Bəzən CÇM-də işləyən
zabitlərə, nəzarətçilərə qarşı çox aqressiv münasibət bəslənir.
Onları qınayır, hətta bu işdə çalışdıqlarına görə ittiham edirlər.
Guya onlar olmasaydı, hər hansı bir cinayətdə günahkar bilinərək
azadlıqdan məhrum olanlar da olmazdı. Şəxsən mənimlə bu haqda
söhbət edənlərə birmənalı olaraq deyirəm ki, həbs olunan haqlı,
yaxud haqsız tutulmasından aslı olmayaraq, Cəza evlərinə
göndərilir. Onların həbsinə türmə işçilərinin heç bir qarışacağı
yoxdur. Buradakılar sadəcə olaraq cəza evlərində dustaqların islah
olunması və cəzaları bitən müddətə qədər onları "qoruyurlar". Bir
növ keşikçidirlər. O da düzdür ki, əməllərində cinayət tərkibi
olan, dustağa qarşı hədsiz dərəcədə kobudluğu ilə tanınan,
korrupsiyaya və rüşvətə meylli türmə işçiləri də yox deyil. Var və
heç az da deyillər. Mən bu layihəmizdə belə insanlar haqda
dəfələrlə yazmışam. Bu yazımda isə müsbət xarakterləri ilə
seçilənlər haqda yazacağam.
Polkovnik-leytenant Vəli Şirinov
Vəli müəllim 10 Saylı CÇM-in rəis müavini idi. Hündürboy,
alagöz, işində çox diqqətli və tələbkar bir zabit idi. Onunla ilk
görüşümüz heç də ürəkaçan olmamışdı. Amma zaman keçdikcə bu insanda
olan müsbət xüsusiyyətlər daha çox qabarmağa, diqqət çəkməyə
başladı. Qısa söhbətlərimizin birində öyrənmişdim ki, Rusiyada
təhsil alıb. Uzun müddət əməliyyatçı kimi işləyib.
Demək yerinə düşər ki, 10 saylı CÇM-də dustaqlar ondan
çəkindikləri qədər də hörmətini saxlayırdılar. Dustaqların
əksəriyyətində belə inam vardı ki, içəridə hər hansı bir rejim
qaydasını pozsan, Vəli müəllim çalışıb məsələni qanunun diktə
etdiyi yolla həll edəcək. Dustağı aşağılamaq, onları təhqir etmək,
qorxudub yaxınlarından pul almaq onluq deyildi. Ötən yazılarımda
onun haqqında bəhs etmişəm. Cəza evində üsyan edənlər onun "sən
öl"ü ilə çıxdıqları damdan yerə düşür və təslim olurdular. Belə söz
söhbət gəzirdi: Vəli müəllimin "sən öl"ü bəzən qanunlardan da
kəsərli olur.
O, indi 15 saylı CÇM-in rəisidir.
Mehman Sadıqov
10 saylı CÇM-in siyasi məsələlər üzrə rəis müavini
ədliyə-polkovnik- leytenantı Mehman Sadıqov idi. Əslən Qazaxdan
olan Mehman müəllim səliqəsi və dustaqlara olan qayğısı ilə
fərqlənirdi. Cəza evində olan dustaqlardan kiminsə ondan incik ola
biləcəyini heç düşünmürəm. Onun kabinetində bir-neçə dəfə olmuşdum.
Mənə yaxın olan dustaqların məhkəməyə müraciət edilməsi üçün
etdiyimiz xahişə qulaq asıb və bacardığı qədər kömək etmişdi.
Mehman Sadıqov hər mənada Allah adam idi. Namaz qılır, oruc
tuturdu. Gözü, könlü tox olan bu insan heç vaxt dustağın cibinə göz
dikməzdi. Mənə elə gəlirdi ki, hörmətinə, haqqında xoş sözlər
deyilməsinə görə ona iş yoldaşları tərəfindən çox böyük qısqanclıq
vardı.
Mehman müəllimə bir hadisədən sonra daha çox hörmət yarandı. Bir
dəfə oğlum dostlarımla mənim görüşümə gəlmişdi. Şəxsiyyət vəsiqəsi
olmadığından onu görüşə buraxmamışdılar. Xətai rayonu Elçin Əliyev
4 ünvanında yerləşən Xətai rayon polis idarəsinin inzibati binasına
daimi qeydiyatda idik. Elə indi də mən və ailə üzvlərimin daimi
qeydiyyatımız həmin yerədir. İdarənin pasport-masa rəisi Turala
şəxsiyyət vəsiqəsinin verilməsi və həmin binaya qeydiyyata
götürülməsi üçün 500 dollar tələb etmişdi. Mən isə şərlənib
rüşvətlə tutulduğuma görə oğlumun şəxsiyyət vəsiqəsi üçün rüşvətin
verilməsinə razılıq verməmişdim. Uşaq sənədsiz idi. O mən azadlığa
çıxana qədər vəsiqə ala bilmədi. Bu üzdən də orta məktəbi
qurtardığı il sənədlərini ali məktəbə verə bilməmişdi.
Nə isə, Turalın içəri buraxılmaması kefimə soğan doğramışdı.
Cəza evinin yüksək rütbəli bir neçə zabitinə müraciət etmişdim.
Doğum haqqında şəhadətnaməsinin üstündə olduğunu demişdim. Kömək
etməmişdilər. "Bizim səlahiyyətimiz xaricindədir", - demişdilər.
Çox əsəbi idim. Təsadüfən Mehman müəllimlə qarşılaşdım. Niyə əsəbi
olduğumu soruşdu. Dedim. "Narahat olma", deyib uzaqlaşdı. Təxminən
10 dəqiqədən sonra Tural görüş yerində idi.
Mehman müəllimdə Həzrət Əlinin kəlamları olan ağ cildli qalın
bir kitab vardı. Kabinetində olarkən fikir vermişdim ki, bu kitab
həmişə açıq vəziyyətdədir. O, daima bu kitabı mütaliə edirdi. Bir
dəfə ondan kitabı oxumaq üçün istədim. Kitabı əlinə alıb bir
dəqiqəlik fikrə getdi. Nə isə düşündü, yenidən stolun üstünə qoydu.
Və vermədi. İncimədim. Zatən mən onun yanına kitab almaq üçün yox,
başqa məqsədlə getmişdim. O da xahişini etdiyim dustağa kömək
edəcəyinə söz vermişdi və kömək etdi də.
Mayor Rövşən Hacıyev
Cəza evində yolunu dustaqların səbirsizliklə gözlədiyi bir zabit
də vardı. Bu adam CÇM-in 10-cu dəstəsinin rəisi mayor Rövşən
Hacıyev idi. Rövşənin görünüşündə ziyalılıq vardı. Gözləri bir
qədər zəif gördüyündən qara şüşəli eynək taxardı. Çoxları bu
fikirdə idi ki, bu, gün eynəyidir.
Rövşən müəllimlə söhbətimiz daha çox olardı. Onun geniş
mütaliəsi vardı. Universitetin tarix fakultəsini bitirmişdi. Tələbə
olarkən Cəlilabadda Əlikömək təpəsində arxeoloji qazıntılarda
iştirak etdiyini deyirdi:
- Çox xoşuma gəlmişdi o yerlər. Həm də sizin adamlar çox
mehribandır.
Rövşən müəllim hər səhər qoltuğu qəzetlə dolu gələrdi. Cəza
Müəssisəsinin abunə qəzetlərini o gətirərdi. Mən qəzetləri oxumaq
üçün ondan götürərdim.
Rövşəni dustaqlar heç də qəzetlərə görə gözləmirdi. O da Mehman
Sadıqov kimi həmişə hər kəsə hüquqi yardım göstərməyə hazır olardı.
Əfv ərizəsi yazanlar, amnistiya ilə maraqlananlar, məhkəməyə
müraciət edənlər ondan əl çəkməzdi.
Xüsusi şöbənin rəisi mayor Sənan
Əslində, bütün bu informasiyalar Cəza Müəssisəsinin Xüsusi
şöbəsinin rəisi, soyadını unutduğum mayor Sənanda olardı. Sənan
müəllim ayda 1-2 dəfə müəssisənin həyətinə girərdi. Məhkəməyə
ünvanladıqıarı ərizəyə cavabı öyrənmək üçün dustaqlar onu dövrəyə
alardılar. O, az danışardı. Əlindəki dəsmalla daima ağzını
qapayardı. Dustaqlar danışardı ki, bu adam axşamlar "düt" deyənə
qədər vurur, səhərlər arağın iyi hiss olunmasın deyə, bu cür
qorunur. Əslində isə belə deyildi. Bir dəfə ondan niyə ağzını
"yumduğunu" soruşdum.
Zəif səslə:
- Dişlərimi düzəltdirirəm, - dedi.
Onun uzun müddət belə gəzdiyini bildiyimdən zarafatla dedim:
- İmkan yoxdur? Dustaqlardan aldığın pullardan bir qədər
də dişinə xərclə.
Zarafatla dediyim söz, görünür, xətrinə dəydi. Çəpəki baxıb:
- Şair, sən mənə indiyə qədər pul veribsən?
- Yox, - təsdiq etdim.
- Bax, sən vermirsənsə, demək, onlar da vermir. Alsam, elə
səndən alaram da - "rüşvətxorsan".
Amma bilirdim ki, dustaqların sənədlərinin hazırlanmasında o da
əlindən gələn köməyi əsirgəmir. Elə dustaqlar da borclu
qalmazdılar.
Dəstə rəisləri Vüsal, Hafiz və Cavanşir
Mənim dəstə rəisim qubalı Cavanşir idi. Rütbəsi mayor olan bu
adam sakit və təmkini ilə seçilirdi. Dostum ağdamlı Aqilə uzaq
qohumluğu çatırdı. Aqillə mən tibb məntəqəsində olduğumuzdan vaxtı
olanda bizə baş çəkərdi. O, başqa dəstənin rəisi mayor Vüsal
Mahmudovla bir otaqda otururdu. Otaqlarında televizor vardı və
mənim bu otaqda saatlarla tək oturub televizora baxmağıma şərait
yaradılmışdı.
Cavanşir bəzən evlərində hazırlatdırdığı peraşkilərdən, qutabdan
və digər xəmir xörəklərindən bizə pay gətirərdi. O, həm də
qaraqabaq adam idi.
Mənim çox hörmətlə xatırladığım dəstə rəislərindən biri də
lerikli Hafiz bəy idi. Bu insanlarla indi də ara-sıra görüşürük.
Hər biri bu hörməti dustaqlara olan xüsusi diqqətlərinə və tamahkar
olmadıqlarına görə qazanmışdılar.