olmusan?.. Bu dəfə mən
səsimin tonunu dəyişirəm:
- Bəs srağagün sənin əlində olan şəkil başqa uşağın
şəkli idi axı, bu deyildi. Kim tez yuxudan durdu, hansı şəkli
götürüb küçəyə çıxdıdır da sizdə, hə?
- A kişi, başına iş qəhətdi? İyirmi "köpüy" pul veribsən,
dayanmadan danışırsan. Nə düşübsən dalımca...
Acıqla yenidən yolun əks tərəfinə keçir. Bir qədər aralıda
dayanıb eyni üsulla dilənən yeniyetmə qıza yaxınlaşıram. Əlində
ayaqları şikəst olan oğlan uşağının çərçivəyə salınmış şəklini
tutub. Qadından fərqli olaraq ağbəniz olan bu qızın geyimi də
rənglidir. Başı isə yaylıqla möhkəm sarınıb. Adını soruşuram.
Dinmir. İsmi şəklini çəkmək istəyir. Gülümsəyir, asta səslə:
– Çəkmə, nə olar? - yazıqcasına dillənir.
İsmiyə tərəf dönürəm:
- Çəkmə. Yeniyetmə qızdır. Məktəblidir güman ki...
Utanar.
Biz oxuya bilmərik
Sonra da yeniyetmə qıza üz tuturam:
- Qızım, niyə buradasan? Niyə dilənirsən? Olmaz ki
məktəbə gedəsən?
Qız zəif səslə:
- Biz oxuya bilmərik, - deyir.
- Niyə, mənim balam? – bu qıza doğurdan da ürəyim yanır.
Həm də o biri yaşıdları kimi üzündən biclik yağmır, dil boğaza
qoymadan insanlara yalvarmır.
- Bilmirəm, bizim burda evimiz yoxdur axı, rayonda oluruq.
- Hansı rayonda?
Sualım cavabsız qalır. Bayaq söhbətə tutduğum qadın yanımızdan
keçir. Saymazyana yerisə də, qəzəblə düz qızın gözlərinin içinə
baxır. Qız bizimlə söhbət etməkdə səhv yol verdiyini anlayır.
Sakitcə yolun əks tərəfinə, işıqforun hökmü ilə dayanan maşınların
bol olduğu tərəfə keçir.
Yaşca böyük olan bu qadın, deyəsən burda dilənənlərə həm də
nəzarət edir. Müşahidə edirəm, görürəm ki, arada azyaşlı
dilənçilərə yaxınlaşıb, onların qazandıqları pulları alıb qoynunda
- daha etibarlı yerdə gizlədir.
Bu dəfə yolun tamam əks tərəfinə, yanacaqdoldurma məntəqəsinə
tərəf keçirik. Burada dilənən başqa bir qadına yaxınlaşıb işinin
çətin olub-olmamasını, onları incidənlər, mane olanlar haqda
soruşuram. Qadın ürkək halda:
- Bizi heç kəs incitmir. Səndən başqa. Səhərdən düşübsən o
yazıqların ardınca, - deyir.
- Onları tanıyırsan?
- Yox, haradan tanıyım. Onlar da Allahın yazıq bəndələridir.
Balaları şikəstdir, o qızın da qardaşı xəstədir. Pul yığırlar ki,
müalicə etdirsinlər.
Uşaq satmaq istəyirəm
Qadına yavaş səslə:
- Bilirsən, o qadın mənə kömək etmək istəmədi. Məndə də
iki şikəst uşaq var, istəyirəm onları birdəfəlik ya satam, ya da
icarəyə verəm dilənsinlər. Ona görə də sizin "krışa"nızla görüşmək
istəyirəm, - deyib özümü onlara yaxın adam kimi göstərmək
istəyirəm.
Qadın sözlərimə inanmadı. İsmini göstərib:
- Bəs o şəkilçəkəni niyə salmısan ardınca, səhərdən çıkkaçıkı
götürüb aləmi.
- Nə bilim, məndən əl çəkmir. Deyəsən o da məni izləyir
- deyirəm. Sonra yenə də uydurduğum yalanın üstünə
qayıdıram:
- Hə, neyləyək o uşaqları? Dağıstandan aldadıb
gətirmişik. Birinin dilini kəsmişik, o birini qıçlarını qırmışıq.
Yaraları tam sağalıb. İşlədə bilmirik.
Qadın təəccüblə gözlərimə baxdı. Heyrətə gəlmişdi sanki.
İnamsızlıqdan irəli gələn qəzəblə:
- Get işinin dalınca. Sən əgər onları bu günə salıbsansa, demək,
işlədə də bilərsən. Biz o işlə məşğul deyilik. Üzünü yana çevirir.
Daha suallarıma cavab vermir. O biri dilənçilər isə bizi çoxdan
"nəzarətə" alıb. Biz yaxınlaşan kimi uzaqlaşırlar.
Qərara gəlirik ki, şəhərin digər yaxın küçələrindəki
dilənçilərlə söhbət edək.
Tüpürüm sənin ağzının içinə
Ayna Sultanovanın heykəlinin yaxınlığında tıxacdır. Maşınlar
hərəkətsiz dayanıb.
Azyaşlı qız İsminin kamerasına tuş gəlməkdən çəkinir. Hər iki
əlini sifətinin qarşısında çəpər edib, arxasında gizlənir.
Barmaqlarının arasından baxır və barmaqlarının arasından görünən
gözlərində qəribə bir işıltı, təbəssüm var. O, həm şəklinin
obyektivə düşməsini istəyir, həm də yox.
Qızcığazdan bir qədər kənarda dayanan yaşlı qadının çənəsi
tərpənir. Bilmək olmur, bu dilənçi qadın kimlərə isə dua edir,
yoxsa ağzında nə isə gəvşəyir. Yaxınlaşırıq. Gözləri İsmidədir.
İsminin onun şəklini çəkdiyini görüb əvvəlcə əlləri ilə ona
"alabaşına" eləyir. Sonra da:
- Tüpürüm sənin ağzının içinə, şəklimi niyə çəkirsən?
Bizi gülmək tutur.
- Nəyə gülürsüz? Özünüzə iş tapa bilmirsiz? İndi bilirsən də
gəlib sizin aparatınızı alıb nə edərlər?
- Nə edərlər? – bu dəfə İsmi soruşur.
Qadın arxasını çevirib gedir...
Böyüyüb xarici pasport almaq istəyən
Yenidən əvvəlki məkana qayıdırıq. Günorta fasiləsidir. Bayaq
burada dilənən qadınlar və onların ətrafında fırlanan azyaşlılar
nahar fasiləsinə çıxıb. Yaxınlaşırıq. Körpünün altında səliqə ilə
sərilmiş süfrələrində yumurta soyutması, qızardılmış kartof,
qayğanaq, qovrulmuş içalat və sair var. Çaydanlar və armudu
stəkanlar düzülüb. Stəkanların ağzına limon dilimi keçirilib. Bizi
görcək ayağa qalxıb uzaqlaşırlar.
- Əyləşin, çörəyinizi yeyin, mane olduq. Nuş olsun.
Sadəcə, soruşmaq istəyirdim ki, siz hansı
rayondansınız?
- Kürdəmirdənik, - deyir dilənçi qadın. Boğazındakı tikəsini
ötürüb mənə tərəf incik səslə: - Bəs deyirdin bu şəkil çəkən
səninlə deyil. Aldadırdın?
- Yox, aldatmırdım. Onunla elə burda tanış olmuşam,
deyib növbəti yalanımı deyirəm. Amma bizə dedilər ki, siz
Yevlaxdansınız.
Azyaşlı uşaqlardan biri qadına tərəf uca səslə:
- Əmi yalan demir. Düz tapdı - Yevlaxdanıq da... Ay əmi
şəkilçəkənə de, mənim pasport şəklimi çəksin, böyüyüb xarici
pasport alacam, - deyir.
Elə bu arada İsmi mənə kənarda dayanan iki nəfər kişini
göstərir.
- Əmi, o kişilər bunların adamıdır, deyəsən. Biz gələndə
oturmuşdular, ayağa durub yaxınlaşdılar.
O iki nəfərə dönürəm. İsmiyə verdiyim "şəkillərini çək" işarəmi
anında hiss edib, tez uzaqlaşırlar.