"Cəbhə xətti" layihəsində:
Solmaz xanım Əliyeva 1968-ci ildə Tovuz rayonunun
Qapanlı kəndində doğulub. Tovuz rayon Hərbi Komissarlığında
çalışıb. 1992-ci ildən 1994-cü ilə qədər birinci Qarabağ
müharibəsində kəşfiyyatçı-snayper olub. İşsizdir.
Keçmiş döyüşçü ilə müsahibəni oxucularımıza təqdim edirik...
Atam məni görəndə özünü itirdi
- Solmaz xanım, ağır döyüş yolu hafizənizdə necə
qalıb?
- 1991-ci ildə Tovuz rayonunda gedən döyüşlərdə xalam oğlu Fariz
şəhid oldu. Mən o dövrdə Tovuz rayon Hərbi Komissarlığında
işləyirdim. Xalam oğlunun şəhid olması məni çox sarsıtdı. Vətənin
bu vəziyyətində qərar verdim ki, mən də düşmənə qarşı vuruşmalıyam.
26 yaşım vardı. Hərbi forma geyindim. Gəldim atamın yanına və dedim
ki, mənə halallıq ver, döyüşə gedirəm. Atam da yaşlı olmasına
baxmayaraq, gedib əsgərlərə kömək edirdi, silah-sursat daşıyırdı.
Dəfələrlə atamın ağlamağının şahid olmuşdum. Məni hərbi formada
görəndə özünü itirdi. Ağlamağa başladı. Ona, halallıq versə,
verməsə də döyüşə gedəcəyimi dedim. Atam başıma sığal çəkərək mənə
halallıq verdi: get, amma elə döyüş ki, başımı dik tutum, səninlə
fəxr edim.
Döyüş yolum beləcə başladı. Əvvəlcə Tovuz rayonunda özünümüdafiə
batalyonuna yazıldım. Demək olar ki, Tovuzda gedən bütün döyüşlərdə
iştirak etdim. Sonra Ağdam rayonunda Məmmədəli bəyin batalyonunda
xidmətimi davam etdirdim. Məmmədəli bəy şəhid olduqdan sonra gəldim
Müdafiə Nazirliyinə. Ağdamda döyüşmək istəyirəm dedim. O vaxt
Müdafiə naziri Rəhim Qazıyev idi. Ağdam rayonunun Paprəvənd kəndinə
göndərildim. Çatdığım günün səhəri bizi döyüşə göndərdilər.
Canyatağa kəşfiyyata getdik. Bizim qrupda döyüşənlərin üç nəfəri
azərbaycanlı, qalanları çeçenlər idi. Bizdə Zaqataladan bir oğlan
vardı, gecə yatanda bilmədən əli tətiyə dəydi və atəş açıldı.
Ermənilər onun yerini müəyyən edib vurdular. Beləcə döyüş başladı.
Üç nəfər döyüşçümüz yaralandı. Mən öz qrupumda tək qaldım.
Yaralılara dedim ki, qaçın, mən sizi qoruyacağam. Tək başıma
düşmənlə atışmaya girdim. Ermənilər onları vurmaq istəyəndə mən
sürünərək onların silahların da götürdüm. Uzaqlaşmaq istəyəndə
eşitdim ki, ermənilər qışqırır: qırın bu "kopay uşağını, bunların
qanı bizə halaldı".
Kəşfiyyat dəstəsində İsmayıl dayı vardı. Mənə qışqırdı ki, geri
çəkil, mühasirəyə düşə bilərsən. Bu səs əslində məni ayıltdı.
Fürsətdən istifadə edib, ermənilərə əsir düşməmək üçün özümü
qayadan atdım. Beləliklə, mühasirədən çıxmış oldum. Qayadan özümü
atdıqda qol-qıçım sınmışdı. Huşumu itirmişdim. Maqomed adlı bir
çeçen döyüşçü ilə ikimiz qalmışdıq. Geri çəkildik. Payız idi.
Yarpaq xışıltısı eşitdim. Çox həyəcanlı an idi. Ola bilsin
Ermənilər gəlir, deyə düşündüm. Maqomedə dedim ki, hazır ol, onlar
gələndə məni əsir götürsələr, sən məni vur. O məni vurmaq istəmirdi
və mənə dedi ki, yaxşı, onda bir-birimizi vurarıq. Əslində, mənim
onu vurmaq fikrim yox idi. Düşünürdüm ki, o çeçendir, əsir düşsə
də, ona bir şey etməzlər. Amma mən əsir düşsəydim, mənə çox pis
şeylər edərdilər. Onu aldatdım, dedim ki, yaxşı və ikimiz də
avtomatı bir -birimizə tuşladıq. Onun əlləri əsirdi. Öz döyüşçü
dostunu vurmaq Maqomed üçün çox çətin idi. Bir az vaxt keçdi,
döyüşçü dostlarımız Müşfiqlə Hikmət gəlib bizi xilas etdilər.
Hospitala gətirdilər. Bir müddət müalicə alıb, yenidən döndüm
döyüşlərə.
Səngərdə onlarla yatdığıma görə...
- Döyüşçülərin sizə münasibəti necə idi?
- Orda mənə münasibət çox gözəl idi. Çünki hər
şey insanın özündən asılıdır. Mən sırf döyüşçü olduğuma, kişilərdən
fərqlənmədiyimə, onlarla bir səngərdə həmişə döyüşdüyümə,
səngərlərdə onlarla yatdığıma görə mənə çox yaxşı münasibət
göstərirdilər. Yanımda bir xanım da vardı. Həkim idi. Ona da gözəl
münasibət vardı.
Snayperlər yaxşı bilir
- Solmaz xanım, maraqlıdı, bir snayper olaraq neçə
düşmən vurmusuz?
- Bilirsiz, neçə düşmən gəbərtdiyini döyüşdə
saymaq olmur. Amma əminəm ki, çox olub. Məsələn, bir erməni
snayperini vurmuşam. Bu hər snayperə nəsib olmur. Bunu snayperlər
yaxşı bilir.
Tək bir istəyim vardı
- Yanınızda şəhid olanların son sözlərinin şahidi
olmusuzmu?
- Yanımda şəhid olan, mənə son sözünü deyən dostlarım olub.
1992-cı ildə Sırxəvənddə, Çıldıranda əməliyyat keçirirdik.
Mühasirəyə düşdük. Gecə idi. Həmin döyüşdə şəhidimiz çox oldu.
Yaralananlar, hətta girov düşənlər də oldu. Biz xeyli erməni
döyüşçüsünü əsir götürdük. Döyüşə-döyüşə irəliyə gedirdik. Əksər
erməni döyüşçüsünün patronu bitmişdi və əllərini başlarına qoyub
xəndəklərdə uzanmışdılar, biz də onları əsir götürürdük. Mənim üçün
bunları danışmaq çox çətindir. Hələ də o tankların, topların
səsləri qulağımdan getmir. Məni hələ də vahimə basır, elə bilirəm
ki, bu dəqiqə orda döyüşürəm. Yaralı döyüşçülərin səslərini unuda
bilmirəm. Mənim tək bir istəyim vardı. Düşməni diri tutum, tutan
kimi də başını kəsim. Ancaq bizə icazə vermirdilər. Ona görə ki,
onlarda əsirlərimiz vardı. Onları əsirlərimizlə dəyişirdik. Amma
imkanım olsa idi, orda çox baş kəsərdim, çünki onlar bizim
əsirlərin başlarını kəsirdilər, qızlarımızı zorlayırdılar, min bir
işgəncə verirdilər.
Bir dəfə də Ağdamın Kökəltmə məntəqəsində qanlı döyüşlər
gedirdi. Yanimda iki nəfər əsgərimiz hospitalın girişində vuruldu.
Biri son sözünü deyə bilmədi. O biri isə dedi ki, nişanlıma deyin,
məni gözləməsin, xoşbəxt olsun. Mən onu basdım bağrıma, dedim ki,
qorxma, ölməyəcəksən və Allaha şükür o, sağ qaldı. Bu gündə
dostluğumuz sürür.
Hələ də qazi adını ala bilməmişik
- Heç qorxub qaçan komandirlər, əsgərlər
gördünüzmü?
- Əlbəttə... Bizdə bir komandir var idi. Adı Qələndər idi.
Ağdamdan idi. Onlar qardaşlığa döyüşürdülər. Xalq Cəbhəsinin
batalyonunda idilər. Zaur Əliyev vardı, bunlar əsl qəhrəman idilər.
Amma bizi döyüşə göndərib özləri qaçanlar, bizi mühasirədə qoyanlar
da vardı. Bizi komanda olaraq Abdal Gülablıya göndərdilər. Orda hər
gecə bir batalyon əsgərimiz şəhid olurdu. Döyüşmək çox çətin idi.
Bir çox komandirlərimiz qorxub gəlmədilər. Altay Mehdiyev adlı
komandirimiz vardı; bizi aldadıb, arxamızca gəlmədiyi üçün ondan
şəxsən özüm hesab sordum. 1994-cü ildə atəşkəs elan olundu. Ordudan
tərxis oldum, evimə qayıtdım. Altı şəhidimizə yas saxladım. Ailə
qurmadım. Sonra bir Qarabağ qazisi ilə evləndim. İkimiz də döyüşdə
yaralansaq da, hələ də qazi adını ala bilməmişik. Ayda 45 manat
dövlətdən pul alıram, evim bir daxmadır. İki ildir uşaqlarımı
məktəbə göndərə bilmirəm. Döyüşə pul, ev, var-dövlət üçün
getməmişdim. Subay idim, amma indi ailəliyəm, uşaqlarım var. Bir
qızım, iki oğlum. Oğlanlarım əsgərlik yaşına çatıb, onları əsgər
yetişdirmişəm. Qızımın 13 yaşı var. Böyrək çatışmazlığım var. Mən
vətənim üçün döyüşdüm, ancaq bu gün kimsə məni yada salmır. Eh,
təki vətən sağ olun.