"Sevgi etirafı"
layihəsində:
"Axar.az"ın "Sevgi etirafı" layihəsinin uğulu alınmasında
tanınmışlarımızın etdikləri səmimi etiraflar əsasdır. Bu dəfə
layihəmizdə xanım yazar Aləmzər Sadıqqızı ilə baş-başa
qalcağıq.
Xanım qonağımız da layihəmizlə tanışlıqdan sonra bəzi etiraflar
edəcəyini bizə söz vermişdi. Lakin nədənsə çəkinirdi də. Onu başa
düşmək olardı. Kifayət qədər tanınan imza sahibi olması, AYB kimi
nüfuzlu bir təşkilatda işləməsi və mentalitetin diqtəsi… bu
səbəbdən söhbətimiz ləngiyirdi.
Axır ki, FB-də yaşıl işığının yandığını görüb yazdım:
Qorxuram ki, nəyisə etifaf edəm
- Aləmzər xanım, salam. Bəlkə gələsən
redaksiyaya?
Xanım yazar yenə də tərəddüd içindəydi:
- Faiq, özüm də istəyirəm. Amma çox gorxuram.
Zarafat edirəm:
- Nədən qorxursan? Tok vuracaq səni? Gəl,
qorxma..
- Qorxuram ki, nəyisə etifaf edəm.
- Elə mən də istəyirəm ki, nəyisə etiraf edəsən.
Ölüm-itim dünyasıdır. Nisgilli gedərsən birdən. Etiraf et ki,
yüngülləşsən…
- O qədər acı içindəyəm ki… Nə bilim. Utanıram...
- Utanma. Kimin yanında gözükölgəlisən ki…
- Heç kimin. Mən heç Allahın garşısında gözükölgəli deyiləm.
Əksinə, kimsə mənim garşımda gözükölgəli ola bilər
Dünyanın ən pis adamı
- Onda nə olub axı? Bəlkə yeni bir eşq yaşayırsan, ondan
yana utanırsan?
- Faiq, mənim köhnə eşqim olmadıgı üçün, demək, yenisini yaşaya
bilərdim...
- Yaşamaq gözəldir. Bir halda ki, bu yaşamda yeni eşq
qatqısı var, daha gözəl.
- Yaşadıqlarım sadəcə bir yalandan ibarət... Dünya mənim üçün
bir nəfərdən ibarət… Və o da ola dünyanın ən pis adamı.
- Yalan dediyin nədir axı? Səni seviblər. Ərə getmisən.
Dünyaya uşaq gətirmisən. Sonra yarıda qırılıb bu sevgi. Yeni
sevdalar olub, sənə şeirlər yazılıb. Bu da yarımçıq eşq hekayəti.
İndi isə, deyəsən ən təmiz bir eşqin girdabındasan. Gec gəlib, güc
gəlib… Niyə pis adam? Hisslərini hiss etmir, səni başa
düşmür?
- Faiq, bir şeirim var onu oxudun?
- Yox. Desənə.
- Sadəcə sevəsən
əvvəl bir mələyi... sonra bir
kələyi...
sonra bir əclafı... sadəcə
sevəsən...
Faiq, sən məni yaxşı tanıyırsan. Nə vaxtsa hiss edibsənmi ki,
mən bir kişiyə maraq göstərim? Onlara yaxın durmadıgım üçün
pisliklərini də görmədim. Sevməyə çalışdım, amma sevə bilmədim…
Adamlar o qədər saxtadır ki…
- İndi sevənlər kimi danışırsan axı.
- Bu feysbuka nifrət edirəm. Az qalıb, buranı tərk edəcəm. İstər
inan, istər inanma; mələk kimi bir qadınam... Bura cin, şeytan
yuvasıdır... Fb siqaret kimidir... İradə lazımdır atmağa.
- Müsahibə götürürəm ha… Cavabında diqqətli
ol.
- Yaxşı da. Keçən dəfəki oyunu başıma gətirmə... Daha səmimi
alınmaz... Çünki adamlar o qədər saxtadır ki, səmimiyyətə
inanmırlar. Səmimi olmaq isə mütləq və mütləq əzab deməkdir. Mən bu
sözləri dostum Faiq üçün deyirdim...
"Quran"a əl basaram ki, İlyas Tapdıqla…
- Mən isə müsahibə götürürəm. Sən özün bunu istəyirdin
axı…
- O vaxt mənimlə burda yazışdıgını götürüb müsahibə etmişdin.
Mən də istəyirdim öz adımla olsun... O adsız müsahibəyə görə iki
gün agladım. Əslində, sən o müsahibədə adımı qoysaydın belə
inciməzdim. Adamlar, bir qadın nə qədər təmiz olsa da, onun daxili
dünyası haqqında danışmagına pis baxır... Düzdür, o müsahibəni
bəyənənlər çox oldu... Adı gizli qalmış məni tanıyanlar da oldu,
tanımayanlar da... Hələ dünən bir rəfiqəm mənə yazır ki, sən orda
yazmışan ki: "Qurana əl basaram ki, İlyas Tapdıqla olmamışam".
Deyirəm ki, buna şübhən var?
- Bəs onlar əksini fikirləşir?
- Deyir ki elə bilirlər müsahibəni mən vermişəm. Camaat dəli
olub e. İlyas Tapdıq atamdan da böyükdür... O məni qızı kimi
istəyir, mən də onu gənclik illərindən tanıdıgım şair kimi, ata
kimi... Əgər müsahibədirsə, onda ciddi suallar ver... Yarama
toxunma.
- Bəs bayaq dediyin o "əclaf" kimdir?
- Faiq, indi belə çıxır ki, daha səninlə dərdləşməyək? Mən onun
adını nəinki sənə müsahibədə, heç təklikdə də deyə bilmərəm. Onda
gərək yer yarıla, girəm yerə! Əslində, burda əclaf yumşaa mənada
yazılıb. Yadındadır, Pərviz çox istədiyi adamlara əclaf deyərdi.
Kim yaxşı şeir yazsa, "əclaf yaman yazıb" deyirdi.
Meymundan bir az fərqli
- Aydındır. Sənin əclafın başqa əclafdır.
- Onu tanımasan, deyərdim. İstəmərəm ki, yaxşı tanıdığın o adamı
sənə yer üzünün ən pis adamı kimi tanıdım. O qədər özümdən yaşda
balaca oglanlanların sevgisini rədd etdim ki... Ağlına belə
gəlməz!
- Əşşi de gəlsin...
- Biri hətta mənim acıgıma özündən 10 yaş böyük və meymundan bir
az fərqli birini aldı. İndi o meymunun qabağında qulluqçular
işləyir.
- O sənə ümüd vermişdi?
- Kim?
- Meymuna oxşarı alanı deyirəm.
- Deyirəm o mənə ürəyini açanda ona "səni qoduq hesab edirəm
demişdim".
Aramızda cəmi bir yaş fərqi vardı. Bu yaxınlarda gördüm. Mənə
dedi ki, hələ də hər gecə başımı yastığa goyanda o sözün yadıma
düşür.
- Bəs mənim tanıdığım kimdir?
- Faiq, istəyirəm mənə sualın bu olsun: Aləmzər xanım, bu həyatı
necə yaşadın?
- Olsun.
- Belə. Əvvəl atamı itirdim... Sonra oldum 10 yaşlı ata. Anam da
məni uşaq kimi yox, onunla onun uşaqlarını böyüdən "nökər" kimi
görürdü. Mən çox işləmişəm, əzab çəkmişəm. Bacı-qardaşlarımı
övladım kimi böyütmüşəm. Gəncliyin nə olduğun anlamadım belə. Sonra
həyat başqa zərbə vurdu. Sonra qardaşım uşaqları... Sonra... Yenə
də əzablar. Mən bir dəfə də qayğı nədir görmədim.
Ömür də bitdi, ömrümə gətirmək istədiklərim
də
- Bu ötənlərdə qaldı. Sonra böyüdün. Təhsil aldın, ərə
getdin. Səni sevənlər oldu. Sənin sevdiklərin oldu. Bütün bunlar
haqda danış.
- Gəlirəm də… Bir nəfər də vardı. Məni sevirmiş. Təhsil aldığm
məktəbə gəlib-gedirmiş. Qızlar dedi, səni bir oğlan istəyir. Nə
isə, onun da adı xoşuma gəlmədi. Mürşüd idi adı. - Bakıda evi,
mühəndis, zahirən ağ atlı oglan.
Fizulidən Həcər adlı rəfiqəm "Aləm, sən kimə getmək istəyirsən
axı" - soruşurdu. Ona "əlləri, ayaqları olmasın, ancaq mənimlə
danışan dili olsun" dedim. O da "sən heç kimi sevməyəcəksən o
zaman. Yazığın gələnə gedəcəksən" - dedi. Düz demişdi. O gündən
ömür də bitdi, ömrümə gətirmək istədiklərim də.
- Bu gün dünənin xatirələrina sığınıb yaşamaq
xoşdur?
- Dünənimdə nə var ki, ona sığınım? Nə dünənim var, nə bu günüm,
nə də sabahım. İndi artıqlamasıyla onların cəzasını yaşayıram.
- Niyə axı, nə olub?
- Dindirmə. Onu bilirəm ki, Fb olmasaydı... belə ağ bayraq kimi
yenilməyəcəkdim. Adamlara, həyata, ömürə...
Onun sevgisi möcüzə idi
- Sən məğlub adama oxşamırsan. Həyatında ailəndən sonra
sevgi yaşadın. Ailəli bir kişini əsirin etdin.
- Həyat məndən o cavabsız sevgilərə, görə "küsüb". Onun ölümə
tək getməyinin də, o yaşına görə bədbəxt elədiklərimin də öcünü
aldı məndən. Mən ona əslində pislik etmədim axı... Sevməyə-sevməyə
onu xoşbəxt etmək istədim. Kasıblığını, xarakterinin çətinliyini
qəbul etdim. Ama o, nəyi isə bacarmadısa, mənmi günahkaram?
- O, yəni kim? Böyükxan Pərviz?
- Hə. Heç kimdən utanmıram. Onun sevgisi möcüzə idi.
- Bəs onun ailəsi, iki övladı vardı. Bir qadın olaraq
başqasının həyatına şərik olmaq səni düşündürmürdü?
- Kimin, Pərvizin? O on il idi ayrılmışdı.
- Pərvizdən sonra da ürəyin dinc durmadı deyəsən,
kimlərisə ovladın.
- Sualını xoşuma gəlmədi...
- Sualı xoşa gəlmək üçün vermirəm. Ola bilər. Amma cavab
verə bilərsən axı.
- Mənə indi də onlarla şeir yazılır. Amma... özü şeirə oxşayan,
içi şeytan olan biri həyatımı alt-üst etdi...
- Sən etiraf kürsüsündəsən, qız, çəkinmə, kimdir
o?..
Bir müddət Aləmzər xanımın yaşıl işığı keçir və
handan-hana yanır.
Onu ilan yuvasında gördüm
- Faiq, cavab ona görə gecikdi ki, bu arada işıgımızı kəsdilər.
Bu gün 4-cü dəfədir. Çıxıb oğlana necə dil tökdümsə, dedi, xala,
ilk dəfədir öz kəsdiyimi özüm bağlayıram. Hə o namərd mənim ömrümü
bilə-bilə, məni Məlikməmməd düşən quyuya saldı. O mənə dost kimi
görünüb, ruhuma qədər öldürən adamdır. Adını soruşma…
- Harda gördün onu, necə sevdin?
- Həyatda görəndə hamı kimi "görmədiyim", heç hiss etmədiyim
biri idi. Mən onu ilan yuvasında gördüm. O bu yuvada məni öldürməyi
bacardı.
- İlan yuvası haradır?
- İlan yuvası – Feysbuk. Yəni o burda məni içimdən çıxara
bildi...
- Dedin, sənə şeir yazırlar. Şeirlə nəyi etiraf
edirlər?
- Sevgilərini... Məni sevmək olmaz? Faiq, bir az da ədəbiyyat
barədə danışaq da…
- Sənin həyatın ədəbiyyatdır da. Bəlkə şeir yazanlar heç
ciddi deyillər, səni ələ almaq istəyirlər?
- O dogrudur ki, həyatım ədəbiyyatdır... Mən öz ömrümü yazsam...
Yaza bilsəm... Ən ağır roman olar. Bu romanda mənə deyilmiş bir
söz, bir etiraf var ki, heç vaxt unutmuram. O adam mənə: "səni nə
qədər xoşlasam da, yenə sənə göz yumaram, çünki sən ailə üçün
yaranmış qadınsan!" - demişdi. Bu mənə özümü sevmək üçün kifayət
edir.
Köçüb durnalarla gedərəm bir
gün...
Durnalar qayıdar mən qayıtmaram!
Beləcə, günlərim dəstəbədəstə
Calanar ömrümün, günümün üstə,
Öldürüb ağladım özümün üstə
Mən özüm ölürəm, özüm, ay adam.
- Söz-söhbət gəzir ki, cavan bir şairə vurulubsan, amma
cavabsız qalıb hisslərin...
- Faiq, mən ona "vurulmuşamsa", qoy Allah mənə qənim olsun! Əgər
bütün bunlar onun məharətinin əsəri deyilsə. Məni təəccübləndirən
bilirsən, nədir? Mən heç nə itirmədim, amma o mənim qarşımda bütün
mənəviyyatını itirdi. Məni Allah həmişə qoruyub və qoruyur. Daha
danışmaq istəmirəm. Onu xatılamaq belə istəmirəm. Onu Allaha əmanət
etdim. Və susmağı qərara aldım.
İcazə ver , Allaha qonaq olum
- Niyə axı? Deyirlər axı o gənc heç də pis adam deyil.
Düzü, mən hələ də bilmirəm kimdir o, adını nə sən, nə də dostların
deyir…
- Faiq, bir kəlmə ilə bitirirəm bu söhbəti. Etirafsa etiraf...
Mən onu ömrümü ona qurban verəcək qədər, o da yalanlarıyla ömrümü
alacaq qədər sevdi... Səndən bir xahişim var. Mən öləndə ona bir
söz deyərsən: Səni bir mələk sevmişdi... Amma...
- Mütləq deyərəm. Amma sən hələ ölməyə tələsmə və bu
sənin ona olan ilkin sözündür, yoxsa son?
- Bu sevginin müəllifi o idi...
- Aləmzər düz de, indi tüstüsünə kor olduğunun istisinə
qızındınmı heç?
- Allaha and olsun ki, yox!
Həmişə yaz yağmuru vardı...
Aç bu yagışlara, aç əllərini,
Əlimə dəyməyən yar əllərini
Sar, bu yagışlara, sar əllərini
Aləmin gözündən gəlir buludlar...
- Bunu o gənc şairmi yazdı sənə?
- Mənim şeirimdi... Azan verilir. Faiq, icazə ver, Allaha qonaq
olum. Mənim ondan başqa kimsəm yoxdur... Amma mənə zəng vur. Mənə
zəng elə…
- Edərəm.
- Namaza başlamıram, səni gözləyirəm.
Aləmzər Sadıqqızına zəng etdim. Hıçqırıq səsləri
qulağıma uzaqdan eşidilən su səsi kimi gəldi:
- Faiq, dünən ürək günüymüş... Ürəyimə deyəcək bircə sözüm var:
- Səni həmişə ağrıdıqların, yandıqların, uğrunda öldüklərin
vurdu... Elə namərdcəsinə ki! Sənə söz deməyə gücüm yox... sənə
"döz" deməyə gücüm yox... sənə "öl" deməyə üzüm yox...