"Varislər" layihəsində: Kurt Vonnequtun qızı Slon
Vonnequt
Bizim oxucu və tamaşaçı zövqümüzüm formalaşması çox vaxt
böyük yazıçı, illüstrator-rəssam, tərcüməçi və b.-larının uşaqları,
nəvə-nəticələrindən asılı olur. Məhz bu varislər nəyin harada və nə
qədər nəşr olunacağını təyin edirlər.
Məhz onların sayəsində yeni, əvvəllər heç yerdə çap olunmamış
əsərlər, gündəlik və məktublar ortaya çıxır. Məhz onların entuziazm
və zəhmətkeşliyi doğma yazıçıları, onların yubileylərini,
haqqındakı xatirələri unudulmağa qoymur.
Kurt Vonnequt – Amerika yazıçısı, satirikdir. Özündə satira,
qara yumor və elmi fantastikanın elementlərini ehtiva edən
əsərlərin müəllifidir.
Axar.az-ın oxucularına ünlü yazıçının qızının xatirəsinin
təqdim edirik:
Çirkli kitablar
Məndən soruşanda ki, atamızla birgə həyatımız nəyə bənzəyirdi,
kəkələyərək nə isə "çox maraqlı" və "çox çətin" kimi mənasız sözlər
işlədərdim. Əslində isə daha ciddi hislər keçirirdim. Nəhayət,
uyğun bir cavab tapdım. Bu mənim gözlərim önündə 15 il ərzində
özündən iki dəfə böyük nə isə yeni bir şey yaratmağa çalışan filin
həyatına bənzəyir.
"Əzizim, sənin atan məşhur olacaq. İnsanlar deyəcəklər ki, onun
kitabları qara-quradır, lakin onlar çirkli deyillər, həqiqətdirlər,
çünki insanlar real həyatda məhz belə danışırlar" - anamın bu
sözləri mənə necə söylədiyini heç vaxt unutmayacam. Onun səsi çox
ciddi idi və bu məni qorxudurdu. Səkkiz, ya doqquz yaşım olardı.
Mən susa bilmirdim və bu xəbəri məktəbdə dostlarımla bölüşürdüm ki,
atam "qara-qura" kitabları yazanda məşhur olacaq!
Bütün günü ağlayırdım
10 yaşımdan başlayaraq atam yazdıqlarından bəzilərini mənə
oxumağa verirdi. Mən bir qədər həvəssiz, lakin qəribə həyəcanla
yanaşırdım. Oxuyarkən atam həmişə yaxınlıqda olardı və işdi, birdən
gülüb-eləsəm, tez qaçıb yanıma gələrdi. O, hər şeyi dəqiq bilmək
istəyirdi: nəyə güldüm, niyə güldüm...
Hələ də indiyədək anlamıram ki, bir yerdə yaşadığımız illərdə
yazmaq hardan gəlmişdi atamın ağlına: altı uşaq – dörd qardaş, iki
bacı bir dam altında (Vonnequtun özünün 2 uşağı var idi, dördünü də
götürüb saxlamışdı). Elə təkcə özüm haqqında deyə bilərəm ki, məlum
olmayan səbəblərdən bütün günü ağlayırdım. Qardaşlarım barıtı
haradan tapmağın mümkün olduğunu, "bomba" düzəltməyin qaydasını
bilirdilər, daha sonralar isə Amazonkanın tropik meşələrindən
"ilham almağa" başladılar. Bacım gözəl və cəsur gənc qadınların
onluğundan ibarət "The Herd" (sürü, naxır) quldur dəstəsinə
qoşuldu.
Atam öz kabinetindən çıxmırdı
Partlayan bombalara və "sürü"yə rəğmən Vonnequtun evi şəhərdə ən
məşhur ev idi. Dostlar, dostların dostları, tanışlar, tanışların
tanışları həmişə bizim evdə idilər və gecə yarıyadək evlərinə
dağılışmağa heç tələsmirlər də. Onlar mətbəxdə nə vardısa hamısını,
o cümlədən anamın bahalı supermarketlərdən aldıqlarını da yeyib
qurtarırdılar. Anam mağazadan qayıdanda biz çıxıb ona köməyə
gələnədək maşının siqnalından əlini çəkməzdi. Hələ də mənimçün
müəmmadır ki, anam siqnal verəndə atam niyə öz kabinetindən
çıxmırdı, kabinetinin pəncərəsi önündə partlayan bombalara, evin
bayır divarına dəyən top zərbələrinə heç vaxt fikir vermirdi.
"Niyə bu stol stoldur?
Atam özünə xas intizam qaydalarını heç vaxt pozmurdu: hər gün
10-dan 5-ə kimi işləyirdi. Bütün bu saatlar ərzində atam dodağının
altında nə isə anlaşılmaz şeylər pıçıldayardı. O bizimlə mətbəxdə
otura (biz isə orda 10 nəfər olardıq), çörəyə yağ yaxa və hər
dişləm arasında öz-özünə nə isə danışa, üz-gözünü büzüşdürə,
bığaltı gülümsəyə və başını yelləyə bilərdi.
Çətin ki, bu müddət ərzində o bizi görürdü. Ancaq elə vaxtlar
olurdu ki, o, sanki yuxudan ayılır, diqqətlə adamın gözlərinin
içinə baxaraq deyərdi:
"Düzənsiz həyatda yaşamağa dəyməz" və ya "Niyə bu stol stoldur?
Niyə o bu cür düzəlib!" Bilirdim ki, atam adi insan deyil.
"Beş nömrəli sallaqxana"
Çox istəyirdim ki, atam yalnız mənim atam olaraq qalsın. Odur
ki, uzun illər onun kitablarını oxumaqdan qaçırdım. Atamın
kitablarını oxuyanda az qala boğulurdum. Axırıncı dəfə "Beş nömrəli
sallaqxana"nı oxuyub bitirəndə dəhşətə gəlirdim ki, "bunu mənim
atam yazıb?" Uzun zaman belə bir fikrə öyrəşməyə çalışırdım ki, mən
dözülməz dərəcədə adi adamam.
Mən "Beş nömrəli sallaqxana"da elə girişdəcə peyda oluram. Ağ
gecə əlbisəsi və qara tuflidə (Nanni), əsgər dostu Bernar V.
О'Heyrunu görməyə gedərkən yolüstü Qudzon çayına tamaşa etmək üçün
ayaq saxlayıram. Yazılanların hamısı həqiqət idi. Rəfiqəm Ellison
Mitçell və mən atamı çaya baxmaq üçün dayanmağa məcbur etdik.
Karplar o qədər böyük idilər ki, sanki sualtı atom gəmiləri idilər.
Atam yalnız paltar və tufli barədə uydurmuşdu: biz velvet şalvar və
sviter geymişdik. Bernargilə gəlib çatanda mənə bir dolu qab konfet
verib yuxarı yolladılar ki, O'Heyranın uşaqları ilə oturub
yeyə-yeyə televizora baxım. Yaxşı yadımdadır, atam onda taqətdən
düşmüş, süst idi və o, məhz xeyirxah insan olan Bernar V.
O'Heyranın – alman əsirliyində birgə olduqları əsgər dostunun
yanında belə olurdu (Vonnequt 1944-cü ilin dekabrında nasistlərə
əsir düşmüş və Drezden həbsxanasına göndərilmişdi). Mən özümü
unudulmuş, yaddan çıxarılmış hiss edirdim. Uşaq qısqanclığı...
Pornoqrafik kinofestival
Qırx il sonra 20 yaşlı oğlum Maksla Drezdenə yollandım. Maks
Almaniyanı öyrənirdi və alman dilində də danışırdı. Maksın atamın
əsir düşdüyü yaşına yaxın yaşda olması və bir çox məsələlərdə onun
öz babasına çox oxşaması faktı məni bu səfərə hansısa məxsusi
sürrealist duyğularla yanaşmağa vadar etdi. Bu, artıq Almaniyaya
sadəcə səfər deyildi, dini təcrübəyə yaxın ziyarət idi. Şəhərdə
gəzərkən eynilə bir ana öz oğluyçün necə həyəcan keçirirsə, mən də
gənc atamçün eləcə həyəcan keçirirdim.
Biz beş nömrəli orijinal sallaqxananı tapmağa çalışırdıq və gün
ərzində şəhərin bir hissəsindən digərinə etdiyimiz qəribə
ziqzaqvari manevrlərdən sonra şəhərin şübhəli rayonunda pornoqrafik
kinofestivala gəlib çıxdıq. Alman dilini bilən oğlum yaxınlaşıb
məşhur zirzəmi haqqında soruşmaqdan qəti imtina etdi, çünki burda
anasının yanında bunu etmək, yumşaq desəm, yersiz idi.
"Maks, mən 6000 mili ordan bura gəlmişəm ki, bir neçə sualımı
verim, pleeeese, mənə yardım et!" O mənim bu sözlərimə yayınaraq
cavab verdi: "Anacan, bu insanlar sənin "Beş nömrəli sallaqxana"na
da, hələ üstəlik Kurt Vonnequta da ...!" Mən artıq onun arxasınca
çatmışdım və artıq ağlayırdım. Ancaq biz hər-halda ayaq saxlamalı
olduq, çünki ikimiz də bir-birimizə qoşulub dəli kimi gülürdük.
Bir dəfə yuxuda görmüşdüm ki, atam fildir və böyrü üstə yıxılıb.
Anam ona deyir: "Kurt, sən bunu edə bilərsən, mən bilirəm ki, sən
bacaracaqsan". O da bunu edir, xortumunu, kötük kimi iri ayaqlarını
yuxarı qaldırır və bizdən uzaqlaşıb gedir.
Mən sevinc içində, yüngüllük göz yaşlarına qərq olmuş halda və
atamla qürur duyaraq oyandım.
P.S. "Beş nömrəli sallaqxana və ya Uşaqların
səlib yürüşləri" (ingl. Slaughterhouse-Five, or The Children’s
Crusade) (1969)— Kurt Vonnequtun İkinci Dünya Savaşı illərində
Drezden bombardmanına dair avtobioqrafik romanıdır.
Yazıçı 1945-ci il fevralın 13-də müttəfiq qoşunlarının
aviasiyasının Drezdeni bombardman etməsinin şahidi olmuşdu. Kurt
Vonnequt həmin gün Drezdendə sağ qalmış yeddi amerikalı hərbi
əsirdən biri idi. Əsirləri gecə işləməyən 5 nömrəli şəhər
sallaqxanasına doldurub ağızlarını bağlayır, bombardman zamanı isə
ət saxlanılan zirzəmiyə düşürürdülər. Şəhərdə ayrıca bomba
sığınacağı yox idi, çünki Drezden strateji mühüm hədəf sayılmırdı.
Öz təyyarələrinin yağdırdığı bombalardan möcüzə ilə xilas olan
Vonnequt xarabalıq və uçqunların altından minlərlə cəsədləri
çıxararkən müharibənin bütün dəhşətini dərk etmişdi.