"Qəfil qonaq"
layihəsində
Qəfil gələn qonaq həm də vaxtsız gələn qonaqdır. "Vaxtsız gələn
qonaq isə öz kisəsindən yeyər", - deyiblər.
"Qəfil qonaq" layihəsində gedişim gözlənilmədən olsa da, vaxtsız
olmadı. Xanım şairə Xatirə Rəhimbəylinin qapısını döydüm. Qapını
döydüm demək, bir az, düz çıxmadı. Şairənin Biləcəri qəsəbəsində
olan evinin darvazasını itələyib ərklə həyətə keçdim.
Həyətin külək tutmayan hissəsində şairənin həyat yoldaşı,
təqaüddə olan polis əməkdaşı Surxay manqal qalayıb. Məni görcək
işini yarımçıq qoyur. "Qayınanadan gileylənib-eləmə, səni çox
istəyir", - dedi.
Ömür busa, yaşayıram
- Sağ ol Faiq, - Xatirə xanım salamımı alıb, "nə var, nə yox"uma
cavab verir, - özüm yaxşıyam, ömür busa, yaşayıram. Üstünə sağlıq,
Hüseyn xəstələnib. Onu qaydaya salım. Mənim önəmli işim olanda,
qonaq-qaram gələndə bir qənbərqulu çıxmalıdır.
Hüseyn şairənin kiçik oğludur. Gün uzunu məhlədə top qovub,
tərləyib, soyuqlayıb.
Xatirə xanım üzünü Surxaya tutur:
- Demək Faiqlə vədələşibsiz, qonaq çağırıbsan, deyəydin də,
səhərdən əl-ayaqdasan.
Surxay mənim gəlişimdən xəbərsiz olduğunu deyir. Aydınlıq
gətirirəm. "Qəfil qonaq" layihəsində sizi "qaralamışam", - deyirəm.
Bir neçə dəqiqə də keçir. Xatirə xanımla söhbət edirik:
Ruhum ac olanda
- Bayaq dedin yaxşıyam, əgər özün yaxşısansa, demək, ya
uşaqlar səni o qədər də incitmir, ya da "komandir" ev işlərində
sənə yardımçıdır. Ya da ədəbi fəaliyyətində uğurlar
var.
- Şükür, nə uşaqlar, nə də "komandir" məni incidir. Sakit,
səmimi bir ortamda yaşayıram. Yaradıcılıqda da uğurlar deyəndə ki,
3-cü kitabım çapa hazırdır.
- Ədəbi aləmlə aran necədir? Yoxsa, məktəb, ev-eşik
qayğıları daha çox vaxtını alır.
- Xoşuma gələni oxuyuram, bəyənmədiyimi görməzdən gəlirəm,
olub-bitir məsələ. Nə gizlədim, nəsr oxumağa vaxtım yoxdur,
hövsələm də çatmır artıq. Amma elə nəsr əsəri olur ki, onu şeir
kimi birnəfəsə oxuyuram. Məktəb, ev-eşik qayğıları, təbii ki, var.
Amma ruhum ac olanda yuxulardan kəsirəm, birnəfəsə oxuyuram ruhumu
doyduran əsərləri...
Bir qarın çörək qazanan nəsil
- Xatirə xanım, 80—ci illərdən üzü bəri imzan görünür.
Niyə sənin də mənsub olduğun ədəbi nəsil "yarıtmaz"
oldu?
- Bilirsən, tale, bəxt, qəzavü-qədər insan kimi, SÖZ-ə də
aiddir. Söz yerinə düşməyəndə elə yazıq olur ki... Bizim nəslin
taleyindən 20 Yanvar, Xocalı, Şuşa keçdi. Pafoslu meydan, məğlub
cəbhə, çəkişmələrin xaosu... Müdhiş bir çaşqınlıq. Bu çaşqınlıq
mənim siyası səriştəsi olmayan nəslimin illərini yedi. Onlar
özlərinə gələndə artıq uzun illər keçmişdi. Mənim ədəbi nəslim -
yerli-yersiz təriflərə qurban gedən, siyasi oyunlarda -
millətçilikdə əriyən, Xaosun dumanında Don Kixota çevrılən,
əyalətin acınacaqlı çağlarında başı ancaq bir qarın çörək qazanmağa
qarışan nəsildir. Bu barədə hələ 90-cı illərdə "Ekspress" qəzetində
dərc olunmuş "Şəlalə" ədəbi birliyinin rəhbəri şair Əli Vəkilə
ünvanladığım bir məktubda yazmışdım - Şəlaləçilər, yolu qırılmış
çaylar".
Tənqidçiləri danışdırmağa pulum olmayıb
- Sən şeir yazmağa başlayanda, nə fikirləşirdin?
Fikirləşirdinmi ki, qələminin məhsulu səni dünyaca məşhur
edəcək?
- 6-cı sinifdə oxuyanda başladım şeir yazmağa və elə o vaxtdan
da şeirlərimi necə gizlədəcəyimi düşündüm ,"birdən kimsə tapıb
oxuyar", - deyə həyəcan keçirdim.
- Hər halda arzuların vardı. Bu arzular səni ədəbi
aləmdə haracan apara bildi?
- Atamın vəfatına qədər arzum da vardı, istəyim də, xəyallarım
da, planlarım da... Bütün bunlara çox erkən əlvida dedim. Qalan
təkcə xəyallar oldu. Xəyallar da kimsənin görə bilmədiyi bir teatr
səhnəsi kimidir, girirəm ora, səadət, rahatlıq, bəxtəvərlik saçan
bu rəngarəng səhnəyə baxıram, dincəlirəm, çıxıram, öz -özümə
gülümsəyib boyuma biçilən bu ömrü yaşamağa davam edirəm. Şeirlər də
o dünyada yaranır. Arzularım məni inamın, etibarın öldüyü günə
qədər gətirib çıxara bildi. Yaradıcı insan kimi haradayam, onu
tənqidçilər deməlidir, onları da danışdırmağa gah pulum olmayıb,
gah həvəsim. İnsan kimi isə atamın, arzularımın, inamın və etibarın
məzarları başındayam və elə oradaca sabahkı ehtiyacların əlindən
necə yaxa qurtaracağımı düşünürəm.
Ana olmaq istəməmişdim
- Müəlliməsən, özü də çox yaxşı müəllimə, anasan,
qayğıkeş və əsərlərdə, şeirlərdə təsvir olunan əsil ana. Həm də
şairəsən. Hansı səni daha çox özününkü edib?
- Müəllim olmaq istəməmişdim, tədqiqatçı alım olmaq istəmişdim,
müəllim oldum, işim körpələri tədqiq eləmək oldu və çox şey
öyrəndim. Ana da olmaq istəməmişdim - övladlarım elə vaxt dünyaya
gəldilər ki, mən onda "Doğranıb qılıncla çıxmırsa candan, Dərdimiz
bizimlə gora gedirsə, Lənət canımızın şirinliyinə!" - deyirdim,
"Tullayın quyuya Məlikməmmədi!" - deyirdim, Xocalıda uşaqlar
ölürdü, Şuşa işğal olunurdu! Belə bir dünyaya övlad gətirmək
istəmirdim. Bəlkə elə buna görədir ki, həmişə özümü övladlarımın
qarşısında günahkar bilirəm və onları daha çox sevirəm. Bəlkə də
elə bu gərginlikdi, məni məcbur edir ki, ürəyimi sözlə soyudum,
nəsə yazım, axı "yazmaq - sözü kəsilmədən danışmaq" deməkdir.
AYB mənim nəyimdi ki
- Deyəsən bir vaxtlar AYB-dən incik idiz?
- Uman yerdən küsərlər, AYB mənim nəyimdi ki, ondan küsəm. Əmim
deyil, dayım deyil, atam deyil, qardaşım deyil... Orada incisəm,
incisəm Rəşad müəllimdən inciyərəm, ona da haqqım çatmaz, çünki
şeirlərimi ən çox "525-ci qəzet" çap edib. İlk kitabımın işiq üzü
görməsində də Rəşad bəy təmənnasız yardım göstərib...
Ədəbiyyatın da bir yiyəsi olmadı ki
- Bəlkə ədəbiyyatımız sənə necə görünür, bu haqda
fikirlərini bölüşəsən.
- Mən patriotam. Xalqımı, millətimi, ədəbiyyatımı, tariximi
sevirəm- pisini də, yaxşısını da özümünkü bilib sevirəm.
Ədəbiyyatımız haqqında deyirsən, əvvəlcə ədəbiyyatdakılar haqqında.
Sosializmin zavodu, fabriki bağlandı, böyük bir işsizlər ordusu
yarandı, bu ordunun xeyli hissəsi gəldi ədəbiyyata. Ədəbiyyatın da
bir yiyəsi olmadı ki, desin, a bala, bura seyrangah yeri deyil.
Sonra "Hər şeyim var, ədəbiyyatım niyə olmasın" deyə, ədəbiyyatdan
özünə torpaq sahəsi alanlar gəldi ədəbiyyata, özü yazdı, özgəsi
yazdı, nə isə yazdı... Belə, başqa yerdə başına çarə qıla
bilməyənlər baş girləməyə gəldi ədəbiyyata.
Bu arada yan otaqda qızdırması olan Hüseynin
rahatsız olmasını hiss edib, uşağa baş çəkir. Qayıdır və yuxarıda
verdiyim sualı unudubmuş kimi davam edir:
- Biz aliləlikcə dəbdəbəni sevmirik və artıq bir-birimizin
zövqünü bilirik. Məsələn, mən ailə üzvlərinin nə istəyəcəklərini
bilirəm, bazarlıq da ona görə olur, yeməklər də ümumi zövqə görə
hazırlanır... Bizdə həyat müştərəkdir, məsələn, əgər mən yoxamsa və
ya xəstəyəmsə, arxayınam ki, ataları uşaqları ac saxlamayacaq. Amma
bilirsən ki, onun da vaxtı az olur...
XX əsrin sonu XXI əsrin əvvəlləri
Onu yenidən mövzunun üstünə qaytarıram:
- Sən özünü Xalq şairi kimi görürsən? Bir də ürəyin nə
istəyir?..
- Mən özümü Xalq şairi kimi görürəmmi? Biz sovet tərbiyəsi almış
adamlarıq, onda beləydi, qoy sənə el qiymət versin, yəqin buna görə
bu sual ətrafında düşüncəm olmayıb. Amma məni görməzdən gələn
tənqidçilərə hirslənib bir yazı yazmışam: "XX əsrin sonu XXI əsrin
əvvəllərinin tanınmamaış şairi Xatirə Rəhimbəyli yaradıcılığına bir
nəzər". Zarafatsız, hər dövrün öz tələbi olub. Bir vaxtlar
ədəbiyyat siyasətin təbliğat maşını idi, reklam vasitəsi idi, bu
sahədə çalışanlar, təbii ki, həvəsləndirilməli, mükafatlandırılmalı
idi. "Xalq şairi", "Xalq artisti", "xalq ..." nə isə. Əslində, bu
titullar o istedadlı şəxsləri xalqdan ayırırdı, onların ilhamını
rəndələyirdi, azadlığını boğurdu. Müəyyən vaxtdan sonra bu prosesin
özü kimi tələbləri də, mükafat və həvəsləndirmələri də sıradan
çıxdı.
Prezident təqaüdçüsü olmaq istəmişəm
Bir az fikrə gedir. Surxayı tərifləyir:
- Surxayın bişirdiyi kababa söz olmaz. Bilirsən ki...
- Sən Surxayın da başını şeirlə-zadla qarışdırdın, bəzi
polis işçiləri kimi "narkoman-zad" tutub, özünə bir gün ağlamadı,
oturub təqaüdünü alır, - deyib zarafat edirəm.
- Mən "Xalaq şairi" yox, oxucularımın şairi kimi görürəm özümü.
Tanınmamağımın səbəbi, pis yazmağım yox,
sözün dəyərdən düşməsidir . Düz sözümdür, "Xalq şairi" olmaq
ağlıma gəlməyib, amma Prezident təqaüdçüsü olmaq istəmişəm -
fikirləşirdim ki, o pulu yığıb sanballı bir kitab çıxararam. O da
ki , ərizəylə-filan oldu , birdəfəlik sosial yardıma oxşadı.
"İstəmədim" desəm, böyük çıxar, "vermədilər" desəm, daha düzgün
olar.
Söhbətimizi bitiririk. Gecdir, artıq. Siqareti götürüb bayıra
çıxıram. Qonaq otağında ailənin digər üzvləri süfrəni rahlayır.
Bir neçə dəqiqədən sonra Surxay zəng vurur:
- Hardasan, hara getdin?
- Mən qəfil qonağam, aradan da qəfil çıxıram, -
deyirəm...
P.S. Xatirə xanımın "Vətənim" rədifli qoşmasını
oxucularımıza təqdim edirik:
Vətəni
Ya Allahım, ürəyimə təpər ver
Əsir düşüb, gedim alım Vətəni.
Uğurunda piranilər verdi can
Neynək, gedim yetim alım Vətəni.
Könlümüzdən silinməyib məlalı
Əllərimiz arxasınca uzalı...
Ölür daha çöl-çəməni sozalıb,
İmdad eylə, yetim alım Vətəni.
Safdı deyək, kürəyindən oxlanıb
Az-az gedib, tikə-tikə doğranıb
Göz yummuşuq, ovuc-ovuc oğranıb
İndi gərək bütün alım Vətəni.
Onu yada xain satıb, xar verib...
Uğurunda ömür verim, var verim.
Lazım gəlsə, oğul verim, yar verim,
Asan gedib, çətin alım Vətəni.
Qurban olum qayasına, daşına
Küsüb baxmır gözlərimin yaşına
İgid torpaq pul qoyulub başına,
Pulum ola, satın alım Vətəni.