Yuxarı

Zarina: “Mayıl o pulu yavagəzdi arvadlara xərcləyir” - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Səfillər" layihəsində:

Bayram günlərinin verdiyi fürsətdən yaralanmaq istəyim məni yenidən Azərbaycanın cənubuna, doğulduğum rayona çəkdi. Lökbatan dairəsindən bir nəfər yol-yoldaşı götürmək istəyim Nəqliyyat departamentinin işçiləri ilə qısaca münaqişəyə səbəb oldu.

Nəqliyyat departamentinin iradı

Onlar:

- Sənin sərnişin daşımağa icazən yoxdur, sənədlərini ver, cərimə olunacaqsan, - deyərək iradlarını bildirir.

Qısaca:

- Mən yol gedirəm və söhbət etmək üçün bir nəfər istəyirəm. Özü də pulsuz aparıram, bayram hədiyyəsi olaraq, - deyirəm. Hələ yaxşı söhbətcil adam olsa, ona Xalacda çay da alacam.

İnadkar yol nəzarətçilərini axır ki başımdan edirəm:

- Bura bax, bu maşını almışam, mənim əmlakımdır. İstəsəm, adam götürərəm, istəməsəm yox. Mən "xalturşik" deyiləm ki, götürdüyüm adam üçün sənə 1 manat ödəyəm.

5 manata meyvə alaram

Tikintidə fəhlə işləyən biləsuvarlı fağır bir oğlanı onlarla sərnişinin içindən seçirəm. Yol boyu söhbətimizdən aydın olur ki, əslində o, dünən evinə getməli imiş. Maaşını gözləyib. Naxçıvandan olan iş adamı ancaq bu gün ona 50 manat verib. Bayramdan sonra maaşının qalan hissəsini ödəyəcəkmiş. Bu 50 manata isə Xanqulu adlı gənc bilmir nə etsin. Mənə təşəkkür etməyi də unutmur:

- Sağ ol, yaxşı ki, pulsuz aparırsan. 5 manata meyvə alaram, oğluma deyərəm ki, cəlilabadlı əmi aldı bunu sizə.

- Halal xoşunuz olsun, - deyirəm.

Xanqulu heç də gözlədiyim adam olmur. Qaradağ zavoduna çatanda artıq xoruldayırdı. Ağzı açıq qalmışdı. Oturacağa sərdiyim əl-üz dəsmalını onun sinəsinə çəkirəm. Siqaret çəkdikdə açacağım pəncərədən külək onu tuta bilər. O, sovetlər zamanının Şorsuludakı buraxılış keçid məntəqəsində yuxudan ayılır - mən maşını saxlayıb yolun kənarında özlərinə post qurmuş dilənçilərə yaxınlaşanda.

Şorsuludakı dilənçilər

Bu dilənçilər haqda isə diqqətli oxucularımız artıq məlumatlıdır. Ötənlərdə elə burada dilənən Mayıl adlı dilənçidən yazdığım "Məni qocalar evinə düzəlt, lap min manat verərəm" yazısında bəhs etmişdim. Mayıl bu dilənçiləri kürd adlandırmışdı. Və qeyd etmişdi ki, onlarla aralarında nüfuz savaşı gedir. Və bu dilənçilərin arxasında böyük bir qüvvə var.

Üç nəfərdirlər. Əlil arabasında şikəst bir gənc oturub. Ayaqları qalın adyala bükülüb. Onun arxasında gənc, dolu bədənli qadın durub. Yanlarında isə 10-12 yaşlı oğlan uşağı var. Öyrənəcəm ki, uşağın adı İslam, arabadakı şikəstin adı isə Heydərdir. Qadının işi isə əlilə verilən pulları dəstələyib cibinə yığmaq və nəzir verənlərə dua etməkdir. Əlilin ovcuna 20 qəpik qoyuram.

Ağam Əbəlfəzdən istəyirəm...

Qadın:

- Allah əvəzini versin, ağam Əbəlfəzdən istəyirəm ki, balaların xoşbəxt olsun, - deyir.

Söhbətə tuturam:

- Xanım, bu oğlan sənin nəyindir?

Qadın ətraflı məlumat verir:

- Qardaşımdır. Şikəstdir. Danışa bilmir. Dili laldır. Qulaqları isə eşidir. Bu uşaq da böyük qardaşımın oğludur. İki qardaşım türmədə yatır. Xalac türməsindədirlər. Ona görə burada durmuşuq ki, türməyə gedib baş çəkə bilək.

"Ruskayazıçnı" dilənçi

Qardaşlarının nəyə görə həbs olunduğunu soruşuram. Səsinə bir qədər də hüzn əlavə edir.

- Maşınla adam vurublar. Sonra da vurduqları adamın adamını döyüblər. İndi onların da sağırlarını saxlayıram.

"Sağır" sözü ən çox bizim tərəflərdə işlənir. Bəzən insanlar bu sözlə bir-birinə müraciət də edirlər. Ona görə də soruşuram:

- Haralısız?

- Naxçıvandanıq. Şərurdan.

- Amma sən naxçıvanlılar kimi danışmırsan.

- Mən "ruskayazıçnı"yam. Rusiyada oxumuşam. Kulinariya üzrə ali təhsilim var. Qardaşlarım belə olandan sonra gəldim.

- Adın nədir?

- Zarina Əliyeva... niyə soruşursan?

Bizim söhbət etdiyimiz zamanı nəzir vermək üçün saxlayan maşınlara İslam yaxınlaşır. Pulları alıb şikəst əmisinin ovcuna qoyur. Zarina da öz növbəsində Heydərin ovcundakı pulları götürüb cibinə qoyur.

- Bəs indi harada yaşayırsız?

- Cəlilabadda kirayədə oluruq. Hər gün gedib-gəlirik.

- Bəs o qədər uzaq yolu gedib-gəlincə elə burada Şorsuluda, ya da Biləsuvarda niyə ev tutmursuz?

- Cəlilabad yaxşıdır. Orada həftədə iki dəfə iri bazar olur. Hər yerdən gəlirlər. Adam çox olur. Arada ora da çıxırıq.

Oteldə aşpaz işi olsa işləyər

Zarinadan gündəlik qazanclarını soruşuram və qeyd edirəm ki, suallarım onu çaşdırmasın. Jurnalistəm və istəyirəm onlar haqda yazı yazam. Zarina qazanclarının pis olmadığını deyir və əlavə edir:

- Əgər jurnalistsənsə, mənə bir iş düzəlt, işləyim.

- Nə işləmək istərdin?

- Dil bilirəm, otellərdə aşpaz işi olsa işləyərəm.

- Bəs buranı təhvil verəcəksən?

- Yox, artıq tikə baş yarmır ki...

Ərə nə var e... küçə kişi ilə doludur

Zarina bir vaxtlar ailəli olduğunu da deyir:

- 1985-ci ildə doğulmuşam. Ailə də qurmuşdum. Qardaşlarım belə olanda, ərim mənə dedi ki, ya məni tut, ya da qardaşlarını. Mən də qardaşlarımı tutdum. Ərə nə var e... küçə kişi ilə doludur. Geyinib-kecinsəm, çoxundan qəşəng olaram.

Şəkilini çəkmək istəyirəm. İmkan vermir. Sifətini yaylıqla örtür. İslam da kənara çəkilir. Həyəcanla:

- Bu kişi bizi polisə verəcək, - deyir.

Kameranı cibimə qoyuram və Zarinaya:

- Eşitmişəm yolun o tayında da durmaq istəmisiz, amma gücünüz çatmayıb, onları qova bilməmisiz, - deyirəm.

Qurban əti ilə araq içən Mayıl

- Kim dedi? Mayıl deyər. O, kişi deyil. Axmağın biridir. Alkaşdı o. O gün ona qurban payı verdilər. Mənə də vermişdilər. Mən qardaşımın balalarına yedizdirdim. O isə getdi o tərəfdə kafe var e, orda kabab çəkdirib, araqla içdi. Yalançıdır. Bax, onun yanında kişi durmuşdu ha, onu o işlədir. Tutub pulunu əlindən alır. Özünə hər gün 30-40 manat verir. O da o pulu yavagəzdi arvadlara xərcləyir.

- Hə, Mayıl demişdi. Deyir ki, siz kürdsüz, sizin adamlarınız var, onu sıxışdırırsız.

Deyir ki, cavan qadınsan, sənə də kişi lazımdır

- Düz deyir, kürdəm. Amma onlar məni sıxışdırırdı. İstəyirdilər bizi burdan qovsunlar. Hələ onun adamı var ha, o Mayıldan da pis adamdır. Gəlib mənə deyir ki cavan qadınsan, sənə də kişi lazımdır. Gəl, Mayılla yollaş, ona ərə get. Ya da həftədə 1-2 dəfə görüşün, o pulları boş yerə xərcləməsin. Sənə də kişi lazımdır. Tüpürdüm üzünə. Daşı götürdüm, vurdum çolaq qıçına. Mənim ərimə nə gəlib. İstəsəm, gedərəm də onun yanına. Mayıl gözüynəngörmüş oğraşdı...

Zarina əsəbiləşib. "Həmkarının" onun haqqında söylədikləri yaman yer edib ona:

- Bir dənə taksi tutublar. Axşama qədər bunlara araq daşıyır. Axşamlar içib burda mahnı oxuyurlar.

Sonra da yağlı bir kişi söyüşü söyür. Yenidən Mayılın ardınca danışır:

- Elə bilirsən, onun ayaqları çolaqdır? Yox, çolaq-zad deyil. Bir balaca topaldır. Özü də çatana deyir Bərdədənəm. Allah bilir haralıdır.

- Yox, mən onun şəxsiyyət vəsiqəsini görmüşəm, bərdəlidir.

- Nə olsun Bərdədəndi? O, yaxşı adam deyil...

Zarina ilə çox mətləblərdən bəhs etdik. O, burada dayanmağın heç də asan olmadığını dedi.

- Bizi də qovurlar. "Oblava" olur, yolu təmizləyirlər. Arada-bərədə polislərin də könlünü alırıq...

Tarix
2014.10.10 / 23:00
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla