"Açıq dərs"
layihəsində
Şairlər nəslindən olub
ölkənin aparıcı dramaturqlarından sayılan, "İran teatr tarixi"
(1960) kitabını ərsəyə gətirən, əsasən öz ssenariləri üzrə çalışan,
İran kinorejissorluğunun liderlərindən biri Bəhram Beyzayinin "Yad
adam və duman" (1970) filmi ekranda reallığı əks etdirməklə
vesternləşməyə qarşı çıxdı.
"Leysan"
Mənəvi gücü heyvərəliyə, zorakılığa qarşı qoymaqla xırda adamı
qalibə çevirmək bacarığını ustad Çarli Çaplinin peşəkar üslubundan
yetərincə bəhrələnməklə, özünün yozumunu uğurla tətbiq edən
Bəhram Beyzayenin məzlumların istibdad üzərində qələbəsinin ekran
modelini öngörənliklə yaratdığı "Leysan" (1971) filmində kirayədə
yaşayan kasıb müəllim Hikmətinin şagirdi Müseyibin qardaşının
dərsdən uzaqlaşdırılmasından şikayətə gələn bacısı Atefeyə
vurulması barədə şayiələrin yayılması, onların görüşünün quş kimi
hündür budaqlara "qonan" şagirdlər tərəfindən izlənilməsi, bu
eynəkli xırda adamın mənəviyyatlı, gözəl qızı qan içində üzən,
əllərinə tüpürüb saçına sığal çəkən harın qəssab Rəhim ağadan xilas
etməsi minillik hoqqa teatrı estetikası hesabına neorealizm
cərəyanında uğurla həyata keçirilir.
"Qarğa"
Öz ssenarisi əsasında ərsəyə gətirdiyi "Qarğa" filmində rejissor
nitqi qüsurlu şagirdlərinə dərs deməkdən, pantomim hərəkətlərlə
onlara quşları, həmçinin qarğanı göstərməkdən zövq alan, kasıb
sosial zümrədən çıxmış müəllimə Asya (Purani Məsumi) ilə
xasiyyətcə ondan tam fərqli əri, daim sosial müşküllər axtaran
telejurnalist Əsalətin (Hüseyn Pərvəreş) fotoşəkli elanlarda çap
olunan itkin düşmüş gənc qızın axtarışına qoşulmalarından söz
açır. Dünyaya qüsurlu uşaq gətirməkdən qorxan Asyanın
xatirələrini yazdığı, İkinci Dünya Müharibəsində tibb bacısı olub
əllərini don vurmuş, ərini cəbhədə itirən, bütün günü kartlarla
fala baxan, köhnə vallarda səslənən musiqidən təsirlənən,
məzarlıqda gəzməyi sevən qayınanası mistik, sürrealist personaja
çevrilir. Asyanın qayınanasının daim sinəsi üzərində gəzdirdiyi
açarla qapısını açdığı otaqda yalnız keçmişin əşyalarını, gəlinlik
libasını, o cümlədən, köhnə fotoaparatı görməsi, iri qum saatını
çevirməsi, yuxularla reallığın qovuşması mistik sürrealizmi
gücləndirir. Finalda vaxtilə ərinin çəkdiyi gənclik fotoşəklini
axtarış elanlarında çap etdirməsi üzə çıxan qarının atasının indi
qarğaların çığırışdığı bağında gəzmək istəyinin yerinə
yetirilməsi, bütövlükdə film boyu passiv hadisəlilik sisteminin
zaman-zaman Avropa kinosunda gündəmə gələn, freydizmin ekran
ekvivalenti sayılan sürrealizm cərəyanında reallaşması dünya kinosu
ilə ünsiyyətdə balans yaradır.
"Tara balladası"
Təəssüf ki, İran İslam İnqilabından sonra müharibə səbəbindən
kino istehsalının səngiməsi ilə yanaşı, keçmişin peşəkarlarının
birmənalı olaraq işdən uzaqlaşdırıldığı keçid dövrünün tezliklə
başa çatması ilə yenidən sənətə qayıdan Bəhram Beyzayenin "Tara
balladası" (1980) ustad sənətkar yaradıcılığında növbəti mərhələyə
çevrildi. Babası dünyasını dəyişdikdən sonra iki uşağı ilə
yaylaqdan doğma kəndinə qayıdan gənc ana Taranın qarşılaşdığı
olaylar reallıqla irreallığı üzləşdirir. Və qəhrəmanlıqla dolu
tarixi keçmişin daim gündəmdə qalması, yüksək peşəkarlıqla əyalət
təfəkkürünə yuvarlanan sentimentalizmə, hissiyyat gerçəkliyinin
önə çəkildiyi romantizmə uymadan neorealizm çərçivəsində ekrana
gətirilir.
Taranın babasından qalma məişət, təsərrüfat əşyalarını qonşulara
paylaması, qədimi qılınca isə bir kimsənin yiyə durmaması
dövrülüklə əbədiliyi qarşılaşdırır. Kənd evinin astanasında
görünən atlı süvarinin tayfası tərəfindən məhz bu qılıncı əldə
etmək üçün göndərildiyini bildirməsi ilə mifik mövzunun önə keçməsi
hadisələrin minilliyin məkan kontekstində çözülməsinə imkan
yaradır. Qədim qılıncı alıb getdikdən sonra geriyə qayıdan
süvarinin Taraya vurulduğunu bildirməsi tarixin zaman sərhədini
şəffaflaşdırmaqla sənətkar təxəyyülünün genişliyini
təsdiqləyir.
"Yezdigerdin ölümü"
Bəhram Beyzayenin tarixi mövzuda ərsəyə gəlməklə müəllifin
peşəkar üslub cəbbəxanasının zənginliyini göstərən "Yezdigerdin
ölümü" (1982) filmi romantizmlə neorealizmin qarışığına çevrilir.
Ərəb xilafəti ilə on dörd illik mübarizədən sonra həyatına
gəncliyində son qoyulan Sasanilər sülaləsinin sonuncu şahı III
Yezdigirin (632-651) hakimiyyətinin mühitində mənəvi dəyərlərin,
insani münasibətlərin, ideyasız idarəçiliyin iflası humanizm
yozumunda, sosial-siyasi müstəvidə sərt üslubda önə çəkilməklə
neorealizm elementlərini yaşatsa da, tarixi keçmişə hissiyyatla
bağlılıq romantizmə meydan açır.
"Başu – balaca qərib"
Bəhram Beyzayenin uzun fasilədən sonra da neorealizm cərəyanında
ərsəyə gətirdiyi, mənəvi bağların, insani münasibətlərin
ülviliyinin önə çəkildiyi "Başu – balaca qərib" (1985) filmi isə
yüz minlərlə insanın tələf olduğu İran-İraq müharibəsi fonunda
qadınların və uşaqların acı taleyindən məhz neorealizm cərəyanı
müstəvisində bəhs edir. Fasiləsiz atılan düşmən mərmilərindən
çadralı anasının diri-diri yanmasını, atasının, bacısının,
müəlliminin ölümünü gözləri ilə görən yeddi-səkkiz yaşlı Başu adlı
qaraşın oğlanın təsadüfən yanından keçən, daim nişangahdakı yük
avtomaşınının banına qalxıb gizlənməklə baş götürüb boz səhradan
ibarət müharibə bölgəsindən ölkənin şimalındakı yaşıllığa bürünmüş,
əmin-amanlığın hökm sürdüyü kəndə gəlişi zaman-məkan ziddiyyəti
yaradır. Bütün günü çəltik zəmisində çalışmaqla daim yanındakı
balaca oğlunu və qızını qoruyan gənc ana Naiinin müharibə təhlükəsi
yaşadığından göydə uçan şahinləri belə bombalar yağdıran hərbi
təyyarə zənn edən Başuya doğma münasibət göstərməsi maraqlı bədii
detallarla əksini tapır. Əri qazanc dalınca getdiyindən kənd
dükanından nisyə mal götürməklə dolanan qadının qovsa da, talvara
çıxdığından tuta bilməyib ot tayasında gizlənməklə səbirlə gözləyib
ələ keçirdiyi Başunu çayda sabunlayıb çimizdirməsi Naiinin müqəddəs
analıq münasibətinin təcəssümünə çevrilir. Beləliklə, ekran
hadisələrinin nəbzini tutan rejissor yozumu sayəsində, ölkənin
döyüş bölgəsi sayılan cənubundan gələn yad mədəniyyətli, özgə dilli
və nəhayət, başqa iqlimli əyalətdən köçməyə məcbur olan Başunun
düşdüyü mühit audiovizual təsvir ziddiyyətindən əlavə insani
münasibətlər zəminində zənginləşdirilir. Kəndin yaşlılarının və
hətta uşaqlarının yad, özgə saymaqla qəbul etmədikləri Başunu
evində saxlamağın düşər-düşməzliyini dilə gətirən qonşu qadınlara
məhəl qoymayan Naiinin üzməyi bilmədiyindən az qala çayda batan
balaca qəribə tor ataraq balıq kimi tutması xilaskarlıq
missiyasını uğurla obrazlaşdırır. Yaxın keçmişin acı xatirələrinə
dalmaqla tez-tez tutmaları olan Başunu bir an belə diqqətsiz
qoymayıb nazını çəkən Naii ana insanlıq missiyasını yüksək
səviyyədə yerinə yetirir. Ananın özü də xəstələnəndə qorxuya düşən
Başunun da onun qayğısını çəkməsi ünsiyyətin yaranışından xəbər
verir. Beləliklə, yeni mühitinə isinişməklə dərdlərini unutmaqda
olan Başunun tarlada uşaqlara, böyüklərə qarışaraq təsərrüfat
işlərinə də kömək göstərməsi, çəltik tarlasında dərz bağlaması onu
hər kəsə doğmalaşdırır. Və bu məqamda ehtimal ki, döyüş bölgəsindən
qayıtması, bir qolunun da itirilməsi ilə vurğulanan ailə
başçısının həmən qəbul etmədiyi Başunun ağac parçası götürərək,
bütün ziddiyyətlərə rəğmən doğmalaşan yeni valideynləri ilə
birlikdə çəltik tarlasına girən vəhşi qabana hücum çəkməsi ümumi
düşmənə qarşı birliyin parlaq ekran həllini uğurla yaradır.
İran İslam İnqilabına rəğbət hissi ilə seçilən, ölkəsinin
problemlərinin çözülməsinə daim çalışan Bəhram Beyzayenin "Başu –
balaca qərib" filmi dramaturji qanunları dərindən bilən müəllifin
vətəndaş mövqeyinin təsdiqidir.
"Səyahətçilər" və "İtlərin öldürülməsi"
Sonrakı illərdə Bəhram Beyzayenin lentə aldığı "Səyahətçilər"
(1992) filmində maliyyə məsrəflərinin azlığı ucbatından hadisələrin
cəmisi bir məkanda cərəyan etməsi bədii ifadə vasitələrini
məhdudlaşdırmaqla ekran əsərini teatrallığa meylləndirir. Pul
qazanmaq yolunda mənəviyyatın itirilməsini göstərən "İtlərin
öldürülməsi" (2001) filmində isə Bəhram Beyzaye artıq ölkədə özünü
göstərən korrupsiya problemini araşdırır. Filmdə mənəvi iflas
mövzusunda əsər yazan Gülruhun (bu rolda rejissorun ikinci xanımı
Müjdə Şəmsayi çəkilib) guya yeddi yüz əlli milyon tümən borcu
olduğundan özxoşuna həbsxanaya girən fırıldaqçı əri Nasir Müasirin
(Məcid Müzəffəri) yolunda var-yoxundan keçməsini, təcavüzlərə məruz
qalmasını, depressiyaya düşməsini sosial müşkülə istiqamətlənən
neorealizm cərəyanında bir daha nümayiş etdirir. Finalda gizli
sevgilisi ilə ölkədən qaçmağa cəhd göstərən Nasir Müasir
yetərincə cəzalandırılsa da, təfsilatlı arxitektonikasında belə
neorealizmə sədaqətini qoruyan film "Yeni dalğa" cərəyanına,
psixoloji dram janrına meyl göstərmir.
"Biz hamımız yatarkən"
"Biz hamımız yatarkən" (2009) filmində isə kommersiya kinosunun
problemlərinə, sənətkarın maliyyə asılılığına, sponsorların
müdaxiləsinə diqqət çəkən Bəhram Beyzaye özünün müşkülünü də
mövzuya qatmaqla müəllif kinosuna xas fərdi üslub nümayiş
etdirməklə "Neorealizm"dən "Yeni dalğa"ya sadəcə bir addım
atır.